SƏS-KÜY
Paytaxtda səs çirklənməsi: şəhərin rahatlığına və sivil görünüşünə çağırış
Müəllif: Sabirə ƏLƏKBƏR
Son illərdə Bakıda ictimaiyyətin heç zaman birmənalı qarşılamadığı tendensiya daha da güclənib. Söhbət avtomobillərdən yayılan qulaqbatırıcı musiqidən gedir. Texnologiyaların inkişafı səs sistemlərini də xeyli təkmilləşdirib və gücləndirib. Müasir dinamiklər avtomobili az qala konsert zalına çevirməyə qadirdir. Amma bu «səs azadlığı»nın narahatlığını ictimaiyyət çəkir.
Mənzərə aydındır: axşam saatları, hərəkətin gur olduğu prospekt və bir anda az qala binanın 15-ci mərtəbəsindəki mənzilin pəncərələri silkələnir. Avtomobil işıqforun qırmızı işığında dayanıb, onun ətrafında böyük bir radiusda hər kəs sürücü ilə eyni musiqini dinləmək məcburiyyətindədir. Bu, nəinki küçənin sakitliyini pozmaq, həm də insanların həyatına müdaxilədir. Çünki onlar həmin avtomobildə səslənən musiqini dinləməyi özləri seçməyiblər. Xüsusilə yayın istisində, evlərin, obyektlərin əksəriyyətinin pəncərəsinin açıq olduğu bir vaxtda bu problem özünü daha kəskin göstərir.
Hüquqla pozuntu arasında
Hüquqi nöqteyi-nəzərdən vəziyyət birmənalı deyil. Azərbaycanda səs-küyü məhdudlaşdıran normalar mövcuddur. Lakin onların əsas tətbiq sahəsi gecə saatları və ya şəxsi ərazilərdir. Avtomobildən gələn səs, o cümlədən musiqi səsi ilə bağlı digər məqamlarla bağlı hələ də dəqiq tənzimləmə yoxdur. Halbuki bir sıra ölkələrdə bu cür davranışlara görə cərimələr nəzərdə tutulur: səsin gücündən və məkandan asılı olaraq 50 dollardan 500 dollaradək. Bu cür ölkələrdə bu sahədə aydın meyarlar müəyyənləşdirilib. Səs müəyyən olunmuş həddi aşırsa, buna görə sürücü məsuliyyət daşıyır.
Məsələnin mənəvi tərəfi isə daha mürəkkəbdir. Bəziləri avtomobildə musiqiyə həddindən artıq gur səs verməyi özünüifadə forması, bəzi gənclər isə hətta submədəniyyət sayırsa, digərləri bunu aqressiya aktı, ətrafdakılara hörmətsizlik kimi qiymətləndirirlər. Bu iki məqam arasında sərhəd, həqiqətən də, çox incədir. Necə deyərlər, bir insanın azadlığı digərinin rahatlığının, sakitliyinin pozulduğu nöqtədə bitir.
Bəs ümumi rahatlıq üçün fərdi ifadə formaları məhdudlaşdırılmalıdırmı? Yoxsa şəhər bu cür səs-küyü müasir mədəniyyətin bir hissəsi kimi qəbul etməlidir? Bu suala dəqiq cavab yoxdur. Amma bir şey aydındır ki, sakitlik də bir dəyərdir. XXI əsrdə sivil bir paytaxtda fərdlə cəmiyyətin hüquqları arasında balans tapılmalıdır.
Azərbaycanda səs-küylə bağlı məsələlər İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 521-ci maddəsinə («Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması») əsasən saat 00:00-dan 07:00-dək yaşayış binalarında, onların bloklarında, həyətlərində və ictimai yerlərdə yüksək səslə mahnı oxumaq, musiqi səsləndirmək, aparatların (televizor, maqnitofon və s.) işlədilməsi də daxil olmaqla, səs-küy yaratmaq olmaz. Bu qaydaların pozulmasına görə fiziki şəxslər üçün 150-200, vəzifəli şəxslər üçün 2000-2500 manat məbləğində cərimə nəzərdə tutulur. Amma burada ciddi boşluq var. Belə ki, avtomobildən yayılan səs-küy, o cümlədən küçələrdə hərəkət zamanı yüksək səslə musiqi dinlənilməsinə dair konkret qaydalar yoxdur. İnzibati Xətalar Məcəlləsində səs siqnallarından istifadə ilə bağlı müəyyən maddələr var. Məsələn, məcəllənin 155.2-4-cü maddəsi avtomobillərdə «xüsusi səs siqnalı (çoxsəsli)» və ya nümayişkaranə səslərlə ətrafdakıların sakitliyini pozan qurğulardan istifadəni qadağan edir. Bu pozuntuya görə 500-800 manat cərimə və müvafiq avadanlığın müsadirəsi nəzərdə tutulur. Eyni zamanda qeyri-standart səs siqnallarından (məsələn, gülüş səsi, it hürməsi, mühərrik uğultusunun təqlidi) istifadə də qadağandır. Polis bu cür qurğuları müsadirə edə, sürücünü isə cərimələyə bilər. Təkrar pozuntu halında cəzanın ikiqat artırılması, sərt inzibati tədbirlərin görülməsi də mümkündür.
Lakin bütün bunların hüquqi baxımdan tətbiqində ciddi çətinliklər var. Məsələn, şəhər şəraitində konkret olaraq hansı desibeldə səsin pozuntu sayıldığı məlum deyil. Yaşayışın olduğu küçələrdə, ictimai yerlərdə səs çirkliliyindən müdafiəni təmin edən xüsusi qanunda da yoxdur. Hüquq müdafiəçiləri bildirirlər ki, belə səs-küy hallarına görə cəza tətbiqi, demək olar ki, qeydə alınmır, çünki onun tətbiqi üçün hüquqi baza çox mürəkkəbdir. Odur ki, belə hallarla bağlı şikayətlər çox vaxt nəticəsiz qalır. Polis avtomobildən yayılan həddindən artıq gur musiqi səsinə görə, demək olar ki, heç vaxt cərimə tətbiq etmir, çünki bunun hansı pozuntu olduğunu müyyənləşdirmək çətindir.
Bu, niyə vacibdir?
Şəhər çətin sistemdir. Burada hər bir fərdi ifadə forması ümumi qayda-qanunları nəzərə almalıdır. Bu gün Bakıda turizm infrastrukturu fəal şəkildə inkişaf etdirilir, onun yaşayış üçün əlverişli meqapolisə çevrilməsi üçün ardıcıl tədbirlər görülür. Bəs paytaxtın müasir siması küçələrdəki bu «səs xaosu» ilə necə uzlaşa bilər? Paytaxt sakini və ya qonaq hər addımda «avtomobil konserti»nə görə qulaqlarını tutmaq məcburiyyətindədirsə, yüksək şəhər mədəniyyətindən danışmaq çətinləşir.
Bəs dövlət buna müdaxilə etməlidirmi? Cavab aydındır: bəli! Bəs necə?
Əlbəttə ki, qanunvericilik vasitəsilə. Dövlət məhz qanunların qəbulu və tətbiqi ilə xüsusilə yaşayış yerlərində, mərkəzi ərazilərdə avtomobillər üçün səs norması tətbiq edə bilər. Avtomobillərdən və müxtəlif tədbirlərdən yayılan səslə bağlı ayrıca qanunun və ya digər hüquqi aktların hazırlanması da mümkündür. Bu normaların pozulmasına görə cərimələr tətbiq edilməlidir. Paralel olaraq, məsələyə texniki nəzarət də vacibdir. Bəzi ölkələrdə polis səsin həddini ölçən cihazlarla təchiz edilib və onlar belə pozuntuları asanlıqla aşkar edə bilirlər. Azərbaycanda eyni təcrübənin tətbiqi yollarda səs səviyyəsinə effektiv nəzarət olunmasına imkan yaradardı.
Amma mədəni-maarifləndirmə işi olmadan istənilən addım yarımçıq qalacaq. Bəli, səs-küy probleminə cəmiyyətin münasibəti də dəyişməlidir. İnsanlara izah olunmalıdır ki, musiqiyə həddindən artıq səs vermək azadlıq yox, başqasının məkanına, rahatlığına müdaxilədir.
Bəs niyə belə ucadan?
Psixokorrektor Afaq Babazadə hesab edir ki, maşında həddindən artıq uca səslə musiqi dinləmək yalnız «səsdən həzz almaq» istəyi ilə bağlı deyil. Bu, həm də sanki bir status müəyyənləşdirməkdir, özünə inamın olmamasını kompensasiya etmək cəhdidir. «Güclü səs sisteminə malik avtomobil sanki bir səhnədir. İnsan o anda özünü güclü, cazibədar hiss edir, hər kəsin diqqətini çəkməkdən həzz alır. Əksər vaxtlar bunun ardında tanınma istəyi dayanır. Belə insanlar bu halın ətrafdakıların rahatlığını pozduğunu, onların şəxsi məkanlarına müdaxilə olduğunu nadir hallarda anlayırlar», - deyə Babazadə qeyd edir.
Ekspert bildirir ki, şəhərdə artan səs-küy insanlarda narahatlıq yaradır, onların əsəblərinə təsir edir, konsentrasiyasını azaldır, uşaqlar və yaşlılar üçün üçün stress amilinə çevrilir. Bir sözlə, yüksək səslə musiqi dinləmək yalnız bir nəfərin zövq məsələsi deyil, həm də minlərlə şəhər sakini üçün psixoloji narahatlıqdır.
Və nəticə
Beləliklə, şəhərdə avtomobillərdən yüksək musiqi səsinin yayılması təkcə şəxsi zövq məsələsi yox, həm də qanunvericilik, şəhər mədəniyyəti, psixoloji rahatlıq kimi çoxşaxəli məsələdir. Şəhər mühitində sakitliyin qorunması azadlığın məhdudlaşdırılması deyil, hər kəsin sakit, rahat yaşamaq hüququnun müdafiəsidir. Bu problemin həlli isə kompleks yanaşma tələb edir. Qanunvericilik bazasının təkmilləşdirilməsi, nəqliyyat vasitələrindən gələn səsin qəbul edilə bilən səviyyəsinin dəqiq normalarla, meyarlarla müəyyənləşdirilməsi vacibdir. Bununla yanaşı, məsələyə texniki nəzarətin gücləndirilməsi də önəmlidir. Amma ən vacibi cəmiyyətin şüurunun dəyişməsidir. Maarifləndirmə işləri aparılmalı, başqalarına hörmətin sivil cəmiyyətin əsas prinsipi olduğu təşviq edilməlidir.
Bakı müasir turizm şəhərinə, yaşamaq üçün rahat metropola çevrilmək istəyir. Odur ki, «səs çirkliliyi»nə əhəmiyyət verilməyə bilməz. Fərdi özünüifadə ilə ümumi rahatlıq arasında balans tapılmalıdır – bu, artıq bir çağırışdır. Paytaxt sakinləri və qonaqlar üçün rahatlığın təmini, əsl harmoniyalı şəhər mühitinin yaradılması yalnız bu yolla mümkündür.
MƏSLƏHƏT GÖR:



95

