5 Dekabr 2025

Cümə, 09:59

STATUSUN ARTMASI

Bakı ŞƏT sammitində Orta Dəhliz və yeni logistika marşrutlarının əhəmiyyətini vurğulayaraq, xarici siyasi prioritetlərini bəyan edib

Müəllif:

01.09.2025

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 31 avqust-1 sentyabr tarixlərində Çin Xalq Respublikasının Tiencin şəhərində növbəti uğurlu sammitini keçirib. O, təşkilatın tarixinə iştirak edən dövlət başçılarının sayına görə ən geniş tərkibli sammit kimi düşüb. «Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir» şüarı altında keçirilən tədbirdə 20-dən artıq ölkənin və 8 beynəlxalq təşkilatın rəhbərləri iştirak ediblər. Qonaqlar sırasında Azərbaycan Prezidenti İlham Əliyev də olub. Sammitin əhəmiyyətini artıran məqamlardan biri isə ŞƏT-in yaranmasının 24-cü ildönümünün qeyd edilməsi, təşkilat tarixində ilk dəfə olaraq, üzv ölkələrin hamısının bir araya gəlməsi idi – Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi daxil olmaqla.

 

Gələcəyin gündəliyi: ŞƏT 2035-ci ilədək

2001-ci ildə yaradılmış ŞƏT-də Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus yer alırlar. Bununla yanaşı, Əfqanıstan və Monqolustan təşkilatın müşahidəçi üzvləridirlər. Orada dialoq üzrə tərəfdaş ölkələr də var: Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka. İndiyədək ŞƏT-in 23 sammiti keçirilib. Onlardan 5-i Çinin sədrliyi ilə baş tutub.

Beynəlxalq və regional təşkilatların fəal iştirakçısı olan Azərbaycan son illər ŞƏT ilə əməkdaşlığı da genişləndirir. Azərbaycana bu qurumda dialoq üzrə tərəfdaş statusunun verilməsi qərarı 2015-ci ilin iyulunda qurumun Uva şəhərində keçirilən toplantısında qəbul edilib, mövcud əməkdaşlıq sahələri isə 2016-cı ildə imzalanmış memoranduma əsaslanır. Bu dövr ərzində Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə yer alıb.

ŞƏT ilə bağlı bəzi maraqlı məqamlara nəzər salaq: üzv ölkələrin ümumi ərazisi 35-36 milyon kvadrat kilometrdən çoxdur – bu, Avrasiya qitəsinin təxminən 65%-i deməkdir. Təşkilata üzv ölkələrin əhalisinin ümumi sayı isə 3,4-3,6 milyard nəfərdir. Yəni Yer kürəsi əhalisinin 40-47%-i. 2024-cü ildə ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsinin həcmi bütünlükdə dünya ticarətinin dörddə birinə bərabər olub. Dünyanın ÜDM-in 24-25%-i də bu qurumda birləşmiş ölkələrin payına düşür. Üzv və assosiativ üzv dövlətlərin alım gücünə əsasən 2025-ci ildə onların birgə ÜDM-in 82 trilyon dollar təşkil edəcəyi proqnozlaşdırılır.

Bu sammitin əsas mövzuları beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıqla mübarizənin təkmilləşdirilməsi, beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi, terrorçuluqla mübarizə üzrə ixtisaslaşmış mərkəzlərin yaradılmasının sürətləndirilməsi olub. Tiencində təşkil olunmuş iki günlük sammit çərçivəsində liderlər təşkilatın qarşıdakı 10 ildəki fəaliyyətini müəyyənləşdirən 20 strateji qərardan ibarət geniş sənədlər paketini qəbul ediblər. Toplantının əsas nəticələrindən biri Tiencin Bəyannaməsi olub. Bəyannamədə üzv dövlətlərin aktual regional və beynəlxalq problemlərə ortaq yanaşmaları əks olunub, təşkilatın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə məqsədlər yer alıb. Sənəddə ŞƏT ölkələri beynəlxalq inkişaf məsələlərinin bloklararası qarşıdurmaya əsaslanmayan yollarla həllinə sadiq olduqlarını bildiriblər.

Çində qəbul olunmuş əsas sənədlərdən biri isə ŞƏT-in 2035-ci ilə qədər inkişaf strategiyasıdır. Sənəd qurumun uzunmüddətli prioritetlərini müəyyən edir. Bundan başqa, 2023-2030-cu illər üçün ekstremis ideologiyalara qarşı mübarizə proqramı, həmçinin eyni dövrdə enerji sahəsində əməkdaşlığın inkişafına dair «yol xəritəsi» də təsdiqlənib.

Əhəmiyyətli qərarlardan biri də Laos Xalq Demokratik Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi olub. Bu, təşkilatın Cənub-Şərqi Asiyada artan nüfuzunun göstəricisidir. ŞƏT-in MDB yanında müşahidəçi statusu alması isə postsovet məkanında iki qurum arasında əlaqələrin güclənməsinə xidmət edir.

Sammitdə təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb. ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzi, həmçinin Üzv dövlətlərin təhlükəsizliyinə təhdid və çağırışlara qarşı mübarizə üzrə Universal Mərkəzin yaradılması haqqında razılıq əldə edilib.

ŞƏT ölkələrinin liderləri İkinci Dünya müharibəsinin başa çatmasının və BMT-nin yaranmasının 80 illiyi ilə bağlı bəyanat da qəbul edib, təşkilatın beynəlxalq hüquq və çoxtərəfli diplomatiya prinsiplərinə sadiqliyini vurğulayıblar.

Sammit çərçivəsində qəbul edilən sənədlərin əhəmiyyətli bir hissəsi isə iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunub. Rəqəmsal iqtisadiyyat, dayanıqlı enerji inkişafı, «yaşıl» sənaye sahəsində əməkdaşlıq, çoxtərəfli ticarət sisteminin dəstəklənməsi kimi mövzularda birgə bəyanatlar qəbul edilib.

İnnovativ inkişaf da xüsusi diqqət mərkəzində olub. ŞƏT liderləri süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, elmi-texniki və innovativ əməkdaşlıq üzrə birgə bəyanat imzalayıblar.

 

«ŞƏT plyus»

Tiencin sammiti çərçivəsində «ŞƏT plyus» formatında yüksək səviyyəli görüş də keçirilib. Bu format danışıqlar masası ətrafına maraqlı tərəflər olan çoxsaylı tərəfdaşların toplanmasına imkan verib. Görüşə müşahidəçi dövlətlərin və tərəfdaş təşkilatların nümayəndələri, o cümlədən Azərbaycan, Ermənistan, Misir, Türkiyə, Monqolustan, BMT, ASEAN, MDB, KTMT kimi qurumlar da dəvət almışdılar.

Çin Xalq Respublikasının Sədri Si Cinpin təşkilat üzvlərini xarici siyasətin əsas prinsiplərinə sadiq qalmağa çağırıb. O bildirib ki, ŞƏT üzvləri hər hansı bloka qoşulmamaq, qarşıdurmalardan yayınmaq kimi prinsiplərə bundan sonra da sadiq qalmalıdırlar. Cinpin təşkilatın fəaliyyətinin üçüncü tərəflərə yönəlməməsinin vacibliyini də vurğulayıb. O, daha ədalətli dünya düzəninin qurulmasına yönəlmiş qlobal idarəetmə təşəbbüsü ilə çıxış edib.

Toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı Pekin tərəfindən beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa xidmət məqsədilə irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir. «Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq», - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev çıxışında Azərbaycanın regionda Çinin etibarlı tərəfdaşı olduğunu söyləyib. Azərbaycanın beynəlxalq və regional sülhə, təhlükəsizliyə töhfə verdiyini vurğulayan İlham Əliyev, eyni zamanda Bakının miqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirdiyini də xatırladıb. O, Azərbaycanın Çin Sədrinin təşəbbüsü ilə irəli sürülmüş «Bir kəmər, bir yol» layihəsini dəstəkləyən ilk ölkələrdən olduğunu da bildirib. Dövlət başçısı bu istiqamətdə ciddi praktiki layihələrin icra olunduğunu yada salıb.

Bundan başqa, Prezident yaxın vaxtlarda Zəngəzur dəhlizinin Orta Dəhlizin, həmçinin Şimal-Cənub dəhlizinin daha bir mühüm hissəsinə çevriləcəyini, bunun isə sülh və çoxtərəfli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini deyib. İlham Əliyev bildirib ki, Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Azərbaycan vasitəsi ilə Avropaya birləşdirən etibarlı, təhlükəsiz marşrutdur. 2022-ci ildən etibarən bu dəhliz vasitəsi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi təxminən 90% artıb, daşımaların müddəti isə xeyli azalıb: «Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək».

 

Strateji miqyaslı tərəfdaşlıq

Azərbaycan Prezidentinin Çin səfərinin əsas hadisələrindən biri əlbəttə ki, onun Si Cinpin ilə görüşü olub. Görüşdə İlham Əliyevi «əziz dost» adlandıran Çin lideri ona dəvəti qəbul edərək «ŞƏT plyus» formatında sammitə, eləcə də Çin xalqının xarici hərbi müdaxilə və faşizm üzərində qələbənin 80 illiyi münasibətilə təşkil olunmuş mərasimə və hərbi parada qatıldığına görə təşəkkürünü bildirib.

Si Cinpin Azərbaycanla Çin arasında 30 ildən artıqdır uğurlu əməkdaşlığın qurulduğunu, hazırda ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini söyləyib. Çin Sədri ikitərəfli ticarət dövriyyəsinin artımını, enerji, o cümlədən bərpa olunan enerji sahəsində, rəqəmsallaşma istiqamətində əməkdaşlığın genişləndiyini vurğulayıb. Cinpin Bakı-Pekin əməkdaşlığının «Bir kəmər, bir yol» layihəsi çərçivəsində də möhkəmləndiyini deyib, Çin mallarının Azərbaycan ərazisi vasitəsilə daşınmasının əhəmiyyətinə diqqət çəkib, bu kontekstdə trans-Xəzər marşrutunun rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, Çin Azərbaycanın ŞƏT ilə əlaqələri genişləndirməsini dəstəkləyir. Cinpin ölkəsinin Azərbaycanın suveren inkişaf modelinə də dəstəyini dilə gətirib, Pekinin digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu söyləyib.

İlham Əliyev isə öz növbəsində, Çinə dövlət səfərini məmnunluqla xatırlayaraq həmin səfər çərçivəsində keçirilmiş görüşlərin, Si Cinpin ilə dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini bildirib. Prezident iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sənədinin əhəmiyyətini vurğulayıb, bildirib ki, Çin ilə münasibətlərin inkişafı Bakının xarici siyasətinin prioritet istiqamətlərindəndir.

İlham Əliyev iki ölkə arasında ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə artdığını da diqqətə çatdırıb. Xüsusilə «Bir kəmər, bir yol» layihəsindən danışan dövlət başçısı Çin yüklərinin Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən keçməklə daşınmasındakı artımı vurğulayıb, bunu layihənin səmərəliliyinin və cəlbediciliyinin göstəricisi kimi qiymətləndirib.

Görüşdə iki ölkə arasında viza rejiminin ləğvi ilə son zamanlar turizm sahəsində də əlaqələrin inkişaf etməkdə olduğu vurğulanıb.

Azərbaycan Prezidenti səfər çərçivəsində Çinin aparıcı iqtisadi qurumlarının rəhbərləri ilə də bir sıra vacib müzakirələr aparıb. Məsələn, «CCCC» («China Communications Construction Company») şirkətinin sədri Son Haylian ilə görüşdə trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı, bu şirkətin Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsinin tikintisində iştirakı məsələsi müzakirə olunub. Tərəflər nəqliyyat infrastrukturu, o cümlədən metrostansiyalarının inşası, avadanlıq istehsalı, şəhər nəqliyyatının kompleks inkişafı, Azərbaycanın tranzit potensialının artırılması kimi məsələləri də müzakirə edib. Haylian bildirib ki, onlar Abşeron yarımadasındakı göllərin təmizlənməsi və bərpası ilə bağlı konseptual təkliflər təqdim etməyə hazırlaşırlar.

«CETC» («China Electronics Technology Group Corporation») şirkətinin baş direktoru Cu Pen ilə görüşdə milli idarəetmə sisteminin rəqəmsal texnologiyalar vasitəsilə müasirləşdirilməsi, rəqəmsal nəqliyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyi, kibertəhlükəsizlik və data tətbiqlərinin istifadəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

«Sichuan Sunsync Photovoltaic Technology Co» şirkətinin rəhbəri Sie İ ilə görüşdə isə Ələt Azad İqtisadi Zonasında yüksək texnologiyalı günəş panellərinin istehsalı ilə məşğul olacaq müəssisənin yaradılması və onların dünya bazarlarına ixracı imkanları haqda fikir mübadiləsi aparılıb. Sie İ bildirib ki, onlar Azərbaycana investisiya yatırmaq qərarını iki ölkə arasındakı strateji münasibətləri nəzərə alaraq qəbul ediblər.

Dövlət başçısının daha bir görüşü «China Energy Engineering Corporation Limited» («Energy China») şirkətinin rəhbəri Ni Cen ilə olub. Görüşdə SOCAR daxil olmaqla, Azərbaycanla məhsuldar əməkdaşlıqdan məmnunluq ifadə edilib. Qeyd edək ki, bu əməkdaşlıq alternativ və bərpa olunan enerji sahəsindəki layihələri əhatə edir. Bu kontekstdə «Energy China» şirkəti ilə Azərbaycanda «yaşıl» enerji sahəsində əməkdaşlıq, o cümlədən günəş və dəniz külək elektrik stansiyalarının inşası imkanları müzakirə edilib. Ni Cen Azərbaycanda tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su resrurslarının idarə edilməsinin optimallaşdırılması, su hövzələrində fotovoltaik panellərin birgə tikintisi kimi yeni layihələrin reallaşdırılmasında maraqlı olduqlarını söyləyib.

 

Sammit bir fürsət kimi

Tiencində təşkil olunmuş yüksək səviyyəli görüş bir sıra mühüm müzakirələrin aparılmasına imkan yaradıb. Məsələn, Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə SOCAR və Türkiyənin BOTAŞ şirkəti arasında əməkdaşlığı müzakirə ediblər. Bu kontekstdə Azərbaycan qazının Qətərin maliyyə dəstəyi və Türkiyə ərazisindən Suriyaya nəqlinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda prezidentlər Azərbaycanla Türkiyənin digər ölkələrdə həyata keçirdikləri birgə layihələri də müzakirə edib, Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyətini vurğulayıblar. Görüşdə Azərbaycanda, o cümlədən Naxçıvan bölgəsində həyata keçirilən dəmir yolu layihələri ilə bağlı da fikir mübadiləsi aparılıb.

Əliyev ilə Ərdoğan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini də müzakirə ediblər. Bu kontekstdə Ankaranın regional məsələlərdəki sabitləşdirici rolu yüksək qiymətləndirilib. Görüşdə Türk Dövlətləri Təşkilatının bu il Azərbaycanda keçiriləcək sammitinin əhəmiyyəti də vurğulanıb.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İlham Əliyev ilə görüşündə bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Bakının İslamabada dəstəyinə, onunla həmrəyliyinə görə minnətdarlığını bildirib. Azərbaycana səfərini məmnunluqla xatırlayan Şərif Laçında Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında keçirilmiş üçtərəfli görüşün əhəmiyyətini də bir daha dilə gətirib.

Prezident İlham Əliyev isə öz növbəsində, Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunmuş məsələlərin reallaşdırılması istiqamətində addımların atıldığını söyləyib.

Pakistanın Baş naziri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının, sülh gündəliyinə keçilməsinin tarixi əhəmiyyətini vurğulayıb, İlham Əliyev isə bu sülh gündəliyi çərçivəsində əldə olunmuş uğurlardan danışıb. Dövlət başçısı Vaşinqtona etdiyi son səfərin Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından dah böyük əhəmiyyət daşıdığını deyib, Birləşmiş Ştatların Prezidenti Donald Trampın bu prosesdəki rolunu vurğulayıb.

ŞƏT sammiti çərçivəsində İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyan ilə də görüşüb. Onlar Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib, konstruktiv dialoqun, qarşılıqlı etimadın, regional sabitliyin vacibliyini vurğulayıblar. Hər iki lider Vaşinqtonda əldə olunmuş müsbət dinamikanı qeyd edib, həmin görüşün sülhə, münasitbətlərin normallaşması prosesinə beynəlxalq dəstək ifadə etdiyini bildirib. Tərəflər təmasların davam etdirilməsi haqda razılığa da gəlib.

Azərbaycan Prezidentinin Çində daha bir görüşü Maldivin dövlət başçısı Məhəmməd Muizzu ilə olub. Görüşdə iki ölkə arasında turizm əlaqələrinin və xalqlar arasında təmasların genişlənməsi baxımından böyük potensialın olduğu vurğulanıb. Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyi, orada siyasi məsləhətləşmələr apardığı, ticarət-iqtisadi və investisiya sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu xatırlanıb. Görüşdə Azərbaycandan Maldivə birbaşa aviareyslərin turizmin inkişafındakı rolu da qeyd edilib, viza rejiminin sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahəsində əməkdaşlıq, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi haqda fikir mübadiləsi aparılıb. Məhəmməd Muizzu İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib, Azərbaycanın dövlət başçısı isə dəvəti məmnunluqla qəbul etdiyini bildirib.

İlham Əliyev ŞƏT çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə də bir araya gəlib. Tərəflər «yaşıl» enerji sahəsi daxil olmaqla, müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığın olduğunu qeyd edib, Orta Dəhliz çərçivəsində gələcək əməkdaşlıq, metro tikintisi, su ehtiyatları sahəsində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıb. İlham Əliyev ilə Cin Liqun sonda strateji tərəfdaşlığa dair imzalanmış birgə bəyannamə haqda da danışıblar.

Beləliklə, ŞƏT-in Tiencin sammiti təşkilatın inkişafında mühüm mərhələyə çevrilib, onun davamlı inkişafa, təhlükəsizliyə və texnoloji irəliləyişə sadiqliyini təsdiqləyib. Sammit çərçivəsində qəbul edilmiş sənədlər uzunmüddətli gündəmi müəyyənləşdirməklə yanaşı, dəyişən dünya düzənində ŞƏT-in güc mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir. Bu mənada qurumun tərəfdaş ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığı genişləndirməsi xüsusi diqqət çəkir. Bakı da öz növbəsində, ŞƏT-də daha fəal rol oynamağa artan marağını ortaya qoyur. O, təşkilatı siyasi dialoq, iqtisadi təşəbbüslər və enerji layihələri üçün mühüm platforma kimi qiymətləndirir. Bu kontekstdə Azərbaycanın təşkilatda iştirakının dərinləşdirilməsi ŞƏT-in genişlənməsi və balanslı inkişaf strategiyası ilə tam uzlaşır.



MƏSLƏHƏT GÖR:

160