İSRAİL VƏ SURİYA: ƏBƏDİ DÜŞMƏNÇİLİK
Əs-Süveydədə atəşkəs nə dərəcədə davamlı olacaq?
Müəllif: Natiq MƏMMƏDZADƏ
İsrailin Suriyaya hərbi zərbələri Yaxın Şərqdə az qala daha bir miqyaslı müharibəyə səbəb olacaqdı. Onun qarşısını almaq mümkün olub. Amma əldə edilmiş atəşkəs razılaşması davamlı olacaqmı?
Bədəvilərlə druzlar düşmənlər kimi
Münaqişənin episentri Suriyanın Əs-Süveydə vilayəti olub. İyulun 13-19-da burada bədəvilərlə druzlar arasında silahlı toqquşma yaşanıb. Amma bu münaqişə ən azı coğrafi baxımdan uzun illərdir Suriya ilə İsrail arasında davam edən daha bir gərginlik mənbəyinə bağlıdır. Söhbət Holan təpələrindən gedir. Əs-Süveydə bu təpələrin cənub-şərqində yerləşir.
Suriyanın bir hissəsi olan Holan yüksəklikləri 1967-ci ildə baş vermiş «Altı günlük müharibə» zamanı İsrail ordusu tərəfindən işğal olunub. Suriya 1973-cü ildə ərazini geri qaytarmağa çalışsa da, bu cəhdi uğursuz alınıb. 1974-cü ildə isə tərəflər silahlı qüvvələrinin bir-birindən uzaqlaşmasına dair razılaşma imzalayıb. Həmin razılaşmaya əsasən İsrail və Suriya orduları arasında BMT qüvvələrinin nəzarətində olan delimitarizasiya edilmiş zona yaradılıb. Amma bu, İsrailin 1981-ci ildə Holan təpələrini öz yurisdiksiyasına daxil etdiyini açıqlamasına mane olmayıb. Bu ilhaq nə Suriya, nə BMT, nə də beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Bu məsələdə yeganə istisna ABŞ olub – Donald Tramp Ağ Evə ilk rəhbərlik etdiyi dövrdə (2019) İsrailin Holan təpələri üzərində suverenliyini rəsmən tanıyıb.
Tərəflər arasında gərginliyin növbəti mərhələsi Bəşər Əsədin devrilməsi, Suriyada Əhməd əş-Şaraanın rəhbərliyi ilə islamçıların hakimiyyətə gəlişindən sonra başlayıb. Bu siyasi dəyişiklikdən istifadə edən İsrail 2024-cü ilin dekabrında qoşunlarını delimitasiya olunmuş əraziyə yeridib. BMT bu addımı sərt şəkildə pisləyərək 1974-cü il razılaşmasının pozulması kimi qiymətləndirsə də, Təl-Əviv Holan təpələrinə bitişik bu bufer zonada mövcudluğunu daha da artırıb. Bununla da, İsrail ordusu Suriyanın paytaxtı Dəməşqin düz 20 kilometrliyinədək gedib çıxıb. Nəticədə,Holan təpələri və qonşu Əs-Süveydə vilayətində yaşayan, İsrailə sadiq druzlar onun birbaşa təsir dairəsinə daxil olub.
Druzlar etnik baxımdan ərəblərdir. Amma şiə təriqətinə yaxın özünəməxsus dini mənsubiyyətə sahibdirlər. Druzlar Əs-Süveydə vilayətinin əsas əhalisidir. Suriyadakı vətəndaş müharibəsi zamanı onlar həm Əsəd qüvvələri, həm də «İslam Dövləti» terrorçuları ilə mübarizə aparıblar. Onlarla yanaşı, Əs-Süveydədə daha bir önəmli icma yaşayır. Söhbət sünni məzhəbinə mənsub olan ərəb bədəvilərdən gedir. Bədəvilər vətəndaş müharibəsi zamanı Əhməd əş-Şaraanın rəhbərlik etdiyi «Heyrət Təhrir əş-Şam» qruplaşmasını dəstəkləyiblər. Əsəd ailəsinin uzunmüddətli diktaturasının devrilməsində əsas rolu məhz bu qruplaşma oynayıb.
Suriya ilə İsrail arasındakı son gərginliyə səbəb də Dəməşqin yeni hökumətinin əsas dayaqlarından olan bədəvilərlə Təl-Əvivə açıq dəstək verən silahlı druz dəstələri arasındakı toqquşmalar olub. İsrail islamçı hökumətin druzlara təhdid yaratdığını bildirərək, onlara dəstək verib. Məlumata görə, iki icma arasında bir neçə gün davam etmiş toqquşmada onlarla, hətta yüzlərlə insan ölüb, minlərlə sakin ev-eşiyini tərk etməli olub. Suriya əhalinin köçünün və zorakılığın qarşısını almaq üçün vilayətə Müdafiə və Daxili İşlər nazirliklərinə tabe olan əlavə qüvvələr göndərib. Bunun ardınca isə hökumət qüvvələrinin druzlara qarşı amansız cəza tədbirləri görməyə başladığına dair xəbərlər yayılıb. Nəticədə, İsrail dərhal prosesə müdaxilə edib: Suriya ordusunun Əs-Süveydədəki mövqeləri, hətta Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının binası, Dəməşqdəki Prezident İqamətgahının yaxınlığındakı ərazilər raket atəşinə tutulub. Təl-Əviv bunu druz azlığın müdafiəsinin zəruri olması ilə əsaslandırıb, Suriya hökumətindən qoşunlarını Əs-Süveydə vilayətindən çıxarmasını tələb edib. Yəhudi dövləti bəyan edib ki, əks təqdirdə Suriya ordusuna qarşı əməliyyatların miqyası genişləndiriləcək. Nəticədə, ABŞ-nin Suriyadakı xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrakın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs razılaşması əldə olunub. Razılaşmaya əsasən Suriya qoşunları münaqişə zonasını tərk edib. Barrak isə bildirib ki, əldə olunmuş razılaşma yalnız Əs-Süveydədəki münaqişəyə aiddir. Yəni İsrailin Dəməşqin cənub bölgələrinin demilitarizasiyası ilə bağlı tələbləri və digər məsələlər ayrı mövzudur. Bu, bir daha göstrib ki, Dəməşqlə Təl-Əviv arasında uzunmüddətli münaqişəni həll etmək üçün daha miqyaslı danışıqlara ehtiyac var.
Məsələnin məğzi
Maraqlıdır ki, istər Suriya, istərsə də İsrail ikitərəfli münasibətlərin normallaşmasına hazır olduqlarını bildirirlər. Suriyanın keçid hökuməti isə İsraillə 1974-cü ildə bağlanmış atəşkəs razılaşmasının bərpası üzərində işləməyə hazır olduğunu belə, bəyan edib. İsrail tərəfi isə danışıqlar prosesilə bağlı şərt irəli sürür: istənilən sülh razılaşmasında Holan təpələrinin daimi olaraq yəhudi dövlətinin ərazisi olacağı göstərilməlidir.
Bununla yanaşı, tərəflərin sülh prosesini irəli aparmaq istəyini göstərən əlamətlər az deyil. Məsələn, iyulun 12-də Bakıda Suriya-İsrail danışıqları keçirilib. Bu danışıqlar Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində baş tutub. Belə görüşün olduğunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də təsdiqləyib. O, Bakı danışıqlarının Suriya ilə İsrail arasında gərginliyin azaldılmasına yönəldiyini bildirib. H.Hacıyev deyib ki, Azərbaycan bu iki ölkə arasında körpü rolunu oynamağa hazırdır, çünki «Bakının regionun bütün ölkələri ilə yaxşı münasibətləri var».
Daha sonra iyulun 25-də tərəflər arasında Parisdə növbəti görüş olub. ABŞ-nin xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə keçirilən danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani iştirak ediblər.
Bütün bunlar sülh prosesində ciddi dinamikanın olduğunu göstərir. Lakin problemin həlli istiqamətində, hələ ki, ciddi irəliləyiş yoxdur. Əsas problem isə Suriyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etməsidir.
Əş-Şaraa hökuməti hələ də ölkədəki bütün etnik və dini qruplar arasında dayanıqlı sülhə nail olmaq, Suriyanın birliyini, bütövlüyünü qorumaq qabiliyyətini nümayiş etdirə bilməyib. Üstəlik, bəzi faktlar yeni hökumətin – «qalstuklu islamçılar»ın qeyri-müsəlmanlara, fərqli düşüncəyə qarşı təqiblərə yol verəcəyi haqda şübhələr yaradır. Hər halda, bu ilin martından bu yana Şərqi Suriyada dini zəmində baş vermiş zorakılıqlar 2 min ələvinin ölümünə səbəb olub. Aprel və may aylarında isə hökumət qüvvələri ilə druzlar arasında qanlı toqquşmalar olub. Bu da son deyil. İyunda Dəməşqdəki Mar-Elias yunan pravoslav kilsəsində baş vermiş terror aktı 25 nəfərin həyatına son qoyub.
Suriyada dini və etnik nifrəti ölkə xaricindəki maraqlı dairələr də qızışdırır. Söhbət vahid Suriya dövlətinin güclənməsində maraqlı olmayan qüvvələrdən gedir. Ölkə rəhbərliyi isə suverenlik və ərazi bütövlüyünü qorumaq əzmində olduğunu bildirir.
Məsələn, əs-Süveydədə baş verən son hadisələr fonunda rəsmi Dəməşq bu əyalətin Suriyanın ayrılmaz hissəsi olduğuna, onun statusunun heç bir halda dəyişdirilməyəcəyinə dair çoxsaylı bəyanatlar verir. Hökumət hesab edir ki, bu, dövlətin parçalanmasına, dini zəmində nifrətin qızışmasına səbəb olar. Parisdə keçirilən danışıqlarda da Suriya nümayəndəsi açıq şəkildə bildirib ki, Dəməşq İsrailin müdaxiləsinin ölkənin bölünməsinə aparıb çıxarmasına imkan verməyəcək.
Prezident əş-Şaraanın druzlara müraciəti də diqqət çəkir. O, bir yandan druzların hüquqlarının müdafiəsini Suriya hökumətinin prioriteti adlandırıb, digər tərəfdən isə «druzların xarici qüvvələrin əlində alət olmasınının» yolverilməzliyini bildirib. «Suriya ayrı-seçkilik, parçalanma layihələri yeri deyil», - deyə o, qeyd edib. Əş-Şaraa dinc əhaliyə qarşı cinayətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması qərarına sadiqliklərini də söyləyib.
Əş-Şaraanın İsrailin Suriyaya hava hücumlarının dünya birliyi tərəfindən qəbul edilmədiyini xüsusi vurğulaması da diqqət çəkir. Bu mənada İsrailin öz təhlükəsizliyi üçün təhdid hiss etdiyi ölkələrə qarşı hərbi hücumlara başlaması kimi bir problem aktuallıq qazanır. ABŞ-nin xüsusi nümayəndəsi Tom Barrakın İsrailin İsrailin Suriya ərazisinə endirdiyi zərbələrin «legitimliyi» haqda dedikləri də maraqlıdır. «İsrailin suveren dövlətin daxili işlərinə müdaxiləsinin məqbul olub-olmadığı sualı açıq qalır», - deyə amerikalı diplomat vurğulayıb. O, deyib ki, İsrail Suriyanın zəifləməsində maraqlı ola bilər, çünki «xüsusilə ərəblərin güclü milli dövlətinin olması İsrail üçün təhdid sayılır».
Bu yerdə xatırladaq ki, Bəşər Əsədin devrilməsindən keçən o qədər də uzun olmayan dövrdə İsrail Suriya ərazisinə yüzlərlə hava hücumu həyata keçirib, onun ordusuna və infrastrukturuna ciddi zərbə vurub. Dəməşq İsraildən demilitarizasiya olunmuş ərazinin dərhal boşaldılmasını tələb etsə də, yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu Suriyanın cənubunun işğalının əbədi olacağını bildirib. İsrail ordusunun Baş Qərargah rəisi Eyval Zamir isə açıq şəkildə deyib ki, yəhudi dövləti Suriya ərazisində hərəkət azadlığını qoruyacaq və onun «strateji imkanlar qazanmasını» əngəlləməyə davam edəcək.
Amma bu, nəinki Suriyanın suverenliyi və ərazi bütövlüyü prinsipi ilə, həm də ətrafdakı bütün ölkələrin maraqları ilə açıq ziddiyyət təşkil edir. Məsələn, özü də İsrailin hücumuna məruz qalan İran Təl-Əvivin Suriyaya zərbələr endirməsini pisləyib. Halbuki Suriyada yeni hökumətin qurulması ilə Tehranın bu ölkəyə təsiri demək olar ki, yoxa çıxıb.
İsrailin əməllərini ən sərt edən ölkə Türkiyədir. Məlum olduğu kimi, Suriyada hakimiyyət dəyişikliyindən sonra Ankaranın regiondakı mövqeləri xeyli güclənib. Belə bir vəziyyətdə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Suriyada sabitliyin pozulması, bu ölkənin parçalanması cəhdlərinə imkan verməyəcək. Türkiyə Müdafiə Nazirliyi isə Dəməşqin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün Ankaradan rəsmən yardım istədiyinə dair xəbəri belə şərh edib: «Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyi ilə bağlı qəti mövqeyində qalır». Demək, Suriyanın, ilk növbədə, İsrailin hərbi addımları nəticəsində parçalanması təhlükəsinin qalması regional qeyri-sabitliyin bitməsinə imkan vermir.
MƏSLƏHƏT GÖR:




119

