TÜRK ÜÇLÜYÜ AVAZADA YAXINLAŞIR
İlham Əliyevin səfəri və Türkmənbaşıda keçirilən üçtərəfli görüş ikitərəfli və regional əhəmiyyətli razılaşmalarla yadda qaldı
Müəllif: Natiq MƏMMƏDZADƏ
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana avqustun 22-də baş tutmuş işgüzar səfəri ikitərəfli münasibətlərin inkişafında vacib hadisəyə çevrilib. Amma məsələ bununla məhdudlaşmır. Belə ki, dövlət başçısı səfər çərçivəsində Türkmənistan və Özbəkistan prezidentləri ilə birlikdə üçtərəfli görüşdə də iştirak edib. Türkmənistanın kurort şəhəri olan Avazada keçirilən bu sammit türk dövlətlərinin getdikcə sürətlənən inteqrasiyası prosesinə növbəti töhfə olub.
Bakı ilə Aşqabad arasında strateji yaxınlaşma
Türkmənistan Xalq Məsləhətinin sədri, eyni zamanda türkmən xalqının milli lideri statusuna malik Qurbanqulu Berdıməhəmmədov bu il iyulun ortalarında Azərbaycana səfər etmişdi. Bu səfər iki ölkə arasında əməkdaşlığın yeni, strateji səviyyəyə qalxması ilə yadda qalıb. Səfər zamanı Berdıməhəmmədov Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə – Füzuli və Şuşaya da baş çəkmiş ölkəsinin Qarabağın bərpasında iştirak etmək niyyətini dilə gətirmişdi.
Artıq həmin səfər zamanı aydın olmuşdu ki, iki ölkə arasındakı münasibətlərdə uzun illər davam edən soyuqluq bir qədər aradan qalxıb. Xatırladaq ki, bu soyuqluq SSRİ-nin dağılmasından və ölkələrin müstəqil inkişaf yoluna qədəm qoymasından sonra müşahidə olunmaqda idi. Onun əsas səbəbi isə Xəzər dənizində Azərbaycan və Türkmənistan sektorlarının kəsişdiyi ərazidə yerləşən böyük neft-qaz yatağı idi. İki ölkə «Kəpəz» adlanan (türkmənlər onu «Sərdar» adlandırır) bu yataq uğrunda xeyli müddət mübahisə edib. Lakin 2021-ci il yanvarın 21-də tərəflər qarşılıqlı anlaşma memorandumu imzalamaqla, yatağa «Dostluq» adı verib. Həmin il fevralın 25-də isə yatağın kəşfiyyatı, işlənilməsi və istifadəsi üçün hökumətlərarası sazişin hazırlanması məqsədilə işçi qrupu yaradılıb.
Siyasətçilər və ekspertlər «Dostluq» yatağı ilə bağlı razılaşmanın əldə olunmasını regionda enerji müxtəlifliyinin təmini, türkmən qazının Avropa bazarlarına çıxarılmasına hesablanmış mühüm layihə olan trans-Xəzər Qaz Kəmərinin çəkilməsi yolunda dönüş nöqtəsi kimi qiymətləndiriblər.
İlham Əliyevin Türkmənbaşıya səfəri isə iki ölkə münasibətlərində əldə olunmuş irəliləyişi bir daha ortaya qoyub. İki ölkə liderləri bəyanatlarında Azərbaycan-Türkmənistan yaxınlaşmasının tarixi və mədəni əsaslarına xüsusi diqqət çəkiblər. «Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar», - deyə İlham Əliyev bildirib. Qurbanqulu Berdıməhəmmədov isə deyib: «Ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk».
İlham Əliyevin Türkmənbaşıya səfəri zamanı imzalanmış protokol iki ölkə arasında qardaşlıq münasibətlərinin parlaq nümunəsi sayıla bilər. Söhbət Azərbaycanın Füzuli şəhəri ilə Türkmənistanın Arçadaq şəhərlərinin qardaşlaşmasını nəzərdə tutan sənəddən gedir. Bundan başqa, İlham Əliyev Berdıməhəmmədovun bir ay əvvəl Füzulidə olarkən orada məscid tikintisilə bağlı verdiyi təklifi, üstəlik, bunun üçün memarlıq təsvirinin tez bir zamanda hazırlanmasını yüksək qiymətləndirib. «Bu, türkmən xalqının, Türkmənistan liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür», - deyə İ.Əliyev qeyd edib.
İkitərəfli münasibətlər enerji sahəsində də möhkəmlənir. Xəzər dənizinin karbohidrogen resurslarının Qərb bazarlarına çıxarılmasına dair razılaşmaların təsdiqi bunun göstəricisidir. Bundan başqa, İlham Əliyev bildirib ki, «nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var - Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir».
Aydın görünür ki, Bakı ilə Aşqabad Avrasiya məkanında əsas nəqliyyat-kommunikasiya dəhlizi və logistika mərkəzi yaratmağı hədəfləyirlər. Bu işdə təməl rolu isə iki ölkədə qurulmuş müasir logistika infrastrukturu oynayır – dəniz limanları, hava limanları və dəmir yolları. Bu iddialı geoiqtisadi təşəbbüs Azərbaycan, Türkmənistan və Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaranmasında da özünü göstərir.
«Üçlük» formatı, Avrasiya kommunikasiyası və ümumtürk inteqrasiyası
Avqustun 22-də Avazada Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksək səviyyəli görüş keçirilib. Görüşə İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədov ilə yanaşı, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev də qatılıb.
Berdıməhəmmədov deyib: «Bu gün Türkmənistan, Azərbaycan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlıq edir və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də bir-birinin təşəbbüslərini dəstəkləyir. Ölkələrimizin iqtisadi əməkdaşlıq baxımından potensialını nəzərdən keçirdik ki, bu da təkcə bizim deyil, bütün Avrasiya regionunun inkişafına töhfə verir».
Özbəkistan Prezidenti görüşün nəticələrini yüksək qiymətləndirərək bildirib ki, «bizim görüşümüz xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi. Coğrafi mövqeyi, iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələri nəzərə alaraq belə bir əməkdaşlıq hamımız üçün faydalı olacaq». Bununla yanaşı, Mirziyoyev xüsusi vurğulayıb ki, «mürəkkəb qlobal siyasi proseslər və dəyişkən dünyanın iqtisadi konyunkturu şəraitində tərəfdaşlığımız dayanıqlı inkişafın təmin olunmasına yönəlib».
Azərbaycan Prezidenti öz növbəsində, regionumuzda yeni çox perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatının yarandığına əminliyini bildirib: «Artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin».
Söhbət əslində təkcə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsindən yox, həm də bu formatın bütövlükdə Avrasiya məkanında proseslərə istiqamət verəcək geoiqtisadi elementlərdən birinə çevrilməsindən gedir. Bu, ilk növbədə, nəqliyyat sahəsinə aiddir. Qurbanqulu Berdıməhəmmədov bildirib ki, üç ölkə Böyük İpək Yolunun bərpası üçün Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirməyə dair razılığa gəlib. «Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdik», - deyə o, qeyd edib.
Bu kontekstdə tranzit dəhlizlərinin inkişafı, Bakı və Türkmənbaşı limanlarının imkanlarının birləşdirilməsi, dəmir yolu xətlərinin inteqrasiyası, bərə daşımalarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hesab edir ki, qeyd olunan məsələlər region ölkələrinin iqtisadiyyatını gücləndirəcək, Avropa ilə Asiyanı birləşdirən yeni ticarət marşrutlarının daha səmərəli fəaliyyətinə şərait yaradacaq.
Azərbaycanın dövlət başçısı İlham Əliyev isə diqqəti Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Azərbaycan, Türkmənistan və Özbəkistanın əlverişli geostrateji mövqeyinə çəkib, bu mənada bu ölkələrin qarşısında nəqliyyat-tranzit sahəsində yeni vəzifələrin, yeni imkanların açıldığını söyləyib. İlham Əliyevin Avropa ilə Asiyanın nəqliyyat-kommunikasiya birliyi kontekstində qeyd etdiyi imkanların mühüm komponentlərindən biri, şübhəsiz ki, Zəngəzur dəhlizi olacaq.
Bundan başqa, Azərbaycan, Türkmənistan və Özbəkistan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər. Söhbət istər karbohidrogen ehtiyatlarının birgə işlənməsindən, istər «yaşıl» elektrik enerjisinin ixracına dair perspektivli layihələrin icrasından gedir.
Xüsusi qeyd olunmalıdır ki, tərəflər maliyyə sahəsində də əməkdaşlığa diqqət ayırır. Bu çərçivədə yeni investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulur.
Bütün bu təşəbbüslər regional inteqrasiyanın intensivləşməsinə xidmət edir, Cənubi Qafqazla Mərkəzi Asiyaya Avrasiya miqyasında özünü təmin edən mərkəz statusu qazandırmağı hədəfləyir.
Avazada keçirilmiş üçtərəfli görüşün nəticələrindən danışarkən onun ümumtürk cəhətini də önə çəkmək lazımdır. Bu isə yalnız geoiqtisadi deyil, həm də perspektivli geosiyasi amildir. Yeri gəlmişkən, bu amilin Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi qələbə sayəsinəd fəallaşdığı da vurğulanmalıdır. Bu amil Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində institusional səviyyədə də təsbit olunub. Azərbaycanla Özbəkistan bu qurumda Türkiyə, Qazaxıstan və Qırğızıstanla birlikdə tamhüquqlu üzv, Türkmənistan isə elan etdiyi neytrallıq prinsipinə uyğun olaraq, müşahidəçi statusundadır.
Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli formatının təşəkkül tapması TDT-nin güclənməsi və ümumtürk inteqrasiyası məntiqinə tam uyğundur. Konkret olaraq Azərbaycanın timsalında bu, bir daha onu göstərir ki, qardaş türk dövlətləri ilə əməkdaşlıq və inteqrasiya Cənubi Qafqazın lideri və Avrasiyanın strateji keçid nöqtəsində yerləşən Bakının xarici siyasi prioritetlərindən biridir.
MƏSLƏHƏT GÖR:




123

