5 Dekabr 2025

Cümə, 09:02

QOCALMAQ XOŞBƏXTLİKDİR

Azərbaycan dəyərli və fəal qocalıq arxitekturasını genişləndirmək üçün daim axtarışdadır

Müəllif:

01.10.2025

1 oktyabr dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Həmin gün yaşlı nəslə ehtiram, qayğı rəmzidir. Azərbaycanda bu tarixin xüsusi mənası var, çünki ölkədə gedən dinamik demoqrafik dəyişikliklər, yaşlı nəslin cəmiyyətdə artan rolu onu daha önəmli edir. Yəni oktyabrın 1-i yalnız təbrikləşmək üçün bəhanə yox, həm də cəmiyyətin və dövlətin demoqrafik dəyişikliklərə, müasir dövrdə qocalığın çağırışlarına nə dərəcədə hazır olduğunu göstərən güzgüdür.

Azərbaycanda ağsaqqala, ağbirçəyə hörmət sadəcə nəzakət qaydası deyil. O, milli mədəniyyətin təməl daşlarından biridir. Uzun illər ərzində yaşlılara dəstək geniş ailə institutunun tərkibində formalaşıb. Lakin urbanizasiya, əmək miqrasiyası, ailə strukturunda dəyişikliklər yalnız ailə çərçivəsində dəstəkdən daha dayanıqlı, kompleks sosial arxitekturaya keçidi zəruri edir.

 

Əhalinin qocalması

Azərbaycanda təxminən 1,1 milyon pensiyaçı yaşayır. Bu, ölkə əhalisinin təxminən 10,8%-i deməkdir. Müxtəlif mənbələrin məlumatına görə, yaşı 65 və daha çox olan şəxslərin ümumi əhali arasındakı payı 6,2-11% arasında dəyişir. Ümumilikdə yaşlı əhalinin sayı artır ki, bu da doğum səviyyəsinin azalması ilə əlaqəli qlobal əhali qocalması tendensiyasının bir hissəsidir. 2025-ci il yanvarın 1-nə olan məlumata görə Azərbaycanda 1 103 300 pensiyaçı, yaşı 100 və daha artıq olan isə 276 nəfər yaşayır.

Ölkədə əhalinin qocalması ilə bağlı çağırışlara cavab olaraq yaşlı insanların sosial təminatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülür. Bu istiqamətdə atılmış önəmli addımlardan biri, əlbəttə ki, pensiyaların artırılmasıdır. 2025-ci ilin yanvarında Azərbaycanda pensiya 8,1% artırılıb və nəticədə, minimum pensiya 320 manatadək yüksəlib.

Bundan başqa, ölkədə pensiyaların avtomatik təyinatı üçün elektron sistemlər tətbiq edilir. Bu yenilik yaşlı vətəndaşların sosial ödənişlərə çıxışını asanlaşdırır, onların əlçatanlığını artırır.

Sosial siyasətin mühüm tərkib hissələrindən biri, əlbəttə ki, yaşlı insanlara verilən dəstəkdir. Bu mənada, Heydər Əliyev Fondu tərəfindən dəstəklənən müxtəlif proqramlar çərçivəsində yaşlı vətəndaşlara ərzaq, dərman preparatları təqdim olunur, evlərdə tibbi müayinələr təşkil edilir.

 

Könüllü təşkilatları və təşəbbüslər

Azərbaycanda yaşlı insanlarla fəal iş aparan könüllü təşkilatlar var. Onlar bu insanların sosial və tibbi dəstək almasına kömək edir, həmçinin onların ictimai həyata inteqrasiyasını təmin etməyə çalışır. Bu cür layihələrdən biri DOST Agentliyi tərəfindən həyata keçirilən «Gümüşü DOST» proqramıdır. Bu proqram çərçivəsində yaşlı könüllülər sosial və təhsil fəaliyyətinə cəlb olunurlar.

Yaşlı vətəndaşların dövlət xidmətlərindən yararlanmasına isə ASAN xidmət dəstək verir – onların informasiya əldə etməsinə, sənədləşmələr aparmasına kömək edirlər.

Ölkədə yaşlılara yardımların göstərilməsində fəal iştirak edən daha bir təşkilat Qızıl Aypara Cəmiyyətidir. Onun könüllüləri insanları tibbi baxışdan keçirir, onlara ərzaq və dərman çatdırır, həmçinin əyləncəli, maarifləndirici tədbirlər təşkil edirlər.

 

Problemlər və çağırışlar

Bu cür təşəbbüslərin olmasına baxmayaraq, yaşlı insanlar bir sıra çətinliklərlə də üzləşir. Təcrid, müasir texnologiyalar çıxışın məhdudluğu, mövcud sosial xidmətlər, asudə vaxt və təhsil imkanları haqda məlumatsızlıq və s. Fiziki məhdudiyyətlər və məlumatsızlıq səbəbilə könüllü proqramlarından heç də hamı faydalana bilmir. Xüsusilə kəndlərdə belə çətinliklər daha kəskin hiss olunur. Odur ki, bu məsələyə dövlətin və ictimai təşkilatların xüsusi diqqəti tələb edilir.

Böyük şəhərlərdə, xüsusilə ənənəvi qonşuluq münasibətlərinin zəif olduğu yerlərdə bir çox insan, xüsusilə də tənhalar ictimai həyatdan uzaq düşürlər. Bu problemin həlli üçün hər bir rayonda gündəlik fəaliyyət mərkəzlərinin, yaxud «ağsaqqallar evi» şəbəkəsinin yaradılması lazımdır. Söhbət müalicə mərkəzlərindən yox, yaşlı nəslin ünsiyyət qura, əl işləri hazırlaya, stolüstü oyunlar oynaya, ən əsası isə gənclərlə vaxt keçirə biləcəkləri məkanlardan gedir.

Elektron hökumət və onlayn xidmətlər dövründə yaşlılar kənarda qalmamalıdır. Bu cür insanlar üçün təkbaşına həkimə yazılmaq, kommunal ödənişlər etmək, yaxud bankomatdan istifadə əlavə stress yaradır. Odur ki, dövlət və bələdiyyələrin təmənnasız kompüter, mobil savadlılıq kursları təşkil etməsi, tələbələrin buraya təlimçi kimi cəlb edilmələri məqsədəuyğun olardı.

 

Pensiyaçılar üçün nəqliyyat

Oktyabrın 1-dən ictimai nəqliyyatda tariflərin artırılması fonunda nəqliyyatın pensiyaçılar üçün əlçatanlığı məsələsi xüsusi aktuallıq qazanıb. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda onlar üçün vahid güzəştli gediş sistemi yoxdur. İctimai nəqliyyatda güzəştlər əsasən müəyyən sosial qruplara (məsələn, müharibə veteranları, əlillər, şəhid ailələri və s.) təqdim olunur. Bu özü də şəhərdən-şəhərə fərqlənə bilər. Demək, tarif artımı çox vaxt minimal gəlirlə yaşayan insanların üzərində əlavə maliyyə yükü yaradır.

Nəqliyyat xərci sadəcə bir marşrutun qiyməti deyil, həm də evdən çıxmaq, həkimə getmək, banka yollanmaq, sosial mərkəzlərə üz tutmaq və ya sadəcə dostlarla görüşmək imkanıdır. Yəni söhbət həm də sosial fəallığın qorunmasından gedir. Odur ki, dövlət tərəfindən sosial arxitekturanın əsas elementlərindən biri kimi, pensiyaçılara nəqliyyat subsidiyası tətbiq olunmalıdır. Beynəlxalq təcrübə bunun dəbdəbə yox, səmərəli sosial alət olduğunu təsdiqləyir.

Londonda pensiyaçıların ictimai nəqliyyatdan istifadəsi tamamilə pulsuzdur. ABŞ-də yaşlılar üçün bilet 50% güzəştlə satılır. Orada sosial kart («Senior SmarTrip Card», Vaşinqton) da mövcuddur. Bu kartla bəzən tam pulsuz, bəzən isə yarı qiymətə səyahət mümkündür. İspaniyada «Üçüncü yaş kartı» («Tarjeta Azul») və ya onun alternativləri vasitəsilə ictimai nəqliyyatdan aylıq minimum ödənişlə, yaxud tam pulsuz istifadə olunur. Almaniyada isə yaşlılar üçün kəskin endirimli aylıq kartlar var. Onlar çox vaxt pensiyaçılara limitsiz səyahət hüququ verir.

Azərbaycan üçün «Pensiyaçının nəqliyyat kartı»nın tətbiqi məqsədəuyğun olardı. Onun vasitəsilə gediş haqqını 50% endirimli etmək, yaxud aylıq hansısa sayda pulsuz gediş müəyyənləşdirmək olar. Bununla yanaşı, qeyri-pik saatlarında (10:00-16:00) pensiyaçılar üçün ictimai nəqliyyatdan istifadənin pulsuz olması da mümkündür. Bu, maliyyə yükünü azaltmaqla yanaşı, sərnişin axınının tənzimlənməsinə də kömək edə bilər.

Bu cür proqramlar yalnız qiymət artımını kompensasiya etmir, həm də yaşlıların sosial reinteqrasiyasını təmin edən vasitəyə çevrilir, onların cəmiyyətin fəal üzvü kimi qalmalarına şərait yaradır.

 

İnkişaf və səyahət

Yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün onların ehtiyaclarına uyğunlaşdırılmış sosial proqramların inkişafı və tətbiqi davam etdirilməlidir. Yaşlı nəslin nümayəndələrinin səyahət etmələri üçün əlverişli şəraitin yaradılmasına xüsusi diqqət ayrılmalıdır. Azərbaycanda onlara sakit, mədəni tədbirlərlə zəngin və sağlamlıq yönümlü marşrutlar təklif edilə bilər. Məsələn, yorucu dağ yürüşlərindənsə, Naftalanda sağlamlıq turizminin təşviqi daha məqsədəuyğundur: müalicəvi vanna qəbulu, sakit parklarda gəzinti və s. Bakıda isə üstünlük daha rahat avtobus turlarına, Dənizkənarı bulvar gəzintisinə verilməlidir. Onlar üçün İçərişəhəri ziyarət rahat və əlçatan marşrutlar vasitəsilə təşkil olunmalıdır. Bununla yanaşı, tarixi Şəki və Qəbələ rayonları sakit şəraitdə dincəlmək üçün ideal məkanlardır. Üstəlik, sənətkarlıq nümunələri ilə tanışlıq, qastronomiya…

Turizmin əlçatanlığı yalnız marşrutun rahatlığına deyil, həm də maddi baxımdan əlverişliliyə bağlıdır. Odur ki, dövlət tərəfindən pensiyaçılar üçün turizmin subsidiyalaşdırılması sosial memarlığın əsas elementlərindən biri olmalıdır. Söhbət güzəştli turizm vauçerləri proqramının hazırlanmasından gedə bilər. Pensiyaçılar səyahətə görə ödənişin müəyyən hissəsini ödəməklə, ildə bir dəfə daxili səyahət paketindən yararlana bilərlər. Məsələn, pensiyaçılar üçün əlçatan standartlara cavab verən sertifikatlaşdırılmış hotellərdə qalmaq, gündə cəmi 3 saatlıq ekskursiyanı nəzərdə tutan və s. «Pauza-Tur» paketlərinin yaradılması işə yarayar. Bununla dövlət sadəcə pensiyaçılara endirim vermir, həm də turizm sektorunu yeni, davamlı auditoriya ilə işləməyə təşviq edir.

Bu təşəbbüslərin uğurlu alınması üçün isə beynəlxalq təcrübədən yararlanmaq olar. Məsələn, İspaniya və İtaliyada muzeylər yaşlılara «qızıl saatlar» təqdim edir – həmin saatlarda sıxlıq olmur. Skandinaviyada turizm agentlikləri yaşlılarla xüsusi işləmək bacarığı olan bələdçilər hazırlayırlar. Onlar həm ilkin tibbi yardım göstərə, həm ekskursiyanın tempinə nəzarət edə bilirlər. Yaponiyada isə hotel və nəqliyyatın əlçatanlığı üçün ciddi standartlar tətbiq olunur.

Belə standartlar Azərbaycanda da tətbiq edilməli, təhlükəsiz, rahat sertifikatlaşdırılmış marşrutlar yaradılmalıdır. Bu, istər turizm sektorunun inkişafı, istərsə də yaşlı vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır.

 

Ümumi qayğı

Beynəlxalq Ahıllar Günü bizə yaşlı nəslə hörmət və qayğının vacibliyini xatırladır. Azərbaycanda onların vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif addımlar atılır – pensiyalar artırılır, elektron xidmətlər inkişaf etdirilir, sosial dəstək, könüllü təşəbbüsləri genişləndirilir və s. Lakin yaşlı insanların özlərini cəmiyyətin fəal, qorunan, dəyərli üzvləri kimi hiss etmələri üçün dövlətin, ictimai təşkilatları və könüllülərin kompleks, sistemli fəaliyyəti vacibdir.

Bizim yaşlılara edə biləcəyimiz ən yaxşı yardım qayğı və hörmət mədəniyyətinin formalaşmasıdır. Sosial poroqramların işlənib hazırlanması, turizmin subsidiyalaşdırılması xeyriyyəçilik deyil. O, sosial kapitala investisiya, cəmiyyətin yüksək humanizminin göstəricisidir. Emosional hörmətdən çıxaraq, yaşlı nəslin ləyaqətli, fəal və təhlükəsiz həyatının praktiki və sistemli təminatına keçid bizim ümumi etik öhdəliyimizdir.

Biz öz yaşlılığını ləyaqətlə qarşılayacaq cəmiyyət qururuq.



MƏSLƏHƏT GÖR:

59