5 Dekabr 2025

Cümə, 10:03

MƏCHUL SƏFƏR

Nikol Paşinyanın Altay səfərinin arxasında nələr gizlənir?

Müəllif:

01.08.2025

Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb. Belə demək mümkünsə, ikinci cəhddən sonra. Məsələ ondadır ki, baş nazir artıq bir dəfə məzuniyyətə çıxmış, lakin qəflətən onu yarımçıq saxlayaraq, Rusiyaya səfərə yollanmışdı. İndi o, yenidən və praktik olaraq, sentyabrın əvvəlinədək dincəlmək qərarına gəlib. Ermənistanda «kabab inqilabı»ndan sonra yaranmış siyasi ənənələri yaxşı bilənlər xatırladırlar ki, hökumət üçün belə məzuniyyət hər şeydən əvvəl vəziyyəti dəyərləndirmək, baş verənləri geniş ictimaiyyətə necə təqdim etmək haqda düşünmək üçün «fasilə»dir. İndi isə onun düşünməli olduğu çox şey var. Görünən odur ki, Ermənistan-Rusiya münasibətlərində, daha konkret desək, Paşinyanın komandası ilə Moskvanın əlaqələrində növbəti dönüş baş verib.

 

«Ekologiya» yazılır, amma…

Paşinyanın Altaya iyulun sonunda etdiyi səfər bir çox əlamətlərinə görə maraqlıdır. Səfərin formal səbəbi Rusiya hökumətinin başçısı Mixail Mişustinin, eləcə də Özbəkistan, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan və Türkmənistan baş nazirləri və nazirlərinin iştirakı ilə keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirak idi. Halbuki Paşinyan, adətən, belə görüşlərə müavini Mqer Qriqoryanı göndərir, özü daha çox prezidentlər səviyyəsində təşkil olunan tədbirlərə qatılmağa üstünlük verirdi. Doğrudur, Ermənistanda prezident də var, amma bu, daha çox təmsilçilik xarakterli vəzifədir. Ermənistanda prezidentin səlahiyyətləri məhduddur.

Bundan başqa, Paşinyan son aylar hər fürsətdə qərbpərəst mövqe nümayiş etdirir, Moskvadan uzaqlaşmaq niyyətini göstərməyə çalışırdı. Bir müddət əvvəl o, hətta Ermənistanın KTMT-ni tərk etmə ehtimalını 80% qiymətləndirmişdi. Bu mənada baş nazirin Altay səfəri «geosiyasi dönüş» kimi də görünür.

Hökumət başçısı səfərə həyat yoldaşı və kiçik qızını da aparıb. Yəni bu qədər səmimi və ailəvi səfər. Bunu, adətən, yollandığı ölkə ilə dost olan siyasətçilər edir, bununla münasibətlər daha da qabardılır. Lakin Paşinyan son dövrlərdə Rusiya ilə davamlı olaraq, mübahisə edir. Elə səfər ərəfəsində Ermənistan parlamentinin spikeri Alen Simonyanla rusiyalı təbliğatçı Marqo Simonyan arasında sosial şəbəkədə «söz savaşı» da çıxmışdı. Paşinyana qarşı açıq informasiya savaşı aparan Simonyanı narahat edən bir çox məsələ var: Ermənistan baş nazirinin Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq Moskvanın «Qarabağın statusu məsələsinin təxirə salınması» niyyətini heç etməsindən tutmuş, Qərblə yaxınlaşma cəhdlərinədək. «Taşir» qrupunun rəhbəri Samvel Karapetyanın saxlanılması isə Moskvanı xüsusilə qəzəbləndirib. Rusiyanın onu «yeni İvanişvili» kimi formalaşdırmağa çalışdığı ortadadır.

Marqarita Simonyan «X» sosial şəbəkəsindəki növbəti kəskin çıxışından sonra Alen Simonyan ona kifayət qədər sərt ifadələrlə cavab verib. O, sözün əsl mənasında «gözünü yumub, ağzını açıb»: «Rusiyada davam edən əcaib sirdəki daha bir iyrənc varlıq davamlı şəkildə burnunu ölkəmizin suveren işlərinə soxur. Əslən erməni olduğunu deyir, amma erməni xalqı və Ermənistanla soyadının sonunda «yan» yazılmasından başqa heç bir ortaq cəhəti yoxdur. İnformasiya məkanına atılaraq Ermənistan rəhbərliyini təhqir edir, ölkəmizdə insanları mitinqə çağırır, hakimiyyəti devirməyə səsləyir…». Spiker daha sonra yazıb: «Ölkəmizdə tezliklə seçki olacaq və bizə qarşı ağzı köpüklənə-köpüklənə hürənlər daha da artacaq. Amma sonda bu hürən ağız əbədi olaraq bağlanacaq».

Marqarita Simonyan bu paylaşıma cavab versə də, sonradan gözlənilmədən paylaşımını silib.

Bu arada, Ermənistanın «Qraparak» qəzeti Rusiyanın Gümrüdə yerləşən hərbi bazasına əlavə zirehli texnika göndərdiyi haqda məlumat yayıb. Ekspertlər qəzetə bu hadisəni belə şərh ediblər: «Bu, Moskvanın regionda mümkün dəyişikliyə hazırlığı ola bilər».

Ukrayna müharibəsi fonunda Rusiyanın ciddi hərbi resurs çatışmazlığı ilə üzləşdiyi məlumdur. Belə bir vəziyyətdə onun Gümrüdəki hərbi bazaya əlavə qüvvələr göndərdiyinə dair məlumatı da ilk olaraq Ukrayna kəşfiyyatı yayıb. Ermənistan bu informasiyanı təkzib etməyə çalışsa da, bu, o qədər də inandırıcı təsir bağışlamayıb.

Bütün qeyd olunanları nəzərə alsaq, Paşinyanın Altaya ailəvi səfərinin onun növbəti geosiyasi manevr cəhdi olduğunu düşünmək mümkündür. Baş nazir Moskva ilə münasibətləri bərpa etməyə, yaxud ən azı «maneələri aradan qaldırmağa» çalışır.

 

Şüarlar və gerçək siyasət

Son zamanlar Paşinyan kifayət qədər səs-küylü qərbpərəst bəyanatlar səsləndirib. Lakin hər kəs bilir ki, Ermənistanın baş naziri sözlərindən, bəyanatlarından asanlıqla imtina etməyi bacarır. Üstəlik, o, eyni vaxtda bir-birinə tam zidd fikirlər də səsləndirə bilir. Məsələn, Paşinyan Altay səfəri çərçivəsində ölkəsinin Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk etmək niyyətində olmadığını bildirib. Amma bu, tamamilə anlaşılandır. Məsələ ondadır ki, Aİİ-yə üzvlük İrəvana Rusiyadan daxili qiymətlərlə neft, qaz, emal olunmamış almaz almaq imkanı yaradır. Bunsuz Ermənistan iqtisadiyyatının çökəcəyi aydındır. Bundan başqa, dəfələrlə vurğulandığı kimi, Ermənistanın bütün həyati infrastrukturunu da Rusiya maliyyələşdirir. Söhbət dəmir yollarından, mobil rabitədən, energetikadan, qaz şəbəkələrindən və s. gedir. Bu sahələrin bəziləri birbaşa Rusiyanın mülkiyyətindədir, bəzilərini rusiyalı oliqarxlar özəlləşdirib, bəziləri isə konsessiya əsasında idarə olunur. Demək, Moskvanın «infrastruktur kəmərini sıxaraq» Ermənistan iqtisadiyyatını kliniki ölüm həddinə çatdırması heç də çətin məsələ deyil.

Xatırladaq ki, Ermənistanda həbs olunmuş «Taşir» qrupunun rəhbəri Samvel Karapetyan özü də ölkənin elektrik şəbəkələrinin sahibidir. Onun komandası üçün Ermənistanda ümumi elektrik kəsintisi yaratmaqla Paşinyana «elektroşok» yaşatmaq çətin deyil. O, vaxtilə ölkədə elektrik enerjisi tariflərinin artırılması cəhdinin «elektromaydan»a necə səbəb olduğunu da, yəqin ki, yaxşı xatırlayır.

Paşinyan artıq xəbərdarlıqlar da alır: gah parlamentdə, gah da baş nazirin iştirakı ilə keçirilən supermarket açılışında işıq sönür. Onun elektrik şəbəkələrini milliləşdirmək cəhdi də uğursuz alınıb – İrəvan arbitraj məhkəməsində uduzaraq, bu istəyinə nail ola bilməyib.

Bəli, Qərbə ünvanlanmış xoş bəyanatlar səsləndirmək olar. Amma iqtisadiyyat bu cür planların reallaşdırılmasına imkan vermir. Bu gün Ermənistanın Rusiyadan asılılığı çoxdur.

İrəvanın, məsələn, Bakı ilə Moskva arasında münasibətlərin gərginləşməsindən də ruhlandığı aydındır. Hər halda, son dövrlərdə rusiyalı hərbi blogerlərin Ermənistanı yenidən Azərbaycan üçün təhlükə kimi formalaşdırmaq, «Artsax» ideyasını dirçəltmək cəhdləri ortadadır. Görünür, Rusiyada islamofobiyanın, türkfobiyanın güclənməsi İrəvana əlavə stimul verib. Xatırladaq ki, Paşinyan özünü qərbpərəst siyasətçi kimi göstərməyə məhz Ukrayna müharibəsi ərəfəsində, Rusiyadan silah almaq yalvarışları nəticəsiz qaldıqda başlayıb. Halbuki o vaxtadək baş nazir Avropaya yönəlməklə bağlı heç nə demir, Ermənistan minaaxtaranlarını Rusiya hərbi missiyasının tərkibində Suriyaya göndərir, Rusiya ilə Zəngəzurda yeni hərbi bazanın yaradılmasından danışırdı…

Amma bir çox ekspert Paşinyanın qərbpərəst jestlərinə əvvəldən şübhə ilə yanaşırdılar. Onlar hər zaman bir suala cavab axtarırdılar: bu, həqiqətən, Paşinyanın siyasi qərarıdır, yoxsa söhbət Rusiya ilə siyasi alverə hesablanmış manevrlərdən gedir?

 

Xaric köməyə gəlməyəcək

Paşinyanı Moskvaya qarşı növbəti dönüşə vadar edən daha bir səbəb var: onun Qərbə istiqamət götürmək planları gözlədiyi və arzuladığı nəticələri vermir. ABŞ-də Donald Trampın yenidən prezident seçilməsi ilə ölkə tarixinin «ən ermənipərəst administrasiyası» sayılan Baydenin hakimiyyəti son çatıb. Fransanın başı isə öz daxili və xarici problemlərinə qarışıb – Yeni Kaledoniyadan tutmuş, Afrikayadək. Paris xüsusilə keçmiş müstəmləkəçilik siyasətinin nəticəsi olaraq, nüfuz iddiasında olduğu bütün regionlardan sıxışdırılıb çıxarılır. Bu şəraitdə Makronun İrəvana diqqət göstərməyə nə vaxtı var, nə də imkanı.

Avropa İttifaqında da rəhbərlik dəyişib. İndi orada nə Şarl Mişel var, nə Jozep Borrel, nə də Ermənistana əvvəlki simpatiya. Belə vəziyyətdə Paşinyanın Avropa ölkələrinə son səfəri də hər hansı nəticə verməyib. O, Rusiyanın dezinformasiya müharibəsi ilə mübarizə üçün cəmi 10 milyon avro toplaya bilib. Halbuki baş nazir ölkəsinin Rusiyadan asılılığını azaltmaq üçün avropalılardan daha ciddi dəstək gözləyirdi. Avropada isə bu işdə əsas yükün Ermənistanın öz çiyinlərinə düşməli olduğu qənaətindədirlər. Başqa sözlə, «xaric köməyə gəlməyəcəksə», Paşinyanın üzünü yenidən Moskvaya çevirməkdən başqa yolu qalmır.

Bəs Moskva növbəti təzimi qəbul edəcəkmi? Rusiyanın ona əvvəlki bəyanatlarını, Qərb siyasətçiləri ilə qucaqlaşmalarını bağışlayacağına əminlik yoxdur. Kreml forpostlarına belə davranışları asanlıqla bağışlamır. Paşinyana Karapetyanın həbsini də çətin ki, bağışlasınlar. Bu həbs ilə o, ən təhlükəli rəqibini zərərsizləşdirməklə yanaşı, həm də Moskvanın aşkar favoritini həbsə atıb.

2026-cı ilə təyin olunmuş seçkiyədək çox şey dəyişə bilər. O vaxtadək Rusiyanın «kölgədə saxladığı» daha bir namizədi ortaya çıxaracağını da istisna etmək olmaz. Siyasi şərhçilər güc tətbiqi ssenarisini belə, istisna etmirlər. Bu, vaxtilə Levon Ter-Petrosyanın hakimiyyətinə son qoymuş elitadaxili sui-qəsd şəklində də ola bilər, klassik hərbi çevriliş formasında da. Bu ssenaridə belə, Qərbin Paşinyanı xilas etməyə çalışacağına heç bir zəmanət yoxdur.



MƏSLƏHƏT GÖR:

179