5 Dekabr 2025

Cümə, 09:02

KEYFİYYƏTƏ APARAN YOL

Təhsil: islahatlar, infrastruktur və gələcəyə hazırlıq

Müəllif:

15.09.2025

Azərbaycanın təhsil sistemində nəzərəçarpacaq dəyişikliklər baş verir. Elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin başlaması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib ki, son illərdə ölkədə təhsilin səviyyəsini qənaətbəxş səviyyəyə qaldırmaq mümkün olub, istər məktəblərdə, istər uşaq bağçalarında artıq bir sıra təşəbbüslərin nəticələri hiss olunmaqdadır. Məqsəd bu nəticələri «yaxşı» səviyyəyə çatdırmaqdır. Nazirin sözlərinə görə, islahatlar məktəblilərin müasir bilikləri təhlükəsiz, rahat mühitdə əldə edə bilməsinə, təhsil müəssisələrinin isə sadəcə dərsin keçirildiyi yer deyil, imkanlar mərkəzinə çevrilməsinə yönəlib.

 

Təhlükəsiz məktəb

Atılan önəmli addımlardan biri infrastrukturun yenilənməsidir. Qarşıdakı illərdə ölkədə təxminən 600 yeni məktəbin tikilməsi, 400-dən artıq köhnə məktəb binasının ya əvəzlənməsi, ya da müasirləşdirilməsi planlaşdırılır. Bu, xüsusilə təhlükəsiz, müasir məktəblərin az olduğu bölgələr üçün böyük əhəmiyyət daşıyır. Orada hər bir şagird geniş sinif otaqları, rahat şərait arzusundadır.

Diqqət çəkən layihələrdən biri isə «Məktəb avtobusu» layihəsidir. Uşaqlar üçün baryerləri azaldan bu layihə hazırda yol hərəkətinin sıx olduğu ərazilərdə yerləşən bəzi məktəblərdə sınaqdan keçirilir. Bununla yanaşı, 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində Bakı və ətraf ərazilərdə bu cür avtobumlardan istifadə nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bu, regionlararası əlaqəni təmin edəcək güclü alətdir. Marşrutların hazırlanmasına, pilot layihələrin icrasına artıq start verilib və bu təşəbbüs tədricən yeni rayonları da əhatə edəcək.

İslahatlar təhsilin məzmununu da əhatə edir. Nazir bildirib ki, tarix və digər fənlər üzrə daha rahat anlaşılan dildə yazılmış dərsliklərin olması vacibdir. Yəni dərsliklərin dili elə olmalıdır ki, uşaq oxuduğunu daha asan anlasın, maraqla mənimsəsin. Eyni zamanda, məktəb proqramı öyrənməyə marağı artırmalı, milli tarix biliklərini artırmalıdır. E.Əmrullayev bildirib ki, ötən il 147 təhsil müəssisəsində tədris prosesinin optimallaşdırılması və resurslardan daha səmərəli istifadə məqsədilə rasionallaşdırma tədbirləri həyata keçirilib.

İndi profil təhsilinə xüsusi diqqət ayrılır. Orta və profil təhsili məktəblərlə universitetlər arasında bağlayıcı halqa rolunu oynayır. Nazirin fikrincə, bu, şagirdlərdə zəruri bilik və bacarıqların formalaşmasına, universitetlərin isə daha hazırlıqlı tələbələr qəbul etməsinə imkan verir. Bu yanaşma eyni zamanda nəsil pillələri arasında təbii ardıcıllığı təmin edir, prosesi daha effektiv edir.

Gimnaziya və lisey şəbəkələrinin inkişafına gəlincə, nazir son dörd ildə belə təhsil müəssisələrində oxuyanların sayının iki dəfə artdığını söyləyib. Yalnız bu il 4784 şagird məhz ixtisaslaşmış təhsil müəssisələrinə qəbul olunub. Hazırda Azərbaycanda 39 təhsil liseyi və gimnaziya fəaliyyət göstərir, artan əhali tələbatına uyğun olaraq, onların sayının artırılması planlaşdırılır.

 

Hər şeyi kadrlar həll edir

Təhsil sistemi rəqəmsallaşma və pedaqoji təcrübənin müasirləşdirilməsi istiqamətində də inkişaf edir. Yeni metodların tətbiqi, müəllimlərin sertifikatlaşdırılması, kadrların peşəkarlığının artırılması uzunmüddətli dövrdə təhsilin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. Bu işdə isə balans vacibdir: islahatlar təhsil prosesinin bütün iştirakçıların maraqlarını nəzərə almalıdır – şagirdlərdən valideynlərə və müəllimlərədək.

Azərbaycan tədricən beynəlxalq arenada da mövqeyini möhkəmləndirir. Bu gün ölkə QS beynəlxalq reytinqində (universitetlərin qlobal reytinqi) Qafqazın liderləri cərgəsindədir. Bu, yalnız göstəricilərin yüksəlməsi yox, həm də ümumilikdə sistemin müasirləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir. Bu isə Azərbaycanın təhsil ölkəsi kimi nüfuzunun formalaşmasına imkan verir. Yəni, demək, ölkədə həm infrastrukturun inkişafına diqqət yetirilir, həm tədrisin keyfiyyətinə, həm də yeni yanaşmaların tətbiqinə.

Baş verən dəyişikliklər göstərir ki, Azərbaycanın təhsil sistemi dinamik yenilənmə prosesindədir. İslahatların hədəfi təhsilin maraqlı, təhlükəsiz və müasir şəkil alması, uşaqların məktəblərdə, universitetlərdə və həyatda faydalı olacaq biliklərə yiyələnməsidir.

Amma o da nəzərə alınmalıdır ki, ölkədə ciddi kadr çatışmazlığı və tədrisin keyfiyyətsizliyi də müşahidə olunur. Bunu, əlbəttə ki, yalnız sertifikatlaşdırma ilə çözmək mümkün deyil. Emin Əmrullayev bildirib ki, sertifikatlaşdırmadan keçmiş bəzi müəllimlər belə, yenə də «zəif dərs tədris edirlər». Demək, testlər keyfiyyətli metodikanı, mentorluğu və nəzarəti əvəzləyə bilməz. Misal kimi, bəzi məktəblərdə rus bölmələrinin bağlanmasını göstərmək olar. Bu, yalnız şagird qıtlığı ilə deyil, həm də ixtisaslı pedaqoqların çatışmazlığı ilə bağlıdır. Bununla yanaşı, nazir Azərbaycanda rus bölmələrinin bağlanmasının heç zaman müzakirə mövzusu olmadığını da söyləyib.

Kadr siyasəti çərçivəsində vəzifəsinin öhdəsindən gələ bilməyən 28 məktəb direktoru və 18 uşaq bağçası rəhbəri tutduğu postdan uzaqlaşdırılıb.

Beləliklə, yeni tələblərə sistemli hazırlıq olmadan işdən çıxarılmalar və cəzalar yalnız simptomatik olacaq. Pullu MIG imtahanları (müəllimlərin işə qəbulu) isə -

müəllimlik peşəsinə “giriş qiymətinin” artırılması, müəyyən subsidiyalar və güzəştlər verilmədikdə, aztəminatlı regionlardan olan müəllimlər üçün maneələri artıra bilər.  Bu mənada, standartlara cavab verməyənlər üçün məcburi, lakin pulsuz peşəkarlıq inkişafı kurslarının təşkili, təcrübəli müəllimlər tərəfindən mentorluq proqramlarının tətbiqi daha məqsədəuyğun olardı. Çünki məqsəd yalnız «ələkdən keçirmək» yox, həm də peşəkarlığın artırılmasıdır.

 

Nikbinlik və ehtiyatlılıq arasında balans

Nazirliyin irəli sürdüyü təşəbbüslər iddialı görünür və əslində problemləri düzgün şəkildə müəyyən edir: infrastruktur, əlçatanlıq, müəllimlərin məsuliyyəti və tədris materiallarının məzmunu. Uğur isə təbii ki, onların icrasından asılıdır. Müəllimlərin hazırlığı və dəstəyi təmin olunacaqmı? Regionlar üzrə təhsilin maliyyələşdirilməsi bərabər şəkildə həyata keçiriləcəkmi? Etno-mədəni xüsusiyyətlərlə iş diqqətlə aparılacaqmı? Bütün bunlar, əlbəttə ki, həlledici rol oynayacaq.

Sonda qeyd edək ki, yeni tədris ilində ümumi şagird sayı təxminən 1,6 milyon nəfərdir. Onlardan 552 mini ibtidai siniflərdə (1-4), 796 min nəfəri ümumi orta təhsil səviyyəsində (5-9), 246 mini isə tam orta məktəbdə (10-11) təhsil alır.


MƏSLƏHƏT GÖR:

81