25 Noyabr 2024

Bazar ertəsi, 08:41

NƏRƏKİMİLƏRİ XİLAS EDƏRKƏN

Xəzəryanı ölkələr nərə balığının qorunması üçün növbəti dəfə razılığa gəlməyə çalışırlar

Müəllif:

30.07.2013

Bir neçə aydan sonra Xəzəryanı ölkələr nərə balığının ovuna moratoriumun qoyulması ilə bağlı hökumətlərarası sazişi imzalaya bilərlər. Rusiya mətbuatının yazdığına görə, məsələ Xəzəryanı dövlət başçılarının bu ilin payızında keçirilməsi gözlənilən görüşünün gündəliyinə daxil edilib.

Rusiya Balıqçılıq İdarəsinin rəhbəri Andrey Krayniy jurnalistlərə bildirib ki, məsələ əvvəllər də dövlət başçıları səviyyəsində bir neçə dəfə qaldırılsa da, yekun razılaşma hələ də əldə olunmayıb. Krayniyin sözlərinə görə, tam moratoriumun qoyulması cəmi 5 il ərzində Xəzərdə nərə balığının populyasiyasının bu bahalı balıq növünün sənaye istehsalına imkan verəcək səviyyəyə yüksəlməsinə şərait yaradacaq.

Sammitdə qəbul ediləcək daha bir vacib qərar balıqçılıq üzrə komissiyanın statusunun yüksəldilməsi olacaq. Hazırda o, müəssisələrarası statusa malikdir və komissiyanın qərarları daha çox informasiya xarakteri daşıyır. Onun statusunun hökumətlərarası komissiya səviyyəsinə qaldırılması halında qəbul olunacaq qərarların bütün Xəzəryanı dövlətlər tərəfindən icrası məcburi xarakter daşıyacaq. Komissiyada heç kimə veto hüququ verilməyəcək.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su bioresurslarının artırılması və mühafizəsi departamentinin müşaviri, Azərbaycanın Xəzərin Su Bioresursları Komissiyasındakı daimi üzvü Tariyel Məmmədli "R+" jurnalına bildirib ki, 2010-cu ildə Xəzəryanı dövlət başçılarının Bakı sammitində Xəzərdə nərə balığı ovunda sənaye kvotasının bölünməsi dayandırılıb. Yəni faktiki olaraq, məsələyə moratorium qoyulub. Bununla yanaşı, Xəzərin Su Bioresursları Komissiyası tam moratorium üçün razılaşmanın texniki detallarını hazırlayıb. Ümumilikdə razılaşmada Xəzərdə nərə balıqlarının qorunması üçün vacib olan tədbirlərin bütün aspektləri yer alacaq. Buraya hətta dənizə tökülən çaylarda nərə balığı ovunun qadağan olunması, brakonyerlərlə, dənizin sənaye tullantıları ilə çirkləndirilməsilə kəskin mübarizə, balıqların populyasiyasının bərpasında əməkdaşlıq və digər məsələlər daxildir. Məmmədlinin sözlərinə görə, nərə balıqlarının populyasiyası onların sənaye istehsalı həddinə qaldırılması imkanını məhdudlaşdırıb. "Bu, 20 il əvvəl, SSRİ-nin dağılmasından sonra Xəzərdə balıq ovunun nəzarətsiz həyata keçirildiyi zaman edilməli idi. Hazırda görülən tədbirlər həm də Xəzərin hüquqi statusunun müəyyənləşdirilməməsilə əlaqədar problemlərlə üzləşir. Odur ki, indi  ən yaxşı halda, Xəzərdə nərə balıqlarını sadəcə bioloji növ  - akvamədəniyyət kimi qoruyub saxlamaq mümkün olacaq", - deyə o, qeyd edib. Əvvəllər nərə balıqlarının ovu və ticarətinə Tükənməkdə olan flora və fauna növlərinin beynəlxalq ticarəti üzrə Beynəlxalq Təşkilat (CITES) kvota qoyurdu. Hazırda bu balıqların sənaye istehsalı üçün kvota ayrılmır.

Bakı Dövlət Universiteti yanında "Xəzər" Elmi Tədqiqat Mərkəzinin rəhbəri Çingiz İsmayılov hesab edir ki, nərəkimilər üçün ən ciddi təhlükə Rusiyanın sahilyanı regionlarındakı miqyaslı brakonyerlikdir. Söhbət, ilk növbədə, Dağıstan, Kalmıkiya və Həştərxandan gedir. "Xəzər sahilində yerləşən bu böyük region nərə balıqlarının əsas kürütökmə zonasıdır. Həmin regiondakı sosial-iqtisadi vəziyyət çətindir və oranın əhalisinin böyük hissəsinin yaşayış səviyyəsi balıqçılıqla bağlıdır. Belə olan şəraitdə brakonyerliklə mübarizə aparmaq çox çətindir. Qanunsuz balıq ovu ilə məşğul olan insanlar texniki baxımdan balıq resurslarının qorunmasına məsul olan şəxslərlə müqayisədə yaxşı təchiz olunublar, daha güclüdürlər", - deyə ekspert bildirir.

Bununla yanaşı, Ç.İsmayılov brakonyerliyin Azərbaycan sahillərində də çiçəklənməkdə olduğunu deyir. Amma onun miqyası, əlbəttə ki, Rusiyadakından xeyli geri qalır: "Tam qadağa ideyası gerçəkləşdirilərsə, əlbəttə ki, vəziyyəti müəyyən qədər qaydaya salmaq mümkün olacaq. Amma brakonyerlik bütün Xəzəryanı ölkələrdə var. Bundan başqa, nərə balıqlarının ovuna qadağa məsələsində başqa problemlər də var: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməməsi, delimitasiya və s. Amma ən ciddi problem brakonyerlikdir".

Rusiyanın nəhəng sahilyanı ərazilərində bilavasitə nərəkimilərin qorunmasına dair bir sıra məsələlər isə açıq qalır. Məsələn, Volqoqrad su anbarında nərə balıqlarının ovu ilə bağlı problem necə həll olunacaq? Orada nərə balıqları, demək olar ki, kürüləmə yerinə gedib çıxa bilmir. Bundan başqa, nərə balıqlarının ovunda real həcm nə qədərdir, moratorium Xəzərə tökülən çaylara da şamil olunacaqmı və s.

Qazaxıstanın "Yaşıllar" partiyasının sabiq rəhbəri, Xəzərin Xilası Fondunun ekspertlər şurasının üzvü Serikcan Mambetalin "R+" jurnalına açıqlamasında bildirib ki, nərə balıqları kürü tökmək üçün Xəzərdən Volqa, Ural və Kür çaylarına qalxırlar: "Bu qədim, dinozavrların həmyaşıdı olan balıqlarda unikal miqrasiya marşrutu yaddaşı var. Odur ki, hətta dənizin İran sektorunda olan nərə balıqları Xəzərə şimaldan tökülən çaylara qalxa bilər".

Volqanın yuxarı axını kanal axınları, su anbarları və su elektrik stansiyaları ilə tənzimlənir. Bu, öz-özlüyündə nərə balıqlarının yaşayış sahəsini kiçildir. Məsələn, hələ yarım əsr əvvəl Xəzər nərə balıqlarını Kazanda da tuturdular. Suyun dayazlaşmasını, həcminin azalmasını, çayın dibinin lilləşməsini, çaya sənaye axıntılarının, zərərli maddələrin axıdılmasını da mənfi məqamlar kimi göstərmək olar. "Bütün bunlar nərə balıqlarının populyasiyasına təsir göstərir. Odur ki, bütün bunların aradan qaldırılması üçün kompleks proqram hazırlanmalıdır. Oraya dənizin dibinin dərinləşdirilməsi, çaylara sənaye tullantılarının atılmasının önlənməsi tədbirləri də daxil edilməlidir", - deyə S.Mambetalin bildirib.

Nərə balıqlarının ovunun real həcmi haqda da danışan Mambetalin bildirib ki, 1983-cü ildə Sovet İttifaqı 18 min tondan artıq nərə balığı və 2,5 min ton qara kürünü yalnız ixrac edib. İttifaqın dağılmasından sonrakı illərdə bu balıq növünün populyasiyası 20 dəfəyədək azalıb. Odur ki, 1000 ton həqiqətə yaxın rəqəm sayıla bilər.

S.Mambetalin hesab edir ki, brakonyerliyin qarşısının maksimum alınması üçün Xəzəryanı dövlət başçılarının siyasi iradəsilə yanaşı, bütün sahilyanı ölkələrin müvafiq qurumlarının fəaliyyəti istisnasız olaraq, koordinasiya edilməlidir: "Ölkələrimiz brakonyerlik problemini təkbaşına həll etməyə çalışır. Halbuki əməkdaşlıq olmadan bu, mümkün deyil. Sularda birgə patrul xidmətinin aparılması, kosmosdan çəkilmiş şəkillər də daxil olmaqla, informasiya mübadiləsi, dəniz sərhəd xidmətlərinin müntəzəm olaraq birgə reydlər keçirməsi, Xəzər hövzəsində ümumi monitorinq sisteminin yaradılması qanunsuz balıq ovunun qarşısının alınmasında ciddi nəticələr verə bilər".

Mambetalinin fikrincə, nərə balıqlarının populyasiyası ilə bağlı problemi yalnız moratoriumun qoyulması ilə həll etmək mümkün deyil. Bu balıq növünün populyasiyasının azalmasına təsir göstərən amillərdən danışan S.Mambetalin bu amillərin müxtəlif olduğunu, demək olar ki, hər birinin insan fəaliyyətilə əlaqəliliyini diqqətə çatdırıb.

Dənizin təkrar istehsal potensialı olsa da, nərəkimilərin bərpası üçün Xəzərə ən azı 5-10 il sakitlik verilməlidir. Sovet illərində bütün nərəkimilərin 90%-i üçün təbii yaşayış məskəni olmuş Şimali Xəzər qorunan zona idi. Orada yalnız məhdud, mövsümi və ciddi kvotaya əsaslanan balıqçılığa icazə verilirdi. "Təəssüf ki, 1990-cı illərdə Qazaxıstan, ardından isə Rusiya bu ərazilərdə karbohidrogen xammallarının kəşfiyyatına və hasilatına icazə verdi. Bu səbəbdən indi dənizin qoruq statusu, demək olar ki, itib. Çünki dənizdə seysmik kəşfiyyat işləri aparılır, bu zaman dənizin dibinin profilləri partladılır, balıqların kürütökmə ərazilərində sənaye gəmiləri hərəkət edir, ofşor yataqlar isə quru ilə neft boruları şəbəkəsilə bağlıdır. Birdəfəlik başa düşmək lazımdır ki, nərəkimilərin istehsalı ilə neft hasilatı bir arada olması mümkün olmayan məsələlərdir", - deyə ekspert bildirir.

S.Mambetalin hesab edir ki, yaxın zamanlarda həm dənizdə, həm də Volqa da daxil olmaqla, çaylarda nərə balıqlarının ovu qadağan olunacaq. Amma adi qadağa problemin həlli üçün kifayət etməyəcək: "Nərə balıqlarının populyasiyasının bərpası üçün kompleks tədbirlər lazımdır. Burada söhbət həm balıqçılığa moratoriumun qoyulmasından, həm də ən azı 5 il müddətinə Şimali Xəzərdə neft yataqlarının kəşfiyyatı və işlənilməsinin qadağan olunmasından getməlidir. Əks təqdirdə, sadəcə Xəzəryanı ölkələrin balıqçılarını qazancdan məhrum edəcəyik. Əvəzində neftçilərə bu şah balığını bundan sonra da öldürmək imkanı verəcəyik".


MƏSLƏHƏT GÖR:

735