25 Noyabr 2024

Bazar ertəsi, 08:36

AVROPA TƏRZİNDƏ ŞƏRQ KOLORİTİ

"Böyük Bakının Regional İnkişaf Planı"nda Azərbaycan paytaxtının inkişaf yolundakı əsas problemlərin həlli təklif olunur

Müəllif:

06.08.2013

Hələ 2008-ci ildə Azərbaycan hökuməti planlaşdırma şəhərsalma prosesini elmi əsaslanmış, rasional, effektli, uyğunlaşdırılmış istiqamətə yönləndirmək üçün "Böyük Bakının Regional İnkişaf Planı" (BBRİP) layihəsi üzərində işlərə başlamaq haqda qərar verib. Müəlliflərin planlarına görə, 2030-cu ilə qədər və ondan sonrakı dövrə hesablanmış layihə şəhər infrastrukturunu təşkil etməli və qaydaya salmalı, həmçinin paytaxtın ərazisində genişlənən kortəbii tikintini dayandırmalıdır.

Layihənin inkişaf planı dörd mərhələdən ibarətdir : məlumatların toplanması və təhlili; regionun inkişafının əsas sxeminin hazırlanması; Böyük Bakının İnkişaf Planının 1:25000 miqyasında hazırlanması; məhz Bakının torpağından istifadə etməklə planın hazırlanması;  Artıq  layihə üzərində işləyənlər  bu hazırlığın üçüncü mərhələsini yekunlaşdırıblar və işin nəticələri  əsasında hazırlanmış sənəd müvafiq strukturlarla müzakirə mərhələsindədir. Ümumilikdə, bu ilin sonuna kimi BBRİP-in yekun variantının təsdiq olunacağı planlaşdırılır.

 

Strateji sənəd

"Təəccüblü deyil ki, qanunvericilik aktları, real mexanizmlər və şəhərsalma fəaliyyətinin nizamlanma qaydaları, şəhərin tikilməsi və inkişafına görə son 10-15 ildə Bakının simasında kortəbii, idarəolunmaz proseslər baş verirdi. Bizim məlumatlarımıza görə, müstəqillik bərpa olunandan sonra 20 il müddətində Abşeron yarımadasında 15 min hektardan çox torpaq sahəsinin ərazisi xalq arasında "naxalstroylar" adlandırılan qeyri-mütəşəkkil məskunlaşmalarla tutuldu. Şəhərsalma və tikinti kodeksi 1 yanvar 2013-cü il tarixində qüvvəyə minənə qədər bu sahədə qanunvericilik bazası inkişaf etmirdi. Lakin indi nəinki kodeks, eləcə də konkret inkişaf planı əlimizdə varkən qəbul edilmiş və hazırlanmış şəhərsalma siyasətinin tərəfdarı olmalıyıq, torpaqdan istifadə qaydalarını ciddi şəkildə idarə etməliyik",- deyə "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin rəhbəri Novruz  Eldarlı bildirib.

BBRİP yerli icra hakimiyyəti orqanlarına işlərinin yeni strategiyasını hazırlamağa yardım etmək üçün hazırlanıb. Yeni kodeksə uyğun olaraq şəhər planlama üzrə işlərin yarısı yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə verilib. İndi onlara konkret planlamanın aparılmalı olduğu əsasda müfəssəl planlar hazırlamaq səlahiyyəti verilib.

"BBRİP- bu strateji, konseptual yox, müfəssəl plandır, yəni yerli icra hakimiyyətləri şəhərin ayrı-ayrı hissələrinin daha müfəssəl planlanması zamanı ona əsaslanmalı olacaqlar",- deyə N. Eldarlı qeyd edib. Belə ki, onun sözlərinə görə, Planın əsas məqsədlərindən biri yerli icra hakimiyyətlərinin maarifləndirilməsi, onların yanında gələcəkdə şəhərin inkişafı ilə tam şəkildə məşğul ola bilmələri üçün müvafiq strukturların yaradılmasıdır. Hazırkı mərhələdə yerli icra hakimiyyətləri səviyyəsində əsas tapşırıqlardan biri qəbul edilmiş və təsdiqlənmiş BBRİP əsasında şəhərsalma siyasətinin reallaşdırılması üçün torpaqdan istifadənin müasir standartları, savadlı kadrların hazırlanmasıdır. "Bu il biz ümumi plan qəbul edirik, yaxın üç ildə isə yerlərdə Bakı şəhərinin müvafiq ərazilərinin müfəssəl inkişaf planları hazırlanmalıdır", - deyə layihə rəhbəri əlavə edib.

 

Tıxac və maneələrə yox!

Sirr deyil ki, bu gün Bakının əsas problemlərindən biri hər yerdə yol-nəqliyyat maneələrinin olmasıdır ki, buna görə də şəhərsalma prosesinin təşkil edilməsi, bu məsələnin nizamlanması üzrə tədbirlər nəzərə alınmaqla son dərəcə mühümdür. İctimai nəqliyyatın inkişafı və təkmilləşdirilməsi, onun şəbəkəsinin genişləndirilməsi, keyfiyyətinin, rahatlığının yüksəldilməsi və əldə olunmasının yaxşılaşdırılması BBRİP-in baş xəttini formalaşdırır.

Bu gün paytaxt ərazisində 700 mindən çox ailə yaşayır, onların da 1 milyondan artıq şəxsi nəqliyyat vasitələri vardır. Bakıda bir ailəyə birdən çox avtomobil düşür, min nəfərə - 300-dən artıq. Novruz Eldarlının fikrincə, bu kifayət qədər yüksək göstəricidir, axı, əhalinin və avtomobil sahiblərinin sayının artması fonunda şəhərin mərkəzinin sahəsi artmır. Bundan başqa, Bakının tarixi mərkəzi hissəsi şəxsi avtonəqliyyatın istifadəsi nəzərə alınmadan planlaşdırılıb və təməli 1910-cu ildə qoyulub. Çoxlu küçə və keçidlər, o cümlədən bir neçə əsas şəhər yolları dalanla bitirlər, halbuki düzgün nəqliyyat planlaması zamanı yolun davamı olmalı və magistrala çıxmalıdır.

"Yollar Bakıda, şübhəsiz, kifayət qədər deyil. Şəhərin işlək hissəsinin şəhərin ümumi sahəsinə olan nisbətinə bərabər göstərici bizdə dünyada ən aşağı olanlar arasındadır. Bu gün ölkədə istər şəhərdə, istərsə də ondan kənarda yolların tikintisi üzrə irimiqyaslı işlər gedir. Bu, sevindirici faktdır, lakin bununla kifayətlənmək lazım deyil. Yolların genişləndirilməsindənsə, prinsipcə bu düzgün deyil, alternativ, paralel yolların yaradılması üçün onların sayının artırılmasına istiqamətlənmək lazımdır. Ona görə də Bakı ərazisində həm də küçə-yol şəbəkəsinin inkişafı nəzərdən keçirilir", - deyə N. Eldarlı bildirib.

Hərçənd mütəxəssislərin fikrincə, şəhərin mərkəzi hissəsini planlaşdırma şəhərsalma qərarları ilə yükləmək praktiki olaraq mümkün deyil. "Təxminən, 40-50 il bundan öncə Avropa şəhərləri də analoji problemlə üzləşmişdilər. Onlar belə qərara gəldilər ki, küçə və yolların yenidən planlaşdırılması ilə bu problemi həll etmək olmaz. Bu halda ancaq inzibati tədbirlər qəbul olunandır", - deyə layihə rəhbəri qeyd edib. Onun fikrincə, Bakının mərkəzin probleminin həll edilməsinin mümkün yollarından biri şəhərə fərdi avtomobil nəqliyyat vasitələrinin girişini məhdudlaşdırmaqdır. Amma bu, ictimai nəqliyyatın paralel olaraq inkişafı, onun şəbəkəsinin genişlənməsi, keyfiyyət və rahatlığının artırılması olmadan mümkün deyil.

BBRİP yeni ictimai nəqliyyat növləri-sürətli tramvaylar, yerüstü metropoliten, metrobuslar və s. tətbiq edilməsini, həm də təkcə şəhərin kənarlarında olmasını nəzərdə tutur. Xüsusən Bakıdan Heydər Əliyev Aeroportu, Sumqayıt və Ələt qəsəbəsinə kimi yeni yolların salınması planlaşdırılır. Nəqliyyat təşəbbüskarlarının rəyinə görə, şəhərətrafı qatarların da tətbiq olunması məqsədəuyğundur. "Avtomobillərin gündəlik istifadəsi 20 km-ə qədər məsafəyə əlverişli olmamalıdır. Avtomobil orta və uzun məsafədə (25 km və daha artıq) hərəkət üçün vasitə olmalıdır", - deyə qeyd edib.

 

Yaşayış məsələsi

Şəhərin digər ciddi problemi, əslində, yaşayış məsələsidir. BBRİP-ni hazırlayanların hesablamalarına görə, paytaxt sakinlərinin yaşayış şərtlərini yaxşılaşdırmaq üçün ildə, təxminən, 10 min mənzil tikilməlidir, halbuki bina tikənlər hər il istimara cəmi 6-6,5 min mənzil verir ki, bu da ancaq kommersiya mənzilləridir.

Layihəni hazırlayanlar hesab edirlər ki, problemin həllinin əsas yolu Azərbaycanda hələ mövcud olmayan sosial mənzillərin tikintisinə başlamaqdır. Belə evləri nəqliyyatın gələcək əsas yollardan biri boyunca, daha doğrusu, Sumqayıt-Xırdalan-Lökbatan-Ələt xətti boyu, eləcə də Bakının sənaye zonalarının bərpa olunmasından sonra azad olunacaq ərazilərdə yerləşdirmək olar.

Layihəyə əsasən, 2030-cu ilə qədər paytaxtda mənzil sahəsinin həcmi hər adama əvvəlki 17 kv. m əvəzinə 25 kv. metrə qədər çatdırılmalıdır. Plana görə bu müddət ərzində paytaxtın mənzil fondu 30 mln. kv. m artmalı və 65 mln.kv. m təşkil etməlidir. 

BBRİP - in yekun variantda şəhərin tarixi məhəllələrinin regenerasiyası, ayrıca binaların qorunub saxlanılması və onların funksional təyinatlarının transformasiya olunması üzrə təkliflər öz əksini tapacaq. Şəhərin tarixi hissəsi dedikdə, dəniz vağzalı, Bakı buxtası, Azneft meydanı, Nərimanov prospekti, Füzuli küçəsi və Dəmir yol vağzalı arasında yerləşən ərazilər nəzərdə tutulur. Bu ərazilərin yenidən bərpası və genişlənməsi paytaxt qonaqlarına yeni turizm marşrutları təklif edilməsinə imkan verəcək. 

"Ruhən şərq olan Bakı, formasına, memarlıq üslubuna, planlanma qaydalarına görə daha çox Avropa tipinə məxsusdur, o, elə bununla da unikaldır. Bu cür heyranedici vəhdət böyük zənginlikdir, bunu isə bizim əcdadlarımızın bu günə qədər bu mühiti, bu kolotiri qoruyub çatdırdıqları kimi gələcək nəsillər üçün də qoruyub saxlamaq lazımdır. Bu gün Bakıdan danışarkən biz, ilk növbədə, faktiki olaraq şəhərin siması olan və Azərbaycanın paytaxtının məşhur olduğu o, obrazı - onun tarixi hissəsini nəzərdə tuturuq. Bu kontekstdə tarixi irsin və təkcə ayrı-ayrı binalar deyil, həm də bütünlükdə küçələr, məhəllələr, meydanlar, yəni "köhnə Bakı"nın strukturunu təşkil edən hər şeyin qorunması aktual və vacibdir",- deyə layihə rəhbəri hesab edir.  

Bundan savayı, paytaxtın şəhərsalma planlanma tarixində ilk dəfə olaraq BBRİP-də ekoloji məsələlər də nəzərdən keçiriləcək - layihənin xüsusi bölməsi bütün Böyük Bakı ərazisində torpaq, hava və Xəzər akvatoriyasının ekoloji vəziyyətinin kompleks strateji qiymətləndirilməsini nəzərdə tutur. 

Bakı buxtasının nə qədər çirkli olması və ya şəhər ətrafında mədən torpaqları ilə vəziyyətin nə dərəcə ağırlığını görmək üçün alim, ya da mütəxəssis olmaq lazım deyil.

Bakı və ətraf ərazilərin ümumi inkişaf perspektivi nöqteyi-nəzərindən bu faktorlar onda ekoloqların iştirakının mühümlüyünü vurğulayır.

"Son 10-15 ildə Bakıda tullantılardan praktiki olaraq istifadə olunmurdu. Bizim mütəxəssislərimizin qiymətləndirmələrinə görə, Bakı ərazisində bərk tullantıların daşındığı 133 zibillik var, hərçənd onların 128-i qeyri-qanuni və idarə olunmayanlardır. Həmçinin kanalizasiya şəbəkəsi tullantılarının yarıdan çoxu da təmizlənmir - onları sadəcə olaraq Xəzər dənizinə və ya daxili göllərə axıdırlar. Əmələ gələn 560 mln.kub metr çirkab sularının 373 mln.kub metri təmizlənməmiş halda dənizə axıdılır. Bundan başqa, Bakı ətrafında neft mədən torpaqlarının da uzunmüddətli istismarı torpağın ekoloji nöqteyi-nəzərdən çox pis vəziyyətinə gətirib çıxardı", - deyə Novruz Eldarlı bildirib.

Bir sözlə, layihəni hazırlayanlar müasir Bakı üçün günün ən mühüm məsələlərini əhatə etməyə çalışıblar. Ən əsası, BBRİP-in konseptual yanaşması artıq çox yaxında, hazırlanmış müfəssəl planların konkret tələbləri sayəsində paytaxtın şəhərsalma inkişafının daha irimiqyaslı, lakin artıq tamamilə nəzarət edilə bilən prosesə çevrilməsinə ümid verir.


MƏSLƏHƏT GÖR:

734