UNİKAL MARŞRUT
Zəngəzur dəhlizi regionu Şərq və Qərb arasında energetika və ticarət əlaqəsinin əsas qovşağına çevirəcək
Müəllif: Nigar ABBASOVA
Bu il Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının inkişafında yeni mərhələ olub. Apreldə İğdır-Naxçıvan qaz kəməri istifadəyə verilib, iyunda Türkiyənin TPAO şirkəti Xəzərdəki perspektivli “Şəfəq-Asiman” strukturunun işlənməsi layihəsinə qoşulub, avqustda isə Qətər maliyyəsini iştirakı ilə Bakı və Ankara birgə səyləri nəticəsində Azərbaycan qazının Suriyaya tədarükünə başlanılıb.
Daha bir birgə uğur, Zəngəzur dəhlizinin əsas elementi və regional nəqliyyat şəbəkəsinin vacib hissəsi kimi nəzərdən keçirilən Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisinin başlanılması olub. Layihə təkcə nəqliyyat deyil, həm də enerji sahəsi baxımından mühüm əhəmiyyəti daşıyır, çünki bu marşrut üzrə enerji resurslarının nəqli üçün infrastrukturun inkişafı planlaşdırılır. Bu da dəhlizin həm region, həm də dünya iqtisadiyyatı üçün strateji dəyərini artırır.
Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlıq perspektivləri, həmçinin Zəngəzur enerji dəhlizinin gələcək inkişafı sentyabrın 3-4-də Türkiyədə keçirilmiş Azərbaycan - Türkiyə IV Enerji Forumunun müzakirəsinin əsas mövzularından birinə çevrilib.
Prioritet - Zəngəzur dəhlizi
Forumun iclasında çıxışları zamanı Azərbaycan və Türkiyənin energetika nazirləri Bakı və Ankara arasında enerji əməkdaşlığının prioritetlərini müəyyənləşdiriblər. Məlum olduğu kimi, bunların əsası Azərbaycandan Türkiyəyə və daha sonra Avropaya “yaşıl enerji”nin ixracı üçün infrastrukturun yaradılmasıdır.
“Bərpa olunan enerji və elektrik enerjisinin ötürülməsi infrastrukturu üzrə Azərbaycanla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi gələcək nəsillər qarşısında ümumi məsuliyyətdir”, - türkiyəli nazir Alparslan Bayraktar bildirib.
Türkiyədə Türkiyə ilə Azərbaycanın Naxçıvan regionunu birləşdirəcək və Naxçıvan Muxtar Respublikasına elektrik enerjisi təchizatının təhlükəsizliyini təmin edəcək xəttin çəkilməsinə xüsusi əhəmiyyət verilir. Bu, ölkələr arasında elektrik enerjisi ticarəti yeni mərhələyə qədəm qoyacaq.
A.Bayraktarın sözlərinə görə, iki ölkə arasında həyata keçirilən “Yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti” layihəsi əməkdaşlığın parlaq simvoludur. Söhbət regionu Şərq və Qərb arasında enerji və ticarət əlaqələrinin əsas qovşağına çevirəcək. Zəngəzur enerji dəhlizinin nəqliyyat komponenti ilə birlikdə yaradılmasından gedir. “Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz yol olmaqla yanaşı, enerji və kommunikasiya aspektlərində Türkiyə və digər türk dövlətləri ilə əlaqələri gücləndirəcək, ölkələrimizi enerji, nəqliyyat və tranzit üzrə Orta Dəhlizin əsas mərkəzlərindən birinə çevirəcək”, - Azərbaycanın energetika naziri Pərviz Şahbazov hesab edir.
Zəngəzur dəhlizinin enerji istiqamətinə gəldikdə, söhbət təkcə “təmiz enerji”nin deyil, həm də Xəzər regionu və Mərkəzi Asiyadan karbohidrogenlərin Naxçıvan vasitəsilə Türkiyəyə və dünya bazarlarına çatdırılması üçün unikal marşrutun yaradılmasından gedir. Birinci mərhələdə Türkiyə və Avropaya 1 000 MVt elektrik enerjisinin ixracı planlaşdırılır ki, bu da bilavasitə Naxçıvanda istehsal ediləcək.
P.Şahbazovun fikrincə, bu layihənin həyata keçirilməsi üçün hazırlıq proseslərini sürətləndirmək lazımdır: “Proseslərin sürətləndirilməsi yeni reallıqlar fonunda xüsusilə aktuallaşır. Naxçıvanla Türkiyə arasında əlverişli elektrik enerjisi bağlantıları Azərbaycanın digər bölgələrindən, Xəzər dənizindən, həmçinin Qazaxıstan və Özbəkistandan gələcək "yaşıl enerji"nin "Cəbrayıl" enerji qovşağı vasitəsilə Ermənistan üzərindən Naxçıvana, oradan isə Türkiyə və Avropaya çatdırılması üçün həllini gözləyən vacib məsələlərdəndir”.
Diqqətəlayiq haldır ki, tranzit ölkələr arasında artıq Ermənistan da qeyd olunur, halbuki beş il əvvəl bunu təsəvvür etmək çətin idi. Aydındır ki, bu ölkənin regional enerji infrastrukturu layihələrinin potensial iştirakçıları sırasına daxil edilməsi Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda əldə etdikləri razılaşmaların nəticəsidir və bu, Bakının davamlı sülhə can atdığının əyani təsdiqidir.
Heç kəsə sirr deyil ki, Azərbaycanın Türkiyə və Gürcüstanla birgə həyata keçirdiyi irimiqyaslı layihələr hər üç ölkəyə əhəmiyyətli dividendlər gətirib. İqtisadi faydadan əlavə, onlar qürur mənbəyinə və yeni təşəbbüslər üçün stimula çevriliblər. Ermənistan bunu nəzərə almalı və dərk etməlidir ki, hədsiz iddialar tam təcrid olunmaqdan başqa heç bir dividend gətirməyəcək.
Zəngəzur enerji dəhlizinin yaradılması onun iştirakçılarına əhəmiyyətli iqtisadi və imaj üstünlükləri vəd edir, onların beynəlxalq aləmdə mövqelərini möhkəmləndirəcək. Eyni zamanda layihə regional inteqrasiya amili olacaq və dünyanın enerji xəritəsində Cənubi Qafqazın strateji əhəmiyyətini artıracaq.
Xəzər ittifaqı
Azərbaycan və Türkiyənin enerji əməkdaşlığından bəhs edərkən, Bakı və Ankaranın qarşılıqlı fəaliyyətinin prioritetlərindən biri kimi elan edilmiş qaz tərkib hissəsinin möhkəmləndirilməsini də qeyd etməmək olmaz.
İndiyə qədər Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox təbii qaz nəql edilib, bunun 35 milyard kubmetri TANAP (Trans-Anadolu Qaz Kəməri) vasitəsilə olub. Eyni zamanda TANAP ilə Avropaya 50 milyard kubmetrdən çox təbii qaz tədarük edilib. Bu ilin 8 ayı ərzində Türkiyəyə 6,6 milyard, Türkiyə vasitəsilə Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz ixrac edilib.
Hazırda Azərbaycanın qaz tədarükü coğrafiyası 14 ölkəni əhatə edir və təkcə Avropada deyil, həm də Yaxın Şərqdə genişlənir.
Eyni zamanda Türkiyədə ümid edirlər ki, Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı Bakı və Ankara arasında əməkdaşlığın inkişafında əhəmiyyətli addımlardan biri olacaq.
“Azərbaycanın daha böyük həcmdə qaz tədarük edə bilməsi üçün lazım olan investisiyalar və Türkmənistan qazının bütün tərəflərin xeyrinə Azərbaycan və Türkiyə vasitəsilə ixracı məsələsində əməkdaşlığımızın inkişafı qarşıdakı illərdə birlikdə atacağımız ən vacib addımlardan biri olacaq”, - Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
Bununla yanaşı, məlum olduğu kimi, Ankara Xəzərdə neft və qaz hasilatı sektorunda Bakı ilə əməkdaşlığın genişləndirilməsinə çox ümid bəsləyir. A.Bayraktarın bu cür bəyanatı bir qədər gözlənilməz olsa da, Türkiyənin enerji mənbələrini şaxələndirmək, neft və qaz tranzitində rolunu möhkəmləndirmək və eyni zamanda Xəzər və Aralıq dənizi istiqamətlərində təsirini genişləndirmək istəyən regional enerji strategiyası çərçivəsinə tam uyğun gəlir.
“Azəri-Çıraq-Günəşli” yataqlar bloku və “Şahdəniz” yatağının işlənməsi ilə başlayan əməkdaşlığımız bu il “Şəfəq-Asiman” yatağı üzrə sazişin imzalanması ilə yeni səviyyəyə çatıb. Əsas məqsədlərimiz arasında “Qarabağ”, D230 və “Dostluq” (Xəzərin Azərbaycan sektorunda) yataqları üzrə əməkdaşlığın möhkəmləndirilməsi də var”, - nazir bildirib.
Xatırladaq ki, Türkiyə hələlik sadalanan layihələrdə iştirak etmir. Bununla belə, yüksək vəzifəli məmurun bu cür bəyanatları sadəcə maraq nümayiş etdirmək üçün deyil, daha çox əməkdaşlığın mümkün genişləndirilməsinə dair siqnaldır. Maraqlıdır bəs, müvafiq sazişlər necə və nə vaxt imzalanacaq? Çünki onların həyata keçirilməsi Ankara və Bakının regional enerji arxitekturasında rolunun möhkəmləndirilməsi üçün vacib addım ola bilər.
Hər üç layihə uğurlu həyata keçirilmək üçün yaxşı potensiala malikdir, lakin xüsusi diqqəti Azərbaycanın Türkmənistanla birgə işləməyi planlaşdırdığı “Dostluq” yatağı cəlb edir. Hələlik planlar yalnız memorandum səviyyəsinə çatıb, lakin Türkiyənin Azərbaycan və Türkmənistanla xüsusi münasibətlərini nəzərə alsaq, türk kapitalının iştirakı layihəyə yeni təkan verə bilər.
Bir sözlə, Xəzər dənizində qaz və neft sahələrində əməkdaşlığın genişləndirilməsi Bakı və Ankaranın enerji müstəqilliyini artıracaq, ixrac gəlirlərini çoxaldacaq və regionda onların təsirini gücləndirəcək və hər iki ölkə üçün yeni strateji imkanlar yaradacaq.
MƏSLƏHƏT GÖR:


63

