BƏDƏNLƏ RUHUN HARMONİYASINA APARAN YOL
Sahib XUDAVERDİYEV: «Yoqa hər zaman insan üçündür, insan haqqındadır və insan naminədir. Ona yalnız ilk addımı atmaq qalır ki, özünü eşidə və anlaya bilsin»
Müəllif: Tatyana İVANAYEVA
Yoqa. Beş min ildən artıqdır ki, o, hansısa sirr və mistika ilə əhatə olunub. Yoqa təliminə dair əfsanələrin, rəvayətlərin sayı-hesabı yoxdur. Amma o, hər zaman hər şeydən əvvəl insanla, onun mahiyyəti ilə kainatın ayrılmaz bir hissəsi kimi bağlı olub. Dünyaca tanınmış bir çox ustad deyib ki, o, ətrafı bürüyən, insanın daxilini dolduran enerjidir. Yəqin ki, məhz bu səbəbdən yoqa qısa zamanda Azərbaycanda da böyük populyarlıq qazanmağa başlayıb. Hər halda, bu qədim torpağın sakinləri hələ minilliklər əvvəl buraların qeyri-adi enerji ilə dolu olduğunu duyurdular.Məsələn, unikallığı ilə seçilən “Atəşgah” bu gün də ən müxtəlif cərəyanların davamçılarının toplaşdıqları cazibə mərkəzi olaraq qalır. Orada enerji həyatın əsas və ən dəyərli elementi kimi qəbul olunur.
Ölkədə yoqaya artan maraq 2010-cu ildə Azərbaycan Yoqa Federasiyasının (AYF) yaradılması ilə nəticələnib. Bu qurum yoqanın sağlamlıq, harmoniya və mənəvi inkişaf vasitəsi kimi təbliği ilə məşğuldur. O, yoqa studiyalarını, təlimçilərini, həmçinin həvəskarları özündə birləşdirir, ölkədə yoqanın inkişafına dəstək verir. Federasiyanın prezidenti Leyla xanım Əliyevadır. Qeyd edək ki, Leyla Əliyeva özü də meditasiya ilə məşğul olur.
Bəzən ətrafdakılar üşün yoqanı vizuallaşdıran anturaja baxmayaraq, bunun üçün xüsusi bir şey tələb olunmur. Ayengar yoqanın banisi, hatha yoqa sisteminin islahatçısı, 70 ildən artıq yoqa tədris etmiş və dünyanın ən böyük müasir yoqa ustalarından sayılan Bellur Krishnamachar Sundararaja İyenqar onun dəyər koordinat sistemindəki yerini belə müəyyənləşdirib: «Yoqada ən vacibi nəaəs almaq texnikası, asan bilgisi və ya oynaqların elastikliyi deyil. Ən vacibi xalçanı yerə sərmək və məşqə başlamaqdır».
Sahib XUDAVERDİYEV uzun illərdir yoqanın klassik istiqamətini təmsil edən şəxslərdəndir. O, xatxa və aştanqa yoqaların ustası, «Yoga Om» studiyasının təsisçisidir. Xudaverdiyev «Rishikul Yogshala» aşramında (Hindistan) və yoqa ustası Mitranın yanında (Hindistan) təlim keçib. Transformasiya kouçu, yoqaterapevt və Bakıda sağlam həyat tərzinin təbliğçisi olan Sahib Xudaverdiyev İkinci Beynəlxalq Yoqa Festivalı zamanı təcrübə keçmiş şəxslərdən biridir.
- Yoqa müəyyən mənada həmişə müəllimlə, ustadla bağlı olub. Sizin üçün müəllim olmaq nə deməkdir? Bəs sizin müəllimləriniz kimlər olub?
- İnsanın hansı sahədə olmasından asılı olmayaraq – istər yoqa olsun, istərsə də hər hansı digər sahə – əsas məsələ səmimiyyətdir. Maliyyə heç bir halda əsas məqsəd olmamalıdır. Müəllimin məsuliyyəti özünü işinə tam şəkildə həsr etməsidir. Bəli, pul həyatda çox vacib rola malikdir. Onun da öz enerjisi var. Amma bir müəllim, bir ustad işini vicdanla görürsə, pul özü gələcək. Yoqa müəllimini seçən zaman onun dəyərlərinə, daxili aliəminin harmoniyasına diqqət yetirmək vacibdir. Çünki o, məşq zamanı enerjisini tələbələrə ötürür. Belə müəllimlə dərsdən idman zalındakı kimi yorğun, tükənmiş ayrılmayacaqsınız.
Yanlış anlaşılmasın, mən idmana, fitnesə qarşı deyiləm. Əlbəttə, bədənə qulluq üçün bunlar da əla üsullardır. Lakin intensiv məşqlər nəticəsində əzələlər zədələnir, bədən ağrıyır. Yoqada isə vəziyyət tam fərqlidir: müəllimin enerjisi işıqlı, ruhlandırıcı, güc-qüvvət verən olmalıdır. Müəllim seçimi əslində insanın özünə uyğun enerji axtarışıdır.
- «Öz» ustadınızı tapanadək neçə müəllim dəyişmisiniz?
- Mənim müəllimlərim, rəhbərlərim, ilhamvericilərim çox olub. Biz hər zaman bir-birimizdən öyrənirik. Bugünkü söhbətimizdə belə, sizə baxaraq müəyyən məqamlar tapır, onları yaddaşıma yazıram. Asanlara başlamağıma gəlincə, Bakıda bəlkə də bütün müəllimləri sınaqdan keçirmişəm. Onların hər biri məndə hansısa iz buraxıb. Lakin hər dəfə anlayırdım ki, bu, son deyil. Həqiqi yoqa anlayışı mənə sonradan – Hindistanda gəlib. Bir aşramda yaşayır, o atmosferdə təhsil alır, təcrübə keçirdim. Enerji ilə dolu bir mühit idi. Yoqanın nə olduğunu məhz orada anladım. Bizim təklif etdiklərimiz böyük bir ənənənin kiçik parçasınındır. Pranyamalar, asanlar, mənəviyyat, ruh haqda danışırıq. Amma yoqa incəliklərlə dolu böyük bir aləmdir. İdeal insan yoxdur və mən hələ də öyrənirəm. İnkişaf elə budur.
- Hindistanla ilk təmasınızı xatırlayırsınızmı?
- Əlbəttə. Hindistan haqqında ilk təsəvvürlərim stereotiplərlə formalaşmışdı – sanitar vəziyyət, kolorit, rəqslər. Amma hədəfim dəqiq idi. Hindistanda bir neçə dəfə olmuşam. Amma Dehli, Mumbai, hətta Tac-Mahal kənarda qalıb. Aeroportdan birbaşa dünyanın yoqa paytaxtı olan Rişikeşə yollandım. Bu, mənəvi təcrübələrlə dolu, dərin meditasiya üçün tam uyğun, özümü kəşf edə biləcəyim yer idi. Bura mənim yerim idi. Mənəvi yolumu tapmağıma, saysız-hesabsız zəvvarların içərisində özümü tanımağıma məhz bu an kömək olub.
- Müşahidələr nəticəsində belə qənaətə gəlmək olar ki, yoqa ilə daha çox xanımlar məşğul olur. Niyə?
- Çünki onlar şüurlu yanaşmanı daha asan qəbul edirlər. Halbuki, ilk yoqa müəllimlərinin əksəriyyəti kişi olub. Amma bizdə mədəni stereotiplər güclüdür. Məsələn, «asan kişi işi deyil» kimi düşüncə var. Kişilər üçün yaxşı bir nahar məşqdən daha vacibdir. Hər zaman deyirəm ki, bir insan yekə qarnı ilə xoşbəxtdirsə, bu, ona rahatdırsa, öz seçimidir.
- Bəs dediyiniz bədənlə ruhun harmoniyası?
- Onlar bir-birindən ayrılmazdır. Bəli, kişilər, hələ ki, daha çox idman zallarına üstünlük verirlər, yoqadan qaçırlar. Amma hər şey dəyişir. Mənim kişi tələbələrim arasında özünü təsdiq etmiş insanlar var. Onlar anlayırlar ki, yoqa yalnız qadınlar üçün deyil. Populyarlığı artırmaq üçün düzgün izah vacibdir. Bəlkə də, kişilər yoqaya ciddi səy tələb etməyən məşğuliyyət kimi baxır, onun fitnesdən geri qaldığını düşünürlər. Amma şəxsən öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, asanların texnikası əzələləri effektiv şəkildə işlədir, inkişaf etdirir, üstəlik, yoqada bu, bədəni zədələmədən baş verir. Yoqa duruşu da yaxşılaşdırır, bütün bədəni «işlədir». Anatomik baxımdan bədən mükəmməl forma alır. Söhbət hələ qədim Yunanıstanda mədh edilən, təriflənən bədən formasından gedir. Yoqa nəticəsində daxili orqanlar da düzgün işləməyə başlayır, bu isə kişinin sağlamlığını möhkəmləndirir. Kiminsə əzələ kütləsini artırmaq üçün tez-tez istifadə olunan zülallara, hormonlara müraciət etmədən, təbii yolla cəlbedici bədənə sahib çıxmaqdan imtina edəcəyini düşünmürəm. Bundan başqa, asanlar hansısa xüsusi alətlər və ya geniş sahə tələb etmir. Təlim vasitəsi kimi bədənin özündən, onun çəkisindən istifadə edilir ki, bu da kiçik bir ərazidə döşəmədə əyləşməklə də mümkündür.
- Belə çıxır ki, yoqa trenajorlara alternativdir.
- Mən insanları heç zaman trenajorlardan, fitnesdən çəkindirmirəm. Qoy hər kəs özü seçsin. Mənim işim yoqa haqda bilgiləri bölüşməkdir. İnformasiya öz «istehlakçı»sını tapacaq. Yeri gəlmişkən, praktik olaraq, bütün həyatımıza belə yanaşmalıyıq – seçmək hüququ hər zaman insanın özündə qalmalıdır.
- Mayın əvvəlində Azərbaycanda miqyaslı yoqa festivalı keçirildi. O, sizə və Azərbaycana nə verdi?
- Ölkəmizdə artıq ikinci dəfə keçirilən Beynəlxalq Yoqa Festivalı, şübhəsiz ki, irəli atılmış inanılmaz addımdır. Əminliklə deyə bilərəm ki, bir çox ölkə bu addımı atmağa hələ də cəsarət etmir. Bu, sadəcə özünü və dünyanı yoqa vasitəsilə tanımaq yolunu seçmiş bizim üçün yox, bütünlükdə ölkə vətəndaşları üçün böyük qürur mənbəyidir. Festival iştirakçılarının müxtəlif ustadlarla, çoxşaxəli yoqa istiqamətləri ilə maraqla tanış olduğunu görmək, həqiqətən, valehedici idi. Onlar insan üçün mənəviyyatın nə qədər vacib olduğunu bir daha anlayırdılar. Festivalın bütün spikerləri və iştirakçılarını bir ümumi istək birləşdirirdi – xoşbəxtliyi, gözəlliyi, mənəvi zənginliyi tapmağın yolunu mənimsəmək. Bu, sadəcə möhtəşəm idi!
Festivalın proqramı haqda, məşhur ustadların keçdikləri təcrübələr haqda çoxsaylı müsbət rəylər eşitdim. Orada hər kəs öz ruhuna uyğun nəsə tapırdı ki, bu da çox təbiidir. Festivala bilik əldə etmək, qavramaqla bağlı bütün ehtiyacları qarşılaya bilən, ən fərqli sahələri təmsil edən qabaqcıl mütəxəssislər toplaşmışdı. Hər zövqə uyğun, zəngin proqram var idi: retritlər, yoqa təcrübələri, konsertlər, müxtəlif tədbirlər…
Sadiq yoqa tərəfdarı olaraq, belə tədbirlərin daha çox keçirilməsini, hətta qışda da təşkil edilməsini arzulayıram. Soyuq havada həyat dayanmır ki…
Festival çərçivəsində mən də proqramda yer almaq imkanı qazandım. Orada üç panel apardım. Əlbəttə, hər dəfə auditoriya qarşısında çıxış etmək istər həyəcandır, istər məsuliyyət. Mən də hər çıxışa xüsusi diqqət və məsuliyyətlə hazırlaşmışdım.
İştirak etdiyim proqramlardan biri çakra-yoqa haqda idi. Bu, fiziki hərəkətlər, asanlar vasitəsilə bədəni açmaq, daxili enerjini onunla harmoniya vəziyyətinə gətirmək haqdadır. Dərs keçmək sahəsində böyük təcrübəm olsa da, bu səviyyədə ustad kimi çıxış etmək mənim üçün inanılmaz emosional yüksəliş idi.
- Yoqada qısqanclıq «xəstəliyi» yoxdur ki?
- Bu sual mənəvi təcrübələr dünyasının əsas mövzularından birini ortaya çıxarır. Mənim Bakının tanınmış zallarından birində dərs deməklə başlamış yoqa yolum həmişə inkişafa, özümə məxsus olacaq nəsə yaratmağa hədəflənib. Hindistandan qayıtdıqdan sonra öz studiyamı açmaq qərarına gəldim. Başqa sözlə, kainat özü bu iş üçün bütün şəraiti yaradır. Azərbaycanın yoqa sahəsindəki ağsaqqallarından biri də mənə bunu tövsiyə etmişdi. Studiyanın özəlliyi ondadır ki, bu gün orada yeddi müəllim çalışır. Onların münasibətləri əsl bacılıq münasibətidir: bir-birlərinin təşəbbüslərini, uğurlarını dəstəkləyir, bunu sosial şəbəkələrdə belə, nümayiş etdirirlər. Bu, müasir dünyada olduqca önəmli göstəricidir. Mən fəxr edirəm ki, bu sahədə öndə ola bilmişəm. Mən ümumi maraqların tərəfdarıyam. Çünki hamımız Ona – mövcud olan hər şeyi bizə bəxş etmiş, yolumuzu müəyyən edən Allaha məxsusuq.
Yoqada «sənin tələbən», «mənim tələbəm» anlayışı yoxdur. İnsanlar müəyyən enerji ilə gəlirlər və həmin enerji səslə, baxışla, danışıqla ötürülür. Hər zaman insanları «özəlləşdirməməyə» çağırıram. İnsanların fərqli müəllimləri, təcrübələri araşdırmaqla seçim etmək hüququ var. Bu, daimi hüquqdur.
Təəssüf ki, müəyyən dərəcədə qısqanc müəllimlərə də rast gəlinir. Bu, qeyri-peşəkarlıqdır. Tələbələrdən zəli kimi yanaşmaq yoqa deyil! İnsanları buraxmağı bacarmaq, onlara seçdikləri yolda səmimi şəkildə xeyir-dua vermək lazımdır – bu, həqiqi şüurun ən yüksək nöqtəsidir.
- Yoqa təlimində peşəkarlıq və etika nə qədər vacibdir?
- Anlamaq lazımdır ki, yoqa Azərbaycanda nisbətən yenidir və bir çox insan onunla bağlı hələ də ya hansısa mənfi təcrübəyə, ya da əvvəlcədən formalaşmış yanlış təsəvvürə malikdir. Mən özüm tez-tez «yoqa mənlik deyil» ifadəsi ilə qarşılaşıram. Bu fikrin əsasında anlaşılmaz təcrübə, enerjiyə yanlış yanaşma, yalançı müəllimlərin şəxsi problemlərinin fəsadları dayanır. Onlar daxillərindəki neqativi şagirdlərinə ötürməklə, insanları yoqadan uzaqlaşdırırlar. Belə hallara, əlbəttə ki, həyatın bütün sahələrində rast gəlinir. Amma yoqa daha incə enerji ilə işləyən sistem olduğundan, burada məsuliyyət daha çoxdur. Yoqa diletantları qəbul etmir.
Hesab edirəm ki, gözəl Azərbaycan xalqımız əvəzolunmaz insani keyfiyyətlərə malikdir: səmimilik, insanlara inam. Yoqa prosesində isə biz öz enerjimizi, bədənimizi, şüurumuzu müəllimə etibar edirik. Bu mənada yoqa müəllimi həkimə bənzəyir – o, yalnız ayrı-ayrı orqanları deyil, insanın tamamına «çıxış» əldə edir. Odur ki, yoqa müəllimini tələsik seçmək, bu məsələyə səthi yanaşmaq olmaz. Məlumatlı olmaq vacibdir. Hansısa müəllimə uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməyin ən yaxşı yolu isə sınaq dərsinə qatılmaqdır. Bu zaman səs tonundan tutmuş, enerjiyədək uyğunsuzluqları və uyğunluğu hiss etmək olur.
Məşhur aştanqa-yoqa müəllimi Devid Vilyams deyirdi ki, «yoqanı təcrübədə sınamamış, nəzəriyyənin heç bir faydası yoxdur. Sınaqdan sonra nəzəriyyə də aydın olur».
Yoqa hər zaman insan üçündür, insan haqqındadır və insan naminədir. Ona yalnız ilk addımı atmaq qalır ki, özünü eşidə və anlaya bilsin. Sevindiricidir ki, Azərbaycanda bunun üçün bütün şərait yaradılıb.
MƏSLƏHƏT GÖR:






122

