YENİ ERA BAŞLAYIR
Əliyevin Nyu-Yorka səfəri Azərbaycanın qlobal siyasətdə və iqtisadiyyatda artan rolunu nümayiş etdirir
Müəllif: Elçin HÜSEYNOV
Sentyabrın sonunda Nyu-York növbəti dəfə qlobal diplomatiya mərkəzinə çevrilib. BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında iştirak etmək üçün dünyanın müxtəlif ölkələrinin liderləri bu şəhərə toplaşıblar. Sessiyanın əsas mövzuları qlobal gündəlikdə olan məsələlər, o cümlədən Ukrayna müharibəsi, Qəzzadakı humanitar vəziyyət, beynəlxalq institutlarda islahatlar zərurəti və s. olub.
Bakı qlobal gündəliyin mərkəzində
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə sessiyada iştirak üçün etdiyi səfər sadəcə diplomatik hadisə olmayıb, həm də qüvvələr balansının yeni bölgüsünün açıq nümayişinə çevrilib. Bu gün Bakı bölgədə proseslərin gedişini müəyyən etməyə qadir oyunçu kimi çıxış edir, qlobal arenada özünü inamla təqdim edir. Forum çərçivəsində İlham Əliyevin qrafikinin son dərəcədə gərgin olması da bunun sübutudur. Onun səfərinin ilk günündə nəhəng beynəlxalq korporasiyalar və maliyyə mərkəzləri ilə keçirdiyi görüşlər Nyu-Yorku enerji, tranzit və infrastrukturun gələcəyinə dair dialoq məkanına çevirib. Azərbaycan tərəfindən bu, vitrin yox, bəyanət idi. Ərazi bütövlüyünü bərpa etmiş ölkə şərtləri diqtə etməyə, yeni əməkdaşlıq formatları təklifi verməyə, uzunmüddətli kapital cəlb etməyə hazırdır. İndi bir sıra suallara cavab alınması, imkanlar qazanılması üçün məhz Bakıya üz tuturlar.
İlham Əliyev Nyu-Yorkda alternativ investisiyaların idarə olunması sahəsində dünya nəhənglərindən olan «Brookfield Asset Management» şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb. Görüşdə Azərbaycanın bərpa olunan enerji sahəsindəki imkanları, Bakının regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Dövlət başçısının aktivləri yarım trilyon dollardan çox olan daha bir nəhəng şirkət – «Neuberger Berman»ın rəhbəri Sorc Volker ilə görüşündə isə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Volker regionda baş verən iqtisadi proseslərin onun rəhbərlik etdiyi şirkət üçün əhəmiyyətini vurğulayıb, hazırda yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi imkanlarının dəyərləndirildiyini söyləyib.
İlham Əliyevin dünyanın alternativ investisiyaların idarə olunması üzrə daha bir nəhənglərdən olan «Blackstone» şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşündə Azərbaycanda formalaşmış əlverişli investisiya mühiti yüksək qiymətləndirilib. Qrey Azərbaycanla, xüsusilə Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyib.
Bənzər məsələlər dövlət başçısının qlobal investisiyaların idarə edilməsi ilə məşğul olan «Franklin Templeton», «Global Infrastructure Partners», «Ares Management» kimi nəhəng şirkətlərin rəhbərləri ilə görüşlərində də müzakirə edilib.
Azərbaycan liderinin digər görüşlər bloku ikitərəfli münasibətlərin fəallaşdırılması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın müzakirəsi ilə bağlı olub. O, Nyu-Yorkda İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Kenya Prezidenti Uilyam Samoei Ruto, Finlandiyanın dövlət başçısı Aleksandr Stubb, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza, Yunanıstan hökumətinin başçısı Kiriakos Mitsotakis, Bolqarıstanın Baş naziri Rosen Jelyazkov ilə danışıqlar aparıb.
İlham Əliyev ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə də görüşüb. Görüşdə hazırda Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində yüksəldilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb. Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparıb.
İlham Əliyevin BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü də kifayət qədər məzmunlu keçib. Baş katib İlham Əliyevi Ermənistan-Azərbaycan gündəliyinin irəliləməsi, əldə olunmuş tarixi nəticələr, həmçinin beynəlxalq iqlim gündəliyindəki uğurlar münasibətilə təbrik edib. O, Bakının Qoşulmama Hərəkatına uğurlu sədrliyini, regional əməkdaşlıq layihələrinin inkişafında, Mərkəzi Asiya ilə regional nəqliyyat kommunikasiyalarının qurulmasındakı rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev isə öz növbəsində, BMT-nin 2026-cı ildə Azərbaycanda keçiriləcək Dünya Şəhərlər Forumunun Azərbaycanın bu sahədə, xüsusilə postmünaqişə dövründə şəhərsalma sahəsindəki zəngin təcrübəsinin beynəlxalq ictimaiyyətlə bölüşülməsinə yaxşı imkan yaradacağını söyləyib.
Əməkdaşlıq məsələləri İlham Əliyevin Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündə də müzakirə edilib. Görüşdə həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırmasından, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin Vaşinqtonda paraflanmasından, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətindən də danışılıb. Alen Berse Avropa Şurasının regional sülh gündəliyini dəstəklədiyini bildirib.
Qələbədən sonra: Azərbaycan yeni kurs müəyyən edir
Sentyabrın 25-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Azərbaycanın son tarixi mərhələsinin yekunlarını təqdim edib. Ermənistanla avqustun 8-də Vaşinqtonda əldə olunmuş sülh razılaşmasına toxunan dövlət başçısı onun «tarixi əhəmiyyət» daşıdığını söyləyib. «Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm», - deyə İ.Əliyev qeyd edib. O, Vaşinqton sammitinin mühüm nəticələrindən birinin «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu» olduğunu deyib, bu təşəbbüsün Zəngəzur dəhlizi vasitəsilə maneəsiz keçidi təmin edəcəyini, regional əlaqələri möhkəmləndirəcəyini bildirib.
İlham Əliyev Azərbaycanın qlobal təşəbbüslərindən də danışıb: iqlim proqramları, enerji təhlükəsizliyi və regional inteqrasiya. Dövlət başçısı deyib ki, bu gün Azərbaycan dünyanın 14 ölkəsinə təbii qaz ixrac edir, nəqliyyat və rəqəmsal dəhlizləri, o cümlədən «Rəqəmsal İpək Yolu» layihəsini inkişaf etdirir: «Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu».
2024-cü ildə Bakıda keçirilmiş sammitin nəticələrindən də danışan İlham Əliyev Bakının «yaşıl keçid»ə sadiqliyini vurğulayıb. «Azərbaycan günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək», - deyə dövlət başçısı qeyd edib. Bununla yanaşı, o, bildirib ki, «dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz».
Prezident çıxışında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi nəqliyyat-kommunikasiya layihələrinə də diqqət ayırıb. «2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalarda təqribən 90 faiz artımın şahidi olmuşuq. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib», - deyə İlham Əliyev vurğulayıb.
Azərbaycan liderinin toxunduğu daha bir məsələ rəqəmsal kommunikasiya sahəsində əməkdaşlıq üçün mövcud potensial olub. Ölkə «Rəqəmsal İpək Yolu» kimi əhəmiyyətli layihə vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü irəli aparır. Bu layihə Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulmasını nəzərdə tutur ki, bu da Azərbayanın əsas rəqəmsal mərkəzə çevrilməsinə imkan yaradacaq.
Prezident çıxışında Azərbaycanın iqtisadi dayanıqlığından da söz açıb. O, ölkədə yoxsulluğun 5%-ə düşdüyünü, «Moody’s» və «Fitch» reytinqlərində Azərbaycanın mövqeyinin yüksəldiyini, xarici borcun aşağı səviyyəsini, valyuta ehtiyatlarının artdığını nəzərə çatdırıb.
«Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq», - deyə İlham Əliyev bildirib.
Dünya liderləri təcavüzə qarşı
Müzakirələrdə əsas mövzulardan biri də, əlbəttə ki, Yaxın Şərq münaqişəsi, xüsusilə Qəzzadakı vəziyyət və İsrailin əməlləri olub. Xatırladaq ki, İsrail hökuməti avqustun əvvəlində Qəzzanı tam nəzarətə götürmək qərarına gəldiyini bəyan edib. Bu isə zorakılığın artması və humanitar fəlakətə yol açıb. Bu gün Qəzza zolağı böhranın episentri olaraq qalır. Aviazərbələr yaşayış məntəqələrini dağıdıb, minlərlə dinc sakin həlak olub, minlərlə insan yaralanıb. Əhali su, ərzaq və tibbi yardım çatışmazlığından əziyyət çəkir.
Beynəlxalq təşkilatlar humanitar fəlakətin dərinləşdiyi haqda həyəcan təbili çalır. HƏMAS-ın nəzarətində olan Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyat qurbanlarının sayı 64 min 500 nəfəri ötüb. Təxminən 250 min fələstinli şəhəri tərk edib, yüz minlərlə insan isə hələ də münaqişə zonasında qalmaqdadır. Demək, onların həyatı hələ də ciddi təhlükə altındadır. Bu rəqəmlər BMT tərəfindən də qəbul olunur. Qurum İsrailin növbəti analoji addımlarının «daha dəhşətli fəlakət»ə səbəb olacağını bildirir.
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas BMT Baş Assambleyasının sessiyasında virtual çıxış edib. O, İsrailin Qəzzadakı hərəkətlərini «soyqırımı» və «hərbi cinayət» adlandırıb. Abbas dərhal atəşkəs elan olunması, əhaliyə humanitar yardımların çatdırılması, İsrail qoşunlarının Qəzzadan çıxarılması tələbi ilə çıxış edib. Mahmud Abbas müharibədən sonra HƏMAS-ın Qəzzanın idarə olunmasında iştirak etməyəcəyini söyləyib, Fələstin Muxtariyyətinin bölgənin təhlükəsizliyi və bərpası üçün məsuliyyəti üzərinə götürməyə hazır olduğunu deyib.
İsrailin Baş naziri Binyamin Netanyahu isə tənqidlərə cavab olaraq bildirib ki, o, «terrorçuları qınamaqdansa, onlara İsrailin mərkəzində dövlət qurmaq istəyən» liderləri tənqid edəcək. Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəklərini deyən Netanyahu Qəzza ilə bağlı siyasətin davam etdiriləcəyini söyləyib.
Beynəlxalq birlik İsrailin bu mövqeyini ciddi narahatlıqla qarşılayıb. BMT-nin Baş katibi Antonio Quterreş, həmçinin İordaniya və Türkiyə liderləri İsrailin Qəzzaya təcavüzünü pisləyiblər. İordaniya Kralı II Abdullah bildirib ki, Netanyahunun siyasəti qonşu ölkələrin suverenliyinə, ərazi bütövlüyünə təhdid yaradır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında İsrailin Qəzzadakı hərəkətlərini «soyqırımı», «postmüharibə dəyərlərinə təhdid» kimi qiymətləndirib. O, dünya liderlərini «sıxıntı içərisində olan fələstinlilərin yanında olmağa» çağırıb və beynəlxalq ictimaiyyətin susqunluğunu tənqid edib.
Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə sentyabrın 29-da Ağ Evdə keçirdiyi görüşdə ona Qəzza zolağında münaqişənin dayandırılması ilə bağlı 20 maddədən ibarət «Münaqişənin hərtərəfli həlli planı»nı təqdim edib. Planda qeyd olunur ki, tərəflərdən hər ikisinin onu qəbul etdiyi halda «döyüş əməliyyatları dərhal dayandırılır», İsrail qüvvələri «əsirlərin azad olunmasına hazırlıq məqsədilə razılaşdırılmış mövqelərə çəkilir». Bu müddət ərzində hava zərbələri, artilleriya atəşləri dayandırılır, mövcud cəbhə xətti saxlanılır və bu, «qoşunların mərhələli şəkildə tam çıxarılması» üçün şərait yarananadək belə qalır.
Sənəddə bildirilir ki, İsrailin rəsmi razılığından sonrakı 72 saat ərzində bütün əsirlər (sağ olanlar və həlak olanların cəsədləri) geri qaytarılacaq. Əvəzində 7 oktyabr 2023-cü il hadisələrindən sonra ömürlük azadlıqdan məhrum edilmiş 250 nəfər, həmçinin aralarında qadınlar və uşaqların da olduğu 1700 fələstinli sərbəst buraxılacaq. Planda hər bir israilli əsirin azad olunması qarşılığında 15 fələstinlinin cəsədinin qarşı tərəfə verilməsi də nəzərdə tutulur. Mübadilənin başa çatmasından sonra silahını təhvil verərək dinc yaşamağa razılaşacaq HƏMAS üzvlərinə amnistiya tətbiq olunacaq, Qəzzanı tərk etmək istəyənlər üçün isə onları qəbul etməyə hazır ölkələrə təhlükəsiz çıxış təmin ediləcək.
BMT Baş Assambleyasının 80-ci sessiyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı da bir sıra mühüm bəyanatlar səsləndirilib. Məsələn, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi BMT Nizamnaməsinin prinsipləri, o cümlədən suverenlik və ərazi bütövlüyü uğrunda mübarizə aparır. O, dünyanı Rusiyaya təzyiqləri artırmağa çağırıb, təcavüzü yalnız beynəlxalq ictimaiyyətin birgə səyləri ilə dayandırmağın mümkün olduğunu bildirib. Zelenski hesab edir ki, münaqişənin bütün Avropaya yayılmasının qarşısı yalnız bu yolla alına bilər.
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində, Ukraynanın bu münaqişədə qalib gələcəyinə, ərazilərinin hamısını geri qaytaracağına inandığını deyib. O, Qərbin Kiyevə dəstəyi davam etdirməsinin vacibliyini də vurğulayıb, NATO üzvü olan ölkələrin hava sərhədini pozan Rusiya dronlarının vurulması hüququnun vacibliyini söyləyib.
Sessiyada Rusiya nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Sergey Lavrov isə deyib ki, NATO ilə Avropa İttifaqı Ukraynanı dəstəkləməklə, Moskvaya qarşı faktiki olaraq, müharibə elan edib. O, bu münaqişənin başlamasında təhrikçinin Qərb olduğunu, Aİ ilə NATO-nun Ukraynanın «anti-Rusiya layihəsi»nə çox bulaşdıqlarını, artıq özlərinin də «çaşqınlıq içərisində» olduqlarını bildirib.
Bir sıra Avropa liderlərinin bəyanatlarından isə belə məlum olub ki, onlar Ukraynaya dəstək verməklə yanaşı, münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün həmrəyliyi vacib sayırlar. Fransa Prezidenti Emmanuel Makron deyib ki, Ukrayna BMT Nizamnaməsinin prinsipləri, o cümlədən suverenlik və ərazi bütövlüyü uğrunda savaşır. O, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Rusiyanı danışıqla masası ətrafına qayıtmağa, zorakılığı, qonşu dövlətlərə qarşı təhdidləri dayandırmağa çağırıb. Almaniya kansleri Fridrix Merts isə Rusiyanın dondurulmuş 194 milyard avroluq aktivlərindən Ukraynaya 140 milyard dollarlıq faizsiz kredit verilməsi təklifilə çıxış edib. Onun fikrincə, Kiyev bu vəsaiti hərbi texnikanın alışına yönəldə bilər. Kansler bildirib ki, bu təşəbbüs Avropanın qətiyyətini nümayiş etdirər, qitənin kollektiv təhlükəsizliyini gücləndirərdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin yaxın zamanlarda başa çatmayacağı qənaətindədir. O, bu savaşda hər iki tərəfin ciddi itkilər verdiyini xatırladıb, Ukraynanın iqtisadi baxımdan Rusiya ilə rəqabət apara bilmədiyini, Avropanın isə Kiyevə sonsuz iqtisadi dəstək göstərmək iqtidarında olmadığını söyləyib.
Beləliklə, BMT Baş Assambleyasının 80-ci sessiyası ayrı-ayrı problemlərin, o cümlədən Yaxın Şərq münaqişəsinin müzakirə olunduğu meydana çevrilib. Müxtəlif ölkələr bu vəziyyətlə bağlı öz mövqeyini ifadə etsə də, müxtəlif təkliflər irəli sürsə də, Qəzzada vəziyyət gərgin olaraq qalır. Bu münaqişənin sülh yolu ilə həlli imkanlarının axtarışı hələ də bütün tərəflər üçün ən aktual məsələlərdən biridir.
…və məzəli hadisələr
Sessiyanın ilk günlərində baş vermiş bir diplomatik kuryoz Nyu-York gündəliyindəki demək olar ki, bütün əsas məsələləri kölgədə qoyub. Demək olar ki, bütün dünya mediası – istər ciddi, istərsə də «sarı» mətbuat – diqqəti Fransa Prezidenti Emmanuel Makronla bağlı hadisəyə yönəldib. Belə ki, o, Nyu-York küçələrində çətin vəziyyətə düşüb. Makronun başçılıq etdiyi nümayəndə heyəti Trampın kortejinin hərəkət etdiyi küçədə polis tərəfindən saxlanılıb. Həmin anda Makron birbaşa həmkarına telefon zəngi edərək zarafatyana şəkildə deyib: «Təsəvvür edirsən, sənin ucbatından bütün hərəkət dayanıb. Küçədə dayanıb səni gözləyirəm». Lakin deyəsən, problemi bu telefon zəngi də həll etməyib və nəticədə Makron yoluna piyada davam etməli olub. Yolboyu o, insanlarla söhbət edib, şəkil çəkdirib. Fransanın ABŞ-dəki səfirliyi də hadisəyə yumorla münasibət bildirib: «Prezidentlərin istənilən vaxt bir-birləri ilə əlaqə saxlaya bilməsi yaxşı haldır».
Trampın özü ilə bağlı da diqqətçəkən hadisələr yaşanıb. Məsələn, o, Baş Assambleyanın binasına qalxarkən eskalator qəflətən dayanıb. Nəticədə, Ağ Ev sahibi də yoluna piyada davam etməli olub. Sonradan bildirilib ki, eskalator təsadüfən dayanıb və səbəb təhlükəsizlik mexanizminin təsadüfən işə düşməsi olub. Amma texniki problemlər özünü ABŞ Prezidentinin çıxışı zamanı da göstərib. Belə ki, telesuflyorun işə düşməsi ləngidilib, zalda oturanlar prezidentin çıxışını yalnız sinxron tərcümə üçün nəzərdə tutulmuş cihaz vasitəsi ilə eşidə biliblər. Sonradan Tramp «The Truth Social» sosial şəbəkəsindəki hesabında baş verənlərin «təsadüf olmadığını» yazıb. O, bu hadisəni «BMT-də üçqat sabotaj» adlandırıb. Prezident baş verənlərin araşdırılması üçün aidiyyəti üzrə rəsmi məktub da yazıb. BMT-nin Baş katibi Antonio Quterreş də baş verənlərin ciddi şəkildə araşdırılmalı olduğunu söyləyib.
BMT Baş Assambleyasının 80-ci sessiyası bir daha göstərib ki, qlobal diplomatiya dinamik, çoxşaxəli meydan olaraq qalır. Burada aparıcı dövlətlərin və regional oyunçların maraqları toqquşur.
Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələləri ilə yanaşı, regional proseslərə də fəal təsir göstərən ölkələrin, o cümlədən Azərbaycanın mövqeyini möhkəmləndirməsi də diqqət çəkib. Prezident İlham Əliyevin Nyu-York səfəri Bakının dünya arenasında artan rolunu, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində yeni əməkdaşlıq formatları yaratmaq qabiliyyətini bir daha təsdiqləyib.
Bununla yanaşı, Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi göstərir ki, bir çox beynəlxalq problemlər hələ də həll olunmamış qalır və dünya ictimaiyyətindən birgə səylər tələb edilir.
Baş Assambleya dialoqun, kompromis axtarışının, beynəlxalq hüququn möhkəmləndirilməsinin qlobal sabitlik və təhlükəsizliyin təmini üçün nə qədər vacib olduğunu bir daha ortaya qoyub.
MƏSLƏHƏT GÖR:





105

