BAZAR PAYININ DƏYƏRİ
“OPEC+” alyansı neft hasilatının aktiv artırılması üçün məhdudiyyət strategiyasını dəyişməyə qərar verdi
Müəllif: Nurlanə QULİYEVA
Bu ilin iyulu “OPEC+” üçün dönüş nöqtəsi olub. Neft hasil edən ölkələrin alyansı məhdudiyyət dövründən sonra aktiv istehsal artımına yönəlmiş strategiyasını dəyişib.
Məhdud tələbat və artan ehtiyatlar şəraitində tədarükü artırmaq qərarı isə diqqətin qiymətlərin saxlanılmasından bazar payı uğrunda mübarizəyə yönəldiyini göstərir. Bu addım artıq bazarlarda birmənalı olmayan reaksiya doğurub və ilin ikinci yarısında qlobal neft balansında struktur dəyişikliklərə səbəb ola bilər. Alyansın qərarından sonra məntiqi olaraq baş verən neft qiymətlərindəki tərəddüdlər ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı kəskin bəyanatları fonunda güclənib.
Xatırladaq ki, o, 50 gün ərzində razılaşma əldə edilməzsə, “çox sərt” ikinci dərəcəli rüsumlar - 100%-ə qədər tətbiq edəcəyi ilə hədələyib (bəyanat 14 iyulda verilib). Çıxışdan sonra “Brent”in qiymətləri 69,33 dollara, WTI isə 67,26 dollara qədər düşüb. “Trading Economics”in məlumatına görə, bazar iştirakçıları daha qətiyyətli tədbirlər gözləyirdilər, elan edilən təxirə salınma isə qiymətlərə əlavə təzyiq göstərib.
Təbii ki, qlobal bazarlarda baş verənlər “OPEC+”da könüllü əsasda iştirak edən və bir qayda olaraq alyans tərəfindən qəbul edilən qərarları dəstəkləyən, müəyyən edilmiş kvotalara ciddi şəkildə əməl edən Azərbaycanın maraqlarına da toxunmaya bilməz.
Planlaşdırıldığından daha sürətli
Neft hasilatını könüllü olaraq azaldan 8 “OPEC+” ölkəsi iyulun 5-də keçirilən videokonfransda avqust ayından başlayaraq gündəlik hasilatı 548 min barel artırmağa razılaşıb. Bu qərar bu ilin yazında başlayan artım tendensiyasını davam etdirir. Məlum olduğu kimi, 2024-cü ilin əvvəlindən eyni səkkizlik (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) könüllü olaraq hasilatı gündə cəmi 2,2 milyon barel azaldıb. Lakin 2025-ci ilin aprelindən bu həcmlərin bazara tədricən qaytarılmasına başlanılıb: apreldə hasilat gündəlik 138 min barel, may-iyul aylarında isə hər ay 411 min barel artıb.
Hasilatın artımı əvvəlcə planlaşdırıldığından daha sürətlə baş verir - qrup güclü yay tələbindən istifadə etməyə və bazar payını geri qaytarmağa çalışır. Bu, “OPEC+”a hasilatın son azaldılma səviyyəsini ilkin plandan bir il əvvəl bərpa etməyə imkan verəcək. Vyanadakı OPEC Katibliyi qərarı “sabit qlobal iqtisadi perspektivlər və hazırkı sağlam bazar konyunkturası ilə” izah edib ki, bu da aşağı neft ehtiyatlarında öz əksini tapır.
Gözlənilir ki, avqustun 3-də keçiriləcək növbəti görüşdə təşkilat sentyabrda gündəlik daha təxminən 548 min barel əlavə etmək imkanını nəzərdən keçirəcək ki, bu da 2023-cü ildə elan edilmiş gündəlik 2,2 milyon barel azalmanın bərpasında son addım olacaq.
Analitiklər qeyd edirlər ki, “OPEC+” strategiyasını qiymətlərin qorunmasından bazar payı uğrunda mübarizəyə aydın şəkildə dəyişir, baxmayaraq ki, bu, ilin sonunda təklifin artıqlığına və qiymətlərin daha da aşağı düşməsinə səbəb ola bilər.
Avqustda hasilatın artırılması ilə bağlı bəyanatında “OPEC+” dünya iqtisadiyyatının davamlı perspektivlərinə və bazarın hazırkı sağlam fundamental göstəricilərinə istinad edib, eyni zamanda, neft bazarının yaxşı vəziyyətdə olması barədə son kommünikelərinin mövzusunu qoruyub.
Lakin “Reuters”in məlumatına əsasən, əsas istehlakçılar tərəfindən tələbatın zəif artımı nəzərə alınsa, reallıq “OPEC+”ın təsvir etdiyi qədər parlaq olmaya bilər. Belə ki, Çinin xam neft idxalı ilin ilk 5 ayında demək olar ki, artmayıb: rəsmi məlumatlar 0,3% artımla gündəlik 11,1 milyon barelə çatdığını göstərir.
“Bununla belə, iyun ayının məlumatları dərc edildikdən sonra artım tempi, çox güman ki, yüksələcək: “LSEG Oil Research” ay ərzində 11,96 milyon barel/gün idxal gözləyir ki, bu da iyun 2024-cü il üçün gömrük göstəricisi olan 11,30 milyon bareldən yüksəkdir.
İyun ayında daha yüksək idxal 2025-ci ilin birinci yarısında Asiyaya tədarükü gündə 27,36 milyon barelə çatdırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 620 min barel çoxdur”, - “Reuters”in analitikləri qeyd edirlər.
Maraqlıdır ki, bu, Neft İxrac Edən Ölkələr Təşkilatının regionda tələbin artımı ilə bağlı proqnozlarına uyğun gəlir. Qrupun iyun ayı üçün aylıq hesabatında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olmayan Asiya ölkələri üçün gündə 630 min barel tələb artımı gözlənilir.
Neft siyasətdən kənar
Qəbul edilmiş qərarla bağlı daha ətraflı şərhlər və proqnozları jurnalistlər Azərbaycandan da nümayəndə heyətinin iştirak etdiyi Vyanada keçirilən IX Beynəlxalq OPEC seminarı çərçivəsində əldə edə biliblər.
“OPEC”in baş katibi Heysam əl-Qays bildirib ki, səkkizlik ölkələrini neft hasilatı kvotalarını artırmağa sövq edən əsas amillərdən biri 3-cü və 4-cü rüblərdə neftə tələbatın kəskin artımının gözlənilməsidir: “Bu il tələbatla bağlı yaxşı gözləntilərimiz var – gündəlik 1,3 milyon barel, bu, güclü iqtisadiyyat tərəfindən diktə olunur. Bu, o deməkdir ki, biz xüsusilə üçüncü rübdə tələbatın güclü artımını görürük. Dördüncü rübdə də tələbatın yaxşı artımını görürük, bazarda davamlı balans olacaq”.
Əl-Qays, həmçinin vurğulayıb ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) neft bazarındakı artıqla bağlı bütün proqnozları həddindən artıq pessimistdir: “Biz BEA və digər belə adlandırılan "ekspertlərin" birinci rübdə, ikinci rübdə artıq proqnozlaşdırdığını müşahidə etdik. İndi isə real məlumatlar ortaya çıxdıqda, bütün rəqəmlər başqa şeyi göstərir - neft bazarında artıq yoxdur”.
Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Suheyl əl-Mazrui isə vurğulayıb ki, “OPEC+” alyansı tərəfindən qəbul edilən qərarlar onun neft bazarındakı vəziyyəti başqalarından daha yaxşı anlamaq və onun ehtiyaclarına uyğun hərəkət etmək qabiliyyətini nümayiş etdirir: “Qəbul edilmiş qərarlar sübut edir ki, “OPEC+” qrupu bazarı başqalarından daha yaxşı anlayır. Biz onun nəyə ehtiyacı olduğunu dərk edirik və məhz bu ehtiyaclardan çıxış edərək qərarlar qəbul edirik”.
Geosiyasi vəziyyətin neft bazarına təsirini şərh edərkən, Heysam əl-Qays qeyd edib ki, OPEC hər hansı ticarət məhdudiyyətlərinə, dünyada enerji resurslarının normal axınına mənfi təsir göstərən tədbirlərə qarşıdır: “İstehsalı və ya ticarəti məhdudlaşdıran hər hansı formada tədbirlər tələb və təklif balansına təsir göstərə bilər, onlar heç bir şəkildə kömək etmir”.
Onun sözlərinə görə, hazırda İran, Venesuelaya (hər ikisi OPEC üzvləri) və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar təkcə neft istehsalçıları üçün deyil, həm də istehlakçılar üçün “qeyri-sağlam hekayədir”. Bununla yanaşı, əl-Qays hesab edir ki, OPEC-in özü ölkələr arasındakı ikitərəfli münasibətlərə müdaxilə edə bilməz və hər hansı sanksiya məhdudiyyətlərini dəstəkləməyə cəlb olunmamalıdır.
İnvestisiyalara və dayanıqlılığa diqqət
“Brent” markalı neftin qiyməti 2023-cü ilin ortalarından etibarən dəyərinin təxminən 20%-ni itirib və iyunun sonuna doğru bu markalı neftin 1 bareli 82,4 dollara düşüb. Qiymətlər Yaxın Şərqdə davam edən geosiyasi qeyri-müəyyənlik fonunda tərəddüd etsə də, əhəmiyyətli dərəcədə dəyişməyib. Bundan əlavə, ABŞ və İran arasında gözlənilən "nüvə danışıqları" bazara təzyiqi azaltmağa davam edir.
Bazardakı vəziyyətə və müvafiq olaraq qiymətlərə təsir göstərən böyük alyansların qərarlarının Azərbaycan iqtisadiyyatı üçün nə qədər vacib olduğunu Niderlandın ən böyük bank qrupu olan “ING Group”un araşdırması bir daha təsdiqləyib.
İcmalda qeyd olunur ki, dünya neft qiymətlərinin artması və “qara qızıl”ın hər əlavə dolları Azərbaycana ildə təxminən 350 milyon dollar ixrac gəliri gətirir. Daha əvvəl isə bildirilirdi ki, neftin orta illik qiymətinin hər dollar dəyişməsi ildə təxminən 300 milyon dollar ixrac gəliri və 150 milyon dollar büdcə daxilolmaları gətirir.
Bu baxımdan, Azərbaycan nümayəndələrinin Vyana forumundakı çıxışları ölkənin qlobal enerji siyasətinin yeni mərhələsində prioritetlərini aydın şəkildə müəyyən edib. Energetika naziri Pərviz Şahbazov əsas istiqamətləri göstərib: dayanıqlı enerjiyə investisiyalar, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın strateji əhəmiyyəti və istehlakçılar tərəfindən uzunmüddətli öhdəliklərin zəruriliyi.
Neft bazarı getdikcə daha çox dəyişkən olduğu və geosiyasi risklər kəskinləşdiyi bir şəraitdə, Bakı sabit, proqnozlaşdırıla bilən tərəfdaş kimi mövqeyini möhkəmləndirməyə çalışır. “OPEC+” çərçivəsində hasilatın artırılmasına yönəlmiş istək Azərbaycanın ixrac marşrutlarının genişləndirilməsi və etibarlı təchizatçı kimi rolunun gücləndirilməsi kursu ilə ahəngdar şəkildə uzlaşır. Beynəlxalq tərəfdaşlarla birgə işlənib hazırlanan beş karbohidrogen layihəsi ilə 2030-cu ilə qədər əlavə neft və kondensat hasilatı gözlənilir. Bundan başqa, həm quruda, həm də dənizdə perspektivli strukturlar üzərində işlər aparılır.
Nazir çıxışında vurğulayıb ki, 2050-ci ilə qədər neft və qazın enerji balansındakı payının 53%-dən yuxarı qalacağı proqnozlara baxmayaraq, ənənəvi enerji resurslarının inkişafına mövcud məhdudiyyətlər gələcəkdə təchizat çatışmazlığına səbəb ola bilər: “Nəzərə alsaq ki, neft və qaz enerji qarışığımızda əsas yer tutur və bu tendensiyanın davam edəcəyi gözlənilir, bu sahəyə investisiyaları təxirə salmaq olmaz. Dayanıqlı enerji təchizatı investisiyalarsız mümkün deyil. Enerji layihələrinə investisiyaların azaldılması gələcəkdə təchizatda fasilələrə və real risklərə səbəb ola bilər”.
SOCAR-ın prezidenti Rövşən Nəcəf isə öz növbəsində Azərbaycanın enerji keçidi məqsədlərinə sadiqliyini təsdiqləyərək, milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun dünyanın ən böyük enerji şirkətlərinin rəhbərləri ilə görüşləri göstərir ki, qlobal qeyri-müəyyənliyə baxmayaraq, regiondakı enerji layihələrinə maraq yüksək olaraq qalır. Mümkün birgə təşəbbüslərin müzakirəsi isə Azərbaycanın enerji sektorunun beynəlxalq investisiyalar üçün cəlbedici məkan olaraq qaldığını nümayiş etdirir.
Beləliklə, “OPEC+”in strategiyası ilə bağlı hazırkı dəyişikliklər və Avropanın enerji balansında Azərbaycanın roluna artan diqqət ölkənin qlobal arenada öz təsirini gücləndirə biləcəyi yeni kontekst formalaşdırır.
MƏSLƏHƏT GÖR:

125

