5 Dekabr 2025

Cümə, 10:00

ƏBƏDİ RESURS

Havadan və dənizdən: Azərbaycanın gələcəyi üçün alternativ su mənbələri

Müəllif:

15.09.2025

Dünya sürətlə su böhranına doğru yaxınlaşır. İllik istehlak artıq 4 trilyon kubmetrə çatıb və su çatışmazlığını müxtəlif formalarda 3 milyarda qədər insan hiss edir. Su insan sağlamlığına, ərzaq təhlükəsizliyinə və qlobal iqtisadiyyatın dayanıqlılığına birbaşa təsir edən resurs olaraq qalır.

Məhz bu səbəbdən ekspertlər təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar: dayanıqlı texnologiyaların tətbiqindən tutmuş çirkab sularının təmizlənməsi və təkrar istifadəsinə, su idarəetməsi istiqamətində yeni yanaşmanın tətbiqinə qədər.

Su menecmenti strategiyalarının müzakirəsi qlobal prioritetə çevrilir. Ciddi müzakirələr üçün platformalardan biri Bakı Su Həftəsi (“Baku Water Week”) Forumu olub. Burada membran texnologiyalarından biotexnoloji həllərə qədər bütün aktual məsələlər geniş müzakirə edilib.

 

Milli yanaşma

Alimlərin hesablamalarına görə, 2100-cü ilə qədər dünya üzrə təxminən 250 milyon insan məhz su çatışmazlığı səbəbindən evlərini tərk etmək məcburiyyətində qalacaq. Ev təsərrüfatlarının su çatışmazlığı ilə üzləşdiyi yerlərdə gəlirlər, həmçinin həyat imkanları azalır. Hətta inkişaf etmiş ölkələrdə də iqlim dəyişiklikləri miqrasiyaya səbəb olur.

Azərbaycan Coğrafiya İnstitutunun elmi işçisi Rövşan Kərimov qeyd edib ki, su ehtiyatlarının çatışmazlığı insanları, məsələn, dağlıq rayonlardan aran rayonlarına köçməyə məcbur edir. Azərbaycan quraq iqlimə malik ölkələrə aiddir. Bir sıra rayonlarda - Qubadan və Şabrandan tutmuş Xızı, Samux və Ağsuya qədər - artıq su çatışmazlığı səbəbindən köçlər qeydə alınır. Quba rayonundan əhalinin axını xüsusilə nəzərə çarpır.

Bu gün ölkənin su anbarlarında su ehtiyatları 16 milyard kubmetrdən çox deyil və onların rasional istifadəsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev hesab edir ki, su ehtiyatlarını düzgün istifadə etməyi bacarmaq lazımdır: “Azərbaycan çayların aşağı axarında yerləşir və buna görə də su məsələsini həmişə gündəmdə saxlamalıyıq”.

O vurğulayıb ki, lakin regional kontekst bu istiqamətdə fəaliyyəti mürəkkəbləşdirir: “Təəssüf ki, biz həmişə tam razılığa gələ bilmirik. Regionda yalnız Azərbaycan su konvensiyasının üzvüdür, çayların yuxarı hissəsində yerləşən digər ölkələr isə ona qoşulmayıblar. Buna görə də biz su məsələlərini daim diqqət mərkəzində saxlamağa məcburuq”.

M. Babayev qeyd edib ki, su resurslarının idarə edilməsi təkcə milli yanaşma deyil, həm də geniş regional koordinasiya tələb edir.

Birgə həllərin əhəmiyyəti qlobal proseslərlə də güclənir: buzlaqların əriməsi, qar ehtiyatlarının azalması və ümumiyyətlə, iqlim dəyişikliyi. “Böyük və Kiçik Qafqaza illik ekspedisiyalar narahatedici tendensiyaları təsdiqləyir: qar ehtiyatları azalır, buzlaqlar əriyir. Nəticədə, su ehtiyatları azalır, daşqınlar, sellər və digər hidrometeoroloji hadisələr daha da tez-tez baş verir”, - o vurğulayıb.

Görünən odur ki, su təhlükəsizliyi qlobal iqlim dəyişiklikləri ilə sıx bağlıdır. Riskləri tamamilə aradan qaldırmaq mümkün olmadığından, yeni şəraitə uyğunlaşmaq və hazırlıq görülməlidir.

 

Kənd təsərrüfatında qənaət

Su problemi aqrar sektor qarşısında da ciddi kəskin şəkildə durur. Dünyada kənd təsərrüfatı su ehtiyatlarının təxminən 70%-ni istehlak edir. Azərbaycanda bu nisbət daha yüksəkdir. Buna görə də suya qənaət məsələsi dayanıqlı inkişafın əsas şərtinə çevrilir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, azad edilmiş ərazilərdə selləmə suvarma tamamilə qadağan ediləcək. “Bu, gələcəkdə Azərbaycanda selləmə suvarmanın ölkə üzrə mərhələli şəkildə dayandırılması istiqamətində ilk addım olacaq. Biz müasir suvarma sistemlərinin geniş tətbiqi ilə həm suya qənaət etməli, həm də məhsuldarlığı artırmalıyıq”, - nazir vurğulayıb.

Quraqlığın nəticələri artıq özünü göstərir: təkcə 2023-cü ildə 178 min hektar - ölkənin bütün dəmyə torpaqlarının üçdə biri məhv olub. Bu arada, 1,4 milyon hektar suvarılan ərazilərin yalnız 10-11%-ində müasir suvarma texnologiyaları tətbiq olunur. Son altı ildə cəmi 4 min hektardan bir qədər çox ərazi yeni suvarmaya keçirilib, lakin cari ilin birinci yarısında artıq 2 min hektardan çox ərazidə yeni sistemin tətbiqi həyata keçirilib.

Bu prosesi sürətləndirmək üçün dövlət dəstəyini gücləndirir və cari ildən yerli istehsal olan avadanlığın subsidiya səviyyəsi 60%-ə çatdırılıb. Bu, nəinki müasir sistemləri fermerlər üçün daha əlçatan etməyə, eyni zamanda yeni iş yerləri yaratmaqla və texnologiyalardan asılılığı azaltmaqla ölkənin istehsal potensialını genişləndirməyə imkan verəcək.

Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov qeyd edib, Azərbaycan kənd təsərrüfatının ekstensiv modelindən (resurs istehlakının artırılması hesabına təmin edilən artım) səmərəlilik və keyfiyyətə əsaslanan intensiv modelə keçid prosesindədir. “İntensiv kənd təsərrüfatına keçid hər damcı suyun səmərəli istifadəsini tələb edir. Əhali artır, qida tələbatı çoxalır, amma su ehtiyatlarımız azalır”, - o qeyd edib.

Bu kontekstdə transsərhəd əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycanın su ehtiyatlarının 70%-i ölkə xaricində formalaşır. Z.Mikayılov buna misal olaraq Araz çayı üzərindəki su anbarını göstərib, onun uğurlu fəaliyyəti yarım əsrdən çoxdur ki, qonşu dövlətlərlə birgə həyata keçirilir.

 

Beynəlxalq əməkdaşlıq

Z.Mikayılovun vurğuladığı kimi, ehtiyatlardan səmərəli istifadə və beynəlxalq əməkdaşlığın inkişafı Azərbaycanın su siyasətinin təməl prinsiplərinə çevrilir.

Qeyd edək ki, Bakı Su Həftəsinin ən mühüm hissəsi ADSEA-nın “SOCAR Green” MMC, Macarıstanın Su Təsərrüfatı Baş İdarəsi, Asiya İnkişaf Bankı ilə beynəlxalq müqavilələrin imzalanması olub.

Ölkə artıq iqlim dəyişikliyinin birbaşa nəticələrini hiss edir və bu, suyun təkcə resurs kimi deyil, həm də dayanıqlı gələcək amili kimi nəzərdən keçirildiyi yeni həllərin və strategiyaların axtarışını tələb edir.

Suların İstifadəsi və Mühafizəsi üzrə Nəzarət Xidmətinin məlumatına görə, ehtiyatların həcmi 15-20% azalıb. “Əgər əvvəllər ölkəyə təxminən 30 milyard kubmetr su daxil olurdusa, bu gün bu göstərici xeyli aşağıdır. Əgər temperaturun artması və yağıntıların azalması tendensiyaları davam edərsə, biz daha ciddi itkilərlə üzləşə bilərik”, - Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdiri Rafiq Verdiyev qeyd edib.

Bu fonda sistemli monitorinq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Həm də söhbət təkcə ənənəvi susaxlayan rayonlardan deyil, işğaldan azad edilmiş torpaqlardan da gedir. R.Verdiyevin verdiyi məlumata görə, Araz çayının sahillərində artıq yeni müşahidə məntəqələri yaradılır. Onların bir qismi İranla əməkdaşlıq çərçivəsində bərpa edilib, yaxın gələcəkdə isə müvafiq komissiyanın qərarı ilə əlavə stansiyaların quraşdırılması da planlaşdırılır.

Bu hidropostlar əhalinin içməli su ilə təmin edilməsi ilə yanaşı, əkin sahələrinin rasional suvarılması üçün də məlumatların toplanmasına və təhlilinə imkan verəcək.

 

Xəzər üçün çağırışlar

İqlim dəyişikliyi təkcə kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə deyil, həm də Xəzər dənizi sahillərində su ehtiyatlarının idarə edilməsinə təsir göstərir. Xüsusilə də dənizə və ya onun sahillərinə birbaşa atılan çirkab suları ilə bağlı ciddi problemlər yaranır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ətraf mühitin idarə olunmasının planlaşdırması şöbəsinin rəisi Mədinə Hacıyeva bildirib ki, Xəzərin səviyyəsinin enməsi səbəbindən çirkab suların dənizə ötürülməsi zamanı qarışma səviyyəsinə çatmaq mümkün olmur: “Bunun nəticəsində təmizlənmiş suların keyfiyyət göstəriciləri və axıdılma standartları təmin olunmur”.

O vurğulayıb ki, Abşeron yarımadasında yağan intensiv yağışlar kanalizasiya sistemlərinə qarışaraq çirkab sutəmizləyici qurğulara yönəlir: “Yağış sularının idarə olunması sistemi zəif olduğundan onlar çirkab sularla qarışaraq təmizlənməni çətinləşdirir. Bəzi hallarda isə sular, ümumiyyətlə, təmizlənmədən Xəzərə axıdılır”.

Bu problemin həlli modul tipli çevik qurğular ola bilər - onlar müxtəlif həcmdə suyu təmizləməyə imkan verəcək, bu sular təkrar emal olunaraq ikinci dərəcəli içməli su mənbəyi kimi istifadə edilə bilər.

R.Verdiyevin sözlərinə görə isə, burada əsas amil Xəzərin səviyyəsinin iqlim dəyişikliyi ilə birbaşa bağlı olan aşağı düşməsidir (son dörd ildə dənizin səviyyəsi 24 sm azalıb).

Bu baxımdan Azərbaycanda su ehtiyatlarının qorunması və idarə edilməsi üzrə tədbirlər həyata keçiriləcək: sahilyanı zonaların idarə edilməsinin optimal planının hazırlanması, ekosistemlərin, meşə əkinlərinin qorunması, su itkisini azaltmaq üçün magistral kanalların bərpası və betonlaşdırılması.

Bundan əlavə, şimal çaylarının, xüsusən də Peçora çayının Kama-Volqa vasitəsilə Xəzərə axınının artırılması məsələsi müzakirə edilir ki, bu da dənizin səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq variantlarından biri ola bilər.

 

Alternativ mənbələr

Yaxın illərdə Azərbaycan su əldə etmək üçün innovativ üsulların mənimsənilməsinə qətiyyətli addım atmaq niyyətindədir. 2025-ci ildən 2027-ci ilə qədər ölkə havadan buxarın hasilatı texnologiyalarının işlənib hazırlanmasına başlayacaq. Artıq bu il texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri hazırlanacaq, 2026-cı ildə pilot layihə üçün ərazilər müəyyənləşdiriləcək, 2027-ci ilə qədər isə ilk sınaq nümunəsi ortaya çıxacaq.

Paralel olaraq, digər perspektivli istiqamət - süni yağış texnologiyası üzərində işlər aparılacaq. 2025-ci ilin sonuna qədər lazımi sənədlərin hazırlanması başa çatdırılacaq, 2026-cı ildə pilot ərazilər müəyyən ediləcək, 2027-ci ildə isə ilk eksperimental layihə həyata keçiriləcək.

Bununla yanaşı, dəniz suyunun şirinləşdirilməsi də prioritetlər sırasındadır. Azərbaycanda artıq Bakını və Abşeronu Xəzərdən təmiz şirin su ilə təmin edəcək ilk layihəyə start verilib.

İnfrastrukturun inkişafı dayanıqlı su təsərrüfatının əsasını təşkil edəcək. Artıq 2025-ci ilin sonuna qədər içməli su təchizatı sistemində sayğaclarla təchiz olunma səviyyəsi 90%, 2027-ci ilə qədər isə 100% olacaq. Eyni zamanda su itkisinin azaldılması üzrə ardıcıl işlər aparılacaq: indiki 35%-dən 2040-cı ilə qədər 20%-ə endirilməlidir.

Genişmiqyaslı planlar yeni su anbarlarının tikintisinə də şamil edilir. 2025-2040-cı illər ərzində onların sayı 26 ədəd artacaq.

Bundan əlavə, 2025-ci ildən ölkədə sel və daşqınlardan qorunma üzrə geniş proqram start götürəcək. Proqram çərçivəsində çayların monitorinqi, risk zonalarının xəritələşdirilməsi, sahil möhkəmləndirmə qurğuları və bəndlərin inşası, həmçinin təbii təhlükələrin nəticələrini yumşalda biləcək preventiv tədbirlərin tətbiqi nəzərdə tutulub.

Beləliklə, Azərbaycan qarşısına suyu gələcəyin strateji ehtiyatına çevirmək vəzifəsini qoyur. O, iqlim dəyişiklikləri və su ehtiyatlarının azalması fonunda çoxsəviyyəli strategiya qurur: ən yeni texnologiyaların tətbiqi və ənənəvi sistemlərin modernləşdirilməsi. Bütün bunlar ölkənin su sektorunun dayanıqlılığını möhkəmləndirməyə, həmçinin onun uzunmüddətli modernləşdirilməsi üçün möhkəm təməl yaratmağa kömək edəcək.



MƏSLƏHƏT GÖR:

68