Müəllif: Emil İSMAYILOV Bakı
Bu il TRACECA nəqliyyat sahəsində əməkdaşlıq üzrə beynəlxalq proqramın düz 20 ili tamam olur. 1993-cü ilin may ayında Brüsseldə 8 ölkənin ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə keçirilən konfransda təşəbbüs kimi irəli sürülmüş Böyük İpək Yolunun yaradılması ideyası reallaşdığı illər ərzində sıralarına daha 5 ölkəni cəlb etdi. Və hələ ki dövlətlərdən heç biri öz qərarından peşman olmayıb, belə ki, TRACECA çərçivəsində ötən müddət ərzində köhnələrin dirçəlməsi və yeni nəqliyyat infrastrukturunun yaradılması üzrə yerli layihələrin əksəriyyəti həyata keçirilib. Artıq bir ildir ki, bu layihə əvvəlcədən proqramın əsas iştirkaçılarından hesab olunan Azərbaycanın da büdcəsinə gəlir gətirir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanın ərazisindən keçməklə Avrasiya nəqliyyat dəhlizi ilə 2012-ci ildə 56,9 mln ton yük (2011-ci ildən 5,5% çox) və 260,9 mln nəfər (8% çox) sərnişin daşınıb. Bütün bu əməliyyat ölkənin dövlət büdcəsini doldurub - keçən il dəhliz çərçivəsində yüklərin daşınmasından gələn gəlirlər 443,2 mln manat (16,1% çox), sərnişin daşınmalarından gələn gəlirlərin həcmi isə 92 mln manat (10,8%) təşkil edib.
Prinsipcə, rəqəmlər dəhlizin normal işlədiyindən xəbər verir, bir çox mütəxəssislərinsə fikrincə, mövcud potensial heç də tam həcmdə istifadə olunmur. Lakin proqramın koordinatorları iddia edirlər ki, TRACECA-nın bütün imkanlarının cəlb olunması üzrə işlər intensiv şəkildə aparılır və nəticələri gözləməyə vadar etməyəcək.
Belə ki, TRACECA dəhlizinin cəlbediciliyinin artırılması və sonrakı inkişafı, zəruri tədqiqatların aparılması, tövsiyələrin təmin olunması, treninq, seminar, tədris kurslarının təşkili, zəruri mütəxəssislərin hazırlanması və digər ölkələrin təcrübəsinin öyrənilməsi üçün hər il Avropa Komissiyasının maliyyələşdirdiyi müxtəlif texniki layihələr reallaşdırılır.
Bundan başqa, dəhlizin öz iştirakçı ölkələri zəruri yol infrastrukturları, dəmir yolları - xüsusilə Azərbaycanda yeni beynəlxalq dəniz limanı, Bakı-Tiflis-Qars dəmiryol nəqliyyatının yaradılmasını əhatə edən nəqliyyat infrastrukturunun inkişafı sahəsində çoxmilyonlu layihələr həyata keçirirlər. Müxtəlif cür nəqliyyat layihələri dəhlizin digər ölkələri, o cümlədən Qazaxıstan, Türkiyə və s. reallaşdırılır.
TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayevin sözlərinə görə, Azərbaycanda yeni nəqliyyat infrastrukturu Çindən cəlb ediləcək konteyner yüklərin təkmilləşdirilməsinə imkan verəcək. "Bu, hər il okean vasitəsilə Avropa və Amerikaya daşınan təxminən 12 mln konteynerdir", - deyə o, qeyd edib.
Uyğun olaraq, Çindən bir neçə faiz konteyner yüklərin (təxminən, 360 min konteyner) cəlb olunması dəhliz çərçivəsində yükdaşımalarının həcmini bir neçə dəfə artıracaq.
"Hələ tikilməkdə olan Bakı-Tiflis-Qars dəmir yolunun, eləcə də yaxın vaxtlar ərzində Ələt qəsəbəsində yeni limanın istismara verilməsi də nəzərə almaqla, mümkündür ki, yüklərin böyük həcmini əhatə etmiş olacaq. Bundan savayı, hazırda Azərbaycanda dəmir yollarının modernləşməsi və yenidən bərpa olunması, dəmiryol nəqliyyatı vasitələrinin hamısının yenilənməsi üzrə işlər aparılır", - deyə A. Mustafayev bildirib.
Eyni zamanda, gözlənildiyi kimi, Avropa dəmir yol şəbəkəsinə birbaşa çıxışı olan BTQ dəmiryol magistralı üzrə ildə 30 mln ton yük daşınacaq. Şəhərin mərkəzində yerləşən hazırkı dəniz limanına gəldikdə isə onun coğrafi yerləşməsi yüklərin boşaldılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bakıdan 65 km cənubda - Ələt qəsəbəsində yerləşəcək yeni limanda isə bu planda imkanlar daha genişdir.
Ələtdə yeni beynəlxalq dəniz limanının tikinti işləri üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə "ro-ro" tipli gəmilərin və adi (universal) quru yükdaşıyanların qəbul edilməsi üçün iki bərə və üç yük körpüsü, ikincidə - daha üç yük körpüsünün tikintisi və üçüncü mərhələdə isə əlavə iki yük körpüsünün tikilməsi nəzərdə tutulur. Liman ildə 11, 6 mln tona kimi yük qəbul edə biləcək.
Qeyd edilən hər iki nəqliyyat layihəsi TRACECA nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaların həcminin artırılması, eləcə də Azərbaycanın tranzit imkanlarının artırılması baxımından olduqca mühümdür. Bu, böyük iqtisadi potensialı olan Çindən yüklərin daşınması üçün yeni yolun yaradılmasına imkan verəcək. Nəqliyyat dəhlizinin bütün mövcud imkanlarının cəlb olunması üzrə işlərin parlaq nümunəsi TRACECA proqramı çərçivəsində təşəbbüs edilən Silk Wind layihəsidir. Xatırladaq ki, onun məqsədi layihənin iştirakçı dövlətləri ilə gömrük xidmətləri və dəmiryol operatorları arasında informasiyanın ilkin mübadilə sistemi ilə multimodal nəqliyyat (konteyner/ro-ro) qatarı marşrutunun yaradılmasıdır. Layihədə iştirak edən ölkələr onun çərçivəsində yüklərin daşınmasına vahid tarif tətbiq etməyi planlaşdırırlar. Akif Mustafayevin sözlərinə görə, Azərbaycan tərəfi Silk Wind layihəsi üzrə dövlətlərarası razılaşma imzalamağa hazırdır. Layihənin reallaşması danışma şərtlərinin yaxşılaşması və Çindən Qərbi Avropanın mərkəzinə qədər konteyner blok-qatarının iş düşməsini nəzərdə tutur. Bu halda söhbət konteyner və sərnişin daşınmalarından gedir.
Dövlətlərarası müqavilənin imzalanmasının razılaşdırılması məsələsinə toxunaraq Mustafayev qeyd edib ki, Azərbaycan kimi Qazaxıstan da layihənin reallaşmasının təşəbbüskarı kimi çıxış edir və sənədlərin imzalanmasına hazırdır. Öz növbəsində Türkiyə və Gürcüstanda bu məsələ dövlətdaxili razılaşma, daha doğrusu, bu razılaşmanın müvafiq nazirlik və idarələr tərəfindən təsdiq olunması prosedurunu keçir. Dövlətlərarası razılaşma ancaq layihənin bütün iştirakıçı-dövlətlərinin razılaşması prosesinin tamamlanmasından sonra imzalanacaq.
Çindən TRACECA dəhlizinə konteyner yüklərin cəlb olunması, həmçinin Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınması, A. Mustafayevin sözlərinə görə, Batumi və Poti limanlarında yük boşaldılmalarının həcminə heç cür təsir etməyəcək. "Hazırkı halda konteyner yükləri və sərnişinlərin daşınması nəzərdən keçirilir, bu, Qara dənizdən ənənəvi daşınmalara (neft və neft məhsulları, əsas yüklər və s.) aid edilməyəcək", - deyə A. Mustafayev qeyd edib.
Yük axınının artması, onun Avropaya göndərilməsinin təmin olunması, daşınmalarda böyük gəlirlərin əldə edilməsinə və eləcə də Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artmasına gətirib çıxaracaq. Nəticə etibarilə bu, respublikamıza iqtisadiyyatı daha da şaxələndirməyə və onun neft-qaz sektorundan asılılığının azaltmasına imkan verəcək.
MƏSLƏHƏT GÖR: