5 Dekabr 2025

Cümə, 10:03

RİSKLƏRDƏN QORUNMA

Azərbaycanda yeni maliyyə aləti olan hedcinq istifadəyə verilib

Müəllif:

01.09.2025

Azərbaycanda maliyyə sektoru ənənəvi olaraq yeni alətlərin və məhsulların tətbiqi sahəsində ön sırada gedir. Onu haqlı olaraq ölkə iqtisadiyyatının innovasiyalara ən açıq sahəsi hesab etmək olar.

Maliyyə bazarındakı son yeniliklərdən biri də hedcinq mexanizmidir. Avqustun 1-dən Azərbaycan Mərkəzi Bankı (AMB) bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) bu yeni maliyyə alətinə çıxışını təmin etməyə yönəlmiş üçillik proqrama start verib.

 

Riskləri qarşılamaq

Hedcinq (ingiliscə “hedging” – zəmanət, sığorta) bu gün dünya maliyyə bazarında kifayət qədər populyar alətdir. O, xüsusilə tez-tez qiymət dəyişiklikləri olan valyuta, səhm və ya əmtəə ticarətində faydalıdır. Eyni zamanda, mənfəətə zəmanət verməsə də, maliyyə sabitliyini qoruyur.

Sadə dillə desək, hedcinq mümkün itkiləri kompensasiya edən sığorta əməliyyatı vasitəsilə riskləri idarəetmə üsuludur. Nəticədə, bu, qiymətlərin, valyuta məzənnələrinin və ya faiz dərəcələrinin dəyişməsi zamanı itkiləri azaltmağa yardım göstərir. Əgər şirkət, məsələn, xaricdən xammal idxal edirsə, o, “opsionlar” və ya “forvardlar” vasitəsilə valyuta məzənnəsini sabitləşdirə bilər. Bu, hətta məzənnə artsa belə, sabit xərcləri təmin edəcək. Yəni hedcinq zamanı investor öz riskini onu qəbul etməyə hazır olanlara - vasitəçilərə ötürür. Bu halda investoru “hedcer” adlandırmaq olar. Hedcerlər qiymətlərin dəyişməyəcəyinə zəmanət alır, vasitəçilər isə riski öz üzərinə götürərək mənfəət əldə edirlər. Bu, xüsusi hedcinq alətləri - derivativlər və ya törəmə alətlər vasitəsilə həyata keçirilir. Onların hər biri investora aktivin qiymətindəki əlverişsiz dəyişikliyi kompensasiya etməyə imkan verir.

Risk növlərinə görə müxtəlif hedcinq növləri mövcuddur. Valyuta hedcinqi valyuta məzənnələrinin dəyişməsindən qorunmaq üçün istifadə olunur; faiz hedcinqi faiz dərəcələri dəyişdikdə kreditlər və ya istiqrazlar üzrə xərcləri sabitləşdirmək üçündür; kredit riski hedcinqi borcalanın mümkün defoltdan qorunmasına yönəlib; əmtəə hedcinqi isə xammal və ya məhsulların qiymətlərini sabitləşdirmək üçün tətbiq edilir.

Bu növlərin hər biri müəyyən risk növlərini minimuma endirməyə və maliyyə sabitliyini qorumağa kömək edir və bu da xüsusilə dünya valyuta bazarının volatilliyi şəraitində mühüm əhəmiyyət kəsb edir.

Bu, maliyyə bazarına tətbiq edildikdə isə belə işləyir: əgər bank müəyyən müddət ərzində kredit portfelinə mənfi təsir göstərə biləcək faiz dərəcələrinin əhəmiyyətli dəyişməsini gözləyirsə, o, əvvəlcədən müəyyən edilmiş şərtlərlə hedcinq mexanizmi vasitəsilə bu riski balanslaşdırmağa çalışır. Doğrudur, bu mexanizm riski tamamilə aradan qaldırmır, lakin onu idarə oluna bilən səviyyəyə endirir.

 

Banklar üçün hedcinq

Yeni üçillik proqram çərçivəsində banklar və BOKT-lar tərəfindən qeyri-rezident maliyyə təşkilatlarından cəlb edilmiş vəsaitlər manata konvertasiya edildikdən sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedcinq ediləcək. Hedcinq edilmiş vəsaitlərin mikro, kiçik və orta biznes subyektlərinin, ailə kənd təsərrüfatlarının və özünüməşğul əhalinin kreditlər və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

“Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və maliyyə sektorunun tənzimlənməsi sahəsində həyata keçirilən islahatların yaratdığı əlverişli mühit maliyyə əlçatanlığına töhfə verəcək proqramın tətbiqinə zəmin yaradıb”, - tənzimləyicinin məlumatında qeyd olunur.

Ölkənin suveren reytinqinin artması fonunda kredit təşkilatlarının maliyyə sabitliyinin gücləndirilməsi də reytinq qərarlarına müsbət təsir göstərir. Nəticədə, belə əlverişli vəziyyət milli maliyyə institutlarının xarici bazarlardan vəsait cəlb etmək potensialını genişləndirir. Cəlb edilmiş resursların ölkə daxilində səmərəli istifadəsi və davamlı maliyyələşdirmənin təmin edilməsi üçün AMB onları müvafiq maliyyə alətləri ilə dəstəkləməyi zəruri hesab edir.

Qeyd etmək lazımdır ki, üçillik proqram, həmçinin əvvəlki üç ay ərzində - avqustun 1-dək cəlb edilmiş və artıq göstərilən hədəf qruplarının maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitləri də əhatə edəcək. Bu halda, bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50%-i müştərilərə təqdim olunan kredit şərtlərinin yüngülləşdirilməsinə yönəldiləcək.

Yeni mexanizmdən bütün banklar və BOKT-lar məhdudiyyətsiz istifadə edə biləcəklər. Lakin AMB-nin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, bu zaman kapitalın həcmi və ya maliyyələşdirilən istiqamət üzrə kredit portfelinin həcmi nəzərə alınacaq. Hedcinq edilən vəsaitlər bankın ümumi kapitalının 5%-i və ya kredit portfelinin 20%-i qədər ola bilər.

“Bazar şərtləri nəzərə alınmaqla, banklar üçün xərclər 3-4% təşkil edəcək. Bu zaman hər hansı yüksək kredit riskləri nəzərdə tutulmur”, - ölkənin baş bankiri vurğulayıb.

Onun sözlərinə görə, kredit təşkilatlarının hedcinq sistemi vasitəsilə cəlb edə biləcəyi vəsaitlərin həcmi təxminən 600 milyon dollar təşkil edəcək: “Biz bu baxımdan heç bir hədəf qoymamışıq, sadəcə, bu aləti stimul kimi təklif etdik. Bu sistem bizim üçün yenidir və biz hələ onu test edirik. Bankların bu sistemlə bağlı xərcləri təxminən 18 milyon dollar təşkil edə bilər və bu da bank sektoru və AMB üçün böyük məbləğ deyil”.

 

Üstünlüklər və perspektivlər

Ümumilikdə təqdim olunan proqram xarici maliyyə resurslarının Azərbaycan iqtisadiyyatına axınını dəstəkləyəcək, kredit təşkilatlarının xarici bazarlarda borc almaq imkanlarını genişləndirəcək.

Ekspertlər hesab edirlər ki, həm banklar, həm də BOKT-lar bu aləti əldə etməkdə maraqlı olmalıdırlar, çünki kiçik komissiya müqabilində öz resurslarını valyuta və digər risklərdən qoruya biləcəklər. Banklar, məsələn, xarici bazarlarda daha aşağı faiz dərəcəsi ilə daha aktiv şəkildə kreditlər cəlb edə, sonra cəlb edilən vəsaitlərin məzənnəsini hedcinq aləti ilə sığortalaya, onları manata çevirə və kreditlər verə biləcəklər. Ekspertlər qeyd edirlər ki, nəticədə, bu, manatla verilən kreditlər üzrə faiz dərəcələrinin artmasının qarşısını müəyyən dərəcədə ala bilər.

Yeni hedcinq mexanizminin tətbiqini Azərbaycan iqtisadiyyatında risklərin proaktiv idarə edilməsinə yönəlmiş islahat kimi qiymətləndirmək olar. Bu, xüsusilə qeyri-neft sektorunun maliyyələşdirilməsi, kredit institutlarının gücləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Bu mexanizmin uğurlu tətbiqi həmçinin Azərbaycan üçün beynəlxalq reytinqlərdə maliyyə sektorunun mövqelərinin yaxşılaşdırılması baxımından əlavə üstünlük yarada bilər.

Beləliklə, bu alətin tətbiqi iqtisadiyyatın şaxələndirilməsi və genişləndirilməsi, həmçinin maliyyə əlçatanlığının artırılması məqsədlərinin həyata keçirilməsi üçün mühüm zəmin yaradır.


MƏSLƏHƏT GÖR:

108