İNVESTİSİYA PRİORİTETLƏRİ
Azərbaycan Dövlət Neft Fondu: 2024-2025-ci illərdə strategiya
Müəllif: Nurlanə QULİYEVA
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelini şaxələndirməyə davam edir. ARDNF davamlı inkişafa, hedcinq aləti kimi qızıla və aktivlərin tərkibində struktur dəyişikliklərinə xüsusi diqqət yetirir. Son dövrün ən əhəmiyyətli addımlarından biri Avropanın bərpa olunan enerji sektoruna daxil olması olub və bu da fondun xammal asılılığından kənara çıxmaq üzrə uzunmüddətli strategiyasını vurğulayır.
Avropa bazarına çıxış
2025-ci ilin iyulunun ən böyük iqtisadi hadisələrindən biri haqlı olaraq ARDNF-in “Enfinity Global” şirkətindən İtaliyadakı 402 MVt günəş fotovoltaik portfelinin 49%-lik payını alması hesab edilə bilər. Fondun məlumatında deyildiyi kimi, sövdələşmə Latsio və Emiliya-Romanya regionlarında 14 obyekti əhatə edir, bunların bir hissəsi artıq fəaliyyət göstərir, digərləri isə tikinti mərhələsindədir.
“Sövdələşmə başa çatdıqdan sonra “Enfinity Global” nəzarət səhm paketini (51%) saxlayacaq və bu aktivlərin səmərəli idarə edilməsini davam etdirəcək”, - məlumatda vurğulanıb.
Layihə ildə təxminən 685 GVt/saat elektrik enerjisi istehsal etməyə imkan verəcək və bu da karbon dioksid emissiyalarını təxminən 185 min ton azaltmağa imkan verəcək: bu, İtaliyada 250 mindən çox ev təsərrüfatının illik istehlakına bərabərdir.
Elektrik enerjisinin alınması üzrə uzunmüddətli müqavilələr gəlirlərin sabitliyini təmin edir. Bu, davamlı və proqnozlaşdırıla bilən aktivlərə fokuslanmış institusional investor kimi ARDNF-in investisiya mandatına uyğundur.
“Enfinity Global”ın baş direktoru Karlos Domenekin sözlərinə görə, ARDNF ilə tərəfdaşlıq şirkətin maliyyə bazasını gücləndirir və İtaliyada layihə portfelinin inkişafını - 2,6 GVt günəş generasiyası və 5,3 GVt saxlama gücünü sürətləndirməyə imkan verəcək.
ARDNF-in baş direktoru İsrafil Məmmədov isə vurğulayıb ki, bu sövdələşmə fondun Avropanın “yaşıl enerji” bazarında iştirakının genişləndirilməsində ilk addımı simvolizə edir və İtaliyanın enerji əlçatanlığının təmin edilməsinə və iqtisadiyyatının davamlı inkişafına töhfə verəcək.
“Enfinity Global” ilə müqavilə ARDNF-in investisiya siyasətində əlamətdar addımdır. Fond aktivlərinin maksimum qorunması üçün ümumi konservativ yanaşmanı dəyişmədən, onların artırılması üçün cəsarətli, lakin eyni zamanda hesablanmış addımlar atır.
Belə ki, 2025-ci ilin birinci yarısının nəticələrinə görə ARDNF-in investisiya portfeli 66,5 milyard dollar həcmində qiymətləndirilir və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur və geniş aktiv spektrini əhatə edir: səhmlər, daşınmaz əmlak, infrastruktur, qızıl. Fond 23 ölkədə 1400 şirkətin səhmlərinə sahibdir. Fondun Risklərin idarə edilməsi departamentinin direktoru Vadim Pşeniçnı qeyd edib ki, portfelin strukturu qlobal bazar sahələrinin kapitallaşmasını nəzərə alaraq qurulur: “Məsələn, qlobal bazarda informasiya texnologiyalarının payı 15-20%, səhiyyənin payı isə təxminən 14% təşkil edir. Biz portfeli formalaşdırarkən bu göstəriciləri nəzərə alırıq”.
Səhmlərə gəlincə, bu, investisiya fondunun 22%-ni təşkil edir, çünki bu bazar riskli hesab olunur, baxmayaraq ki, gəlirlilik baxımından perspektivlidir.
Daşınmaz əmlak və infrastruktur hələlik təxminən 7% təşkil edir, lakin daşınmaz əmlakın payı artmaqda davam edir: 2025-ci ilin əvvəlindəki 6%-dən iyulun 1-nə 6,7%-ə qədər.
“Ümumilikdə, səhmlər və özəl kapital investisiya portfelimizin 25%-ni təşkil edir”, - V.Pşeniçnı əlavə edib.
O, qeyd edib ki, fond bazarı ARDNF üçün ən aktiv bazardır, çünki bu seqment qlobal xəbərlərə xüsusilə həssasdır və risklərin operativ idarə edilməsini tələb edir.
2025-ci ilin ortasına olan vəziyyətə görə portfelin strukturunda dəyişiklik diqqətəlayiqdir: istiqraz və pul alətlərinin payı 53,3%-dən 38,9%-ə düşüb, qızıl isə 14,8%-dən 28,8%-ə qədər artıb ki, bu da “qoruyucu aktivlər”ə strateji dönüşü nümayiş etdirir.
Qızıl strateji aktiv kimi
Ümumiyyətlə, son ilyarımda ARDNF-in qızılla bağlı hekayəsi kifayət qədər maraqlı inkişaf edir. Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın qızıl-valyuta ehtiyatlarının strukturunda qızıl komponenti məhz Dövlət Neft Fondunun alışları hesabına formalaşır. Yəni ölkənin Mərkəzi Bankı bununla məşğul olmur.
2024-cü ilin oktyabrında geosiyasi risklərin artmasına və bazarların volatilliyinə cavab olaraq, həmçinin öz investisiya portfelinin diversifikasiyasını genişləndirmək məqsədilə ARDNF qızıl ehtiyatlarını artırmaq qərarı qəbul edib və artıq ikinci ildir ki, bu qərara dəqiqliklə əməl edir.
2025-ci il yanvarın 1-nə fondun “sarı metal”a qoyuluşları 21 milyard manatdan çox qiymətləndirilirdi - bu, bir il əvvəlkindən 83% çoxdur. Bununla yanaşı, təkcə 2024-cü ildə qızıl külçələrinin fondun aktivlərindəki payı 12%-dən 20,5%-ə qədər artıb.
Bu tendensiya bu il də davam edib. Son məlumatlara görə, 2025-ci ilin əvvəlindən fond 989 min unsiya qızıl alıb. Beləliklə, iyulun 1-nə ARDNF-də bu qiymətli metalın payı 28,8% təşkil edib və bu da aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur. Bu artımda həm bilavasitə qızılın alınması, həm də onun qiymətinin artması rol oynayıb.
Bununla belə qeyd etmək lazımdır ki, ARDNF-in dəqiq təlimatları var: qızıl alt-portfelinin payı ümumi investisiya portfelinin 25%-i həcmində müəyyən edilir. Bu hədəf göstəricisindən ən yüksək yuxarı kənarlaşma 4% səviyyəsində müəyyən edilib. Göründüyü kimi, fond limitə maksimum yaxınlaşıb, deməli, mümkün risklərin qarşısını almaq üçün “dur” demək vaxtı gəlib. “2025-ci ilin II rübündə fondun bu alt-portfeli ilkin planlaşdırmada nəzərdə tutulmuş səviyyəyə çatıb və ümumilikdə 181,1 ton təşkil edib. Bu səbəbdən, göstərilən dövrdən etibarən qızıl üzrə yeni investisiya əməliyyatlarının aparılması müvəqqəti olaraq dayandırılıb”, - fondun məlumatında deyilir. Qeyd edilib ki, bununla yanaşı, bazar şəraitindən və investisiya portfelinin ümumi vəziyyətindən asılı olaraq, gələcəkdə bu məsələyə yenidən baxılması mümkündür.
Gəlirlər, aktivlər və büdcə
ARDNF-in investisiya siyasətinin nə dərəcədə uğurlu olduğunu ötən ilin, eləcə də sonrakı altı ayın statistikası göstərir. Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb, bundan sonra onun fəaliyyəti barədə ətraflı hesabat açıqlanıb.
2024-cü ildə dünya bazarlarında yüksək volatillik olmasına baxmayaraq, fond ili 7 milyard 858,25 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin səviyyəsindən 3% aşağıdır, lakin mənfəətin strukturu mühüm dəyişiklikləri nümayiş etdirir: istiqrazlara investisiyalardan gəlirlər 4,5 dəfə azalaraq 680,2 milyon manat, səhmlər üzrə gəlirlər isə 11% azalaraq 3 milyard 213 milyon manat təşkil edib, qızıldan gəlirlər isə əksinə, 2,5 dəfə artaraq 3 milyard 385,7 milyon manata çatıb. Həmçinin özəl kapitala qoyuluşlardan gəlirlərin əhəmiyyətli dərəcədə artması (+27,7%) və daşınmaz əmlakın zərər zonasından çıxması qeydə alınıb - ilin yekunlarına görə 32,3 milyon manat xalis gəlir əldə edilib.
Portfelin likvid hissəsinin artması xüsusi diqqətəlayiqdir: 2025-ci ilin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri 5 milyard 593,6 milyon manata çatıb ki, bu da əvvəlki ilin əvvəli ilə müqayisədə 79% çoxdur. Faiz ifadəsində likvid aktivlərin payı ümumi həcmin 3,3%-dən 5,45%-ə qədər artıb ki, bu da mümkün xarici iqtisadi şoklar halında əlavə maliyyə dayanıqlılığını təmin edir.
Gəlirlərin artım tendensiyası bu il də davam edib. 2025-ci il iyulun 1-nə fondun aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 10,8% artaraq 66 milyard 515,6 milyon dollara çatıb. Artım həm investisiya mənfəətinin müsbət dinamikası, həm də mövcud müqavilələr çərçivəsində neft və qazın satışından daxilolmalar hesabına təmin edilib.
Belə ki, bu ilin yanvar-iyun aylarında fondun gəlirləri 8,8 milyard manat, xərcləri isə 7,3 milyard manat təşkil edib. Bu zaman neft-qaz sazişlərinin reallaşdırılmasından xalis gəlir 5,7 milyard manata çatıb. Bunlardan 4 milyard 974,3 milyon manat mənfəətli neft və qazın payına, 3,6 milyon manat akr ödənişlərinə, 765,3 milyon manat isə bonuslar və tranzit ödənişləri şəklində daxil olub. Xammal gəlirlərinin əsas mənbələri “Azəri-Çıraq-Günəşli” (4,4 milyard manat) və “Şahdəniz” (423,3 milyon manat) yataqları olaraq qalır.
Ümumi gəlir hissəsində aktivlərin idarə edilməsi də az əhəmiyyətli rol oynamayıb: hesabat dövründə investisiya gəliri 3 milyard 89,8 milyon manat təşkil edib. Bu, qlobal iqtisadi çağırışlar şəraitində belə fondun portfelin diversifikasiyası və investisiya strategiyalarının dayanıqlılığı üzrə siyasətinin səmərəliliyini təsdiq edir.
Fondun büdcəsinin xərc hissəsi əsasən dövlət büdcəsinə transfertə - 7,2 milyard manata yönəldilib ki, bu da bütün xərclərin əsas hissəsini təşkil edir. Buna əlavə olaraq, 4,2 milyon manat başa çatmış “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 20,1 milyon manat 2022-2028-ci illər üçün gənclərin xaricdə təhsil proqramının davam etdirilməsinə və daha 13,8 milyon manat inzibati ehtiyaclara yönəldilib.
Valyuta məzənnələrinin dəyişməsi fonunda valyuta qalıqlarının yenidən qiymətləndirilməsi hesabına yaranan büdcədənkənar gəlirlər göstəricisi xüsusi diqqətəlayiqdir. Bu məbləğ 9 milyard 468,7 milyon manat təşkil edib, bununla da, yarımilin ümumi gəlir nəticəsini əhəmiyyətli dərəcədə gücləndirərək və aktivlərin əlavə artımını təmin edib.
Göründüyü kimi, Dövlət Neft Fondu milli aktivlərin idarə edilməsində dayanıqlılıq və strateji çeviklik nümayiş etdirməyə davam edir, qlobal iqtisadi çağırışlara uğurla uyğunlaşır. Seçilmiş siyasətin məqsədi fond vəsaitlərinin maksimum artırılması və onların ölkənin iqtisadi inkişafına uzunmüddətli xidmət göstərməsi naminə risklərin diversifikasiyası prinsiplərinə əsaslanan uzunmüddətli investisiya inkişafının təmin edilməsidir.
MƏSLƏHƏT GÖR:

125

