FƏSADSIZ TANIMA
Qərb Yaxın Şərq siyasətində oyun qaydalarını dəyişməyə hazır olduğunu nümayiş etdirir
Müəllif: Samir VƏLİYEV
Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya və bir sıra digər ölkələrin Fələstinin müstəqilliyini tanıması Qəzzada davam edən müharibə fonunda Yaxın Şərqdə onsuz da gərgin olan münaqişəni yeni mərhələyə keçirib. Bu qərar yalnız beynəlxalq siyasi konfiqurasiyanın dəyişdiyini deyil, həm də istər qlobal diplomatiya, istərsə də Avropada misli görünməmiş ictimai etiraz dalğasının təzyiqinin artdığını ortaya qoyur.
Qəribə müstəqillik
Sentyabrın 22-də BMT Baş Assambleyasının sessiyasında Fransa Prezidenti Emmanuel Makron Fələstin dövlətini rəsmən tanıdıqlarını bəyan edib. Amma o, bu əhəmiyyətli qərarın şərtlərini də açıqlayıb: Paris girovlar azad olunmayana, sülh üçün real şərait yaranmayana qədər Rəmallahda diplomatik nümayəndəlik açmayacaq. Rəmzi və praqmatik məqamları özündə birləşdirən bu addım yeni diplomatik xəttin ikili təbiətini nümayiş etdirir: tanınma həm mənəvi jest, həm də münaqişə tərəflərinə təzyiq vasitəsi kimi təqdim olunur.
Son zamanlaradək dünya birliyi Fələstin dövlətinin yaradılması perspektivini yalnız uzunmüddətli danışıqlar nəticəsində əldə olunacaq yekun sülh sazişi ilə əlaqələndirirdi. Lakin artıq yanaşma dəyişib: Qərb ölkələri Fələstinin tanınmasını yekun mərhələ yox, əksinə, prosesi sürətləndirəcək vasitə, İsrailin dialoqa sövq edilməsi üçün rıçaq kimi görməyə başlayıb. İndi Təl-Əvivin ənənəvi müttəfiqləri, bu məsələdə indiyədək son dərəcə ehtiyatlı davranmış dövlətlər də «kompromisə nail olunmasını gözləmək» strategiyasına yenidən baxır, Fələstin dövlətinin tanınmasını zəruri aralıq addım kimi müzakirə edirlər.
Bu cür qərarlar, əlbəttə ki, sadəcə mənəvi-siyasi mesaj deyil, həm də praktik önəm daşıyır. Bu, Fələstinin beynəlxalq təşkilatlarda iştirakı üçün yeni yollar açır, onun beynəlxalq nüfuzunu artırır, danışıqlardakı mövqeyini gücləndirir. Eyni zamanda bu qərarı vermiş dövlətlər İsrail qarşısında daha sərt tələblər irəli sürmək imkanı əldə edir. Tanınma faktı diplomatik arqumentə çevrilir, zorakılığın tezliklə dayandırılmasının vacibliyinə dair bəyanatlara əlavə çəki qazandırır.
Bu gün Avropadakı kütləvi etiraz hərəkatları bu prosesin mühüm tərkib hissəsinə çevilib. London, Berlin, Roma, Stokholm və digər paytaxtlarda minlərlə insan küçələrə çıxaraq, müharibənin dərhal dayandırılması, Fələstinlə həmrəylik nümayişi tələbi irəli sürür. İtaliyada bu, hətta ümumxalq tətili forması alıb və ölkənin nəqliyyat sistemi faktiki olaraq, iflic vəziyyətinə düşüb. Böyük Britaniya və Almaniyada isə etirazçılar dərhal atəşkəsin əldə olunması, İsrailin hərbi təchizatının dayandırılması kimi tələblərlə çıxış ediblər. Ümumiyyətlə, artıq bu aksiyalar lokal narazılıq ifadəsi olmağı aşıb. İndi o, siyasi elitalara təsir göstərən strukturlaşmış amilə çevrilib. Odur ki, hökumətlər beynəlxalq öhdəliklərlə daxili tələblər arasında balans axtarmağa məcburdurlar.
Lakin İsrailin bu etirazlara cavabı son dərəcə sərt olub. Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu bu addımları «terrora verilən mükafat» adlandırıb, ölkəsinə 7 oktyabr 2023-cü ildə edilmiş hücumu xatırladaraq bildirib ki, onlar İordaniyanın qərbində Fələstin dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəklər. İsrail bunu özünə istər təhlükəsizlik, istərsə də milli kimlik baxımından birbaşa təhdid kimi qiymətləndirir. Belə bir vəziyyətdə Təl-Əvivin Fələstin dövlətini tanıyan dövlətlərə diplomatik təzyiqləri artıracağı, yəhudi yaşayış məntəqələrinin genişləndirilməsi prosesinin sürətləndirilməsi, İordan çayının qərb sahilinə nəzarətin sərtləşdirilməsi gözlənilir.
BMT savaş meydanı kimi
Baş verənlər fonunda Netanyahunun BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı xüsusi diqqət çəkib. O, başçılıq etdiyi hökumətin sözügedən məsələ ilə bağlı sərt mövqeyini təsdiqləyib ki, bu da geniş rezonansa səbəb olub. İsrailin özünümüdafiə hüququnun olduğunu xatırladan baş nazir Fələstin dövlətinin tanınması ilə bağlı beynəlxalq təşəbbüsləri rədd etdiyini söyləyib. O, eyni zamanda, İranı bir daha regionda radikal qrupları dəstəkləməkdə, sabitliyi pozmaqda günahlandırıb.
Sammit zalına toplaşanların Netanyahunun çıxışına münasibəti fərqli olub. Ərəb və müsəlman ölkələri Təl-Əvivi hərbi cinayətlərdə, hətta fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edib. Qətər və İordaniya bəyanatla çıxış edərək İsrailin ünvanına sərt ifadələr səsləndirib, İndoneziya isə «şalom» sözünü İsrailin siyasətinə qarşı çıxmaq kontekstində rəmzi mənada işlədib.
Lakin ABŞ İsrailin özünümüdafiə hüququnun olduğunu bir daha təsdiqləyib, avropalı diplomatlar isə Təl-Əvivin əməlləri haqda kəskin danışmaqdan yayınıblar. Onlar daha çox kompromis axtarışının vacibliyini vurğulayıblar. Bu, təbii ki, hazırkı şəraitdə İsrailə müəyyən hərəkət azadlığının tanınması anlamına gəlir.
Amma B.Netanyahunun çıxışı əks-effekt də yaradıb. Yəni onun bəyanatları nəinki İsrailin mövqeyini gücləndirməyib, əksinə, Fələstin tərəfdarlarının sirləşməsini daha da sürətləndirib. Məsələn, Fransa ilə Səudiyyə Ərəbistanı elə sessiyanın gedişində Fələstin dövlətinin tanınması ideyasına beynəlxalq dəstək qazanmaq üçün diplomatik səyləri artırıblar. Bütün bunlar göstərir ki, bu qərarı dəstəkləməyə hazır olan yeni ölkələr koalisiyası yaranmaq üzrədir.
Hər halda, artıq Fələstinin Yaxın Şərqdən kənarda tanınmağa başlaması diplomatik mənzərəni kökündən dəyişməyə qadir amilə çevrilir. Belə bir vəziyyətdə Vaşinqton ehtiyatlı mövqedən çıxış edir. Avropa paytaxtlarının sözügedən qərarlarını «nümayiş xarakterli jest» kimi qiymətləndirən ABŞ hesab edir ki, tanınma müstəqil addım yox, sülh sazişinin bir hissəsi olmalı, burada İsrailin təhlükəsizliyi ilə bağlı təminatlar da mütləq əksini tapmalıdır. Bununla yanaşı, Amerika administrasiyası üçün prioritetlər də öz yerində qalır: terrorçuluqla mübarizə, girovların azad edilməsi, İsrailin təhlükəsiz mövcudluğu üçün şəraitin təmini.
Qeyd edək ki, bu mövzuda Birləşmiş Ştatlar daxilində də təzyiqlər artmaqdadır. Qəzzadakı humanitar fəlakətə etiraz edən ictimaiyyət dəyişiklik tələb edir, Konqresin bir hissəsi isə Ağ Evin bu problemlə bağlı siyasətinə yenidən baxmalı olduğunu düşünür.
Avropaya qayıdaraq qeyd olunmalıdır ki, burada etirazlar tamamilə fərqli gözləntilər yaradır. İndi siyasətçilər hadisələrə adət etdikləri bürokratik mexanizmlərin imkan verdiyindən daha sürətli reaksiya göstərirlər.
ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışı onun administrasiyasının bu məsələdə ictimai rəyə tabe olmağa meyilli olmadığını, regiondakı əsas müttəfiqi İsraili sonadək dəstəkləmək fikrində qaldığını göstərib. Özünəməxsus üslubda çıxış edən Tramp diplomatik eyhamlardan qaçaraq açıq şəkildə bildirib ki, İsrail Yaxın Şərqdə «sarsılmaz demokratiya qalası olaraq qalacaq». Onun bu fikirlər ABŞ və bir sıra Avropa ölkələrinin nümayəndələri tərəfindən alqışlarla qarşılansa da, bir neçə ərəb ölkəsinin nümayəndə heyəti iclas zalını nümayişkaranə şəkildə tərk edib.
Fələstin Yaxın Şərq siyasətində dəyişikliyin triggeri kimi
Bu proseslərin fəsadları çox ola bilər. Bir tərəfdən Fələstinin tanınması beynəlxalq münasibətlər sistemində onun subyektliyini gücləndirir, fələstinlilər üçün mənəvi qələbəyə çevrilərək onların geniş dəstəyə ümidini artırır. Digər yandan bu, İsrailin təcridini dərinləşdirir, onu Qərbin əvvəlki qeyd-şərtsiz dəstəyindən məhrum edir. Baş verənlər Aİ daxilində də parçalanma ehtimalını artırır. Məsələ ondadır ki, bəzi ölkələri tanınma prosesini fəal şəkildə irəli aparmağı düşünürsə, digərləri Vaşinqton və Təl-Əviv ilə münasibətləri qorunmaq üçün ehtiyatlı davranır.
Ərəb və müsəlman dünyasında bir sıra Qərb dövlətinin bu qərarı çoxdan gözlənilən ədalətli addım kimi qarşılanıb. Lakin baş verənlərin yaratdığı risklər də var. Bu tanınma qərarları real dəyişikliklərlə müşayiət olunmazsa, o, sadəcə rəmzi xarakter daşıyacaq və fələstinlilərin həyatında heç bir irəliləyişə yol açmayacaq.
Bu gün vətəndaş cəmiyyətləri, kütləvi etirazlar, həmkarlar ittifaqları, tələbə hərəkatları, qeyri-hökumət təşkilatları beynəlxalq siyasətdə yeni ölçüyə çevrilib. Onlar hökumətlərin hərəkət azadlıqlarını məhdudlaşdıran mənəvi və informasiya fonu yaradır. İsrail isə əksinə, daxili səfərbərliyi gücləndirir, beynəlxalq təzyiqlərə rəğmən, münaqişəni təkbaşına çözmək əzmində olduğunu göstərməyə çalışır.
ABŞ üçün bu vəziyyət ikili çağırışdır: o, həm İsraili etibarlı tərəfdaşlarının sırasında saxlamaq, həm də avropalı müttəfiqlərinin həddindən artıq sərbəst davranışının qarşısını almaq istəyir. Belə bir vəziyyətdə Vaşinqton vasitəçi rolunu öz üzərinə götürməyə çalışır, kompromis üçün müxtəlif variantlar təklif edir. Lakin onun təşəbbüslərini hələ ki nə İsrail, nə də Fələstin dəstəkləyir.
Uzunmüddətli perspektivdə Netanyahunun sərt ritorikası ilə paralel olaraq Qərb dövlətlərinin Fələstinin tanınması istiqamətindəki addımları yeni status-kvonun yaranması ilə nəticələnə bilər. Beynəlxalq ictimaiyyət getdikcə Fələstin dövlətinin yaranmasını daha zəruri reallıq kimi qəbul edir, İsrail isə bu şəraitdə diplomatik müdafiə mövqeyinə keçmək məcburiyyətində qalmaq riski ilə üzləşir. Yəqin ki, qarşıdakı dövrdə Avropada kütləvi etirazlar ona təzyiqin katalizatoru olaraq qalacaq, hökumətlər isə ictimaiyyətin ədalət tələbatı ilə müttəfiqlik öhdəlikləri arasında balans tapmağa məcbur olacaq.
Ümumiyyətlə isə artıq dünya bu məsələdə ayrı-ayrı qərarlara deyil, sistemli dəyişikliyə şahidlik edir. Artıq Fələstin dövlətinin tanınması hansısa dövlətlərin marjinal təşəbbüsü yox, xarici siyasətdə təsir alətinə çevrilir. İndi dövlətlər bu yolla Yaxın Şərq münaqişəsinin nəticəsinə təsir göstərmək niyyətlərini nümayiş etdirirlər. Lakin bu tanınma yalnız bir halda yeni diplomatik prosesin başlanğıcına çevrilər ki, beynəlxalq təzyiqlər konkret addımlarla müşayiət olunsun – təhlükəsizlik zəmanətləri, iki dövlətli həll və s. kimi.
Beləliklə, Yaxın Şərq siyasəti «gözləmə» mərhələsindən «fəal tanınma strategiyası» mərhələsinə keçir. Qərb dövlətləri artıq oyun qaydalarını dəyişməyə hazır olduqlarını nümayiş etdirirlər. İsrail diplomatk təcridlə üzləşir, ABŞ isə həm müttəfiqlərinin təzyiqi, həm də strateji sabitliyi qoruma ehtiyacı arasında balans axtarır.
Fələstinin tanınmasının sadəcə rəmzi addım olaraq qalacağı, yoxsa gələcək sülh sazişi üçün real təmələ çevriləcəyi yəqin ki, yaxın aylarda bilinəcək.
MƏSLƏHƏT GÖR:




47

