5 Dekabr 2025

Cümə, 09:02

AZƏRBAYCAN YENƏ LİDERDİR!

33 qızıl medal, ümumi sıralamada ikinci yer və yeni sensasiyalar

Müəllif:

15.10.2025

Azərbaycan idman tarixində dördüncü dəfə multi-idman yarışlarına ev sahibliyi edib. İlk dəfə 2015-ci ildə Avropa Oyunları, ardınca 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2019-cu ildə isə Avropa Olimpiya Festivalını keçirən ölkə cari il III MDB Oyunlarının uğurla təşkil edib.

 

33 “qızıl”ın olduğu 184 medal

Azərbaycan ilk dəfə olaraq multi-idman yarışını paytaxt Bakıda deyil, regionlarda keçirib. On bir gün ərzində Oyunlara ev sahibliyi edən Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri möhtəşəm idman bayramının şahidinə və bilavasitə iştirakçısına çevrilib. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançıları 23 idman növü üzrə yarışlarda öz məharətlərini, əzmkarlıqlarını nümayiş etdiriblər və 235 dəst fərdi, eləcə də komanda mükafatları uğrunda mübarizə aparıblar.

Bu yarışların təşkilində ən yüksək standartların qorunub saxlanıldığını söyləmək olar. İdman məkanlarının dizaynı, arenalar arasında xüsusi avtobuslar, idmançılar və gənclər üçün fan zonaları, media zonaları və ev sahibi şəhərlərdəki hotellər əlverişli şəraitin yaradılmasında əsas rol oynayıb.

Oyunlarda Azərbaycanın medal sayı 184-dür: 33 qızıl, 56 gümüş və 95 bürünc. Bununla ölkə medal sayında Rusiyadan sonra ikinci yeri tutub. Bu, MDB Oyunlarının bərpa olunduğu 2021-ci ildən bəri Azərbaycan idmançıları üçün ən yaxşı nəticədir. Azərbaycan 1-ci Oyunlarda 60 medal (16 qızıl, 16 gümüş və 28 bürünc), 2-ci Oyunlarda isə 62 medal (10, 17 və 35) qazanıb.

 

İdman regionları canlandırır

Böyük yarışlar başqa ölkələrdə, adətən uzaq dövlətlərdə keçirildiyi zaman Azərbaycan yığması ora çox geniş heyətlə yollana bilmir. Buna görə doğma vətəndə təşkil edilən multi-oyunlar rəqabətdə uduzan, amma perspektivli sayılan idmançılar üçün fürsət olur. III MDB Oyunlarında Azərbaycan idmançıları geniş heyətlə çıxış edə, daha çox idmançıları sınamaq imkanı qazanıb. Bu, həmin idmançılara beynəlxalq təcrübə əldə etmək şəraiti yaradıb.

Azərbaycan MDB Oyunlarında növbəti dəfə zəngin təşkilatçılıq təcrübəsini göstərib. Yeddi şəhərdə 1600-dən çox idmançı yerləşdirilib. İdman tədbirlərində iştirak edən könüllülər, texniki heyət, menecerlər və digər şəxslər əla peşəkarlıq nümayiş etdiriblər.

III MDB Oyunları həm də Azərbaycanın regionlarının canlanmasına töhfə verib və iki şəhərə zəngin infrastruktur bəxş edib. Gəncədə nəhayət müasir standartlara cavab verən stadion inşa edilərək idman həvəskarlarının ixtiyarına verilib. 20 ildir ki, növbəsini gözləyən arena MDB Oyunları olsaydı, bəlkə də köhnə vəziyyətdə olacaqdı. Yeni stadion oyunlardan sonra “Kəpəz” Futbol Klubunun ixtiyarına verilib. Gəncədə Qafqazın ən böyük idman arenası – Gəncə İdman Sarayı inşa olunub. Burada 5 idman növü üzrə həm yerli, həm də beynəlxalq yarışların keçirilməsi mümkün olacaq.

Bundan başqa, Xankəndindəki stadion təmir edilib, Yevlaxda sıfırdan Olimpiya kompleksi tikilib, Qəbələ və Şəkidə isə müvafiq olaraq idman kompleksi və şəhər stadionu yenidən qurulub. Bütün bunlar ölkənin bölgələrində idmanın inkişafına əhəmiyyətli töhfə verir.

 

Yarışın əsas sensasiyaları

III MDB Oyunları Azərbaycan üçün həm də uğurlu idman nəticələri ilə yadda qalacaq. Medal sayına və əyarına görə komanda hesabında ikinci olan Azərbaycan bir sıra növlərdə ilkə imza atıb. 340 idmançı ilə qatıldığımız yarışda 184 medala sevindik. Azərbaycan idmançıları əksər növlərdə Rusiya, Özbəkistan, Qazaxıstan və Belarusdan olan güclü rəqiblərlə qarşılaşıblar. Buna görə qazanılan 33 qızıl medalın hər birinin çətinliklə əldə olunduğu qeyd edilməlidir. Ümumilikdə cüdoçular, boks və karate 6, güləş 5, taekvondo 4, üzgüçülük və sambo hərəyə 2, batut gimnastika və çövkən isə 1 qızıl medal ilə yadda qalıb. Azərbaycan idmançıları avarçəkmə və oxatma istisna olmaqla, 19 idman növündə medallarla təltif ediliblər.

Üzgüçülükdə xüsusi bir nailiyyət xüsusi qeyd olunmalıdır: Oqtay Hüseynov və Süleyman İsmayılzadə hətta Rusiyadan olan rəqiblərini qabaqlamaqla MDB Oyunlarında ilk dəfə üzgüçülükdə qızıl medala layiq görülüblər. Oyunların ən böyük sensasiyası 18 yaşlı batutçu Maqsud Mahsudovun qızıl medalı idi. Batut gimnastikasında liderlərdən olan M.Mahsudov son iki Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviçi qabaqlamaqla hamını təəccübləndirib.

15 yaşlılardan ibarət Azərbaycan futbolçuları turnirin finalında 2-0 hesabı ilə öndə olduğu matçda son dəqiqələrdə yol verdikləri səhvlərə görə Rusiyaya uduzub (2-3). Voleybol, çövkən, 3x3 basketbolda da final görüşlərində Rusiyaya məğlub olduq. Bununla belə 3x3 basketbol qızlardan ibarət komandanın əzmkar mübarizəsi uzun müddət yaddaşlarda qalacaq. Qrupdakı ilk görüşdə Rusiya komandası üzərində qələbə qazanan xanım basketbolçular finalda eyni fədakarlığı təkrarlaya bilməyib.

Gənc cüdoçular III MDB Oyunlarında ən yaxşılar sırasında olublar. Həm fərdi, həm komanda yarışında ümumilikdə 6 qızıl medala sahib çıxan kimano ustaları rəqiblərə şans verməyib. Yunan-Roma güləşçiləri bəslənən ümidləri doğrultduğı halda, sərbəst güləşdə çıxış edən idmançılar finala çıxmaqda çətinlik çəkiblər.

III MDB Oyunlarının daha bir uğuru regionlardan olan tamaşaçıların idmanı yaxından izləməsi olub. Demək olar ki, əksər arenalarda Azərbaycan idmançıları dəstəksiz qalmayıb. Qazanılan qələbənin yeni nəsil idmançıların yetişməsində əvəzsiz rol oynayacağı dəqiqdir. Sevindirici haldır ki, bağlanış mərasimində bütün qonaq idmançılar təşkilatçılıqdan razı qaldığını bildiriblər.

Bağlanış mərasimində 3-cü MDB Oyunlarının bayrağı Azərbaycanın yüksək əyarlı medallar qazanan idmançıları tərəfindən endirilib və növbəti ev sahibinə təqdim olunması üçün təhvil verilib. IV MDB Oyunları 2027-ci ildə təşkil olunacaq. Hazırda yarışı qəbul edəcək ölkə məlum deyil.



MƏSLƏHƏT GÖR:

49