5 Dekabr 2025

Cümə, 09:03

ÖZ DALĞASINDA

Helsinki: şimal minimalizmi və xəyal adaları

Müəllif:

01.10.2025

Deyirlər ki, Helsinkidə lazım olduğundan artıq heç nə yoxdur. Burada lövhələr “qışqırmır”, yoldan keçənlər tələsmir, böyük paytaxtların səs-küyü sıxmır. Finlandiyanın paytaxtı sanki öz dalğasında yaşayır: sakit, ölçülü, əminliklə. O, xoşa gəlməyə çalışmır və bu da onun sehridir. Buraya xüsusi bir gözləntin olmadan gəlirsən və birdən birə burada qalmaq istədiyini kəşf edirsən. Heç olmasa sahil boyu gəzmək, taxta terrasda bir fincan qəhvə içmək və sadəcə içində daha çox hava və sakitliyin olduğunu hiss etmək üçün yenidən qayıtmaq istəyirsən.

 

Qayalar və dəniz arasında

Helsinki şəhəri yarımadada və körpülər və bərələrlə bir-birinə bağlı olan yüzlərlə kiçik adada yaradılıb. Buraya uçmaq asandır - əksər Avropa paytaxtlarından birbaşa uçuşlar var. Baltikyanı ölkələrə səfər edən turistlər çox vaxt Tallindən bərə vasitəsilə (bir tərəfə orta qiymət 19-45 avro arasında) Helsinkini də ziyarət edirlər.

Helsinki şimal şəhəridir, lakin dənizə görə burada sərt qış yoxdur. Buna baxmayaraq, may-sentyabr aylarında gəlmək daha yaxşıdır: yay aylarında şəhər yaşıllığa qərq olur və günəş demək olar ki, üfüqdən çəkilmir. Payızda Helsinki ədyallar, isti içkilər və küçə ocaqlarının istiliyi ilə rahat şəhər olur. Qışda isə şəhər, xüsusilə qar yağarsa, bir Milad açıqcasına çevrilir. Lakin cənublular üçün yenə də soyuq olacaq.

Helsinkidə yaşayış yeri seçimi o qədərdir ki, hər kəs öz zövqünə və cibinə uyğun variant tapa bilər. Şəhər həm büdcəli hostellər (30-40 avro) və ucuz hotellər (65-75 avro), həm də dənizə mənzərinin açıldığı, birinci sinif xidmət göstərən lüks hotellər (150-200 avro) təklif edir. Ev rahatlığını üstün tutanlar üçün isə sadə studiyalardan tutmuş geniş loftlara qədər kirayə üçün çoxlu mənzillər var: rayondan və rahatlıq səviyyəsindən asılı olaraq 80-180 avro.

Mərkəzin ətrafındakı rayonlara, məsələn, Kamppi və Kruununhakaya xüsusi diqqət yetirmək lazımdır: əlverişli yerləşmə, əsas görməli yerlərə yaxınlıq və çoxlu sayda kafe və mağazalar. Kamppi böyük nəqliyyat qovşağı, çoxlu sayda kafe, mağaza və əyləncə yerləri olan müasir rayondur. Kruununhaka tarixi mərkəzə daha yaxındır, burada gözəl tarixi binalar, rahat küçələr və Senat meydanına tez çıxış tapa bilərsiniz.

Əgər siz sakitliyi və təbiətdə gəzintiləri üstün tutursunuzsa, Toukola rayonuna diqqət yetirməlisiniz. Burada şəhər həyatının səs-küyündən dincəlmək istəyənlər üçün ideal olan çoxlu yaşıl ərazilər, parklar var. Bundan əlavə, burada tez-tez dənizə və ya meşəyə baxan balkonu olan rahat mənzillər tapmaq mümkündür. Mərkəzi rayonlardan biri olan Punavuori qalereyaları, kafeləri, memarlığı və sıx tikililəri ilə yaradıcı və dizayn məhəlləsi kimi tanınır.

Bohem, gecə həyatı və müasir incəsənət həvəskarları üçün Kallio rayonu tövsiyə olunur. Bura yaradıcı ab-havası, barları, kafeləri və kiçik qalereyaları olan, o cümlədən həyatın hər zaman qaynayıb-daşdığı yerdir.

Nəzərə alın ki, Helsinkidə tramvay və avtobus şəbəkəsi yaxşı inkişaf edib və əksər rayonlara mərkəzdən asanlıqla çatmaq olur.

 

Sauna, yaxud Helsinkinin buxar nağılları

Sauna finlər üçün sadəcə yuyunma yeri deyil, əsl kult və milli kimliyin ən vacib hissəsidir. Əhalisini təxminən 5 milyon nəfər olan Finlandiyada təqribən 3 milyon sauna var. Bu o deməkdir ki, demək olar ki, hər evin öz saunası var. Bu adət qədim dövrlərdən gəlib və bu günə qədər qorunub saxlanılır, nəsilləri birləşdirir və sağlamlığı və mənəvi tarazlığı qorumağa kömək edir.

Bəs finlər saunanı niyə bu qədər sevirlər? Birincisi, sauna istirahət və rahatlama yeridir, burada bədən yorğunluq və stressdən təmizlənir. İkincisi, bu ünsiyyət məkanıdır. Çox vaxt saunaya bütün ailə ilə gedirlər - uşaqlar, valideynlər və hətta nənə-babalar. Burada maneələr, qarışıqlıq və sosial maskalar yoxdur, yalnız sadəlik və səmimiyyət var. Finlər hesab edirlər ki, sauna insanları bir-birinə yaxınlaşdırır, bir-birini daha yaxşı anlamağa kömək edir.

Ümumiyyətlə, Helsinkidə üslubu, yerləşməsi və ab-havası ilə fərqlənən çoxlu ictimai saunalar var. Ən məşhurlarından biri “Löyly” və “Allas Sea Pool”dur. “Löyly” Baltik dənizi sahilində yerləşir, ənənəvi fin dizaynını müasir elementlərlə birləşdirir və burada müxtəlif temperaturlarda bir neçə sauna təklif olunur. Burada tərlədikdən sonra körfəzin soyuq suyuna girmək olar. Ziyarət qiyməti vaxtdan və həftənin gününə görə təxminən 20-30 avrodur.

“Allas Sea Pool” isə hovuz və saunası olan tam bir kompleksdir. O da şəhərin mərkəzində, köhnə limanın yanında yerləşir. Bura saunanı üzmək və sahilboyu gəzintilərlə birləşdirmək istəyənlər üçün məkandır. Burada, həmçinin bədən və ruh üçün xüsusilə faydalı olan yoqa və meditasiyalar təşkil olunur.

İctimai saunalardan əlavə, Helsinkidə çoxlu sayda özəl və mehmanxana variantları var. Məsələn, mehmanxanalarda şəhərə və ya dənizə baxan saunaları tapmaq olar ki, bu da istirahətin əsas xüsusiyyətinə çevrilir.

Finlandiyada sauna sadəcə mərasim deyil, həyat tərzidir. Helsinkiyə gəlsəniz, fin saunasını sınamaq şansını qaçırmayın. Bu, ölkənin ruhuna toxunmaq kimidir.

 

Tarixin canlandığı və yerin altından musiqinin səsləndiyi yer

Helsinkini onun simvolik məkanları olmadan təsəvvür etmək mümkün deyil. Şəhərin qəlbi Senat meydanıdır. Ağappaq Kafedral kilsəsi burada nizam və sakitlik rəmzi kimi ucalır. Şəhərin ən yaxşı mənzərələrindən birinin açıldığı kilsənin pillələrində tələbələr, turistlər, küçə musiqiçiləri toplaşır.

Qayada kilsə - Temppeliaukio - həqiqətən unikaldır. Birbaşa qranitin üzərində tikilmiş kilsə mənzərənin davamı kimi görünür. Onun daxilində mis günbəz, səpələnmiş işıq və mütləq səssizlik mövcuddur. İş günlərində burada orqan və skripka çalınır və səhər tezdən gəlsəniz, sanki yerin altından gələn musiqini eşidə bilərsiniz.

Bəstəkar Yan Sibeliusun heykəli də görməli olduğunuz digər abidədir. Heykəlin özü musiqini və orqanı simvolizə edən 600-dən çox borudan ibarət unikal bir heykəldir. Onun yanında isə Yan Sibeliusun büstü yerləşir.

Yeni Helsinkinin görməli yerlərindən biri 2018-ci ilin dekabrında açılan və Finlandiyanın dövlət müstəqilliyinin 100 illiyinə həsr olunan Oodi mərkəzi kitabxanasıdır. Bina küknar ağacından nəhəng taxta fasad qövsü və açıqlıq və əlçatanlıq mənası verən tam açıq birinci mərtəbəsi ilə “meteorit-körpüsü” formasında inşa edilib. Kitabxanada cəmi üç səviyyə var. Birincisi, kafe, kinoteatr və məlumat köşkləri ilə aktiv məkandır. İkincisi, 3D printerlər, səsyazma studiyaları və yaradıcı zonalarla “şəhər emalatxanası”dır. Üçüncüsü, “Book Heaven”, terrası və şəhərə mənzərənin açıldığı sakitlik zonasıdır. Oodinin dünyanın ən yaxşı ictimai kitabxanası kimi tanınması nəzərə alınaraq, bir çox turistlər onu görməyə çalışırlar.

“Amos Rex” Müasir İncəsənət Muzeyi Helsinkidə dərin təəssürat bağışlayan məkanlardan biridir. O, mərkəzə yaxın Lasipalatsi meydanının altında yerləşir. Bu futuristik muzeyin qalereyaları təxminən 2200 kvadratmetr sahəni əhatə edir, sütunları yoxdur, günbəz formalı işıq fənərləri ilə təchiz edilib ki, bu da yeraltı məkana təbii işıq axını yaradır və onu şəhər landşaftının bir hissəsinə çevirir. Muzeyin üst hissəsi yumşaq beton “təpələr” kimi dizayn edilib. Burada gəzmək, oturmaq və ya hətta piknik etmək olar. Səth üzərində, həmçinin dairəvi pəncərələr var. Buradan qalereyaya baxmaq olar: sanki muzey yerin altından səthə doğru qalxır.

Əgər ənənəvi turist marşrutlarından uzaqlaşmaq istəyirsinizsə, bir zamanlar anbar və limanların olduğu ada rayonu Yatkyasaariyə (Jätkäsaari) getmək lazımdır. Bu gün burada dizayner hotelləri, sənətkarlıq emalatxanaları, kafelər və gəzinti sahilləri yerləşir. Bura urbanistikanı, açıq dənizi və gözəl qürubları qiymətləndirənlər üçün məkandır.

 

Yaxınlıqda olan təbiət

Helsinkidəki turizm agentlikləri şəhəri və onun ətrafını daha yaxından tanımağa kömək edəcək müxtəlif ekskursiyalar və turlar təklif edirlər. Ən populyarlar arasında adətən 2-3 saat davam edən və Senat meydanı, Kafedral kilsəsi, Sibelius heykəli və s. kimi əsas görməli yerləri özündə birləşdirən şəhər mərkəzinə ekskursiyalar var. Belə turların qiyməti adambaşı 25-dən 40 avroya qədər dəyişir, çox vaxt bələdçi xidmətləri və nəqliyyat daxildir.

Tarix və mədəniyyət həvəskarları üçün muzey və qalereya üzrə tematik gəzintilər, həmçinin fin dizaynı və memarlığına həsr olunmuş ekskursiyalar mövcuddur. Bu turlar Helsinkinin həyatını incəsənət və yaradıcılıq prizmasından tanımaq imkanı verir.

Yerli əhalidən “unikal təcrübə” əldə etmək istəyənlər çox vaxt restoranda nahar və ya şam yeməyi ilə birlikdə ənənəvi fin saunasını ziyarət edən turları seçə bilərlər. Belə proqramların qiyməti 60 avrodan başlayır.

Klassik ekskursiyalardan əlavə, idmanı və şəhəri gəzməyi birləşdirməyə imkan verən velosiped turları da mövcuddur. Bazarların ziyarətini və yerli yeməklərin dadılmasını özündə cəmləşdirən kulinariya marşrutları da var.

Ən tələb olunan variantlardan biri isə məşhur su üzərindəki qala olan Suomenlinnada daxil olmaqla, adalara dəniz ekskursiyalarıdır. Bu gün Suomenlinna təkcə tarixi abidə və UNESCO-nun Dünya İrsi obyekti deyil, həm də bütöv dünyadır. Burada insanlar yaşayır, məktəb avtobusu hərəkət edir, alma ağacları bitir. Yanında isə qədim divarlar, müdafiə qüllələri, incəsənət qalereyaları və bulka dükanları var. Adada gəzinti bir filmə bənzəyir: burada sən həm tamaşaçı, həm də qəhrəmansan. Tarixi istehkamlar və tunellər boyunca gəzmək, muzeyləri, kafeləri ziyarət etmək və Baltik dənizinin füsunkar mənzərəsindən həzz almaq olar. Belə turlar, adətən, 3-5 saat davam edir və təxminən 40-60 avro dəyərindədir. Bunlar bərə ilə səfər, bələdçi ilə adalarda gəzinti və bəzən muzey və ya kafe ziyarətlərini əhatə edir.

Materikdə Esplanada parkı boyunca da gəzməyə dəyər. Söhbət iki paralel küçə arasında yerləşən yaşıl xiyabandan gedir. O, mərkəzdən sahilə qədər uzanır və yay aylarında burada konsertlər, festivallar keçirilir, payızda isə ailələr günəşin batması anını birlikdə qarşılamaq üçün buraya toplaşırlar.

 

Helsinkinin qəhvə kodu

Helsinkidə qəhvə sadəcə içki deyil, mədəniyyətin bir hissəsidir. Finlandiya adambaşına qəhvə istehlakına görə dünyada ilk yerlərdən birini tutur: orta hesabla hər sakin ildə təxminən 12 litr qəhvə içir. Bu, hər hansı başqa ölkədən əhəmiyyətli dərəcədə çoxdur və təkcə iqlimə görə deyil, həm də ənənələrlə izah olunur.

Bəs finlər niyə qəhvəni bu qədər çox sevirlər? Birincisi, burada uzun və soyuq qış ayları keçir və buna görə də bir fincan qəhvənin istiliyi təkcə bədəni deyil, həm də ruhu istiləşdirir. İkincisi, qəhvə fasilə və ünsiyyət üçün bir bəhanədir. Fin kafelərində smartfonlara diqqət yetirmədən və həmsöhbətinizi kəsmədən, andan tələsmədən zövq almaq qəbul edilib. Helsinkidə qəhvə insanları birləşdirən bir ritualdir.

Şəhərdə çox sayda kafe var - öz qəhvəsini qovuran kiçik ailə kafesindən tutmuş, ideal köpüklü kapuççino və ya nadir espresso növü hazırlaya bilən baristalarla müasir üslublu müəssisələrə qədər. Növlərin müxtəlifliyi heyrətamizdir: klassik “arabika”dan tutmuş meyvə və ədviyyat notaları olan ekzotik qarışıqlara qədər. İxtisaslaşmış mağazalar dünyanın hər yerindən üyüdülmüş və dənəli qəhvə təklif edir, supermarketlərdə isə Bakıdan fərqli olaraq, büdcəli (250 q üçün 2-3 avro) və premium (50 avro və daha yüksək) qiymətə yüzlərlə variantı tapmaq mümkündür.

Finlər ənənəvi dəmləmə metodlarını da sevirlər: burada espresso qədər tez-tez içilən filtr qəhvəsi. Bir çox kafelər alternativ üsullar təklif edirlər - soyuq qəhvə, bitki mənşəli süd əsaslı qəhvə, əlavələrlə südlü latte, həmçinin yerli tərkib hissələri, məsələn, giləmeyvələr və ya bal ilə içkilər.

Qəhvə həm də sosial fenomendir. Bir çox görüşlər, o cümlədən işgüzar və ya dostlar arasında görüşlər Helsinkidə, demək olar ki, əsas ictimai mərkəz olan kafelərdə keçir. Bir fincan qəhvə ilə oturub şimal havasından həzz alaraq dənizə baxa biləcəyiniz sahil müəssisələri xüsusilə məşhurdur.

 

Şimal dadının mətbəxi

Fin yeməyi sadədir, lakin uzun müddət yadda qalır. Bazarlarda, kafelərdə, kəndlərdəki nənələrdə - hər yerdə Kareliya pirojkiləri (karjalanpiirakka) var. Tərkibində düyü olan nazik çovdar xəmiri unudulmaz birləşmədir. Yanında həmişə yağ ilə yumurta olacaq: üstdən klassik “yağlama”.

Balıq mətbəxin digər bir simvoludur. Hisə verilmiş qızıl balıq, marinadlanmış siyənək balığı, qaymaqda balıq şorbası, qızardılmış dəniz xanı balığı - bütün bunları birbaşa limanın yanında yerləşən mərkəzi bazar meydanı Kauppatoridə dadmaq olar. Yayda burada yeməklər yoldan keçənlərin gözləri qarşısında hazırlanır, qağayılar isə boşqabdan nəsə götürmək uğrunda mübahisə edirlər.

Və əlbəttə ki, darçınlı bulkalar: ev şəraitində hazırlanan dolğun, ətirli şirniyyat. Finlər onları çox sevirlər. Burada sadəcə içki deyil, həyat tərzi olan qəhvə ilə təklif olunur.

Beləliklə, Helsinki “atraksion şəhər” deyil. O əyləndirmir, səs-küy salmır və xoşa gəlməyə çalışmır. O, sadəcə var. Sakit, səmimi, harmonik. Və əgər siz həddindən artıq yüklənmiş marşrutlardan və tez təəssüratlardan yorulmusunuzsa - buraya gəlin. Özünlə tək qala biləcəyin, amma yalnız olmadığın bir yerə.



MƏSLƏHƏT GÖR:

80