SÜRPRİZ STRATEGİYASI
Ukraynanın hərbi əməliyyatları Rusiya ilə danışıqların gedişini dəyişə bilərmi?
Müəllif: Tofiqəxanım QASIMOVA
«Hər bir müharibə sülhlə və danışıqlarla bitir», «sülh müharibədən yaxşıdır», «bütün problemlər döyüş meydanında yox, danışıqlar masası arxasında həll olunmalıdır». Bu və buna bənzər fikirləri Azərbaycan ictimaiyyəti (və yalnız o deyil) az qala 30 il boyunca ATƏT-in məşhur Minsk qrupu çərçivəsində aparılmış danışıqlar zamanı kifayət qədər çox eşidib. Bu gün bənzər fikirlər Ukrayna münaqişəsilə bağlı səsləndirilir. Bu müharibəyə son qoyulması üçün sanki İstanbulda danışıqlara başlanılıb. Lakin çox arzulanan sülh hələ də yaxın görünmür. Müharibə əvvəlki intensivliyi ilə davam edir. Bununla yanaşı, indi hadisələrin gedişində yeni dönəmin başladığı ortadadır.
«Yük maşınının sürücüsü» ifadəsinin yeni mənası
Ukrayna müharibəsinin bitəcəyi vaxtdan və onunla bağlı tarixin yazılacağı dövrdən asılı olmayaraq, 2025-ci il iyunun 1-i bu tarixdə xüsusi qeyd ediləcək. Ukrayna bu günədək ən cəsarətli və gözlənilməz əməliyyatını məhz həmin gün həyata keçirib. «Tor» adlı əməliyyat zamanı Rusiyanın arxa cəbhədəki strateji aviabazaları hədəf seçilib. Mütəxəssislər əmindirlər ki, bu, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) bu əməliyyatı dünyada xüsusi xidmətlərin təşkil etdiyi əməliyyatların tarixinə keçəcək.
İyunun 1-də Rusiyanın 4 aviabazası hücuma məruz qalıb: Ryazan yaxınlığındakı «Dyagilevo», İvanovo şəhəri yaxınlığında yerləşən «İvanovo», Murmansk ətrafındakı «Olenya» və İrkutsk yaxınlığındakı «Belaya» aviabazası. UTX-nin məlumatına görə, əməliyyat nəticəsində qarşı tərəfə məxsus 41 təyyarə məhv edilib və ya ciddi zədə alıb. Əməliyyat, həqiqətən də, istər cəsarəti, istərsə də dəqiqliyi ilə heyrətamizdir. Ukrayna hücum üçün FPV dronlarından istifadə edib. Onlar kiçik və ucuz olsalar da, hədəfə çox ciddi zərbə vura bilirlər. Məlum olub ki, əməliyyata hazırlıq çərçivəsində onlar adi yük maşınlarının içərisində gizlədiliblərmiş. Söhbət Rusiya ərazisində sərbəst hərəkət edən saysız-hesabsız yük maşınlarından (TIR) gedir. Məlum olub ki, bu maşınlar Rusiyanın uzaqmənzilli aviabazalarının yaxınlığına çatan anda onların içərisindən havaya dronlar qalxıb və təyyarələri hədəfə alıb. Sonradan yayılmış məlumata görə, dronlara süni intellekt yerləşdirilibmiş. Onlara muzey eksponatları üzərində təlim ilə Rusiya təyyarələrinin ən zəif nöqtələrinə zərbə endirməyi öyrədiblərmiş.
Yəqin ki, bir çox insan Xerson yaxınlığındakı «Çernobayevka» aerodromunu xatırlayır. Müharibə hələ yeni başladıqda Ukrayna orada Rusiya qüvvələrinə 20-dən artıq zərbə endirmişdi. Nəticədə «Çernobayevka» sonradan ümumi ifadəyə çevrilmişdi. Bəs bu dəfə Ukrayna Rusiya bazalarını tam məhv edərək «Çernobayevka»nı təkrarlaya bilibmi? Bu sualın cavabı dəqiq məlum deyil. Lakin istənilən halda, 41 təyyarə strateji aviasiya üçün ciddi itkidir. Dronlar tərəfindən vurulmuş təyyarələr arasında «A-50» uzaq radiolokasiya aşkarlama təyyarələri də var. Məlumdur ki, Rusiya bu tipli cəmi 4 ədəd təyyarəyə malik idi ki, indi onlardan yalnız biri qalıb. Bununla yanaşı, əməliyyat zamanı Rusiyanın artıq istehsal edə bilmədiyi təyyarələri də vurub. Yəni onları yeniləri ilə əvəzləmək, demək olar ki, mümkün olmayacaq.
Amma ən önəmlisi bəlkə də bu da deyil. Kiyev Kremlin əsas güc kozırı sayılan nüvə triadasına ciddi – yumşaq desək ciddi zərbə vurub. Bəli, söhbət nüvə silahı daşıya bilən bombardmançılardan və raketdaşıyanlardan gedir. Bundan başqa, əməliyyat Rusiya xüsusi xidmət orqanlarının imici üçün də ciddi zərbədir. Belə ki, xarici agentləri «uğurla» müəyyənləşdirən, sosial şəbəkədə hansısa paylaşıma, hər hansı paylaşımı bəyənməyə görə insanları saxlayan xüsusi xidmət orqanları strateji aviasiya bazalarının təhlükəsizliyini təmin edə bilmirlərmiş.
Aydındır ki, bu əməliyyat ciddi hazırlıq tələb edib. Dronların və yük maşınlarının yerləşdiriləcəyi yerləri müəyyənləşdirmək, aerodromlara aparan yolları müəyyənləşdirmək üçün əvvəlcədən kəşfiyyat işlərini aparmaq… Bütün bu işlərdən Rusiya xüsusi xidmət orqanlarının xəbəri belə, olmayıb. Həqiqətən, bunu sadəcə uğursuzluq adlandırmaq olmaz. Bu, əsl biabırçılıqdır.
Vacib məqamlardan biri də Kiyevin öz xüsusi xidmət orqanlarının nəyə qadir olduğunu nümayiş etdirməsidir. Doğrudur, Ukraynanın bu əməliyyatı təkrarlaması real görünmür. Amma əvəzində növbəti əməliyyatın necə olacağı sualı açıq qalır.
Ukraynanın sürprizləri
Ukrayna döyüş meydanında sürprizlər edə biləcəyini bir daha ortaya qoyub. Xatırladaq ki, Rusiya genişmiqyaslı əməliyyata başlayan zaman çoxları Kiyevin bu hücumunun qarşısında bir neçə gündən artıq duruş gətirə bilməyəcəyini düşünürdü. Lakin müharibə artıq 4 ildir davam edir. İlkin mərhələdə Ukrayna bu gün əlində olan silahların onda birinə belə, malik deyildi. Buna rəğmən, o, Rusiyanın hücumlarının ilk dalğasını dəf, Moskvanın ən elit hərbi birləşmələrini məhv etməyi bacarmışdı. Öz Hərbi Dəniz Donanması olmayan Ukrayna savaşın gedişində Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı sayılan «Moskva» krayserini məhv edib və ümumiyyətlə, sözügedən donanmaya elə zərbə vurub ki, ekspertlər artıq Rusiyanın dənizdə döyüş qabiliyyətindən danışmağı mənasız sayırlar.
Əslində, Ukrayna Silahlı Qüvvələri Rusiyanın arxa cəbhəsindəki hədəflərə zərbə endirmək bacarığını hələ 2025-ci ilin iyulundan xeyli əvvəl nümayiş etdirmişdi. Rusiyanın Kiyev, Xarkov, Odessa kimi böyük şəhərləri bombalaması o qədər də çətin iş deyil. Ukraynanın Rusiyanın arxa cəbhəsindəki hədəfləri vurması isə… lap başda Kiyevin buna qadir olmadığı düşünülürdü. Səbəb istər Rusiyanın böyüklüyü, istərsə də Qərb dövlətlərinin Kiyevə tətbiq etdiyi məhdudiyyətlər idi. Qərbli müttəfiqlər Ukraynaya göndərdikləri uzaqmənzilli raketlərlə Rusiya ərazisinin vurulmasına icazə vermirdilər. Buna baxmayaraq, müharibənin ilk ilində Ukrayna Saratov yaxınlığındakı «Engels» aviabazasına zərbə endirə bilmişdi. O vaxt çoxlarının ağlına gəlməzdi ki, günlərin birində Ukrayna dronları Rusiyanın strateji aviabazalarına hücuma keçə bilər. Lakin indi məlum olur ki, Kiyevin malik olduğu dronlar Rusiyanın Hava Hücumundan Müdafiə Sistemlərini rahatlıqla aşıb keçə bilir – istər sərhəddəki, istərsə də strateji obyektlərin yaxınlığındakı. Bu dronlar Moskvanın istər ətrafın ətrafında, istər Kazan yaxınlığında, istərsə də Uraldakı hədəfləri vurur. Beləliklə, Ukraynanın döyüş meydanında sürprizlər göstərmək bacarığı artıq təəccüblü görünmür.
Müharibə fonunda danışıqlar
«Tor» əməliyyatı tərəflər arasında İstanbulda keçiriləcək növbəti görüş ərəfəsində baş verib – dünyanın diqqətinin məhz İstanbul danışıqlarına yönəldiyi bir vaxtda. Hər kəs tərəflərin bu görüşdə atəşkəs razılaşması əldə edə biləcəyini düşünürdü. Lakin buna nail olunmayıb. Tərəflərin mövqeləri hələ də bir-birinə çox ziddir. İstanbulda baş tutmuş ilk müzakirələrdə olduğu kimi, Rusiya hələ də «təslimçilik» kimi qiymətləndirilə biləcək şərtlərlə çıxış edir. Moskva hesab edir ki, Ukrayna qoşunları onun «özününkü» elan etdiyi ərazilərdən çıxarılmalıdır. Söhbət yalnız Krımdan yox, həm də Donetskdən, Luqanskdan, Zaporojyedən və Xersondan gedir. Halbuki Donetsk ilə Luqansk hələ də tam olaraq Rusiyanın nəzarətində deyil, Xerson və Zaporojye vilayətlərinin inzibati mərkəzlərində isə ümumiyyətlə rus qoşunu yoxdur.
Kiyevdən, həmçinin ordunun demobilizasiyası, «millətçi qruplaşmalar»ın buraxılması, Moskvanın qəbul etmədiyi tarixi şəxsiyyətlərin qəhrəmanlaşdırılmasından imtina olunması istənilir. Lakin bu tip tələblər yalnız o halda irəli sürülə bilərdi ki, Rusiya döyüş meydanında düşmənini tam məğlub etsin. Bu isə məlum olduğu kimi, baş verməyib.
Əlbəttə, Minsk qrupu nümunəsində olduğu kimi, Ukrayna hökumətinə «reallığı nəzərə almaq» tövsiyəsini vermək, «tərəflərdən heç birinin istəklərinə yüz faiz nail olmayacağını» söyləmək olar. Amma Kremlin tələbləri, əslində, danışıqlar prosesini «kilidləyir». Belə vəziyyətdə danışıqlar prosesi nəticəsiz qalmağa məhkumdur.
Görünür, Moskva Ukraynanı gec ya tez məğlub edəcəyinə əmindir. Çünki tərəflər arasında fərqi potensial baxımından fərq çox böyükdür. Lakin Ukraynanın Rusiyanın arxa cəbhəsində göstərdiyi sürprizlərdən bəlli olur ki, hələ heç nə həll olunmayıb. Hər halda, Kiyevdən kapitulyasiya tələb etmək hələ çox tezdir.
İstanbul danışıqlarına gəlincə, məlumdur ki, orada Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski şəxsi fikirlərini deyil, Moskvanın mövqeyini səsləndirib. Görünən isə odur ki, bu mövqe üzərində işlənilməsinə, onun reallığa uyğunlaşdırılmasına ciddi ehtiyac var.
Diplomatiyanın xilası əməliyyatı
Bu gün Rusiya-Ukrayna savaşının dayandırılması Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının əsas diplomatik layihəsidir. Ağ Evin yeni sahibi hakimiyyətə gələcəyi təqdirdə bu müharibəni 24 saat ərzində dayandıracağını bildirirdi. Odur ki, Vaşinqton bu müharibənin eyni intensivliklə davam etməsilə barışmaq istəmir. Bu, ABŞ diplomatiyasının nüfuzuna ciddi zərbədir.
Dünənədək əksər amerikalı ekspert Rusiya və Ukraynadan hər hansının yaxın vaxtlarda döyüş meydanında qələbə qazana bilməyəcəyini, vəziyyətin çıxılmaz olduğunu, müharibənin dayandırılmasının ən yaxşı seçim olacağını deyirdisə, «Tor» əməliyyatı bu fikirləri dəyişib. Bu isə Vaşinqtonun danışıqlardakı mövqeyini yenidən nəzərdən keçirməsini zəruri edir.
Bəli, indi, «Tor»un yaratdığı yeni reallıqlar fonunda ABŞ diplomatiyasını xilas edəcək yeni əməliyyat lazımdır. Görünən odur ki, Ukraynanı məğlub saymaq, ondan «çox şey tələb etməməsini», «ərazi güzəştinə getməsini» və s. istəmək vaxtından əvvəl gəlinmiş qərarlar imiş. Kiyevin sürprizi göstərdi ki, bu müharibənin gedişində hələ çox gözlənilməz dönüşlər ola bilər.
MƏSLƏHƏT GÖR:




110

