5 Dekabr 2025

Cümə, 10:44

BÜRÜNC MUNDİAL

Əldən verilmiş şanslar və yeni çağırışlar: Azərbaycan komandasının olimpiadadan sonra ilk dünya çempionatında çıxışı

Müəllif:

01.07.2025

İyunun 13-dən 21-dək Budapeştdə cüdo üzrə dünya çempionatı keçirilib. Paris Olimpiadasından sonra ilk dünya turniri. Azərbaycan komandası onu üç bürünc medalla başa vurub. Budapeştdəki dünya çempionatında bürünc medalları Zelim Çkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) qazanıb.

Ötən il olimpiada və dünya çempionatında iki qızıl medal qazanan Azərbaycan komandası tarixində ən yaxşı nəticəyə imza atmışdı. Amma bu dəfə hər şey təvazökar idi.

 

Şoka salan məğlubiyyət

Paris Olimpiadasından sonra Azərbaycan cüdo yığması ardıcıl olaraq istənilən böyük turnirin favoritləri sırasında olub. Ona görə də hər tamaşadan gözləntilər böyükdür.

Əsas məyusluq isə 73 kq çəki dərəcəsində Hidayət Heydərovun çıxışı olub. 2024-cü ildə bütün mümkün titulları toplayan olimpiya çempionu ilk döyüşündə gözlənilmədən uduzub və bu, əsl şoka səbəb olub. Ancaq nəzərə alsaq ki, idmançı 11 aya yaxındır ki, böyük yarışlarda çıxış etmir, bu məğlubiyyəti o qədər də gözlənilməz kimi qəbul etmək olmaz. Buna baxmayaraq, dördqat Avropa çempionunun portuqaliyalı gənc cüdoçu Otar Kvantidzeyə uduzması sensasiya idi.

Ən maraqlısı odur ki, rəqib döyüşdə üstün heç nə nümayiş etdirməsə də, olimpiya çempionu Heydərov daha çox təcrübəsiz idmançıya bənzəyirdi. O, əslində, qələbəni verdi – mübarizəsiz. Ümid edirik ki, bu məğlubiyyətdən lazımi nəticə çıxarılacaq.

Çempionatdakı uğursuzluq Hidayət üçün dərs olmalıdır. Özünə inamı bərpa etmək vacibdir. Heydərov başa düşməlidir ki, məğlubedilməz idmançı yoxdur. Çempion qalmaq üçün daim tatamidə qalib gəlmək və öz üzərində işləmək lazımdır. Sosial şəbəkələrdə “sən sözünü demisən” ruhunda yazılan şərhlər idmançını daha çox rahatlaşdırır.

 

Layiqli medal

Digər olimpiya çempionu Zelim Kotsoyevin gərgin mübarizədə bürünc medal qazanmasını qeyd etməliyik. Budapeştdəki mükafat cüdoçunun dünya çempionatlarında dördüncü medalı olub. Ardıcıl dörd mundialda medal qazanan Zelim Kotsoyev həm də olimpiadadan sonra dünya çempionatında fəxri kürsüdə yer alan ikinci Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Ona qədər yalnız stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahəddinova bu uğura imza atmışdı.

Eyni zamanda Kotsoyevin son saniyəyə qədər mübarizəni davam etdirməsini vurğulamaq lazımdır. Dörddə bir finalda mübahisəli qərara görə Rusiya cüdoçusuna uduzan Zelim Kotsoyev mükafata layiq mübarizə nümayiş etdirdi. Cari ildə həm də Avropa çempionatında gümüş medal qazanan idmançının olimpiadadan sonra fiziki formasını qoruduğu aşkar hiss olunur.

Azərbaycan cüdosunun gənc ulduzu Zelim Çkayevdən danışmaq istərdik. 26 yaşlı idmançı ölkə cüdosunda 24 ildən sonra ilk dəfə 81 kq-da dünya çempionatından Azərbaycana medal qazandırdı. Bu çəkidə mundialda son medalı 2001-ci ildə Fərhad Rəcəbli əldə etmişdi.

90 kq-da üçüncü yeri tutan Elcan Hacıyevin əzmkar döyüş ruhu alqışlanmalıdır. Böyüklərin dünya çempionatında ilk dəfə fəxri kürsüdə yer alan E.Hacıyev əsas komandada layiqli yer tutduğunu sübut etdi.  

 

Budapeştdəki məyusluq

Ən məyusedici anlardan biri Uşanqi Kokourinin ağır çəkidə çıxışı olub: o, son səkkiz saniyədəki səhvə görə bürünc medalı əldən verib. Medal qazanmayan Əhməd Yusifov və Vüqar Talıbovun hesabda öndə olduqları halda sonda məğlub olmaları müzakirə mövzusudur. Hər iki cüdoçu dözümlülük göstərməyərək yarışı erkən mərhələdə tərk ediblər. 

Maraqlıdır ki, Budapeştdəki dünya çempionatında kişilər arasında 7 çəki dərəcəsinin 5-də (60 kq və +100 kq istisna olmaqla) son Olimpiya çempionları mundiala qatılıb. Onlardan heç biri qızıl medala sahib ola bilməyib. Yalnız Hifumi Abe (Yaponiya, 66 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medala yiyələnib. 81 kq-da 2 qat Olimpiya çempionu Takanori Naqase (Yaponiya) ilk görüşündə, 90 kq-da 2 qat Olimpiya çempionu Laşa Bekauri (Gürcüstan) ikinci qarşılaşmasında məğlub olaraq mötəbər turniri medalsız başa vurub. Qadınlar arasında son Olimpiya çempionlarından 2-si mundialda iştirak edib. Onlardan Beatriz Souza (Braziliya, +78 kq) ikinci görüşündə uduzaraq medalsız qalıb. Son Olimpiya çempionlarından yalnız Alice Bellandi (78 kq, İtaliya) dünya çempionu olub.

Dünya çempionatında qazanılan 3 medal dünya çempionatlarında say baxımından Azərbaycanın ən yaxşı 2-ci göstəricisi olub. Ən yaxşı nəticəyə də məhz 2017-ci ildə Budapeştdə keçirilən mundialda imza atmışıq. Həmin vaxt cüdoçularımız 2 gümüş, 2 bürünc olmaqla 4 medal qazanıblar. Hər 3 medal kişi idmançıların aktivinə yazılıb. Bu da kişilər arasında qazanılan medalların sayına görə rekordun təkrarıdır.

 

Qənaətbəxş nəticələr

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu milli komandanın Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatındakı çıxışını qənaətbəxş qiymətləndirib: “Yarışı 3 bürünc medalla başa vurduq. Həmçinin cüdoçularımızdan biri beşinci, biri isə yeddinci yeri tutdu. Bu nəticələri qənaətbəxş sayırıq. Medal sayına görə kişilər arasında rekord təkrarlandı. 2017-ci ildə olduğu kimi, bu dəfə də 3 medal əldə etdik. Bununla yanaşı, yarış göstərdi ki, hələ də üzərində işləməli olduğumuz müəyyən məqamlar var. Xüsusilə, idmançılarımızın hesabda öndə olduqları görüşləri son saniyələrdə uduzmaları bizə bəzi məqamların üzərində daha ciddi işləməli olduğumuzu göstərdi. Bu istiqamətdə məşq prosesində müvafiq dəyişikliklər ediləcək”.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında fərdi mübarizələrin son günündə bayraq təslimetmə mərasimi baş tutub. Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı təntənəli surətdə 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub. Bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli qəbul edib.

Cüdo üzrə növbəti dünya çempionatı 2026-cı il iyulun 9-dan 16-dək Bakıda keçiriləcək. Bu, Azərbaycan paytaxtında ikinci belə turnir olacaq.



MƏSLƏHƏT GÖR:

128