FORMASIZ CƏBHƏ
Şuşa Media Forumu – sözün fərqli deyildiyi və daha yaxşı eşidildiyi tribuna
Müəllif: NURANİ
İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunub. Həsən bəy Zərdabinin təsis etdiyi «Əkinçi» qəzetinin ilk sayı 150 il əvvəl məhz bu gündə nəşr olunub. Ötən əsr yarımlıq dövrdə Azərbaycan mətbuatı ölkə ilə birlikdə müxtəlif sınaqlardan keçib və bu sınaqlar heç zaman asan olmayıb. «Şərqi Rus» və «Kaspi» qəzetləri sərt çar senzurası şəraitində çap edilib, Cəlil Məmmədquluzadənin «Molla Nəsrəddin» satirik jurnalı da çətin dövrlərdə görünməmiş populyarlıq qazanaraq, demək olar ki, bütün dünyada oxunub. Rusiya imperiyasının süqutu və Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə isə Şərqin tarixində yeni səhifə açılıb və dünyaya yeni qəzet gəlib – «Azərbaycan».
Sovet Rusiyasının 1920-ci ildə Azərbaycanı işğal etməsindən sonra ölkədə fəaliyyət göstərən bir çox qəzet bağlanıb və yalnız yerli bolşeviklərin «Bakinski raboçi» qəzeti nəşrini davam etdirib. Daha sonra «Vışka», «Kommunist», həmçinin bir sıra şəhər və rayon qəzetləri çap edilməyə başlayıb…
Azərbaycan mətbuatının tarixində növbəti dönüş nöqtəsi 1980-ci illərin sonlarına təsadüf edib – ölkədə müstəqil və müxalif nəşrlər yenidən meydana çıxmağa başlayıb. Bu gün Azərbaycan mətbuatı yüzlərlə qəzetdən ibarətdir – istər respublika, istərsə də regional səviyyədə. Bununla yanaşı, analitika və iqtisadiyyatdan tutmuş, qadın jurnallarınadək müxtəlif nəşrlər, xəbər saytları, müstəqil televiziya kanalları, hətta «YouTube» layihələri.
Ölkə başçısı İlham Əliyev Azərbaycan jurnalistlərinə ünvanladığı təbrikdə deyib: «Bu gün artıq fəxrlə deyə bilərik ki, bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib. Əlamətdar haldır ki, budəfəki yubileyi milli mətbuatımız artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda qeyd edir. Azərbaycan mediası 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dövründə hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışıb. Ölkəmiz və xalqımız üçün bu tarixi və taleyüklü mərhələdə Azərbaycan mediası cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynamış, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirib. Heç şübhəsiz ki, informasiya məkanında qazandığımız zəfər döyüş meydanında qazandığımız və bu il 5-ci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərimizin ayrılmaz parçasıdır».
Xankəndi – mediadialoqun paytaxtı
Jurnalistlərin peşə bayramının qeyd edildiyi günlərdə Şuşada növbəti, artıq üçüncü Qlobal Media Forumu keçirilib. Bu il forumda 52 ölkədən təxminən 140 nəfər iştirak edib. Onlar arasında 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və təxminən 80 media qurumu təmsilçisi olub.
Azərbaycan üçün Şuşa Qlobal Media Forumu çox önəmli və məsuliyyətli hadisədir. Bu forumun keçirilməsi Qarabağın dirçəlişi siyasətinin uğurunu göstərən amillərdəndir. Şuşa, həmçinin Xankəndi artıq mühüm diplomatik görüşlərin, ekspert toplantılarının və digər beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Azərbaycan üçün mövqeyini dünya ictimaiyyətinə hələ də prioritetlər sırasındadır. Bu, xüsusilə indi, Bakının xarici siyasətinin bütün mənalarda yeni mərhələyə, yeni üfiqlərə qədəm qoyduğu dönəmdə belədir. Bu siyasətin informasiya təminatı mühüm vəzifədir.
Forumun əsas hadisəsi, əlbəttə ki, Prezident İlham Əliyevin iştirakçılarla ənənəvi canlı ünsiyyəti, onların suallarını cavablandırması, ən müxtəlif və kəskin mövzulara toxunması olub. Dövlət başçısı çıxışı zamanı Bakı ilə İrəvan arasındakı sülh prosesinin perspektivləri, Zəngəzur dəhlizinin açılması, həmçinin açılmayacağı təqdirdə Ermənistanın tranzit ölkəyə çevrilmək imkanını itirəcəyi haqda danışıb. Prezident Azərbaycan-ABŞ münasibətləri kimi həssas mövzuya da toxunub, amerikalı həmkarı Donald Trampa Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib: «O (ABŞ Prezidenti – «R+»), beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, «Vaşinqton bataqlığı»nı dibinə qədər qurutsun».
Prezident İlham Əliyev çıxışında Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı aparılan danışıqların maraqlı detallarını da açıqlayıb: «Biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası «Dağlıq Qarabağ» məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi, «Dağlıq Qarabağ» sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz».
Dövlət başçısı daha sonra qeyd edib ki, Ermənistan bu iddisından yalnız 2023-cü ilin sentyabrında ərazilərin tam azad olunmasından sonra əl çəkib, çünki məsələnin artıq bağlandığını anlayıb. «Demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər. Bu gün də qeyd etdiyim kimi, bu iki məsələ, - Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, - həll edilən kimi sülh müqaviləsi imzalana bilər».
İlham Əliyevin bu açıqlaması Ağ Evdə də müsbət qarşılanıb. Donald Tramp öz sosial şəbəkəsində İlham Əliyevin çıxışının həmin hissəsini paylaşıb, Azərbaycan Prezidenti isə öz növbəsində, buna görə həmkarına təşəkkür edib. Vaşinqtonda sülh təşəbbüslərini bu cür yüksək qiymətləndirilməsi təqdir olunur. Bundan başqa, Amerikanın diqqətindən «Vaşinqton bataqlığı» ifadəsi də yayınmayıb. Bakı Donald Trampın saxta liberal çevrəyə qarşı yönəlmiş təşəbbüslərini ilk gündən qətiyyətlə dəstəkləyib.
Forum çərçivəsində baş vermiş daha bir dialoq beynəlxalq medianın diqqətini çəkib. Tədbirdə iştirak edən ukraynalı jurnalist Dmitri Qordon Azərbaycan Prezidentinə belə bir sual verib: «Qalib xalqın lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?». Dövlət başçısının ona cavabı belə olub: «Bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük».
Birinci Qarabağ müharibəsini, bir milyon qaçqını xatırladan Prezident ədalətin olduğunu deyərək bildirib ki, sadəcə, ona nail olmaq lazımdır. O, ukraynalı jurnalistin sualına cavabını belə tamamlayıb: «Odur ki, əvvəldə dediyimə qayıdıram – heç vaxt təslim olmamaq!»
Köhnə üsullar, yeni reallıqlar
Bu dialoq xarici medianın diqqətini çəkməklə yanaşı, rəsmi Moskvanın sərt reaksiyasına da səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova narazılığını kifayət qədər açıq ifadə edib: Dmitri Qordon bu foruma necə dəvət oluna bilər?! Görünür, Moskvada Azərbaycanın müstəqil dövlət olduğunu, Bakıya kimin dəvət ediləcəyi qərarını onun özünün verdiyini hələ də qəbul edə bilmirlər. Hər halda, bu hadisədən sonra Rusiya mediasında və Kremlin nəzarətində olan blogerlər arasında Azərbaycana qarşı görünməmiş kampaniya başladılıb. Onları qəzəbləndirən isə həm də Prezident İlham Əliyevin Azərbaycanın Rusiyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulmuş mülki təyyarəsi ilə bağlı dedikləri olub. Dövlət başçısı Qroznı ətrafında təyyarənin vurulması ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunacağını, bunun üçün sənədlər portfelinin hazırlandığını söyləyib. Bundan sonra Kremlin nəzarətində olan bəzi blogerlər açıq təhdidlərə belə, keçiblər. İndi onlardan «Orejnik» ilə Bakının mərkəzinə zərbə endirilməsi çağırışları belə, eşidilir. Bu kampaniyanın «yuxarı»dan koordinasiya olunduğu isə şübhə doğurmur.
Bu arada, Rusiyada Azərbaycan diasporuna təzyiqlər də davam edir. Əvvəllər hədəf yalnız bazarlarda işləyən kiçik sahibkarlar idisə, indi təzyiq elita səviyyəsinə yüksəlib. Məsələn, «TASS» agentliyinin baş direktorunun müavini Mixail Qusmanın vəzifəsindən uzaqlaşdırılması kimi.
Yəqin ki, Beynəlxalq Məhkəməyə müraciətin hər bir dövlətin suveren hüququ olduğunu xatırlatmağa ehtiyac yoxdur. Üstəlik, təyyarə ilə bağlı faciənin Rusiya ərazisində baş verməsinə baxmayaraq, Moskva onunla bağlı istitaqı ləngidir, cinayətdə əli olan əsas şəxsləri məsuliyyətdən yayındırır, onlardan birinin isə vəzifəsi belə, artırılır. Əlbəttə, hər bir hadisə ayrı-ayrılıqda təhlil olunmalıdır. Amma nəticə eynidir: Moskva Azərbaycanın sərt və prinsipial mövqe nümayiş etdirməsinə hazır deyilmiş. Onlar düşünürlərmiş ki, ilk «acıqlı çağırış»ları Bakını dərhal geri çəkilməyə vadar edəcək. Amma belə olmadı. Nəticədə, indi vəziyyət kifayət qədər təhlükəli ssenari üzrə inkişaf edir. Rusiya 1990-cı illərin əvvəllərindəki üsullarla hərəkət etməyə çalışır, amma artıq bu üsullar işləmir. Moskvanın diplomatiya arsenalında isə hələ də yeni vasitələr yoxdur. Belə bir vəziyyətdə Kreml üçün nəzəri cəhətdən belə, qalib gəlmək mümkünsüz görünür.
MƏSLƏHƏT GÖR:







196

