5 Dekabr 2025

Cümə, 09:03

“YAŞIL ZONA”

Azərbaycan bərpa olunan enerjini inamla yeni strateji resursa çevirir

Müəllif:

01.10.2025

Artıq xeyli vaxtdır ki, Azərbaycanın klassik karbohidrogen ixracatçısı obrazından kənara çıxıb. Bu gün o, yeni gündəm formalaşdırır. Söhbət günəş, külək və perspektivli hidrogen layihələrinin inkişafını hədəfləyən “yaşıl keçid”dən gedir. Bu proses təkcə emissiyaların azaldılması və ya beynəlxalq iqlim məqsədlərinə uyğunlaşmaq üçün deyil. Söhbət həm də ölkənin Avropa, Mərkəzi Asiya və Türkiyə arasında enerji körpüsü kimi Avrasiyada strateji mövqeyindən gedir.

Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025” çərçivəsində aparıcı beynəlxalq və yerli ekspertlər qeyd ediblər ki, ölkə genişmiqyaslı “yaşıl layihələr”in həyata keçirilməsində, yeni texnologiyaların inteqrasiyasında və investisiyalar üçün şəraitin yaradılmasında sistemli yanaşma nümunəsi göstərir.

 

“Yaşıl gündəm”in problemləri

Yəqin ki, Azərbaycanın “yaşıl gündəmi” üçün ən ciddi məsələlərdən biri yerli mütəxəssislərin inkişafı hesab oluna bilər. “Yaşıl Enerji Həftəsi 2025”də çıxışında “SOCAR Green”in günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin Tarquliyevin söylədiyi kimi, yerli EPC (mühəndislik, satınalma və tikinti) şirkətləri və podratçılar olmadan investisiyaların böyük hissəsi xaricə “axacaq”: “Hər şey xaricdən gətirilsə, investisiyalar formal olaraq Azərbaycanda həyata keçirilsə belə, ölkədən kənara vəsait axacaq. Ona görə də yerli səlahiyyətli subyektləri inkişaf etdirmək, EPC şirkətləri, O&M (əməliyyat və texniki xidmət) şirkətləri, avadanlıq istehsalçılarını yaratmaq və onların inkişafını dəstəkləmək lazımdır”.

Əslində, söhbət azərbaycanlı mütəxəssislərin təkcə obyektlərə xidmət göstərməyəcəyi, həm də beynəlxalq bazarda rəqabət apara biləcəyi yeni sənaye bazasının yaradılmasından gedir. Paralel olaraq “SOCAR Green” yerli icmaların cəlb edilməsini nəzərdə tutur: bu, məşğulluq, yeni iqtisadi imkanlar və stansiyaların tikildiyi ərazilərin sakinləri ilə dialoqdur. Belə yanaşma riskləri azaldır və layihələrə müsbət münasibət formalaşdırır.

Digər ekspertlərin fikrincə, Azərbaycanda “yaşıl enerji”nin inkişafı bu gün çağırışlarla müşayiət olunur. Bunlardan əsası şəbəkə infrastrukturudur. “Azərişıq” ASC-nin külək enerjisi şöbəsinin rəhbəri Rasim Əliyev SCADA məlumatları (dispetçer idarəetməsi və məlumat toplama sistemi) əsasında proqnozlaşdırıcı texniki xidmətə (“predictive maintenance”) keçidin əhəmiyyətinə diqqət çəkir. Bu, nasazlıqların yaranmazdan əvvəl aşkar edilməsinə imkan verəcək və səmərəliliyi artıracaq. Onun sözlərinə görə, ölkədə hələ ki əsasən kifayət qədər səmərə verməyən profilaktik və korreksiyaedici xidmət metodları tətbiq olunur.

“TotalEnergies” şirkətinin Azərbaycandakı Bərpa olunan enerji biznesinin inkişafı üzrə baş mütəxəssisi Çingiz Orucov BOEM sahəsində, xüsusən dəniz külək enerjisi, bioqaz və geotermal enerji üçün icazələrlə bağlı çətinliklərə diqqət çəkib. “Tək pəncərə” sisteminin yaradılması yaxşı həll yolu ola bilərdi”, - o hesab edir.

Kadr məsələsi də az əhəmiyyətli deyil: “ACWA Power” və “CESI Consulting”in nümayəndələrinin qeyd etdikləri kimi, bu sahədə Mərkəzi Asiya və Cənubi Qafqazda təcrübəli mütəxəssislər çatışmazlığı var. Buna görə də böyük şirkətlər artıq təlim proqramları və ekspertlərin cəlb edilməsini planlaşdırırlar.

Və nəhayət, ekoloji amil. Xəzərdə dəniz külək enerjisinin inkişafı böyük potensial açır, lakin dənizin ekosisteminin nəzərə alınması tələb olunur. Ekspertlər bu məsələdə güclərin artımı ilə biomüxtəlifliyin qorunması arasında balansın əhəmiyyətini vurğulayırlar.

 

Lokal layihələrdən regional hablara

Azərbaycan pilot təşəbbüslərdən genişmiqyaslı proqramlara əminliklə irəliləyir, bərpa olunan enerjini yeni strateji resursa çevirir.

Belə ki, artıq ölkədə “yaşıl enerji” zonaları yaradılır. Belə ki, Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin Türkiyəyə ixracı perspektivi ilə 530 MVt gücündə iki günəş elektrik stansiyasının tikintisi barədə danışıqlar aparılır. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova qeyd edib ki, “A-Z Czech Engineering” və “Nobel Energy” şirkətləri ilə sənədlər artıq imzalanıb.

2027-ci ilə qədər Azərbaycanda ümumi gücü 1,7 GVt-dan çox olan səkkiz iri günəş və külək stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Növbəti addım “yaşıl artım”ın beş əsas prioritetdən biri olacağı “2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması olacaq.

Elçin Tarquliyev Azərbaycanın BOEM sahəsinin inkişafının ikinci və üçüncü fazalarına keçidindən danışıb: “Birinci mərhələni pilot adlandırmaq olar: biz yeni texnologiyaları mənimsədik, səhvlərdən nəticələr çıxardıq və qanunvericilik bazası formalaşdırdıq. İndi ölkə ikinci fazaya - texnologiyaların yetkinliyinə keçir. Bu, layihələr üzərində gücləndirilmiş nəzarət və enerji saxlama sistemlərinin mütləq tətbiqi deməkdir”.

Məhz ona görə də Azərbaycanda 2027-ci ilə qədər milli şəbəkənin bir hissəsi olacaq 250 MVt gücündə ilk enerji toplama sistemi yaranacaq. Bundan sonra enerji saxlama sistemlərinin inteqrasiyası üzrə məsuliyyət tədricən investorlara keçəcək.

E.Tarquliyevin sözlərinə görə, 2032-ci ildən sonra ölkə giqavat miqyasında layihələr həyata keçirməklə üçüncü mərhələyə – ixrac mərhələsinə daxil ola biləcək. 2040-cı ilə qədər “yaşıl enerji”nin ixracını bu sahədə ən iri beynəlxalq proqramlara bərabər olan 4 GVt-a çatdırmaq planlaşdırılır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın “yaşıl energetika”sı təcrid olunmuş vəziyyətdə inkişaf etmir. Ölkədə “ACWA Power”, “Masdar”, “TotalEnergies”, “Sungrow” kimi iri beynəlxalq şirkətlər öz strategiyalarına uyğun olaraq fəal şəkildə işləyir.

Belə ki, “ACWA Power” süni intellektdən istifadə edərək külək parklarının optimallaşdırılmasını, hibrid layihələrin (külək + günəş + enerji saxlama sistemləri) işə salınmasını və ofşor stansiyalara hazırlığı əhatə edən üçmərhələli yol xəritəsi təqdim edib. Şirkət, həmçinin yerli təchizat zəncirlərinin inkişafına, o cümlədən Azərbaycanda əsas komponentlərin – pərlərin, qüllələrin və podşipniklərin istehsalına “stavka” qoyur.

Bu təşəbbüslər artıq ölkəni “satış bazarı” çərçivəsindən kənara çıxarır. Azərbaycan regional istehsal platformasına və gələcək “yaşıl energetika” habına çevrilir.

Energetikanın genişləndirilməsinin açarı milli sərhədlərdən kənardadır. Ən iddialı layihə Cənubi Qafqaz regionunu Avropa ilə birləşdirəcək Qara dənizin altından çəkilən elektrik kabelidir.

IFC-nin investisiya mütəxəssisi Vyaçeslav Qordiyenkonun dediyi kimi, bu layihə nəhəng strateji əhəmiyyətə malikdir, lakin onun həyata keçirilməsi mürəkkəb koordinasiya və çoxtərəfli dəstək tələb edəcək. Dünya Bankı (DB) artıq lazımi araşdırmalar aparır.

Üstəlik, bu prosesə təkcə Cənubi Qafqaz ölkələri deyil, həm də Mərkəzi Asiya dövlətləri cəlb edilməlidir. Belə yanaşma yerli istehsal gücünün yaranması üçün şərait yaradacaq və layihələri kommersiya cəhətdən həyat qabiliyyətli edəcək.

 

Beynəlxalq maliyyə qurumlarının baxışı

Bərpa olunan energetikanın inkişafı təkcə texnologiyalar və mühəndis həlləri deyil, həm də əhəmiyyətli maliyyə resursları tələb edir. Burada əsas rol beynəlxalq maliyyə institutlarına - IFC, Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) və Dünya Bankına məxsusdur. Onlar təkcə kreditorlar deyil, həm də Azərbaycanın enerji keçidinin tamhüquqlu tərəfdaşlarına çevrilirlər.

Qeyd etmək lazımdır ki, bu prosesdə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı da fəal iştirak edir. Onların Azərbaycanın enerji sektoruna diqqəti təsadüfi deyil. Hər iki institut ölkəni Avrasiyanın davamlı enerji sisteminin formalaşmasında mühüm bənd kimi nəzərdən keçirir və şəbəkələrin modernləşdirilməsi, enerji saxlama sistemlərinin tətbiqi və “yaşıl infrastruktur”un inkişafı layihələrini dəstəkləyir.

V.Qordiyenkonun sözlərinə görə, Azərbaycanın artıq dərin təəssürat yaradan portfeli formalaşır: 2027-ci ilə qədər 1,7 GVt-dan çox layihə. Lakin gələcək uğur stansiyaların gücündən deyil, şəbəkə infrastrukturunun davamlılığından və gəlirlərin proqnozlaşdırıla bilməsindən asılıdır.

“Etibarlı elektrik enerjisi alıcısına malik olmaq vacibdir. Müqavilələrin müddəti kreditlərin ödənilməsi müddəti ilə üst-üstə düşməlidir - bu, investorların marağını əhəmiyyətli dərəcədə artırır”, - o söyləyib.

Mövzunu digər ekspert – IFC-nin dayanıqlı maliyyələşdirmə üzrə eksperti Leyla Hüseynli davam etdirir və vurğulayır ki, ölkə artıq klassik BOEM layihələrinin çərçivəsindən kənara çıxır: “Biz dövlət-özəl tərəfdaşlığı formatında layihələrə, o cümlədən “yaşıl hidrogen” sahəsinə artan marağı görürük. Bundan təkcə region deyil, bütün dünya qazana bilər”. O hesab edir ki, “yaşıl sertifikatlar” və enerjiyə qənaət edən həllərin tətbiqi vacib sahəyə çevrilir: “Bunlar karbon emissiyalarının, o cümlədən uzunmüddətli xərclərin azaldılmasına və ümumi iqtisadi səmərəliliyin artırılmasına imkan verir”. Amma daha praqmatik aspekt var: ölkədə binaların təqribən 90%-i qaz təchizatından asılıdır və qaza daxili tariflər ilə onun ixrac qiyməti arasındakı fərq xeyli hiss olunur.

“Əgər daxili istehlakı azaltsaq və qazı ixrac üçün azad etsək, dövlət iqtisadiyyatın daha da “yaşıllaşdırılması”na yönəldilə biləcək əlavə gəlirlər əldə edəcək. Belə yanaşma təkcə Azərbaycan üçün deyil, qlobal miqyasda da dönüş nöqtəsi ola bilər”, - o qeyd edib.

Dünya Bankı öz növbəsində Azərbaycanın energetikasında sistemli dəyişikliklərə vurğu edir. DB Qrupunun energetika üzrə baş mütəxəssisi Florian Kitt qeyd edib ki, ölkə elektrik enerjisinin istehsalı, ötürülməsi və bölüşdürülməsi sahəsində islahatlar həyata keçirərək düzgün istiqamətdə hərəkət edir: “Bu, Avropa bazarlarına növbəti qoşulma üçün zəruri şərtdir. Hökumət yeni baxış nümayiş etdirir: iqtisadiyyatın 80%-dən çoxunu təşkil edən neft-qaz asılılığından uzaqlaşma və Azərbaycanın sərəncamında olan digər resurslardan istifadəyə keçid. Bu, birincisi, külək - həm quruda, həm də dənizdə, ikincisi, günəş enerjisidir. Hər iki istiqamətdə biz artıq kifayət qədər sürətli dəyişikliklər müşahidə edirik: ölkədə günəş elektrik stansiyaları fəaliyyət göstərir, şəbəkəyə enerji verən külək parkı var. Və hökumət öz baxışını genişləndirərək əsas ixrac mallarını necə əvəz etmək, yəni ənənəvi enerji mənbələrinin ixracından bərpa olunan enerji mənbələrinin ixracına keçmək barədə düşünür”.

Ekspertin sözlərinə görə, bu transformasiya təkcə daxili prioritet deyil, həm də daha geniş regional strategiyanın bir hissəsi olur.

Dünya Bankı bu prosesi tam dəstəkləyir, təkcə Azərbaycanla deyil, həm də onun qonşuları - Gürcüstan və Türkiyə ilə aktiv danışıqlar aparır. Bu müzakirələrin məqsədi aydındır: Cənubi Qafqaz ölkələrinin Avropa enerji bazarlarına çıxışının optimal yollarını tapmaq və regionu Asiyanın “yaşıl enerji”si ilə Avropanın tələbi arasında mühüm körpüyə çevirmək.

F.Kitt, həmçinin hələ ki kölgədə qalan perspektivlərə - geotermal resurslara işarə edib. Azərbaycan hesab edir ki, o, isti yeraltı suları həm kənd təsərrüfatı və rekreasiya zonalarının ehtiyacları, həm də elektrik enerjisi istehsalı üçün istifadə edə bilər. “Bu, neft-qaz sahəsində toplanmış təcrübənin təbii davamıdır”, - ekspert əlavə edib.

“SOCAR Green”in elan etdiyi kimi, belə ilk layihənin 2030-cu ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Azərbaycanın “yaşıl enerji” bazarında fəal oyunçulardan biri Avropa Yenidənqurma və İnkişaf Bankıdır. Onun məqsədi ölkənin 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını azı 30%-ə çatdırmaq barədə ambisiyalı planını dəstəkləməkdir. Bankın energetika üzrə baş mütəxəssisi Sandro Museridzenin məlumat verdiyi kimi, yalnız son illər EBRD ümumi gücü 1,2 GVt olan layihələri maliyyələşdirib. Bunlar arasında “Masdar” (230 MVt) və “ACWA Power” (240 MVt) ilə əməkdaşlıq, həmçinin müqayisə oluna bilən miqyasda iki digər obyekt var. “Bunlar Qafqazda ilk iri kommunal layihələrdir. Vacibdir ki, güclər ilə yanaşı biz yerli səriştələr də formalaşdırırıq. “Xızı-Abşeron” külək parkının tikinti meydançasında 850 nəfər çalışır, onlardan 70%-i Azərbaycan vətəndaşlarıdır. Bu, yeni iş yerləri və yeni bacarıqlardır”, - o bildirib.

S.Museridzenin sözlərinə görə, EBRD-nin iştirakı digər beynəlxalq kreditorların Azərbaycan bazarına etimadını artırır və bu da artıq bir neçə uğurlu birgə investisiya nümunəsi ortaya qoyub. Etibarlı elektrik şəbəkəsinin inkişafına və şəffaf hərracların keçirilməsinə xüsusi diqqət yetirilir. 2024-cü ildə EBRD-nin dəstəyi ilə ölkədə 400 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi üzrə ilk müsabiqə keçirilib. Bu, milli energetikada BOEM-in uzunmüddətli rolu haqqında mühüm siqnaldır.

EBRD qənaət edilmiş qazın hidrogen istehsalı üçün istifadəsinə də vurğu edir. “Təkcə iki BOEM layihəsi ildə təxminən 300 min kubmetr qaz azad etməyə imkan verir. Bu resursları hidrogen energetikası daxil olmaqla yeni sənaye sahələrinə yönəltmək olar”, - S.Museridze vurğulayıb.

Bütün bunlar Azərbaycanın enerji keçidində texnologiya və siyasətin beynəlxalq kapitalla yanaşı, getdiyini təsdiqləyir.

Regionun bir çox ölkələrindən fərqli olaraq, Azərbaycan istehsalların lokallaşdırılmasına, beynəlxalq investisiyaların cəlb edilməsinə, regional şəbəkələrə inteqrasiyaya və ən yeni texnologiyaların tətbiqinə önəm verir. Milli səriştələr, qlobal tərəfdaşlar və regional əməkdaşlığın vəhdəti ölkəni Avrasiyada enerji keçidinin ən perspektivli iştirakçılarından birinə çevirir.



MƏSLƏHƏT GÖR:

49