İŞIQ GÖRÜNMÜR
Rusiya-Ukrayna müharibəsi beynəlxalq təhlükəsizlik sisteminin bütünlüklə dağılması təhlükəsini yaradıb
Müəllif: Natiq NAZİMOĞLU
Rusiya-Ukrayna müharibəsi bir neçə ay əvvəl yaranmış müəyyən atəşkəs ümidlərinə baxmayaraq, tam gücü ilə davam edir. Üstəlik, o, getdikcə daha da şiddətlənir, bu isə istər hərbi əməliyyatların intensivliyinə, istərsə də Moskva ilə Kiyev arasında hərtərəfli danışıqlara başlanılması cəhdlərinə faktiki olaraq, öz təsirini göstərir.
Hücumlar və qurbanlar
Rusiya Silahlı Qüvvələri Ukraynanın şəhər və kəndlərinə zərbələri davam etdirir. Nəticədə, demək olar ki, hər gün mülki insanlar arasında tələfatlar baş verir. Sentyabrın 9-da Rusiya aviasiyasının Donetsk vilayətinin Yarovaya qəsəbəsinə endirdiyi zərbələr nəticəsində 20-dən çox insan həlak olub. Bundan əvvəl isə Rusiya qoşunları savaşın başlamasından bəri ən miqyaslı hava hücumunu reallaşdırıb. Kiyevin məlumatına görə, həmin hücum zamanı azı 810 pilotsuz uçuş aparatından (PUA) istifadə olunub, Ukrayna ərazisinə 13 raket atılıb. Həmin gün Kiyevdəki hökumət binası da vurulub. 4 nəfər həlak olub.
Ukrayna Silahlı Qüvvələri buna cavab olaraq Rusiyanın neft və qaz infrastrukturuna PUA zərbələri endirib. Silahlı qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırki bildirib ki, bu zərbələr nəticəsində «Rusiyanın ordu üçün yanacaq-sürtgü materiallarının, aviasiya hücumu vasitələrinin, raketlərin, PUA-ların, hava hücumundan müdafiə sistemlərinin istehsal imkanları zəiflədilib, nəqliyyat sisteminin fəaliyyəti pozulub».
Beləliklə, tərəflərdən heç birinin cəbhədə ciddi irəliləyişə nail olmaması, eyni zamanda danışıqlardakı mövqelərində hər hansı ciddi dəyişikliyin olmaması sülh ssenarisinin irəliləməsinə imkan vermir. Ukrayna ərazi bütövlüyünün müzakirə mövzusu olmayacağını bildirir, Rusiya isə ələ keçirdiyi Ukrayna ərazilərinin onun torpaqları kimi, beynəlxalq hüquq çərçivəsində legitimləşdirilməli olduğunu deyir. ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının nümayəndələrinin gurultulu, əksər vaxt nümayişkaranə bəyanatları ilə müşayiət olunan mümkün atəşkəs gözləntiləri də bu amansız və qanlı qarşıdurmanın gedişini dəyişə bilmir. Artıq tam aydındır ki, ABŞ və Rusiya liderlərinin Alyaskada keçirilmiş görüşü sülh işinə heç bir ciddi töhfə verməyib. Rusiya Prezidentinin həmin görüşdən sonra Çinə etdiyi səfəri də Moskvanın mövqeyində minimal dəyişikliyin belə olmadığını, demək ki, kompromisin mümkün olmadığını göstərib. Bu azmış kimi, Rusiyanın Ukrayna şəhərlərinə hava hücumlarını daha da intensivləşdirməsi, Donbasın tam ələ keçirilməsinə, həmçinin Ukraynanın digər bölgələrinin, o cümlədən Sumı və Xarkov istiqamətində irəliləməyə yönəlmiş hücum cəhdlərini artırması yaxın zamanlarda sülhün əldə olunmasının mümkünsüzlüyünü göstərir. Üstəlik, Kiyev də təslim olmaq, ərazilərinin itirilməsilə barışmaq niyyətində deyil.
Bütün bunların fonunda 30-dan çox Avropa ölkəsini birləşdirən «İstəklilər koalisiyası» sentyabrın 4-də Parisdə keçirilmiş toplantıda Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bəyan edib. Lakin onlar müharibənin başa çatmasından sonra Ukraynaya qoşun göndərilməsi məsələsində ortaq məxrəcə gələ bilməyiblər. «The Washington Post» yazır ki, Avropanın Kiyev üçün hazırladığı təhlükəsizlik planı iki hissədən ibarətdir. Birinci hissə Rusiyanın hücumlarının qarşısının alınması üçün Ukraynanın cəbhə xəttindən uzaq ərazilərində «nümayişkaranə» şəkildə müttəfiq qüvvələrin yerləşdirilməsini, ikinci hissəsi isə Ukrayna ordusunun resurslarının bərpasını və hərbçilərinə təlimlərin keçirilməsini nəzərdə tutur.
Bu arada, Qərb mediası Almaniya, İtaliya və Polşanın Ukraynaya hərbi kontingent göndərməkdən imtina etdiyini yazır. Xüsusilə İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, onun ölkəsi bu məsələdə koalisiyaya qoşulmayacaq. O, bunun əvəzində NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər razılaşmanın imzalanmasını təklif edib. Nazir hesab edir ki, bu, «Putin tərəfindən təxribat kimi qiymətləndirilə bilməyəcək, amma Ukraynanın müstəqilliyini və təhlükəsizliyini təmin edəcək».
Xatırladaq ki, Vladimir Putin Ukrayna ərazisində peyda olacaq NATO ölkələri qoşunlarının «qanuni hədəf» sayılacağını bildirib.
Beləliklə, «İstəklilər koalisiyası» göstərir ki, o, nəinki döyüş meydanında Ukraynanın yanında olmaq istəmir (bu, müharibə başlayandan bu yana heç zaman gündəmdə olmayıb), savaşın bitməsindən sonra da bu ölkəyə hərbi kontingent göndərilməsi məsələsində tərəddüd edir. Ukraynaya silah tədarükünə gəlincə, Qərbin bununla bağlı mövqeyi hələ də qeyri-müəyyən olaraq qalır.
«Ramştayn», sanksiyalar, dronlar…
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun sentyabrın 9-da Londonda «Ramştayn» formatında keçirilən 30-cu iclasında Ukrayna müdafiə naziri Denis Şmıqal Kiyevin əlavə 10 ədəd «Patriot» sisteminə və hava hücumundan müdafiə sistemi üçün raketlərə ehtiyac duyduğunu bildirib.
Xatırladaq ki, Vaşinqton bir müddət əvvəl Ukraynaya ABŞ silahlarının, xüsusilə də «Patriot» hava hücumundan müdafiə sistemləri üçün raketlərin, həmçinin yüksək dəqiqlikli sursatların tədarükünün dayandırıldığını bəyan etmişdi. Belə vəziyyətdə Avropa İttifaqı ölkələri çıxış yolunu həmin silahları Vaşinqtondan alaraq, sonradan Ukraynaya verməkdə tapıblar. Bu, Avropa dövlətləri ilə Tramp administrasiyası arasında Ukrayna məsələsində ziddiyyətlərin nə qədər dərin olduğunu göstərir. Hazırda bu ziddiyyətlər özünü əsasən atəşkəsin əldə olunması və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsində göstərir.
Putin ilə Tramp arasında Ankoricdə keçirilmiş görüşün yekununda Ağ Ev sahibi faktiki olaraq, atəşin dərhal dayandırılması tələbindən vaz keçib və Moskvanın «əhatəli sülh» təklifini dəstəkləyib. Rusiyanın təklif etidiyi bu «sülh» isə Ukraynanın öz ərazisinin bir hissəsindən imtinasını, Avro-Atlantik məkana inteqrasiya siyasətindən əl çəkməsini nəzərdə tutur. Belə olduqda sual yaranır: Rusiyanın Ukraynaya kütləvi hücumları davam etdirməsi və nəticədə, dinc əhali arasında tələfatın getdikcə artması Trampın mövqeyini dəyişəcəkmi?
Analoji olaraq, Rusiyaya sanksiya təzyiqinin artırılması da gündəmdədir. Aİ-nin yeni, sayca 19-cu sanksiya paketində Rusiyanın bir neçə bankı, enerji şirkətləri, ödəniş sistemləri, kredit kartları, kriptovalyuta birjaları hədəfə alınıb. ABŞ isə Rusiyadan neft və qaz alan ölkələrə təkrar rüsum tətbiqini planlaşdırır. Bu cür təzyiqləri artıq Çinlə yanaşı, Rusiyanın əsas enerji alıcılarından olan Hindistan da hiss edir. Bununla yanaşı, Vaşinqton Avropa ölkələrini də Rusiya neft-qazından imtinaya, əvəzində Birləşmiş Ştatlardan mayeləşdirilmiş qaz, benzin və digər yanacaq məhsulları almağa çağırır. ABŞ-nin enerji naziri Kris Rayt bildirib ki, Avropanın Rusiya yanacağından imtinası rusların hərbi maşınının maliyyəsini məhdudlaşdıracaq, bu isə müharibənin sonunu yaxınlaşdıracaq.
Bu məsələni hazırda Ağ Ev administrasiyası avropalı müttəfiqlərlə müzakirə edir. Bu, Aİ-nin xüsusi nümayəndəsi Devid O`Sallivanın Vaşinqtona səfəri ilə də təsdiqlənib. Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya ən miqyaslı hava hücumundan sonra Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olub-olmadıqlarına dair sualı belə cavablandırıb: «Bəli, hazıram». Bəs Trampın bu addımı, həqiqətən də, atması nə qədər realdır? Çünki dövlət başçısının bu bəyanatı fonunda Vaşinqtondan fərqli fikirlər də eşidilir. Həmin fikirlər sanki Rusiyanın Ukraynanın bölüşdürülməsi istəyinə Amerikanın etiraz etmədiyi qənaətini yaradır…
Bu fərziyyənin əsaslı olduğunu düşünsək, bu, yalnız Ukrayna böhranının aradan qaldırılmasının mümkünsüzlüyünü deyil, həm də mövcud dünya düzəninin, beynəlxalq münasibətlər sisteminin tamamilə çökdüyünü göstərir. Buna isə dünyanın aparıcı gücləri səbəb olub: Rusiya «xüsusi hərbi əməliyyat»la, Qərb isə müttəfiqini onun suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün əlindən gələni edəcəyinə inandırmasına rəğmən, bu məsələdəki acizliyi ilə.
Qlobal təhlükəsizlik sistemi sözün əsl mənasında uçurumun kənarı ilə gedir. Moskva ilə Kiyev arasındakı müharibə qlobal anlamda Rusiya-Qərb qarşıdurmasına çevrilməklə, onların birbaşa toqquşması təhlükəsini artırır. Bu təhlükənin ilk siqnalı isə sentyabrın 10-na keçən gecə Rusiya PUA-larının Polşanın hava məkanına daxil olması ilə eşidilib. NATO təsadüfi saymadığı bu hücumun qarşısını almaq üçün Polşaya məxsus bir neçə «F-16» qırıcısını, Niderlandın «F-35» təyyarələrini və İtaliyanın «AWACS» radiolokasiya kəşfiyyat təyyarələrini havaya qaldırıb. Rusiya dronları vurulub və bu, NATO aviasiyasının öz hava məkanına potensial təhlükəyə ilk müdaxiləsi olub.
Bu, yalnız Avropa deyil, bütün dünya üzərində müharibə kabusunun dolaşdığını göstərmirmi?
MƏSLƏHƏT GÖR:




84

