5 Dekabr 2025

Cümə, 10:00

SANKSİYALAR SİLAH KİMİ

ABŞ və Avropa Rusiyaya total sanksiya tətbiqi və müdafiənin gücləndirilməsini müzakirə edərək, Ukraynaya dəstəyi artırır

Müəllif:

15.07.2025

Rusiya-Ukrayna müharibəsi davam edir və yaxın zamanlarda tərəflər arasında atəşkəsə nail oluna biləcəyini göstərən heç bir əlamət yoxdur. Müharibənin uzanması ilə isə Rusiya ilə Qərb, o cümlədən ABŞ arasında qarşıdurma daha da kəskin xarakter alır. ABŞ Prezidenti Donald Tramp Moskva ilə Kiyev arasında atəşkəsə nail olmağa çalışsa da, istəyinə nail ola bilmir. Nəticədə, Vaşinqton Rusiyaya qarşı, demək olar ki, total sanksiyaların tətbiqi versiyasını nəzərdən keçirir. Söhbət Rusiya iqtisadiyyatı üçün, həqiqətən də, ciddi problemlər vəd edən sanksiyalardan gedir.

 

Qərb Ukraynanı tək qoymayacaq

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın şəhər və kəndlərinə, o cümlədən Kiyevə endirdiyi, dinc sakinlərin həyatına son qoyan raket zərbələri getdikcə daha intensiv hal alır. Aydındır ki, Rusiyanın artan hücumlarının məqsədi yalnız onun «xüsusi hərbi əməliyyat» adlandırdığı kampaniyanın məqsədinə çatmasına, yəni beynəlxalq birlik tərəfindən Ukrayna ərazisi kimi tanınan torpaqların ilhaqına hədəflənməyib. Məqsəd həm də Kiyevi danışıqlar prosesində güzəştlərə məcbur etməkdir. Xatırladaq ki, ABŞ-nin təşəbbüsü və dəstəyi ilə baş tutmuş İstanbul danışıqlarının iki raundu nəticəsində danışıqlar prosesinə start veriləcəyinə ümidlər yaranmışdı. Lakin Moskva qeyd-şərtsiz atəşkəsə razı olmadı. Halbuki, Kiyev Tramp administrasiyasının təzyiqi ilə buna razılıq vermişdi. Demək, danışıqlar mənasını itirib.

Rusiyanın raket və dron hücumlarına cavab olaraq Ukrayna da qarşı tərəfin hərbi və strateji infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücumlar edir ki, bu da müharibənin uzanacağını bir daha təsdiqləyir.

ABŞ Prezidenti Donald Tramp məhz bu səbəbdən, əvvəlki mövqeyinə baxmayaraq, getdikcə daha aqressiv, daha qəzəbli açıqlamalar verir. O, Rusiya-Ukrayna savaşının tezliklə dayandırılmasının mümkün olmadığını anlayır. Ağ Ev sahibi son bəyanatlarında Rusiya Prezidenti Vladimir Putinin ünvanına belə, kəskin ifadələr işlədib. Bu isə Trampın sülh təşəbbüsünün Kreml tərəfindən rədd edildiyi anlamına gəlir.

İyulun 14-də Donald Tramp bildirib ki, Ukraynada vəziyyətin həllinə dair razılaşma əldə olunmazsa, 50 gün içərisində Moskvaya qarşı «sərt tədbirlər» görüləcək. «Biz Rusiyadan çox, lap çox narazıyıq. Mən narazıyam», - deyə o, NATO-nun baş katibi Mark Ryutte ilə Ağ Evdə keçirdiyi görüşdə bildirib. ABŞ Prezidenti Rusiyaya «təxminən 100%-lik ikinci dərəcəli tariflərin» tətbiq oluna biləcəyini söyləyib.

Rusiya-Ukrayna savaşının başladığı ilk andan Moskvaya qarşı kəskin mövqedə olan Avropa liderlərinin yanaşması da məlumdur. Almaniyanın mövqeyinin radikallaşması xüsusi diqqət çəkir. Ölkənin sabiq kansleri Olaf Şolts bəyanatlarında və praktik addımlarında kifayət qədər ehtiyatlı davranırdısa, Moskva ilə kompromisə meyilli görünürdüsə, Almaniya hökumətinin indiki başçısı, xristian-demokrat Fridrix Merts Ukraynaya dəstəyin nəinki dayandırılmasını, zəiflədilməsini belə, mümkünsüz sayır.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dayandırmaq istəməməsi üzündən, Böyük Britaniya və Fransa liderləri Kir Starmer ilə Emmanuel Makron da Londonda keçirdikləri görüşdə bənzər mövqe ortaya qoyublar. Yeri gəlmişkən, onlar görüşün nəticəsi olaraq Rusiyanın Avropaya mövcud və potensial təhdidi qarşısında Avropanın müdafiə potensialının gücləndirilməsinə dair razılığa da gəliblər. Tərəflər arasında nüvə yayındırıcılığı qüvvələrinin koordinasiyasına dair memorandumun imzalandığını nəzərə alsaq, demək, söhbət həm də nüvə potensialından gedir.

Avropa və bütünlükdə Qərbin Ukraynaya hərbi və maliyyə yardımlarını davam etdirmək üçün resurslarını səfərbər etməyə hazır olduqları Romada keçirilmiş beynəlxalq konfransda bir daha üzə çıxıb. Avro-Atlantik məkan göstərib ki, ABŞ və konfransa ev sahibliyi edən, sağçı-mühafizəkar Corciya Meloninin rəhbərlik etdiyi İtaliyanın xüsusi fəallıq göstərdiyi Avropa fövqəldövlətlərinin səyləri ilə yaradılacaq fondlar nəinki Ukraynanın sağ qalmasına kömək edəcək, onun müharibədən sonrakı bərpası prosesində də nəhəng töhfələr verəcək.

Bununla yanaşı, ABŞ-nin dövlət katibi Marko Rubionun Kuala-Lumpurda keçirilən ASEAN regional təhlükəsizlik forumunun kluarlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də maraqlıdır. Rubio bildirib ki, Rusiyanın Ukrayna ilə silahlı münaqişənin sülh yolu ilə həllinə dair mövqeyində çevikliyin olmaması Vaşinqtonu məyus edib.

İndi bir şey aydındır: Moskvanın istəyinin, hesablamalarının əksinə olaraq, Qərb, o cümlədən ABŞ Ukraynanı tək qoymayacaq. Qərb dövlətləri, həmçinin Trampın başçılıq etdiyi ABŞ artıq Rusiyaya qarşı sanksiya alətindən maksimum dərəcədə geniş istifadə etmək imkanını nəzərdən keçirir.

 

Trampın məyusluğu

Trampın Rusiyanın apardığı müharibəyə, şəxsən Putinə münasibətinin dəyişdiyini Vaşinqtonun Moskvaya daha sərt sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə başlaması aydın şəkildə göstərir. Söhbət Rusiyanın dünya ilə əlaqələrini sarsıda biləcək sanksiyalardan gedir. Hədəfdə Rusiya iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektoru xüsusi yerdədir. Tramp Ağ Evə qayıtdıqdan sonrakı ilk aylarda bu ssenarini dəstəkləmirdi. Əksinə, Putinlə razılığa gəlməkdən, Rusiya-Ukrayna müharibəsini qısa müddətdə başa çatdırmağın mümkünlüyündən danışırdı.

Lakin hadisələrin gedişi, o cümlədən İstanbulda may-iyun aylarında aparılmış danışıqların nəticələri göstərib ki, Rusiya müharibəni dayandırmaq istəmir. O, Tramp administrasiyası tərəfindən beynəlxalq hüquq müstəvisində Krımın ilhaqının, Donbasın bir hissəsinin faktiki olaraq Rusiyanın nəzarətində qalmasının qanuniləşdirilməsi kimi güzəştlərini də rədd edib. Çünki Moskva üç ildən artıqdır davam edən savaşda Ukraynanın ələ keçirə bilmədiyi ərazilərini də öz tərkibinə qatmaq niyyətindən əl çəkmir.

Nəhayət, Putinin davranışlarından məyus olan Tramp Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsini vacib saymağa başlayıb. Bu ideyanın təşəbbüskarlarından olan respublikaçı senator Lindsi Qrehem bildirib ki, bu dəfə «tarixin ən təsirli sanksiyaları»nın tətbiqi nəzərdə tutulur. Ağ Evin sahibi göstərmək istəyir ki, Putin onun Rusiya ilə dialoq qurmaq, dialoqu möhkəmləndirmək səylərini layiqincə qiymətləndirməyib, nəticədə, kompromis şansını qaçıraraq, özünü məğlubiyyətə məhkum edib.

ABŞ-nin sülh səylərinin uğursuzluğa düçar olmasının Trampın ətrafında nə dərəcədə şok yaratdığını aydın şəkildə göstərən faktlardan biri Pentaqonun Ukraynaya silah tədarükünün dayandırılması qərarının yaratdığı qalmaqaldır. Bu qərardan nəinki demokratlar, Konqresin respublikaçı qanadı son dərəcə narazıdır. Üstəlik, bu narazılıq o həddə çatıb ki, Tramp faktiki olaraq, müdafiə naziri Pit Hegsetin bu təşəbbüsündən uzaq durmağa çalışıb. Putini Ukraynada insan qətliamını dayandırmağa razı salmağa daha bir uğursuz cəhddən sonra Ağ Ev sahibi ukraynalı həmkarı Vladimir Zelenskiyə Kiyevə silah tədarükünün davam etdiriləcəyini bildirib, paralel olaraq, Moskvaya sanksiyalar vasitəsilə «güclü zərbə»nin  vurulacağını deyib. Tramp bu sanksiyaların Rusiya iqtisadiyyatına mənfi təsirinin qaçılmaz olacağını bildirib.

ABŞ-nin Ukraynaya hərbi yardımın davam etdirilməsi və Rusiyaya total sanksiya hücumu qərarlarının nə qədər ciddi olduğunu Moskvanın təbliğat maşınının reaksiyasından da anlamaq mümkündür. Yaz-yay aylarında Rusiyada Qərbə və birbaşa ABŞ-yə yönəlmiş sərt ritorika bir qədər səngimişdisə, indi bu «hücum» yenidən başlayıb. Moskva davranışlarının proqnozlaşdırılması çətin olan, dəyişkən Trampa hələ də ümidlə yanaşsa da, bir məsələ aydındır: Birləşmiş Ştatlar Rusiyanın Ukrayna ərazilərini işğalını legitimləşdirəcək hər hansı kompromisə gedə bilməz. Tramp Putinlə dialoqa nə qədər meyilli olsa da, bunu da açıq şəkildə göstərir.

Beləliklə, Rusiya-Ukrayna müharibəsinin çıxış yolunun görünmədiyi indiki mərhələsi Rusiya ilə Qərb arasında qarşıdurmanın kəskinləşməsinin qaçılmazlığı ilə də müşayiət olunur. Qlobal nizamsızlıq dövrünün ən ciddi təzahürlərindən biri budur. Bu qeyri-müəyyənlik dövründə önəmli rollardan birini isə Çin oynayacaq. Amma bu, başqa söhbətin mövzusudur.



MƏSLƏHƏT GÖR:

101