5 Dekabr 2025

Cümə, 09:03

BAKI FORMULA 1-i “ALOVLANDIRIR”!

Verstappen sevinir, Piastri səhv edir və milyonlarla tamaşaçı valeh olur

Müəllif:

01.10.2025

Dünyanın ən bahalı idman növlərindən biri olan Formula 1 növbəti dəfə Bakıda keçirilib. Doqquzuncu dəfə keçirilən Azərbaycan Qran-Prisi yeni rekordlarla yadda qalacaq.

Builki açılış mərasimi xüsusi diqqət çəkib. Azərbaycanın dövlət himnini dünyaşöhrətli müğənni və ölkənin Xalq artisti Alim Qasımov və qızı Fərqanə ifa edib. Onların unikal ifası Azərbaycan bayrağının üçrəngli rəngini simvolizə edən xüsusi səhnə kompozisiyası və vizual effektlərlə müşayiət olunub. Açılışda milli rəmz – səkkizguşəli ulduzun da təqdimatı olub.

 

Bakı Verstappenə ikinci qələbəsini verib

2016-cı ildə Azərbaycanda təşkil olunan Formula 1 yarışına bu il maraq olduqca böyük olub. Bu səbəbdən, təşkilatçılar trek ətrafında əlavə tribuna quraşdırıb və nəticədə, tamaşaçıların sayı 20 minə çatdırılıb. Azərbaycan Qran-Prisi həmişə olduğu kimi bu dəfə də gözlənilməz qəzalarla diqqəti cəlb edib. Ötənilki qalib Oskar Piastri finalın ilk dövrəsində qəza etməklə yarışdan kənarda qalıb və azarkeşlərini məyus edib. Piastrinin mübarizədən kənarda qalmasından “Red Bull Racing” komandası məharətlə faydalanıb. Parlaq performansı ilə “Red Bull Racing” pilotu Maks Ferstappen 2025-ci il Azərbaycan Qran-Prisinin qalibi olub. Bu, niderlandlının Bakıda ikinci qələbəsidir.

“Red Bull Racing” komandasının pilotu poul mövqeyindən start götürdükdən sonra 51 dövrənin hamısına liderlik edərək finiş xəttini “Mercedes”in sürücüsü Corc Rasselldən 14 saniyədən çox fərqlə birinci keçib. “Williams” komandasının pilotu Karlos Sayns isə üçüncü yeri tutaraq yeni komandası ilə ilk podiumunu qazanıb.

Dördüncü yeri gənc “Mercedes” sürücüsü Kimi Antonelli tutub. “Racing Bulls” pilotu Liam Louson isə karyerasının ən yaxşı nəticəsini göstərərək beşinci olub. Maksın komanda yoldaşı Yuki Tsunoda isə altıncı pillədə qərarlaşaraq “Red Bull Racing” üçün mövsümün ən yaxşı nəticələrindən birini təmin edib. “McLaren” sürücüsü Lando Norris yeddinci yerdə finiş xəttini keçib və yarışın ilk dövrəsində qəza edərək mübarizədən kənar qalan komanda yoldaşı çempionatın lideri Oskar Piastri ilə xal fərqini 25-ə endirməyi bacarıb. Eyni zamanda Piastrinin ardıcıl 42 yarışlıq xal qazanmaq seriyası da Bakıda qırılıb.

Böyük azarkeş ordusuna malik “Ferrari”nin pilotları Lyuis Hemilton və Şarl Lekler 8-9-cu yerləri tutublar - bununla da, “McLaren” komandasına Bakıda Mühəndislər Kubokunu qazanmağa imkan vermədilər. İlk onluğu isə “Racing Bulls” komandasından Ayzek Həcərr tamamlayıb.

 

Qəzalar, anşlaq, rekord qıran televiziya yayımları

Oskar Piastri Bakı yarışında qəzaya uğramasına baxmayaraq, 324 xalla Formula 1 Dünya Çempionatına liderlik edir. Onun komanda yoldaşı Lando Norris isə 299 xalla ikincidir. Maks Ferstappenin Bakıdakı qələbəsi ona xal fərqini 255-ə çatdırmağa imkan verib.

Bakı treki bir daha gərginliyi və həyəcanı ilə Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadaraq, mövsümün ən dramatik və gözlənilməz yarışlarından birinə şahidlik etdi. Cari mövsümdəki Azərbaycan Qran-Prisini ümumilikdə 3 gün üzrə həm tribunalarda, həm ayaqüstü zonada 90 min insan izləyib. 300 yerli və xarici media yarışı işıqlandırmaq üçün 3 gün ərzində Bakı trekində qonaq olub.

Bakı treki qəzaların sayında növbəti dəfə fərqlənib. İlk sıralanma günündə yarış altı dəfə qırmızı bayraqlarla dayandırılıb, yəni trasda baş verən insidentlər səbəbindən yarışlar dayandırılıb. Nəticədə, sıralanma 58 dəqiqə gec başa çatıb.

2025-ci il Azərbaycan Qran-Prisi ABŞ-də ən çox izlənilən Formula 1 televiziya yayımı olub. Sentyabrın 21-də baş tutan əsas yarışın canlı yayımını, demək olar ki, 1,1 milyon tamaşaçı izləyib ki, bu da ABŞ televiziyasında Azərbaycan yarışı üçün bütün zamanların rekordu olub. Əvvəlki rekord 2021-ci ildə 970 000 tamaşaçı ilə müəyyən edilmişdisə, 2024-cü ildə bu göstərici 865 000 idi.

 

Eyforiyadan məyusluğa: Bakı Qran-Prisinin iki üzü

“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin qalibi olan “Red Bull” pilotu Maks Ferstappen Azərbaycan paytaxtını heç vaxt unutmayacağını söyləyib. Onun sözlərinə görə, Bakı onun üçün uğurlu şəhər kimi yadda qalacaq: “Bu, 2023-cü ildəki yarışa bənzəyirdi. Amma bizim üçün inanılmaz oldu. Qalib gəlmək sadəcə möhtəşəmdir. Bolidim bu gün çox yaxşı idi. Bakını unutmayacağam. Bu şəhəri iki dəfə qalib kimi tərk etmişəm”.

“McLaren” pilotu və “Formula-1” çempionatının ümumi xala görə lideri Oskar Piastri Bakıda yaşadığı uğursuzluğu şərh edib. O, “Sky Sports”a müsahibəsində hava axınını nəzərə almadığını söyləyib: “Əlbəttə, bu, mənim ən yaxşı anım deyildi. Starta çox tez reaksiya verdim – sadə və ağılsız bir səhv idi. Qəza da eyni səbəbdən baş verdi: hava axınını nəzərə almadım, döngəyə çox sürətlə girdim və hər şey bununla bitdi. Sürüşmə səviyyəsi aşağı idi, amma bunu mən bilməli idim. Heç kimi günahlandıra bilmirəm, yalnız özümü. Sadəcə lazımi anda düzgün qərarlar verə bilmədim və bu, çox məyusedicidir”.

Beləliklə, Bakı daha bir maraqlı Formula 1 yarışına ev sahibliyi edib. Bakı Şəhər Halqasının imzaladığı yeni müqaviləyə əsasən, Azərbaycan paytaxtı növbəti 5 ildə də bu mötəbər və həyəcanlı yarışı keçirmək hüququna sahib çıxıb.

Gələn mövsümdən etibarən “Formula-1” komandalarının xərcləmə limiti 135 milyon dollardan 215 milyon dollara yüksəldiləcək. Rəsmi məlumata əsasən, yeni qərar 2026-cı ildə qüvvəyə minəcək. Eyni zamanda əvvəlki istisnalar qüvvədə qalır: pilotların maaşları və komandanın ən yüksək məvacib alan üç əməkdaşının xərcləri büdcə limitinə daxil edilmir. FIA-nın maliyyə qaydaları üzrə direktoru Federiko Lodi bildirib ki, bu, kapitalın artırılması deyil, sadəcə hesablanma metodunun yenilənməsidir.



MƏSLƏHƏT GÖR:

49