İSRAİL QƏZZANI ƏLƏ KEÇİRƏCƏKMİ?
Yəhudi dövləti ilə Fələstinin HƏMAS hərəkatı arasındakı müharibə getdikcə daha faciəvi nəticələrə yol açır
Müəllif: Natiq NAZİMOĞLU
İsrail-Fələstin münaqişəsi yeni, daha amansız mərhələyə qədəm qoyur. Bu mərhələ üç din üçün müqəddəs torpaqda illərdir davam edən qarşıdurmanın daha da dərinləşməsinə yol aça bilər. İndi yəhudi dövləti, əslində, Qəzza sektorunun işğalı və fələstinlilərin vətənlərinin bu hissəsindən tamamilə çıxarılmasına yönəlmiş əməliyyatlara başlayıb.
«Gideonun arabaları-2»
İsrail və ordusu (SAXAL) açıq şəkildə bəyan edir ki, «Gideonun arabaları» adlandırılan quru əməliyyatlarının ikinci mərhələsinin hədəfi Qəzza sektorunun eyniadlı paytaxtı olan Qəzza şəhərinə nəzarətin tam ələ keçirilməsidir. İsrailin baş naziri Binyamin Netanyahunun kabineti radikal HƏMAS hərəkatının son istehkamı hesab olunan şəhərə genişmiqyaslı hücum planını təsdiqləyib.
Yəhudi dövlətinin müdafiə naziri İsrael Kats bildirib ki, HƏMAS silahı yerə qoymazsa, 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi terror hücumu zamanı götürdüyü girovları azad etməzsə, Qəzza şəhəri darmadağın olunacaq. «HƏMAS təslim olmazsa, Qəzza şəhərini yerlə-yeksan edəcəyik», - deyə nazir bildirib. Xatırladaq ki, artıq xarabalığa çevrilmiş, uzun müddətdir blokada şəraitində yaşayan sektorda, onsuz da, humanitar fəlakət hökm sürür. Bu vəziyyətdə şəhərin «yerlə-yeksan olunacağı»na dair təhdidin reallaşdırılmasına artıq start verilib. Avqustun 23-25-də İsrail tankları Qəzza ətrafına yeridilib, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr isə şəhərin ətrafına dağıdıcı zərbələr endirib. Bundan başqa, İsrail qoşunları Qəzza şəhərinin şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinə qayıdaraq, orada bir sıra binaları (bəzi məlumatlara görə sakinlərlə birlikdə) və tunelləri məhv edib. SAXAL komandanlığı bu addımın atılmasında məqsədin «döyüş əməliyyatlarını digər rayonlara yaymaq, HƏMAS terrorçularının həmin ərazilərə qayıdaraq orada fəaliyyət göstərməsinin qarşısını almaq» olduğunu bildirir. Xan-Yunis şəhərinin qərbində və şimalında yerləşən Kadis və Əsda qaçqın düşərgələrinə də aviazərbələr endirilib. Nəticədə, onlarla insanın öldüyü, yüzlərlə yaralının olduğu bildirilir. İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatlara başladığı vaxtdan bu yana isə ümumilikdə 62 mindən artıq insanın dünyasını dəyişdiyi, təxminən 158 min nəfərin yaralandığı bildirilir.
BMT Qəzzanın «amansızlıqla bombalanması» nəticəsində mülki əhali arasında çoxsaylı qurbanların olduğunu, miqyaslı dağıntıların baş verdiyi bəyan edib. BMT ilə yanaşı, beynəlxalq qeyri-hökumət təşkilatları da İsrailin Qəzzaya hücumunun «dəhşətli humanitar nəticələr» verə biləcəyini deyirlər.
Bu arada, İsrail ordusunun Qəzza şəhərinə hücumu ərəfəsində Aclığın Qiymətləndirilməsi Komitəsinin (Famine Review Committee - FRC) ekspertlər qrupunun hesabatı yayılıb. Bu qrup BMT agentliklərini, humanitar təşkilatları və bir sıra ölkələrin hökumətlərini birləşdirən qlobal təşəbbüs olan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı çərçivəsində fəaliyyət göstərir. Hesabatda bildirilir ki, Qəzza sektorunun şimalında yerləşən eyniadlı vilayətdə aclığın beşinci – fəlakətli mərhələsi başlayıb və yaxın həftələrdə bu vəziyyətin Deyr-əl-Balah və Xan-Yunis vilayətlərinə də yayılmaq təhlükəsi var. Sənəddə deyilir ki, sektor boyu «aclıq, səfalət və ölümlə üzləşmiş insanların sayı yarım milyona çatır».
Baş nazir Netanyahu isə bu beynəlxalq təşəbbüsün məlumatlarını «ağ yalan» adlandırıb. İsrailin Xarici İşlər Nazirliyinin BMT-ni «HƏMAS-ın yalanlarına əsaslanan, öz maraqlarını güdən təşkilatların süzgəcindən keçmiş məlumatlara əsaslanan» hesabat yaymaqda günahlandırması isə gərginliyi daha da artırıb. İsrail BMT-dən ekspert qrupunun hesabatının dərhal geri çağırılmasını tələb edib.
Yəhudi dövlətinin ünvanına növbəti ittiham isə BMT-nin Ətraf Mühit Proqramı rəhbərinin müavini Coys Msuyadan gəlib. O, Qəzza sektorundakı aclığın silahlı münaqişənin, insanların ev-eşiyindən didərgin salınmasının, insanlara 22 aydır humanitar yardımların çatdırılmasına imkan verilməməsinin, ərzaq istehsalının məhvinin birbaşa nəticəsi olduğunu bildirib. Msuya deyib ki, elə bu an təcili tədbirlər görülməzsə, bu, «geri dönüşü olmayan nəticələr»ə yol açacaq.
Analoji xəbərdarlıqla bir qədər fərqli formada ABŞ Prezidenti Donald Tramp da çıxış edib. Media xəbər verir ki, Tramp «artıq baş verənlərə baxmaq olmur» deyərək Netanyahunu tezliklə regionun bərpası və humanitar yardımların paylanmasına başlanılması üçün hərbi əməliyyatları sürətləndirməyə çağırıb. Amma bu «sürətləndirmə» münaqişənin tam həllinə aparıb çıxaracaq, yoxsa, əksinə problemin nizama salınması üçün bütün imkanları məhv edəcək? Bu sual açıq qalır.
Sülh təklifi dəyişməz həll prinsipi
İsrail Qəzzanı tam ələ keçirmək planını HƏMAS ilə atəşkəs və girovların azad olunmasına dair iyulda aparılmış danışıqların nəticəsiz qalmasından sonra bəyan edib. İndi vasitəçilər – Qətər ilə Misir Türkiyənin də fəal iştirakı ilə İsrail ordusunun genişmiqyaslı hücumlarının dayandırılmasına çalışır. Onlar hazırkı mərhələdə tərəflərə 60 günlük atəşkəs razılaşmasına getmələrini təklif edirlər. Bu müddətdə HƏMAS girovların yarısını azad etməli, yəhudi dövləti isə Qəzzadakı qüvvələrini «ərəblərin və amerikalıların nəzarəti ilə» oradan çıxarmalıdır. Bununla yanaşı, vasitəçilər HƏMAS-ın hərbi əməliyyatları tam dayandırmasını təmin etməli, bununla da, müharibəyə tam şəkildə son qoyulması istiqamətində danışıqlara başlanılmasına şərait yaratmalıdırlar. «Sky News» xəbər verir ki, məqsəd Binyamin Netanyahunu Qəzzanın işğalı üçün bütün bəhanələrdən məhrum etməkdir.
Görünən odur ki, HƏMAS bu planı qəbul edib, yaxud etməyə meyillidir. İsrail isə qismən razılıq təklifini qəbul etmir. O, bütün girovların azad olunmasını vacib sayır. Netanyahunun sözlərinə görə o, vasitəçilərdən bu istiqamətdə danışıqlara başlanılmasını istəyib: bütün girovlar azad olunmalı, müharibə «İsrail üçün məqbul şərtlərlə» dayandırılmalıdır. Təl-Əvivin əsas şərti isə HƏMAS-ın tam məhv edilməsi, yaxud ən azı Qəzzada onun hakimiyyətinə son qoyulmasıdır. Bəs Qəzza əhalisinin vəziyyəti? İsrail burada yaşayan mülki əhalinin qonşu ərəb ölkələrinə – Misir və İordaniyaya köçürülməsini təklif edir və Vaşinqton onun bu planını dəstəkləyir.
İsrailin hərbi əməliyyatlara başlamasından bu yana təxminən 1 milyon fələstinli yaşayış yerindən köçürülüb. BMT-nin məlumatına görə, bu il avqustun 20-dən etibarən təxminən 5 min fələstinli məcburi qaydada Qəzzanın şimalından mərkəzi və cənub bölgələrinə köçürülüb. Şəhərin tam işğalı planı həyata keçirilərsə, hazırda orada yaşayan təxminən bir milyon insan məcburi köçkünə çevriləcək. İsrail hədəfinin bu olduğunu gizlətmir. HƏMAS Qəzza şəhərinin və anklavın şimal hissəsinin əhalisini yaşayış yerlərini HƏMAS-ın «son istehkamlarının məhvindən əvvəl» tərk etməyə çağırıb. Bununla yanaşı, yəhudi dövləti beynəlxalq təşkilatları Qəzza şəhərinin bütün sakinlərinin sektorun cənubundakı sığınacaqlara köçürülməsi üçün hazırlıq görməyə səsləyir.
Amma bu addımlar İsrailin hərbi əməliyyatlarına beynəlxalq münasibəti daha da pisləşdirir. Mülki fələstinlilərin əzabları, ölümü dünya ictimaiyyətinin İsraili getdikcə daha sərt tənqid etməsinə səbəb olur. Təl-Əvivin ənənəvi müttəfiqləri – Avropanın aparıcı dövlətləri belə, Qəzza faciəsinin tezliklə dayandırılmasının vacibliyini bildirir, İsrailə silah tədarükünün dayandırılması ilə bağlı qərarlar qəbul edir, Fələstin dövlətini tanımağa hazır olduqlarını deyirlər. Bütün bunlar isə İsrail-Fələstin münaqişəsinin dünya ictimaiyyətinin qəbul, İsrailin isə rədd etdiyi «iki xalq üçün iki dövlət» prinsipi əsasında həllinin zəruriliyini bir daha ortaya qoyur. Dünyada Qəzzada atəşkəsin dərhal təmini, İsrailin hərbi əməliyyatları dayandırmasına dair ümumi razılıq varsa, artıq bölgədə HƏMAS-ın hakimiyyətinə son qoyulması ətrafında da konsensus formalaşmaqdadır.
«The Wall Street Journal» yazır ki, Misir artıq Qəzzada münaqişənin bitməsindən sonra təhlükəsizliyin təminində iştirak edəcək fələstinlilərdən ibarət 10 minlik kontingentin hazırlanmasına başlayıb. Hesab olunur ki, gələcəkdə təhlükəsizliyin təminində əsas rolu Fələstin Milli Administrasiyasının güc strukturlarının təmsilçiləri, o cümlədən FƏTH hərəkatının tərəfdarları oynamalıdır. Bundan başqa, bölgədə nizam-intizamın təmin olunmasına Misir, İordaniya və BƏƏ kimi region dövlətlərinin silahlı qüvvələri də cəlb edilə bilər.
Hər halda, ərəb dünyasında Qəzzada HƏMAS-ın hakimiyyətinə son qoyulması, siyasi səhnədən birdəfəlik çəkilməsi tələbi getdikcə güclənir. Ərəb Dövlətləri Liqası hərəkatı tərk-silah olmağa, sektorda hakimiyyəti təhvil verməyə çağırıb.
Görünən odur ki, Qəzzada sülhə yalnız bu tələblərin yerinə yetirilməsi, eləcə də İsrailin sektorun işğalından, fələstinli əhalinin oradan köçürülməsi planından imtina etməsi ilə nail oluna bilər.
MƏSLƏHƏT GÖR:




114

