MƏQSƏD – ANTİDOPİNQİ HƏR KƏSƏ ANLAŞILAN ETMƏKDİR
AMADA-nın İcraçı direktoru – profilaktika, sanksiyalar və yeni nəzarət alətləri barədə
Müəllif: Sənan ŞƏFİZADƏ
Dünya idmanında yeni inkişaf tendensiyaları olmasına baxmayaraq qadağan olunan preparatlardan istifadə tamamilə dayandırılmayıb. Müxtəlif idman növlərində idmançılar bərpa dövrünü tezləşdirmək üçün dopinq kimi təqdim olunan preparatlardan istifadə edirlər. Son illər qadağan olunan dərmanların siyahısına yeniləri əlavə olunub. Dünyada Beynəlxalq Antidopinq Agentliyinin (WADA) apardığı mübarizəni ölkəmizdə Azərbaycan Milli Antidopinq Agentliyi həyata keçirir.
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) gördüyü işlər barədə qurumun İcraçı direktoru Təhminə Tağı-zadə ilə müsahibə etmək qərarına gəldik.
– 2025-ci il üzrə idmançılar arasında aparılmış dopinq nəzarətinin nəticələri barədə məlumat verərdiniz.
– Azərbaycan Milli Antidopinq Agentliyinin Test Paylanması Planına (Test Distribution Plan – TDP) uyğun olaraq, 2025-ci ilin yanvar–iyun ayları ərzində 380 test aparılıb. Bunlardan 236-sı yarış zamanı, 144-ü isə yarışdan kənar dövrdə həyata keçirilib. Testlərin 56%-i yüksək riskli idman növlərinin – ağırlıqqaldırma, güləş, velosiped, taekvondo və s. – payına düşür, 9%-i isə regionlarda aparılıb. Ümumilikdə 411 bioloji nümunə toplanıb. Əlavə olaraq 8 test beynəlxalq sifariş əsasında icra edilib. Bütün bu tədbirlər ardıcıl şəkildə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib.
– 2025-ci ildə hansı idmançılarda qadağan olunmuş maddələr aşkar olunub?
– 2025-ci ilin ilk yarısında dopinq hallarının ən çox qeydə alındığı idman növü boks olub. Ankaradakı Hacettepe Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyə Dopinq Nəzarət Mərkəzinin (TDKM) laboratoriyasının məlumatına əsasən, iki boksçuda mənfi analitik nəticə (AAF), birində isə atipik nəticə (ATF) qeydə alınıb – yəni maddə çox aşağı miqdarda aşkarlanıb və əlavə araşdırma tələb olunur.
Bundan əlavə, dopinq halları güləş, basketbol, armrestlinq, cüdo və karate üzrə də qeydə alınıb. Aşkarlanmış maddələr arasında kannabinoidlər, furosemid, luteinizləşdirici hormon, boldenon və efedrin yer alır.
– Test verməkdən yayınmağa daha çox hansı idmançılar cəhd edir?
– Təcrübəmiz göstərir ki, testdən yayınmaq cəhdləri əsasən karyerasını bitirmək qərarına gələn, yarışda məğlub olmuş və emosional gərginlik yaşayan, yaxud dopinq istifadəsində şübhəli bilinən idmançılardan gəlir. Agentliyin müfəttişləri testdən imtinanın nəticələri barədə daim xatırladır, idmançıya sakitləşmək üçün vaxt verir və onu testə cəlb etməyə çalışırlar. Çox vaxt buna nail oluruq. 2017-ci ildən bəri testdən imtina etdiklərinə görə boks, ağırlıqqaldırma, velosiped, yüngül atletika, güləş və pauerliftinq üzrə 13 idmançıya sanksiya tətbiq olunub.
– Qadağan olunmuş maddələr siyahısı genişlənibmi? Hazırda neçə maddə qadağandır?
– WADA-nın qadağan olunmuş maddələr siyahısı ildə ən azı bir dəfə yenilənir – bəzi maddələr əlavə olunur, bəziləri siyahıdan çıxarılır. Məsələn, əvvəllər sadəcə monitorinqdə olan “tramadol” adlı dərman 2024-cü ildə yarış zamanı istifadəsi qadağan olunmuş maddələr siyahısına daxil edilib. Hazırda siyahıda 520-dən çox maddə və metod var və bunlar üç kateqoriyaya bölünüb: həmişə qadağan olunanlar, yalnız yarış zamanı qadağan olunanlar və spesifik idman növlərində qadağan olunanlar. Bundan əlavə, kimyəvi və ya bioloji baxımdan oxşar təsirə malik maddələr də siyahıda ayrıca göstərilməsə belə, qadağan olunmuş hesab olunur.
– Hazırda dopinq qaydalarını pozduğuna görə neçə idmançı diskvalifikasiya olunub?
– Hazırda 34 idmançı sanksiya altındadır. Onlar barədə bütün məlumatlar agentliyin rəsmi saytında “Sanksiyalar” bölməsində yerləşdirilib. Yalnız bir halda – idmançı həvəskar olduğu üçün məlumat paylaşılmayıb. Ümumiyyətlə, 2016-cı ildən bəri agentliyin fəaliyyəti dövründə 120 idmançıya müxtəlif növ sanksiyalar tətbiq olunub.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Nəticələrin İdarə Olunması Standartına (ISRM) və WADA Məcəlləsinə əsasən, bu məlumatlar ictimaiyyətə açıqlanmalıdır. Amma bəzi istisnalar var. Pozuntuya yol vermiş şəxs yetkinlik yaşına çatmayıbsa (18 yaşdan aşağıdırsa), onun şəxsiyyəti açıqlanmır, məlumat anonim təqdim olunur. Məsələn, bu formada: “Yetkinlik yaşına çatmayan idmançı dopinq istifadəsinə görə 2 il müddətinə diskvalifikasiya olunub”.
Həmçinin, əgər idmançı hüquqi cəhətdən məsuliyyət daşıya bilməyəcək vəziyyətdədirsə (psixoloji və ya tibbi səbəblərdən), onun adı və işin detalları da məxfi saxlanıla bilər.
– Dopinq halları daha çox ağırlıqqaldırma və pauerliftinqdə müşahidə olunur. Bu idmançılarla profilaktik işlər aparılırmı?
– Düz qeyd etdiniz, bəzi idman növlərində dopinq riski daha yüksəkdir. Biz bunu maarifləndirmə və profilaktika proqramlarımızı planlaşdırarkən nəzərə alırıq. Hədəfli seminarlar, vebinarlar, təlim kampaniyaları, o cümlədən regionlarda tədbirlər keçiririk ki, daha geniş auditoriyanı əhatə edə bilək.
2024-cü ildə 3000-dən çox şəxsin iştirak etdiyi 79 tədbir keçirmişik. Yalnız 2025-ci ilin ilk yarısında isə bu rəqəm 1700 nəfərə yaxındır.
Ənənəvi və sosial medianı da fəal şəkildə istifadə edirik. Son 6 ayda sosial mediada yayımladığımız maarifləndirici məlumatlar təxminən 300 min nəfərə çatıb.
Əsas məqsədimiz – məlumatı hər kəs üçün əlçatan və anlaşılan etməkdir ki, idmançılar və onların komandası antidopinq sistemində rahat şəkildə istiqamətlənə bilsin və Azərbaycan idmanının təmizliyinə töhfə versin. Hazırda tədris strategiyamızı yenidən nəzərdən keçiririk ki, maarifləndirmə daha effektiv olsun.
– AMADA-nın yaxın gələcək üçün əsas planları nədən ibarətdir?
– 2025-ci il bizim üçün mühüm ildir: testləşdirmədən tutmuş araşdırmalara, elm və tibdən beynəlxalq əməkdaşlığa qədər bütün istiqamətləri əhatə edən yenilənmiş strategiyamızı həyata keçiririk.
Əsas hədəflərimiz arasında agentliyin rebrendinqini tamamlamaq, idmançılar və həkimlər üçün yeni onlayn platformalar istifadəyə vermək, Regional Antidopinq Ekspertiza Mərkəzinin (Excellence Hub) açılışını həyata keçirmək və yenilənmiş WADA Məcəlləsi ilə milli qanunvericiliyin uyğunlaşdırılmasına hazırlıq yer alır. Eyni zamanda beynəlxalq əməkdaşlığı genişləndirmək, işimizə inamı artırmaq və tədris proqramlarımızın səmərəliliyini yüksəltmək niyyətindəyik.
– Hazırda əsasən hansı laboratoriya ilə əməkdaşlıq edirsiniz?
– Hazırda dünyada WADA tərəfindən akkreditə olunmuş 29 antidopinq laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriyalar bütün qitələrdə, ən iri ölkə və regionlarda yerləşir və onların hamısı hər il beynəlxalq standartlara (International Standard for Laboratories – ISL) uyğun olaraq yenidən yoxlamadan və dövri akkreditasiyadan keçir.
Hazırda AMADA-nın əsas tərəfdaşı Ankarada yerləşən Hacettepe Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyə Dopinq Nəzarət Mərkəzinin (TDKM) WADA tərəfindən akkreditə olunmuş laboratoriyasıdır. Bu laboratoriya ilə əməkdaşlıq topladığımız bütün bioloji nümunələrin beynəlxalq standartlara uyğun, vaxtında və keyfiyyətli şəkildə işlənməsinə imkan verir.
MƏSLƏHƏT GÖR:


139

