TƏBİİ QAZ DİPLOMATİYASI
Azərbaycan Suriyaya qaz nəqlinin başlanılmasının gələcək layihələr üçün əsas olacağına əmindir
Müəllif: Nigar ABBASOVA
Kilis - Türkiyənin cənub-şərqində, Suriya ilə sərhəddə yerləşən eyniadlı əyalətin inzibati mərkəzi olan kiçik şəhərdir. Bu şəhər əsrlər boyu sivilizasiyaların kəsişməsində yerləşib. Burada hetlərin və romalıların izləri tapılıb, bizanslılar və xaçlılar qalalar tikib, Osmanlı dövründə isə Kilis Anadolu və Suriya arasında mühüm ticarət mərkəzinə çevrilib.
Suriyada vətəndaş müharibəsi zamanı Kilis humanizmin unikal nümunəsinə çevrilib. Burada suriyalı qaçqınların sayı yerli əhalinin sayını keçib və buna görə 2016-cı ildə BMT şəhəri xüsusi mükafata layiq görüb.
Bu gün Kilis yenidən dünya mətbuatının diqqət mərkəzindədir. 2025-ci il avqustun 2-də məhz burada Azərbaycan təbii qazının Suriyaya tədarükü başlayıb ki, bu da şəhərə yeni strateji əhəmiyyət qazandırıb və onu Yaxın Şərq enerji siyasətinin mərkəzinə yüksəldib.
Cənubi Qafqaz-Yaxın Şərq enerji körpüsü
Yavuzlu kəndində keçirilən Kilis-Hələb qaz kəmərinin açılışı və Azərbaycan təbii qazının Suriyaya tədarükünün başlanılmasına həsr olunmuş təntənəli mərasimdə Azərbaycanın iqtisadiyyat naziri, Türkiyə və Suriyanın energetika nazirləri və Qətər İnkişaf Fondunun prezidenti iştirak ediblər.
Prezident İlham Əliyev Azərbaycan jurnalistləri ilə söhbətində bu hadisənin əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycan qazın nəqli coğrafiyasının genişləndirilməsi istiqamətində daha bir mühüm addım atıb.
“Bu gün NATO-nun 10 üzvünü, ABŞ-nin 10 müttəfiqini təbii qazla təchiz edirik. Biz boru kəməri ilə qaz tədarükü üzrə 14 ölkəni əhatə edirik. Deməli, bu baxımdan, - qaz kəmərini nəzərdə tuturam, - Azərbaycan dünyanın qabaqcıl ölkələrindən biridir. Belə ki, 10 NATO, 10 Aİ üzvü bizdən qaz alır. Biz bu yaxınlarda Suriyaya təbii qaz tədarük etməyə başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna daxil olmuşuq və coğrafiyamızı Avropada, eləcə də Yaxın Şərqdə genişləndirəcəyik. Bu, əslində, enerji sahəsində gələcək gündəliyimizin yalnız bir hissəsidir”, - İ.Əliyev vurğulayıb.
Layihənin texniki detallarına gəlincə, Suriya ilk mərhələdə “Yavuzlu” ölçmə stansiyası vasitəsilə gündəlik 3,4 milyon kubmetr qaz alacaq və sonradan bu həcm 6 milyon kubmetrə qədər artırılacaq. İllik ifadədə bu, 1,2-2 milyard kubmetr qaz təşkil edəcək.
“Mavi yanacaq” artıq Hələb və Homsda elektrik stansiyalarına verilir. Gələcəkdə maksimum tədarük həcminə çatdıqda bu, 1,2-1,3 GVt elektrik enerjisi istehsalını təmin edəcək və 5 milyon ev təsərrüfatı üçün elektrik təchizatı müddətini gündə 10 saata qədər artıracaq.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açılış mərasimində çıxışında qeyd edib ki, Türkiyə vasitəsilə Suriyaya qaz ixracı Azərbaycanın qaz ixracı tarixində ən mühüm mərhələ olub və Cənubi Qafqaz və Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyub.
Nazir əlavə edib ki, bu hadisə Azərbaycanın etibarlı və strateji əhəmiyyətli enerji təchizatçısı rolunu təsdiqləyir. Bu layihə Azərbaycan qazının yeni istiqamətlər üzrə çatdırılma coğrafiyasının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Suriya energetika naziri Məhəmməd Əl-Bəşir isə uzun müddətli müharibədən zərər çəkmiş ölkəsinin rifahının yaxşılaşdırılması və bərpasında dəstəyə görə Azərbaycan və Türkiyəyə təşəkkürünü bildirib.
Türkiyənin energetika naziri Alparslan Bayraktar isə dəqiqləşdirib ki, layihə kommersiya əsasında həyata keçirilir: “Azərbaycandan gələn təbii qaz Suriyaya ixrac edilir. Və burada söhbət təmənnasız yardımdan getmir. Azərbaycan qaz tədarükü öhdəliyini götürüb və onu Suriyaya satır. Türkiyə bu qazın çatdırılması və nəqli üçün məsuliyyət daşıyır və müvafiq logistikanı təmin edir. Bundan əlavə, Qətər İnkişaf Fondu bu layihə üçün maliyyələşdirmə təmin edir. Beləliklə, burada müəyyən kommersiya fəaliyyətindən də söhbət gedir”.
Qətər İnkişaf Fondunun rəhbəri Fahad Hamad Al-Sulaiti təsdiqləyib ki, Qətərin bu əməliyyatlarda iştirakı davamlı enerji təchizatını və Suriyanın bərpasını dəstəkləməyə yönəlib: “Biz bu təşəbbüsün sadəcə müvəqqəti reaksiya deyil, daha çox Suriyada davamlı inkişaf və tərəqqiyə doğru ciddi addım olmasına çalışırdıq”.
Gələcək planlar
Azərbaycan qazının Suriyaya ixracını mübaliğəsiz tarixi hadisə hesab etmək olar, çünki bu, istehsalçı və tranzit ölkə, o cümlədən istehlakçı və maliyyə tərəfdaşı arasında misli görünməmiş və uğurlu əməkdaşlıq formatını əks etdirir. Eyni zamanda layihə uzunmüddətli regional inteqrasiya üçün şərait yaradır, beynəlxalq investisiyaları stimullaşdırır, həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə enerji təhlükəsizliyini və sabitliyi gücləndirir.
Əslində, bu, enerji layihəsindən daha böyük əhəmiyyət kəsb edir. Belə ki, bu layihə bütün tərəflərin qazandığı yeni əməkdaşlıq modelinin formalaşmasına doğru addımdır.
Azərbaycan bununla beynəlxalq səviyyədə strateji enerji təchizatçısı mövqeyini gücləndirir, Avropaya və Yaxın Şərqə ixrac dəhlizlərini genişləndirir, investisiya cəlbediciliyini və siyasi təsirini artırır.
Türkiyə isə Cənubi Qafqaz, Yaxın Şərq və Avropa arasında əsas tranzit mərkəzi statusunu möhkəmləndirir, regionun enerji və geosiyasi məkanında təsirini gücləndirir və beynəlxalq arenada öz infrastrukturunun əhəmiyyətini artırır.
Suriyaya gəlincə, bu dövlət iqtisadiyyatın, infrastrukturun və sosial xidmətlərin bərpası üçün sabit və proqnozlaşdırıla bilən enerji mənbəyi əldə edir, daxili və regional sabitliyi gücləndirir, əməkdaşlıq imkanlarına beynəlxalq tərəfdaşların etimadını artırır.
Qətər isə strateji layihələrin və humanitar təşəbbüslərin maliyyələşdirilməsində fəal rol nümayiş etdirir, regionun enerji və investisiya sektorlarında mövqeyini möhkəmləndirir, davamlı beynəlxalq iqtisadi və siyasi əlaqələrin inkişafına töhfə verir.
Nəticədə, bir təşəbbüs sayəsində region təkcə enerji deyil, həm də uzunmüddətli sabitlik və inteqrasiya şansı əldə edir. “Bu, sonuncu deyil, ilk layihədir. Gələcəkdə bizim başqa birgə layihələrimiz də olacaq”, - Məhəmməd Əl-Bəşir əmindir.
SOCAR öz tərəfindən Yaxın Şərqin enerji bazarlarında öz iştirakını əhəmiyyətli dərəcədə genişləndirmək niyyətində olduğunu bildirib. Doğrudur, SOCAR-ın Müşahidə Şurasına da rəhbərlik edən M.Cabbarov regionda gələcəkdə Azərbaycan qazının idxalçısı olacaq ölkələrin adlarını açıqlamayıb.
“Lakin əminliklə qeyd edə bilərəm ki, Şərq bazarında və ümumiyyətlə Yaxın Şərq regionunda Azərbaycan qazına tələbat böyükdür. Qazımızın bu bazarlara rəqabətqabiliyyətli şərtlərlə tədarük imkanları artıq Suriyaya ixrac üzrə cari layihə ilə təsdiqlənib... Türkiyəli tərəfdaşlar yüksək əməkdaşlıq səviyyəsi nümayiş etdiriblər ki, bu da SOCAR-ın regionda fəaliyyətinin daha da genişləndirilməsi üçün perspektivlər açır”, - M.Cabbarov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Suriyaya qaz nəqlinin təkcə enerji sektorunda əməkdaşlığın başlanğıcı deyil, həm də gələcək irimiqyaslı regional layihələr üçün platforma olacağına inanır: “Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı stimullaşdırmaqla yanaşı, regional enerji təhlükəsizliyinin gücləndirilməsi, həmçinin birgə investisiya və strateji infrastruktur layihələrinin həyata keçirilməsi üçün möhkəm təməl yaradacaq”.
Yeri gəlmişkən, Yaxın Şərq mediası xəbər verirdi ki, 2025-ci ilin aprelində Suriyanın yeni hakimiyyəti Azərbaycana ölkənin şimal-şərqində, ABŞ-nin dəstəklədiyi Suriya demokratik qüvvələrinin üstünlük təşkil etdiyi ərazidə neft-qaz yataqlarının işlənməsində iştirak təklif edib.
Bir sözlə, Bakı və Dəməşq arasında enerji əməkdaşlığının inkişafına doğru ilk addım artıq atılıb. SOCAR-ın xüsusilə xaricdə “upstream” sektoruna (kəşfiyyat və hasilat) artan marağını və Suriya neft sənayesinin bərpası kontekstində bu layihə yaxşı perspektivlər açır və iki ölkə arasında uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas yaradır.
MƏSLƏHƏT GÖR:



109

