5 Dekabr 2025

Cümə, 10:05

DALAŞDILAR VƏ BARIŞDILAR

Tailandla Kamboca arasında beş günlük müharibə Cənub-Şərqi Asiya üçün təhlükəsizlik sınağı oldu

Müəllif:

01.08.2025

Tailandla Kamboca arasında iyulun 24-28-də baş vermiş hərbi toqquşmalar iki ölkə arasında tarixin ən miqyaslı qarşıdurması sayıla bilər. Lakin bu iki Cənub-Şərqi Asiya ölkəsi arasında kökləri xeyli keçmişə uzanan münaqişə bu dəfə də hər dəfə olduğu kimi, qısa sürüb. Səbəb tərəflərdən heç birinin qarşıdurmada maraqlı olmamasıdır. Eyni zamanda qarşıdurmanın operativ şəkildə dayandırılmasında xarici aktorların da ciddi rolu var. Banqkokla Pnompeni tez bir zamanda atəşkəsə razılaşmağa məhz həmin qüvvədə sövq ediblər.

 

Banqkok və Pnompen bir-birlərini ittiham edir

Döyüşlər iyulun 24-nə keçən gecə Tailand-Kamboca sərhədində, daha dəqiq desək, Tamoanthom məbədi yaxınlığındakı mübahisəli ərazidə başlayıb. Quru qoşunlarının hərbçiləri arasında başlayan atışma bir neçə gün ərzində iki ölkənin 800 kilometrdən artıq olan quru sərhədi boyunca şiddətli döyüşlərə çevrilib. Daha sonra Tailand qonşusunun ərazisindəki hərbi hədəflərə də aviazərbələr endirməyə başlayıb. O, Kambocaya qarşı 6 ədəd «F-16» qırıcısından istifadə olunduğunu rəsmən təsdiqləyib.

Silahlı qarşıdurmanın başlamasına görə tərəflər məsuliyyəti bir-birinin üzərinə atıb. Banqkok qarşı tərəfi Sürin vilayətində mülki əhalini güllələməkdə günahlandırıbsa, Pnompen ittihamları rədd edərək baş verənləri Tailandın ağır silahlar və hərbi aviasiyanın iştirakı ilə həyata keçirdiyi «təxribat xarakterli təcavüz» adlandırıb.

Beş gün davam edən döyüşlər nəticəsində hər iki tərəfdən ən azı 35 nəfər (hərbçilər və mülki şəxslər) həlak olub, 14 nəfər yaralanıb, təxminən 300 min insan münaqişə zonasında təxliyə edilib.

Bu hərbi qarşıdurma göstərib ki, Tailandla Kamboca arasında nisbi sakitlik dönəmlərinin olmasına baxmayaraq, bu münaqişə hər an alovlanmaq potensialını hələ də qoruyub saxlayır. Ötən onilliklər boyun dəfələrlə düşmənçilik xarakteri almış Tay-Khmer münaqişəsinin tarixi köklərini nəzərə alsaq, onun birdəfəlik həllinə nail olunması heç də asan görünmür.

 

Məbədlər kimindir, ərazi kimin?

Tərəflər arasında sərhəd mübahisəsinin kökləri XIX əsrin ikinci yarısına gedib çıxır. O dövrdə Kamboca Fransa Hind-Çinin tərkibində idi. Kamboca-Tailand sərhədinin demarkasiyası prosesi məhz bu müstəmləkə dövründən başlayıb. Lakin tərəflər bəzi ərazilərin kimə aid olduğuna dair hələ də ortaq fikrə gələ bilməyib. Əsas mübahisə Khmer imperiyası dövrünə aid qədim məbədlərin yerləşdiyi ərazilərlə bağlıdır. Preaxvixea, Tamoanthom, Tamoantauç və Takrabey məbədləri məhz bu ərazidə yerləşir.

Tailand Preaxvixea məbədinin yerləşdiyi ərazini 1950-ci illərin sonlarında ilhaq edib. Pnompen bununla əlaqədar Beynəlxalq Hüquq Məhkəməsinə müraciət edib və məhkəmə 1962-ci ildə məbədin Kambocaya məxsus olduğu haqda qərar çıxarıb. Amma bu qərar münaqişəni bitirməyib. Tailand Beynəlxalq Məhkəmənin yurisdiksiyasını tanımayıb, məbəd kompleksinin daha geniş ərazisi uğrunda mübarizə daha da qızışıb. Məsələ ondadır ki, məbəd özü rəsmən Kambocaya aid sayılsa da, onun əhatə etdiyi torpaqlar əsasən Tailand ərazisi kimi qiymətləndirilir. Odur ki, iki ölkə sərhədində vaxtaşırı qarşıdurmalar baş verir, onlardan bəziləri isə ciddi toqquşmaya çevrilir – 2008-2011-ci illərdə olduğu kimi. Son qarşıdurma 2025-ci ilin mayın sonlarında başlayıb. Mübahisəli ərazidə baş vermiş atışma nəticəsində bir kambocalı əsgər həlak olub, Tailand tərəfdən isə bir hərbçi minaya düşərək ayağını itirib. Bundan sonra hər iki tərəf sərhəddə mövcudluğunu artırmağa başlayıb, diplomatik münasibətlər isə minimum səviyyəyə endirilib. Tailand Kamboca ilə sərhəddə yerləşən yeddi vilayətində sərhədi başlayıb, Kamboca isə bu ölkədən meyvə-tərəvəz idxalını dayandırıb.

Tərəflər arasında beş gün davam etmiş hərbi qarşıdurma onları faktiki olaraq, miqyaslı müharibənin bir addımlığına gətirib çıxarmışdı. Amma onlardan heç birinin bunu istəmədiyi aydın idi. Belə bir vəziyyətdə prosesə ABŞ və Çin kimi fövqəldövlətlər də qarışmaq qərarına gəldilər. Onların hər ikisi münaqişənin həllində vasitəçilik etmək istəsələr də, sonda tərəflər arasında gedən danışıqlarda müşahidəçi qismində çıxış ediblər.

 

Putracaya sülhü

Toqquşmaların qızğın vaxtında ABŞ Prezidenti Donald Tramp Kambocanın baş naziri Hun Manet və Tailand hökumətinin başçısı səlahiyyətlərini icra edən Phumtham Veçayaçay ilə telefon danışıqları aparıb. O, hər iki liderlə söhbətdən sonra münaqişə tərəflərinin «dərhal görüşməyə hazır olduqlarını» bildirib. Bununla yanaşı, Tramp bildirib ki, əməliyyatlar dayandırılmazsa, Vaşinqton Tailand və Kamboca ilə ticarət sazişləri imzalamaqdan imtina edəcək, əksinə sülhün əldə olunacağı təqdirdə isə hər iki tərəflə ticarət razılaşmaları imzalanacaq.

İyulun 27-si axşam Hun Manet ilə Phumtham Veçayaçay arasında görüşün keçirilməsi haqda razılaşma əldə olunub. Lakin onlar bu işdə ABŞ-nin vasitəçiliyindən imtina edərək, vasitəçi kimi Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) sədrlik edən Malayziyaya üstünlük veriblər. Bununla belə, iyulun 28-də Malayziyanın Putracaya şəhərində başlayan danışıqlarda ABŞ Dövlət Departamentinin və Çinin nümayəndələri də iştirak edib. O anadək tərəflər arasında münaqişənin nizamlanmasına Pekin də öz dəstəyini ifadə etmişdi.

Beləliklə, Tailand və Kamboca rəhbərləri Malayziyanın baş naziri Anvar İbrahimin vasitəçiliyi ilə bir araya gəlib, atəşi dərhal dayandırmağa və birbaşa dialoqu bərpa etməyə razılaşıblar. «29 iyul gecə yarısından etibarən atəşkəs qeyd-şərtsiz qüvvəyə minəcək. Bu, qəti qərardır», - deyə Anvar İbrahim görüşün ardından bildirib.

Danışıqların nəticəsini münaqişə tərəfləri də yüksək qiymətləndirib. Kamboca hökumətinin başçısı Manet deyib: «Bu gün çox məhsuldar və ümidverici görüş keçirdik. Əldə etdiyimiz nəticə çoxsaylı insan itkisinə, xəsarətlərə, kütləvi köçə səbəb ola biləcək hərbi əməliyyatların dərhal dayandırılacağına ümid yaradıb».

Tailandın baş naziri səlahiyyətlərini icra edən Veçayaçay isə deyib ki, «Kamboca ilə əldə olunmuş razılaşmanı hər iki tərəf xoş niyyətlə, uğurla həyata keçirəcək».

Maraqlıdır ki, Tailandın rəsmi baş naziri Phethonqthan Çinnavat görüşdə iştirak etməyib. Səbəb onun müvəqqəti olaraq hakimiyyətdən uzaqlaşdırılmasıdır. O, vəzifəsindən ölkədə mülki hakimiyyətlə ordu arasında gedən uzunmüddətli qarşıdurma səbəbilə kənarlaşdırılıb.

Bununla yanaşı, Çinnavat Kamboca ilə münaqişədə kifayət qədər sərt mövqe tutması səbəbindən də Tailand ictimaiyyətinin kəskin tənqidinə tuş gəlir. Onun Kambocanın sabiq baş naziri Hun Sen ilə telefon danışığı haqda yayılmış məlumatlar baş nazirin ünvanına tənqidləri daha da artırmışdı. Qeyd edək ki, Hun Sen ilə Çinnavatın atası, 2001-2006-cı illərdə ölkənin baş naziri olmuş, lakin sonradan hərbi çevriliş nəticəsində hakimiyyətini itirmiş Taksin Çinnavat arasında möhkəm dostluq olub. Qeyd edilən telefon danışığı zamanı Çinnavatın Tailandın hərbi rəhbərliyindən narazılıq etdiyinə dair xəbərlər yayılmışdı ki, bu da onun istefası ilə bağlı çoxsaylı tələblərə yol açmışdı.

Bütün bunlar tərəflər arasında hələ də qarşılıqlı inamsızlıq və gərginliyin davam etdiyini göstərsə də, digər tərəfdən iki ölkənin siyasi elitası arasında müəyyən əlaqələrin varlığını nümayiş etdirir. Bu isə öz növbəsində, Kamboca ilə Tailand arasında sülh dialoqunun mümkünlüyünə ümid yaradır.

Elan olunmuş atəşkəsin ilk günü – iyulun 29-da iki ölkənin silahlı qüvvələrinin nümayəndələri atəşkəs razılaşmasının reallaşdırılması istiqamətində danışıqlara başlayıb. Odur ki, son qarşıdurmanın ən azı hələlik bitdiyini düşünmək mümkündür. Bəs Malayziyada əldə olunmuş razılaşma Tailandla Kamboca arasında uzunmüddətli və hərtərəfli sülhə aparıb çıxaracaqmı? Bu suala hələ ki, qəti cavab vermək mümkün deyil. Əvəzində bir şeyi əminliklə söyləmək olar ki, Tailand-Kamboca atəşkəsini Donald Tramp öz adına yazmağa çalışır. Çünki onun hədəfləri arasında Nobel Sülh Mükafatını almaq da var. Tərəflər arasında sərhəd qarşıdurmasının məhz Vaşinqtonun vasitəçiliyi ilə dayandırıldığını iddia edən Ağ Ev sahibi Böyük Britaniyanın baş naziri Kir Starmer ilə Şotlandiyanın Turnberri şəhərində keçirdiyi görüşdə deyib: «Biz müharibəni dayandırdıq və buna görə sevinirik». ABŞ Prezidenti bununla demək istəyir ki, Cənub-Şərqi Asiyadakı yeni qarşıdurmanın aradan qaldırılmasına görə təşəkkür olunmalı şəxs məhz odur. Münaqişə tərəfləri də bu fikirdədirlərmi? Bu, bəlli deyil. Amma indi bu, o qədər də vacib sayılmır. Əsas odur ki, atəşkəs tərəflər arasında, həqiqətən də, dayanıqlı sülhə çevrilsin. Tramplı və ya Trampsız.



MƏSLƏHƏT GÖR:

205