5 Dekabr 2025

Cümə, 10:45

BAKININ AVROPA PERSPEKTİVLƏRİ

Azərbaycan ilə Aİ konkret maraqlara əsaslanan strateji tərəfdaşlıq qurur

Müəllif:

15.07.2025

Müşahidəçilər son həftələrdə Azərbaycan-Avropa İttifaqı münasibətlərində yaxınlaşma tendensiyasının müşahidə olunduğunu bildirirlər. Bu, bir sıra səbəblərlə, xüsusilə isə qlobal siyasətdə yaşanmaqda olan ciddi dəyişikliklər fonunda tərəflərin bir-birinə ehtiyac duyması ilə izah olunur.

Bu baxımdan, iyulun əvvəllərində Azərbaycanın xarici siyasi kursunun iki aparıcı fiqurunun Aİ ilə münasibətlər kimi vaciğb istiqamət üzrə Bakının mövqeyini səsləndirmələri önəmli hadisədir. Əvvəlcə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstanın «To Vima» nəşrinə, ardınca isə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasi məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın «Hospodárske noviny» nəşrinə müsahibəsində Bakının Aİ ilə dialoqu gələcəyinə bağlı mövqeyini detallı şəkildə ifadə ediblər.

Burada maraqlı məqam ondan ibarətdir ki, qeyd olunan şəxslərin hər ikisi Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasını regional inkişaf və beynəlxalq inteqrasiya üçün yeni imkanlar yaradan amil kimi, xüsusi vurğulayıb. Bununla yanaşı, Azərbaycan tərəfi aydın şəkildə bildirir ki, dayanıqlı sülhə nail olunması üçün hüquqi və ideoloji maneələr, o cümlədən Ermənistan Konstitusiyasındakı müvafiq maddələr aradan qaldırılmalıdır. Bir sözlə, Bakı İrəvanla sülh sazişi imzalamağa hazır olduğunu bildirir və indi «topun qarşı tərəfdə olduğunu» deyir.

 

Brüssellə Moskva arasında

Azərbaycanlı diplomatlar Aİ ilə praktik əməkdaşlığın təməli kimi, enerjiyə xüsusi diqqət yönəldirlər. Azərbaycan özünü yalnız etibarlı qaz təchizatçısı kimi göstərmir, həm də enerji sahəsində əməkdaşlığa əsaslanan genişmiqyaslı strateji tərəfdaşlıq arxiterkturası qurur. Mərkəzi və Şərqi Avropa ilə enerji əlaqələri isə Bakının Brüssel ilə xarici siyasi kommunikasiya kanalına çevrilir. Bu kontekstdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminindəki rolu davamlı olaraq vurğulayaraq, Aİ-dən daha aydın mövqe gözləyir – xüsusilə uzunmüddətli müqavilələrin bağlanması və infrastruktur layihələrinə investisiya qoyuluşu kimi məsələlərdə.

Geosiyasi qarışıqlıq və enerji bazarlarının transformasiyası fonunda Bakıda hesab edirlər ki, Aİ ilə münasibətlərdə epizodik uğurlardan davamlı, sistemli əməkdaşlıq modelinə keçid məhsuldar dialoq üçün əsas şərtdir. Eyni zamanda Azərbaycan burada periferik tərəfdaş deyil, müstəqil, fəal mövqeyə malik aktor kimi çıxış etməlidir. Azərbaycanın müstəqillik əldə etməsindən bu yana yürütdüyü xarici siyasət hər zaman dayanıqlı balansa nail olunması cəhdləri ilə fərqlənib. Bakı müxtəlif güc mərkəzləri ilə müttəfiqlik münasibətləri qurmaq cəhdlərinin ardından suveren praqmatizm modelinə keçib. Burada çeviklik, çoxistiqamətlilik və strateji müstəqillik yalnız milli maraqlarla müəyyən olunur. Bu mövqe Azərbaycanın regional maraqların qovşağında əhəmiyyətli yer tutmasına, qlobal qeyri-sabitlik şəraitində öz prioritetlərini davamlı şəkildə müdafiə etməsinə imkan verib.

Amma bu yanaşma regiona təsir iddiasında olan xarici oyunçularla təbii olaraq, maraq toqquşması yaradır. Son onilliklər ərzində, xüsusilə də son illərdə regionda əsas aktorlar sayılan Aİ ilə Rusiya arasında geosiyasi rəqabət qızışıb. İstər Brüssel, istərsə də Moskva burada mövqeyini gücləndirmək üçün bəzən Bakı ilə münasibətlərdə onun qəbuledilməz saydığı üsullara əl atıblar ki, bu da maraqlar arasında ciddi toqquşmaya səbəb olub. Bununla yanaşı, həm Aİ, həm də Rusiya yaşanan gərginliklər fonunda özlərini Azərbaycan üçün daha etibarlı, anlayışlı tərəfdaş kimi təqdim etməyə çalışıblar.

Brüsselin Ermənistanla Azərbaycan arasında münasibətlərinin normallaşdırılmasında oynamaq istədiyi vasitəçilik rolunun iflasa uğramasından (xüsusilə Fransanın açıq qərəzi üzündən) sonra Bakı-Aİ münasibətlərində soyuqluq yaranmış, əvəzində Moskva ilə əməkdaşlıq genişlənməyə başlamışdı. Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə Bakının razılığı olmadan müşahidə missiyası yerləşdirməsi Azərbaycan rəhbərliyini xüsusilə qəzəbləndirmişdi. Bundan başqa, Avropa İttifaqının İrəvana birmənalı dəstəyi, o cümlədən keçmiş separatçı hakimiyyətin təzyiqi ilə regionu tərk etmiş Qarabağ ermənilərilə bağlı mövqeyi də, təbii ki, bu ziddiyyətin aradan qaldırılmasına xidmət etmirdi.

Lakin Rusiyanın hava məkanında Azərbaycana məxsus sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciə fonunda Bakı-Moskva dialoqunun pisləşməsi Aİ rəhbərliyini Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa sövq edib. Burada başqa amillərin də rolu var: Brüsseldə xarici siyasətə cavabdeh şəxslərin dəyişməsi, Aİ-nin Mərkəzi Asiyaya artan marağı (burada Azərbaycanın əsas tranzit qovşağı kimi çıxış etdiyi məlumdur) və s.

 

Avropa prioritetlərini dəyişir?

Avropada Rusiyadan qaz tədarükünün azalması ilə əlaqədar enerji böhranının başlaması fonunda Brüssel Bakını enerji təhlkəsizliyinin təmin olunmasında əsas tərəfdaş kimi, daha yüksək qiymətləndirməyə başlayıb. Tərəflər arasında strateji enerji tərəfdaşlığına dair memorandum 2022-ci ildə imzalansa da, bu əməkdaşlıq yalnız 2025-ci ildə real konturlar qazanıb. Bu dövrdə Aİ rəsmilərinin Bakıya ard-arda səfərləri, Azərbaycanın Aİ-nin enerji forumlarında iştirakı təsadüf deyildi. Tərəflər arasında münasibətlərin dönüş nöqtəsi isə apreldə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Bakıya rəsmi səfəridir. Onun ardınca mayda Albaniya paytaxtı Tiranada Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta ilə müzakirələr aparıb. Bundan əvvəl isə Avropanın enerji məsələləri üzrə komissarı Den Yorgensenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər etmiş, Cənubi Qaz Dəhlizi və «yaşıl enerji» üzrə məşvərət şuralarının iclaslarına qatılmışdı.

Paralel olaraq, tərəflər arasında siyasi əlaqələrdə də canlanma başlayıb. Kifayət qədər həssas mövzu olan Azərğaycan-Ermənistan münasibətləri fonunda Brüsseldən regional reallıqların nəzərə alınmasının zəruriliyi ilə bağlı praqmatik bəyanatlar daha tez-tez gəlməkdədir. Bir sözlə, artıq Aİ Bakı ilə qarşılıqlı faydalı, institusional baxımdan ölçülüb-biçilmiş dialoq qurmağa başlayıb, əvvəlki ideoloji ritorika kənara atılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına xüsusi diqqət ayrılır. Hələlik bu sahəyə Aİ-nin rəsmi maliyyə dəstəyi məhdud olsa da, minaların təmizlənməsi, minalarla çirklənmiş ərazilərin bərpası ilə bağlı proqramlar diqqət çəkir. Bundan başqa, artıq Avropa şirkətləri enerji və logistik sahələrində infrastruktur obyektlərinin inşası ilə əlaqəli tenderlərə də maraq göstərməyə başlayıblar. Azərbaycan isə öz növbəsində, xüsusilə «Ağıllı kənd», «Ağıllı şəhər» konsepsiyalarının reallaşması çərçivəsində qabaqcıl Avropa texnologiyalarına, institusional standartlarına maraq göstərir.

Aİ-nin yanaşmasının dəyişməsində Azərbaycanın özünün rolu az deyil. Balkan ölkələri və İtaliya daxil olmaqla, bir sıra Avropa dövlətləri ilə sıx münasibətlər qurmuş Bakı onların absurd məqsədlər üçün əlaqələri korlamaq istəmədikləri dəyərli tərəfdaşa çevrilib. Bunun nümunəsi kimi, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu ilin yazında Bakıya etdiyi səfəri göstərmək olar. Bu səfər Avropanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığa marağının artdığının göstəricisi idi. İndi Azərbaycana qarşı qərəzli mövqe tutan Fransa belə, yeni reallığa uyğunlaşmaq məcburiyyətindədir. Belə ki, iyunda Fransanın Azərbaycandakı səfiri Ann Buayon əvvəlki mövqeyindən fərqli olaraq, diplomatik korpus nümayəndələrilə birlikdə Şuşaya səfər edib. Halbuki son dövrlərədək Paris Şuşanı Azərbaycanın bir hissəsi kimi tanımaqdan imtina edirdi.

 

İqtisadiyyat ikitərəfli münasibətlərin əsası kimi

Aİ-Azərbaycan münasibətlərinin özəyini əvvəlkitək, iqtisadiyyat təşkil edir. Son iki onillikdə tərəflər arasında ticarət-iqtisadi əməkdaşlıq Bakının xarici iqtisadi prioritetlərindən birinə çevrilib. Aİ xüsusilə enerji, infrastruktur, kənd təsərrüfatı və maliyyə sektorlarında Azərbaycanın nəhəng ticarət tərəfdaşına və investoruna çevrilib. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması ilə Azərbaycanı əsas enerji tədarükçüsünə və Xəzərlə Avropa arasında strateji bəndə çevirib.

2010-cu ildən bu yana tərəflər arasında ticarət dövriyyəsinin həcmi sabit şəkildə artıb: onilliyin əvvəlində bu rəqəm 9-10 milyard avro idisə, 2022-ci ildə 17 milyard avronu keçib. Aİ-yə ixrac həcmi təxminən 15,6 milyard avro təşkil edib ki, bunun da əsas hissəsi neft və qazın payına düşür. Avropadan Azərbaycana məhsul idxalına gəlincə, bu rəqəm 1,5-2 milyard avro səviyyəsində qalmaqdadır. Bu, Bakı üçün müsbət saldonu təmin edir. Aİ birbaşa investisiyaların həcminə görə də liderdir – ölkə iqtisadiyyatına yatırılmış investisiyaların 50%-dən çoxu Avropa ölkələrinin payına düşür. Əsas investorlar arasında Böyük Britaniya (bp şirkəti vasitəsi ilə), Niderland, İtaliya, Almaniya və Fransa yer alır.

Beynəlxalq maliyyə institutlarının, məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankının rolunu da xüsusi qeyd etmək olar. O, 2000-ci illərin əvvəllərindən Azərbaycan iqtisadiyyatına 3,5 milyard avrodan artıq investisiya qoyub. Bu sərmayələrin yönəldildiyi sahələr arasında bərpa olunan enerji layihələri də var. Avropa İnvestisiya Bankı da fəaldır.

Paralel olaraq, nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyəti də artır. Azərbaycan xüsusilə 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasından sonra Trans-Xəzər marşrutunun inkişafında mərkəzi yerdədir. Yükdaşıma və konteyner dövriyyəsində sabit artım var. 2024-cü ildə bu istiqamətdə rekord qeydə alınıb – 3,3 milyon ton yük və 56,5 min TEU konteyner. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti illik 5 milyon tonadək artırılıb, Bakı Dəniz Limanı müasirləşdirilib. Bu, təbii ki, Azərbaycanın tranzit mərkəzi (hab) rolunu daha da gücləndirir.

Aİ ilə Rusiya arasında kəskin qarşıdurma, ABŞ-nin ticarət savaşı, Çinlə bağlı ehtiyatlılığın artması fonunda Cənubi Qafqaz və Mərkəzi Asiya Brüssel üçün strateji əhəmiyyət qazanır. 2024-cü ildə Avropa İttifaqının bu regionlarla ümumi ticarət dövriyyəsi 87 milyard dolları ötüb. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi isə Azərbaycan ərazisindən keçən marşrutlarla reallaşdırılır.

Bütün qeyd olunanlar birmənalı nəticəyə gəlməyə imkan verir: son aylarda Azərbaycanla Aİ arasında mövqelərin ehtiyatlı, lakin davamlı yaxınlaşması müşahidə olunur. Hər iki tərəf konkret maraqlara əsaslanan dayanıqlı strateji tərəfdaşlıq qurmağa çalışır. Bu prosesi təbii ki, hələ tamamlanmayıb. Lakin artıq Avropa qurumlarının Azərbayxana yanaşmasında keyfiyyət dəyişikliyi hiss olunmaqdadır. İndi onların Bakı ilə əməkdaşlığı Azərbaycanın suverenliyinə zərər vermədən dərinləşdirmək istəyinin artdığından danışmaq mümkündür.


MƏSLƏHƏT GÖR:

125