5 Dekabr 2025

Cümə, 09:06

MÜDAFİƏ ZƏRBƏSİ

Bütün valideynlər üçün dərs olmalı şəxsi təcrübə

Müəllif:

15.07.2025

Bu günlərədək düşünürdüm ki, insanı it dişləməsi zamanı göstərilməli olan ilkin tibbi yardım haqqında hər şeyi bilirəm: yaraya antiseptik vurmaq, quduzluq əleyhinə peyvənd və s. Amma bilmirdim ki, sadə bir səhv uşağın sağlamlığına uzunmüddətli təsir göstərə biləcək zəncirvari reaksiyaya səbəb ola bilər.

 

Dəhşətin başlanğıcı

Hər şey bazar günü, 13 yaşlı oğlumun əlini itin dişləməsilə başladı. İt sahibsiz deyildi. Amma ona nəzarət də lazımi səviyyədə edilmirdi. Xəsarət ağır idi: yara dərin, dəri və piy qatı zədəli. Klassik vəziyyət: stres, təşviş, qan.

Ən yaxında yerləşən dövlət poliklinikasında lazım olan peyvəndlər yox idi. Özəl klinikaya yollandıq. Orada operativ şəkildə qəbul edildik: həkim baxışı, quduzluq əleyhinə ilk peyvənd, ardınca tetanus (anatoksin). Yaranı tikdilər. Lakin heç bir analiz və əlavə müayinələr olmadan uşağa faktiki olaraq «at dozası»nda antibiotik yazdılar – amoksiklav. Gündə iki dəfə 100 mq. Yəni ümumilikdə gündə 200 mq!

Həmin vaxt bunu peşəkarlıq kimi qəbul etdim və düşündüm ki, sağ olsunlar, ehtiyatlı davranırlar. Sən demə, çox yanılmışammış…

 

Zəncirvari reaksiya

Hadisənin üçüncü günü ikinci doza peyvənd üçün dövlət poliklinikasına yollandıq. Yaşlı, təcrübəli bir cərrah yaraya diqqətlə baxdı, ona necə qulluq etməli olduğumuzu bizə izah etdi, tikişlərin nə zaman sökülməli olduğunu dedi. Amma onun yanaşması özəl klinikada tapşırılan «gündə iki dəfə sarğı» israrından fərqli idi. Hər şey sanki qaydasında imiş. Amma bu, yanlış sakitlik imiş.

Antibiotik qəbulunun ikinci günü oğlumun dərisində səpgilər yaranmağa başladı. Əvvəlcə əllərinin üstündə, sonra baldırlarında, daha sonra isə bel nahiyəsində. Antibiotikə allergiya? Yenə də mümkün infeksiyadan ehtiyat edərək, dərmanın qəbulunu yalnız beşinci gün dayandırdıq. Beləliklə, beş gün davam etməli olan kursu dörd gün sonra saxladıq ki, allergiya səngisin. Sən demə, bu qərarla uşağı daha ağır fəsadlardan xilas etmişik. Amma təəssüf ki, bir az gec.

Səpgilər hər gün artır, dözülməz qaşınma daha da güclənirdi. Artıq gözlərinin altında qızartılar yaranmışdı və uşaq prosesi çox ağır keçirirdi.

 

Diaqnozlar, çaşqınlıq və immun sisteminin çökməsi

İt dişləməsindən altı gün sonra uşağın damarında daxili infuziya olmasına baxmayaraq, səpgilər bütün bədənə yayıldı və dərinin hərarəti kəskin şəkildə yüksəldi. Təcili tibbi yardım çağırdıq. Amma bu «xilasedici» gəliş daha çox çaşqınlıq və ümidsizlik yaratdı. Təxminən 55 yaşlı tibb işçisi əminliklə birdirdi ki, uşaq qızılcaya yoluxub və burada söhbət antibiotikə qarşı allergiyadan gedə bilməz. Biz qızılca üçün xarakterik simptomların (qızdırma, öskürək, gözlərin qızarması və s.) olmadığını desək də, o, «gözləmək lazım olduğunu» bildirdi. Uşağa dimedrol vurdu, özündə nələrisə qeyd etdi və getdi. Biz isə yenə də çaşqınlıq içərisində…

Bu cür qeyri-müəyyənlik fonunda, təbii ki, ortaya bir sıra sualar çıxırdı: bəs indi necə olacaq? Bu vəziyyətdə quduzluq əleyhinə üçüncü peyvəndi vurmaq olarmı? Səpgi daha da yayılarsa, nə edəcəyik? Görünən o idi ki, heç nə kömək etmir və uşağın vəziyyəti getdikcə ağırlaşır.

Bəlkə xəstəxanaya gedək? Amma yenə də evdə damardaxili müalicəyə üstünlük veririk. Bu, növbəti günə qədər səpgilərin kəskin fazasını bir qədər zəiflədir. Ertəsi səhər dövlət poliklinikasındakı həmin təcrübəli cərrahın yanına qaçırıq. Onun təmkinli davranışı, səlis danışığı bizdə inam yaradırdı. Bu dəfə reaksiya həm sakit, həm də sərt olur: «Bu dozada antibiotik olar? Üstəlik, quduzluq əleyhinə peyvənd. Bu, məsuliyyətsizlikdir. Bu haqda mənə əvvəlcədən məlumat versəydiniz, sizi başqa cür yönləndirərdim. Allergiya təəccüblü deyil. Orqanizm bu yükə tab gətirmir. İmmun sistemi çox yüklənib».

Həqiqətən də, uşağın orqanizmində artıq sistemli bir pozuntu başlamışdı. Beşinci gün, yəni üçüncü peyvənddən əvvəl bədən hər şeyə qarşı allergik reaksiya göstərməyə başladı: gün işığından tutmuş, yeməyə, paltara, yüngül dərmanlaradək.

Növbəti gün quduzluq əleyhinə daha bir peyvənd. Amma artıq ehtiyatla, allergiyaya qarşı dərmanların müşayiəti və həkim nəzarəti ilə. İndi uşaq bərpa mərhələsindədir. Amma onun immun sistemi, demək olar ki, sarsılıb.

 

Hər kəs bilməlidir

Bu, sadəcə, bizim şəxsi təcrübəmiz deyil, həm də bütün valideynlər üçün xəbərdarlıqdır. Səhvlərdən qaça bilmək üçün nələri bilmək vacibdir? Dövlət klinikaları daha etibarlıdır. Azərbaycanda hər il 4000-dən artıq it dişləməsi faktı qeydə alınır (Səhiyyə Nazirliyinin 2022-ci ilə olan məlumatı) və onların əksəriyyəti uşaqlardır.

Dövlət poliklinikaları peyvəndləmə prosesini mərkəzləşdirilmiş şəkildə, standartlara uyğun aparır, təsdiqlənmiş sxemlər əsasında hərəkət edir. Kommersiya məqsədi güdmədikləri üçün əlavə sığortalanmaq adı ilə gərəksiz ağır dərmanlar təyin etmirlər. Beynəlxalq tövsiyələrə əsasən heyvan dişləməsi zamanı antibiotik yalnız iltihab əlamətləri – irinləmə, güclü qızartı, şişkinlik, yüksək hərarət, dərin yara – olduqda təyin edilir. Həmçinin heyvan insanın üzündən, boynundan və ya oynaqlar bölgəsindən dişlədikdə də antibiotik təyin olunur. Antibiotiklə peyvəndin eyni vaxtda verilməsinə xüsusilə ehtiyatlı yanaşılmalıdır, çünki bu, immun sistemi üçün ikiqat yük deməkdir və bu, uşaqlarda allergik, çarpaz reaksiyalar riskini artırır.

Allergiya dərhal başlamaya da bilər. Bizdə səpgilər antibiotik qəbulunun ikinci günündə başlamışdı. Bu, xüsusilə uşaqlar və yeniyetmələrin immun sisteminin antigenlərə kəskin reaksiyası nəticəsində β-laktam antibiotiklərə qarşı tipik cavabdır. Səpgi görünən kimi dərman qəbulu dərhal dayandırılmalı, həkimə müraciət olunmalıdır. «Gəzərək müalicəni bitirmək» cəhdləri çox təhlükəli səhvdir. Belə yanaşma bəzi hallarda ağır allergik reaksiyalara, o cümlədən Kvinke ödəminə və anafilaktik şoka da səbəb ola bilər.

 

İt dişləməsi zamanı nə etməli – yaddaş üçün

Yara ən azı 5 dəqiqə axar su altında sabunla və ya 3%-li hidrogen peroksid məhlulu ilə yuyulmalıdır. Ən tez zamanda travmatoloqa və ya poliklinikaya müraciət olunmalıdır. Quduzluğa qarşı peyvənd vacibdir. Dişləyən ev iti olsa və ya yara ciddi təsir bağışlamasa belə. Tetanusa qarşı peyvənd isə yalnız həkim təyinatı ilə edilməlidir. Antibiotiklərə gəlincə, onların qəbulu yalnız açıq infeksiya əlamətlərinin olduğu halda, yaxud cərrahın təyinatı ilə olmalıdır. Özbaşına müalicə və «hər ehtimala qarşı» dərmanların kombinasiyasına yol verilməməlidir.

 

Həlli vacib problem

Bir çox meqapolislərdə olduğu kimi, Bakıda da küçə iti problemi var. Bu, həm şəhər sakinlərinin təhlükəsizliyi, həm də heyvanların taleyi ilə bağlı məsələdir. Onun həll yolu, əlbəttə ki, sadə deyil. Məsələ kompleks yanaşma, məsuliyyət və hər kəsin köməyini tələb edir. Bəs küçədə sahibsiz itlə qarşılaşdıqda necə davranılmalıdır? Əsas qayda heyvanı qıcıqlandırmamaq, ona yaxınlaşmamaqdır. Xüsusilə qarşınıza eyni vaxta bir neçə it çıxıbsa, heyvanlar aqressiv görünürsə, diqqətli olun. İtin gözlərinin içinə baxmaqdan, kəskin hərəkətlərdən çəkinin. İt aqressivlik göstərirsə, ondan arxanızı çevirmədən, yavaş-yavaş uzaqlaşın. Bu qaydaları uşaqlara da öyrətmək vacibdir.

Bakı şəhərində küçə heyvanlarının tutulması, sterilizasiyası və saxlanması ilə Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən TOPKHANA adlı Sahibsiz Heyvanlara Qayğı Mərkəzi məşğul olur. Aqressiv itlərlə qarşılaşdıqda və ya köməyə ehtiyacı olan heyvan gördükdə bu mərkəzlə əlaqə saxlamaq lazımdır. Onunla əlaqə məlumatlarını rəsmi mənbələrdən asanlıqla tapmaq mümkündür.

 

Humanistlik və məsuliyyət

Küçə heyvanlarının sayına nəzarət etməyin effektiv yolu OVSV (Tutmaq-Sterilizasiya/Kastrasiya-Peyvənd-Yerinə Qaytarma) proqramlarıdır. Bu işlə TOPKHANA da məşğuldur. Amma ümumi prosesə siz də kömək edə bilərsiniz: sığınacaqlara dəstək verməklə, könüllü olmaqla. Ev heyvanınız varsa, məsuliyyətli davranın: itləri yalnız ipdə gəzdirmək, ehtiyac olduqda ağızlıq taxmaq lazımdır. Heyvanı artırmaq planınız yoxdursa, onu sterilizasiya  və ya kastrasiya etdirin. Ən vacibi isə heyvanı heç bir halda küçəyə atmayın. Bu qəddarlıq olmaqla yanaşı, həm də qeyd edilən problemi daha da ağırlaşdırmaqdır.

Küçə itləri probleminin həlli ümumi məsələdir və hər kəsdən səbir, humanistlik tələb edir.

 

Bu hekayəni niyə qələmə aldım?

Çünki mən sadəcə anayam. Həkim deyiləm, ekspert deyiləm. Həkimi dinləmişəm, ona ödəniş etmişəm və düşünmüşəm ki, hər şeyi düz edirəm. Nəticədə, oğlumun orqanizmini yükləmişəm, onu riskə atmışam və indi yalnız it dişləməsinin fəsadları ilə deyil, həm də yanlış müalicənin nəticələri ilə savaşıram. Qoy bu hekayə digər valideynləri belə faciəvi səhvlərdən qorusun.

Bənzər halla rastlaşsaz, panikaya düşməyin, amma intiusiya ilə də hərəkət etməyin. Təyinatları araşdırın. Dərmanları birgə qəbul etmək olarmı? Bunu öyrənin. Sadəcə qəbz təqdim etməklə kifayətlənməyən, protokollara əməl edən yerlərə üz tutun. Uşaqların sağlamlığı eksperiment mövzusu deyil. Söhbət «sadəcə bir it dişləməsindən» getsə belə.



MƏSLƏHƏT GÖR:

162