SƏS-KÜYÜ ÇOX, ZƏKASI AZ
Vizual kontent dövründə bilik nüfuzunu necə itirir?
Müəllif: Sabirə ƏLƏKBƏR
Qəbul imtahanları dövrü başa çatdı. Azərbaycanda minlərlə abituriyent, bəlkə, hələ də ali təhsil müəssisəsi seçimini etməyib. Amma onların həyatının qəbul imtahanı kimi vacib mərhələsi artıq arxada qalıb. Bu gün ali məktəbə qəbul hələ də yetkinliyin rəmzi, gələcək üçün ümid kimi qəbul olunur. Amma rəqəmlərin, diplomatların arxasında bu gün bir sual getdikcə daha çox eşidilməkdədir: bütün bunlar nəyə lazımdır? Gəncləri həvəsə gətirən nədir? Bilik əldə etmək istəyi, yoxsa status? Diplom onlar üçün peşəyə aparan yoldur, yoxsa tərcümeyi-halda qeyd ediləcək daha bir ştrix? Ən əsası, bu gün reallıq daha çox populyarlıq, sürət və effekt tələb edirsə, zəka, həqiqətən, qiymətləndirilirmi?
15 saniyəlik videonun elmi mühazirələrdən daha çox reaksiya topladığı bu dövrdə ortaya sual çıxır: biliyin nüfuzuna nə oldu və onu geri qaytarmaq mümkündürmü?
Bir zamanlar azərbaycanlı ailələrdə kitab rəflərinin nə qədər hörmətli olduğunu hamımız xatırlayırıq. «Ziyalı» sadəcə titul deyil, həm də xüsusi həyat tərzinə iddia idi – düşüncəli, təmkinli, ağıllı həyat tərzinə. Bu gün bu obraz cəlbediciliyini itirir. İndi onun yerini tamamilə fərqli obraz tutur – çevik, özünə əmin, əlində telefon tutmuş biri.
Əlbəttə, bu, o demək deyil ki, ağıl əhəmiyyətini itirib. Sadəcə indi o, cəmiyyətin iyirmi il əvvəl verdiyi rəmzi kapitala sahib deyil. İndi «bilikli insan» obrazı heyranlıqdan çox şübhə yaradır. Bəli, rəqəmsallıq dövründə bilik çox ləng, çox çətin və çox… səssiz qalır.
Kitablardan kliplərə
Rəqəmsal format məlumatı əlçatan etsə də, məna baxımından bu, ekvivalent deyil. «TikTok»dan tutmun, «YouTube Shorts»dək qısa formatların meydana çıxması kontentin qəbul olunma formasını da tamamilə dəyişib. İndi istifadəçi ani reaksiya, sürətli zövq, emosional toxunuş gözləyir. Uzun-uzadı düşünmək zərurəti, çətin ideyalar, abzaslar bu istəklərə maneə kimi qəbul olunur. Nəticədə, bu sıxılmış, parçalanmış informasiya məkanında «alim», «oxumuş insan», «düşünən insan» kimi anlayışlar mənasını və aktuallığını itirir. Artıq zəka cazibəli keyfiyyət yox, əksinə, ağır bir yükdür. Söhbət heç də cəmiyyətin axmaqlığa meyilli olmasından getmir. Sadəcə, indi dünyanı qavrama alqoritmi dəyişib. Dərin təhlildənsə, vizual sürətə, məlumat toplamaqdansa, ani reaksiyaya üstünlük verilir.
Biliksiz populyarlıq
Qeyd olunan tendensiya Azərbaycanda daha kəskin hiss olunur. Sözə, kitaba, savadlı insana hörmət Azərbaycanda hər zaman mədəniyyətin tərkib hissəsi olub. Lakin bu gün gənclər dünyanı daha çox «Instagram» hekayələrindən, «Telegram» kanallarından tanımağa çalışır. Burada isə biliyin dərinliyi ifadəliliklə əvəz olunur.
Bəli, indi yeni qəhrəman tipi yaranır – xarizmatik, özünə inanan, hər mövzuya dair fikri olan. Onlar danışdıqları sahə üzrə mütəxəssis olmalarına ehtiyac duymurlar. Əsas odur ki, səsləri daha ucadan çıxır, inamlı və sürətli danışıqlar, gözoxşayan video çəkə, «lentə düşə» bilirlər. Məsələn, psixologiyadan danışan təsadüfi bir bloger bu sahədə on illərlə təcrübəsi olan alimdən daha çox diqqət və reaksiya toplayır. Çünki alqoritm peşəkarlığı yox, klikləmələri qiymətləndirir. Beləliklə, kultural tarazlıq pozulur. Bilik xarizmaya uduzur, arqument inamlı danışığa, diplom kadrın işıqlandırılmasına və dekorasiyaya. Cəmiyyətdə belə bir fikir formalaşır ki, eşidilmək üçün bilikli olmaq vacib deyil – inandırıcı görünmək kifayətdir. Belə bir vəziyyətdə intellektual nə qədər ki, bu mühitdə danışmağı öyrənməyəcək, hər zaman kənara atılacaq. Ona görə yox ki, zəifdir. Ona görə ki, səsi az çıxır.
«Xala xətrinə» oxumaq
Bütün bunların fonunda bir məqam xüsusilə paradoksal görünür: Azərbaycanda universitetlərə qəbul olunmaq istəyənlərin sayı hələ də çoxdur. Populyar universitetlərə qəbul imtahanları hər zaman gərgin keçir, çoxları illərlə bu imtahanlara hazırlaşır, repetitorlara pul ödəyir, təkrar-təkrar imtahan verir və s. Amma bu istək nadir hallarda həqiqi bilik əldə etmək arzusundan irəli gəlir. Bu gün çoxları üçün universitet daha çox karyera pilləkənində vacib addım, diplom isə peşə sübutu yox, sosial məkana keçid kartıdır. Diplom yoxdursa, işləmək, «nə ilə məşğul olduğunu» izah etmək, ailənin, cəmiyyətin gözləntilərini qarşılamaq çətindir. Nəticədə, universitet sistemi stimullaşdırma rejimində işləyir: tələbələr onun işində formal olaraq iştirak edir, müəllimlər formal olaraq tələbələrə biliklər ötürür və qiymət yazır. Məqsəd sonda həyata başlamaq üçün bir sənəd əldə etməkdir. Sonradan o peşə üzrə işləməsən belə.
Bu gün universitetlərin dəhlizlərində bu tip bir dialoqu tez-tez eşitmək olar:
- Qeydləri aparmısan?
- Nəyimə gərəkdir? «ChatGPT»dən tapacağam.
Bu, intellektual tənbəllikdən deyil, bilik axtarışının məntiqinin dəyişməsindən irəli gəlir. Yəni indi bilik toplamaq bu qədər əlçatandır.
Kitabxanada sakitlik
Ağıllı insanlar yox olmayıb. Onlar hələ də universitetlərdə işləyir, məqalələr yazır, kitablar tərcümə edir, araşdırmalar aparırlar. Sadəcə, onların səsi getdikcə zəifləyir. O, rəqəmsal səs-küydən, vizual stimullar axınında itib-batır. Problem ondadır ki, intellektual təcrübələr yeni media formatlarına uyğunlaşmır. Onlar əvvəlki dəyərləri qoruyub saxlamağa çalışır, nəticədə isə görünməz olur. Onlar artıq axtarılmadıqları yerdə qalıblar: uzun-uzadı mətnlərdə, dərs otaqlarında, populyar olmayan veb-saytlarda, universitetlərdə, elmi mərkəzlərdə və s. Demək, bu gün onların təsir dairəsi intellektual insanlarla məhdudlaşır. Bu isə qapalı bir mühit yaradır – ağıllı insanlar cəmiyyətlə deyil, başqa ağıllı insanlarla danışırlar. Cəmiyyət isə onları getdikcə inkişafın əsasını təşkil edən kütlə kimi yox, «yan fon» kimi qəbul edir.
Bəs hörmət?
Bir zamanlar «o, çox təhsillidir» ifadəsində bir qürur var idi. İndi o, daha çox istehzaya çevrilib: «Nə olsun? Uğurludurmu? Nə qədər izləyicisi var? Pulu varmı?». Yəni artıq nüfuz mədəniyyəti dəyişib: erudisiyadan görünüşə. İndi bilikli yox, təsir bağışlaya bilən şəxs daha güclüdür. Artıq təhsil status deyil, bəzən bəzi dairələrdə insanların bir-birindən uzaqlaşmasına belə, səbəb olur. Diplomun arxasında pul, çoxsaylı «like» və ya vizual parıltı yoxdursa…
Gənc insanlar bunu hiss edir. İndi onlar özlərinə belə bir sual verirlər: əgər «like», izləyici, müştəri toplamaqda, iş bazarında, layihələrimizin icrasında, tanınmaqda bizə hər hansı faydası olmayacaqsa, Platonu, Fukonu niyə oxuyaq? Nə qədər ki cəmiyyət bu suala aydın, dürüst, təsirli cavab verməyəcək, belə düşünənlərin sayı daha da artacaq.
Qaytarmaq yox, yenidən icad etmək
İndi keçmişi romantikləşdirmək, «TikTok» ilə mübarizə aparmaq və ya kitab klublarının qayıdacağını gözləmək mənasızdır. İndi söhbət keçmişə qayıtmaqdan yox, biliklərin yeni kontekstdə rolu haqda düşünməkdən getməlidir. Bəlkə də indi ağıllı insanı «yenidən düşünmək» vaxtıdır. İndi o, sadəcə bir mütəxəssis olmaqla kifayətlənməməli, həm də hekayəçi olmalıdır. Yalnız oxucu yox, həm də vasitəçi olmalıdır.
Dünya dəyişib. Amma dünyada biliklərə hələ də yer var. Sadəcə o, çevik, canlı, ictimai olmağı bacarmalıdır. Ağıllı insan «müzakirə edən» yox, «izah edən» olmalıdır.
Müasir Azərbaycanda artıq «YouTube» kanalı aparan müəllimlər, təhsilə dair «Reels» çəkənlər, «Instagram»da genetika və ya iqtisadiyyatı izah edən gənc alimlər, oxucularla yuxarıdan aşağı deyil, canlı danışan yazıçılar, «podkast» kanalları aparan humanitar elmlərin təmsilçiləri və s. var. Onlar məzmunu qoruyub saxlayaraq, onun formasını dəyişirlər. Doğrudur, belə insanların sayı, hələ ki, azdır. Amma onlar «zəkanın yeni markası»nın yaradıcısı, başlanğıcı ola bilərlər. Gələcəyin mümkün modelini məhz bu insanların timsalında görmək mümkündür. Məhz onların sayəsində intellekt yenidən dəyərə minəcək.
Nəticə
Bilik itməyib. Ağıl qocalmayıb. O, sadəcə «köçüb». Bilik sadəcə, marketinqini itirib. Cəmiyyətin diqqətinin cəmi 5 saniyə davam etdiyi, məzmunun «emoji»lərlə çatdırıldığı indiki dünyada onun geri qayıtmasına yox, uyğunlaşmasına ehtiyac var. Bu, çətin olsa da, mümkünsüz deyil. Ağıllı insan hələ də «uzaqda dayanan» biri yox, müasir həmsöhbət olarsa, cəmiyyət ona reaksiya göstərəcək. Çünki artıq səthi, səs-küylü məzmundan yorulmuş zövq də formalaşır. Bu yorğunluq fonunda sakitcə söylənilən fikirlər yenidən məşhurlaşa bilər.
İndi ağıllı düşüncə kitabxanada yox, yolayrıcındadır: o, ya qısa formatlar aləmində inandırıcı olmağı öyrənəcək, ya da yerini təqlidçilərə verməli olacaq. Bəli, bilik yenidən mədəniyyət kodunun bir hissəsinə çevrilməlidir. Sadəcə «belə olmalıdır» deyə yox, ona görə ki, o olmadan cəmiyyət öz sürətinə tab gətirə bilməyəcək.
Dövrün çağırışı məhz budur. Ağıllı düşüncəni geri qaytarmaq yox, ona yeni forma vermək. Qoy yalnız bilmək deyil, həm də düşünmək yenə nüfuz qazansın.
MƏSLƏHƏT GÖR:





151

