5 Dekabr 2025

Cümə, 09:58

QƏLƏBƏSİZ QALİBLƏR

Taliblər müharibəni qazansalar da, hakimiyyəti uduzurlar

Müəllif:

15.10.2025

Əfqanıstanda getdikcə böyüyən daxili siyasi böhran yeni vətəndaş müharibəsinə, hətta «Taliban» hakimiyyətinin sonuna səbəb ola bilər. «Taliban» hərəkatı müxtəlif qəbilə və etnoregional qüvvələri özündə cəmləşdirmiş mürəkkəb bir ittifaqdır. Bu gün onun daxilində dərin ideoloji və siyasi mübahisələr yaranıb və bu çəkişmələr getdikcə genişlənir. Hazırda Əfqanıstanda tam xaos hökm sürür. Əhalinin 90%-i faktiki olaraq, yoxsulluq həddindən də aşağı vəziyyətdədir. Bu isə sonda bütünlükdə region üçün gözlənilməz nəticələrə yol aça bilər.

 

«Taliban» «Taliban»a qarşı

Məlum olduğu kimi, «Taliban» daxilində bir-birinə rəqib olan əsas qüvvələr «qəndəharlılar» ilə «kabillilər»dir. «Qəndəharlılar» (Dürranilər sülaləsinin təmsilçiləri) ölkənin cənubunda və qərbində, xüsusilə mərkəzi Qəndəhar olan eyniadlı vilayətdə nüfuz sahibidirlər. Hərəkatın ali lideri əmir molla Heybətullah Axundzadə də onlarla birlikdədir. Qeyd edək ki, ali lider və onun administrativ aparatı lap əvvəldən Qəndəharda yerləşib və faktiki olaraq, «paralel Qəndəhar hökuməti» rolunda çıxış edib. «Rəsmi nazirlik orqanları və qurumları» isə Kabildə qalıb. Son zamanlaradək «Kabil qrupu»nun lideri kimi «Taliban» hökumətinin başçısı Həsən Axund göstərilirdi. Kabildəki «leqal talib hökuməti»nə «Taliban»ın Daxili İşlər Nazirliyinin rəhbəri Siracuddin Hakkaninin tərəfdarları da daxildir. Qeyd edək ki, nazir həm də eyniadlı «Hakkani şəbəkəsi»nin (hərəkatın hərbi və radikal qanadı) də lideridir. O, əsasən ölkənin cənub-şərq və şərq rayonlarından olan puştun qəbiləsinin təmsilçilərindən ibarətdir.

Əfqanıstanda sentyabrın 29-u bütün ölkə ərazisində internetin kəsilməsi ilə başlamış hadisələr maraqlı mənzərə yaradıb. Bunun əmir Heybətullah Axundzadənin qərarı ilə baş verdiyi, bu qərarın «əxlaqsızlığın yayılmasının qarşısının alınması» məqsədilə verildiyi bəyan olunub. İnternetin kəsilməsi ölkədə hökumətin, bir çox qurumun, o cümlədən təhsil, səhiyyə, nəqliyyat, hava limanları və sairin fəaliyyətini iflic edib. Kabil küçələrində insanların və avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub. Ardınca «Taliban»a aid müxtəlif qruplar arasında silahlı toqquşmaların başladığına dair də məlumatlar yayılıb. Bildirilib ki, guya Siracuddin Hakkani vəziyyəti düzəltmək üçün şəxsən Qəndəhara yollanıb və orada Heybətullah Axundzadə ilə danışıqlar aparıb. Amma az sonra Heybətullahın onu işdən çıxardığı, özünə yaxın şəxslərdən Şimali Valh vilayətinin qubernatoru Yusuf Vafanı ölkənin yeni daxili işlər naziri təyin etdiyi bildirilib. Amma deyilənlərin nə qədər dəqiq olduğu bilinmir. Çünki daha əvvəl Heybətullahın uzun müddətdir Qəndəhardakı iqamətgahını tərk edərək naməlum yerdə gizləndiyi deyilirdi.

Sonradan görünən odur ki, Hakkani vəzifəsinin başında qalıb, ölkədə internet və mobil rabitə isə oktyabrın 1-dən bərpa edilib. Müxtəlif mənbələr bildirir ki, bu əmri Heybətullahın iradəsinin əksinə olaraq, Hakkaninin, müdafiə naziri Molla Məhəmməd Yəkubun, «Taliban»ın kəşfiyyat və təhlükəsizlik xidmətinin rəhbəri Molla Abdul Haqq Vasikin və baş nazirin müavini Molla Məhəmməd Baradarın təzyiqi ilə baş nazir Məhəmməd Həsən Axund veribmiş.

Müşahidəçilər bildirirlər ki, «qəndəharlılar» ölkənin idarə olunmasında mühafizəkar yanaşmaya üstünlük verir, bu işdə sərt şəriət qanunlarından istifadəni, hətta dünyadan təcrid olunmağı lazım bilirlər. «Kabillilər» isə «açıq əmirlik» tərəfdarlarıdırlar. Onlar qadınlara təhsil hüququnun və nisbətən müstəqilliyin verilməsinin, Qərblə, xüsusilə ABŞ ilə əməkdaşlığın vacib olduğu qənaətindədirlər. «Kabil qrupu»nun bəzi fiqurları uzun müddətdir ki, amerikalılarla uzun müddətdir sıx əməkdaşlıq edirlər. Siracəddin Hakkani belə, «radikal status»una baxmayaraq, dünya ilə yaxşı əlaqələrin qurulmasının tərəfdarı kimi çıxış edir. «Qəndəharlılar» onun silahlı «anti-Taliban» müxalifətinə yaxın olduğu qənaətindədirlər. Görünür, Heybətullahın ətrafı hərəkatın sıralarını «təmizləmək» qərarına bu üzdən gəlib və internetin kəsilməsinə «kabillilər»ə təsir vasitələrindən biri kimi baxılıb.

 

Gələcəyin qalibləri

Digər bir məlumata görə Kabilə təxminən 4 min «Taliban» döyüşçüsü göndərilib (əsasən Hilmənd vilayətindən). Söhbət şəxsən əmirə sadiq olan və yalnız Qəndəhardan gələn əmirləri icra edən döyüşçüdən gedir.

Hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Aydın olan odur ki, indi məsələ heç də yalnız iki liderin və iki qrupun qarşıdurmasında deyil. Söhbət Qərb dünyası üçün ənənəvi sayılan, razılığa gəlinməsi, fikrindən daşındırılması, istefaya göndərilməsi və ya nəhayət, ələ alınması mümkün olan partiyalardan və onların tərəfdarlarından da getmir. Burada söhbət güclü ailə bağları olan, dinə, mədəniyyətə, məişətə əsaslanan ləyaqət prinsipləri olan tayfalar, klanlar arasındakı münasibətlərdən gedir. Buraya bir də hər kəs üçün silahların əlçatan olmasını və sərt iqlimi də əlavə edə bilərik. Belə şəraitdə qarşı-qarşıya duran qruplardan hansınınsa birmənalı qalib gəlməsi mümkün deyil.

Ancaq bu, baş verənlərdən kənar qüvvələrin qalib çıxa bilməyəcəyi demək deyil. Daxili gərginliyin artması Əfqanıstanda öz maraqlarını həyata keçirməyə, öz proqramını icra etməyə çalışanların işinə yarıya bilər. Yəni indi qruplardan biri tezliklə digərini məğlub etməyi bacarmazsa, bir müddət sonra onların ikisi də məğlub olacaq. «Taliban»la bağlı vəziyyətdə bu işi Əfqanıstanın Müqavimət Hərəkatının (talib rejiminə qarşı olan siyasi və ictimai qruplar) üzvləri də görə bilərlər.

 

Əfqanıstan uğrunda mübarizə

Əfqanıstandaxili münaqişəyə burada baş verənləri diqqətlə izləyən yaxın qonşular da təsir göstərə bilər. Söhbət xüsusilə Pakistan və İrandan gedir. Əfqanıstan qərbdən İran, cənub və şərqdən Pakistan və Hindistan, şimaldan Türkmənistan, Özbəkistan və Tacikistanla həmsərhəddir.

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Kabildən 60 kilometr şimalda, Varvan əyalətində yerləşən Baqram aviabazasını Vaşinqtonun nəzarətinə qaytarmaq niyyətini dəfələrlə açıq şəkildə dilə gətirib. O, taliblərin bazanı Amerikaya verməkdən imtina edəcəkləri təqdirdə «pis hadisələrin baş verə biləcəyini» də söyləyib. Xatırladaq ki, 2021-ci ildə Əfqanıstanda Əşrəf Qəni hökumətinin devrilməsi və ABŞ qoşunlarının buranı tərk etməsindən sonra taliblər Baqram aeorodromunu da ələ keçiriblər. 1979-1989-cu illərdə Sovet İttifaqının Əfqanıstanla müharibəsi dövründə SSRİ tərəfindən tikilmiş bu baza 2001-ci ildə ABŞ qoşunlarının bu ölkəyə girməsi ilə onun hava əməliyyatlarının əsas maddi-texniki təminat mərkəzinə çevrilmişdi. Bazanın İran və Rusiyaya yaxın yerləşdiyini, həmçinin bu ölkələrin regiondakı maraqlarını nəzərə alsaq, amerikalıların Baqramı geri almağı nə dərəcədə arzuladıqlarını təsəvvür etmək mümkündür. Üstəlik, o, Pakistana və Çinin Labnor sınaq (bəlkə nüvə?) bazasının yerləşdiyi Sintzyan əyalətinə də yaxındır.

O da nəzərə alınmalıdır ki, Əfqanıstan yenə də ABŞ-nin rəqibləri olan Çin, Pakistan, İran və Rusiya kimi dövlətlərin önə çəkdikləri logistika marşrutlarının da kəsişmə nöqtəsində yerləşir. Çin, İran və Pakistan kimi güclü dövlətlər «Taliban» hökumətini tanımaq qərarını elə bu səbəbdən veriblər. Amma bölgədəki xarici oyunçulardan ABŞ-ni ən çox narahat edən, yəqin ki, Çindir. Məsələ ondadır ki, Pekin Əfqanıstanı özünün «Bir kəmər, bir yol» təşəbbüsünə daxil etməyi planlaşdırır. Tarixi Böyük İpək Yolunun bir hissəsi olan Vahan dəhlizi birbaşa Çinlə Əfqanıstanı birləşdirir. Pekin isə bu dəhlizi özünün Çin-Pakistan iqtisadi dəhlizinin davamı kimi görür.

Çinlilər Əfqanıstanda mineralların, xüsusilə nadir torpaq elementlərinin hasilatında maraqlı olduqlarını da açıq şəkildə dilə gətirirlər. Söhbət Pekinlə Vaşinqton arasında ən sərt rəqabətə səbəb olan sahələrdən birindən gedir. Çinin xarici işlər nazirinin müavini Van İ Kabilə bu ilin avqustunda etdiyi səfər zamanı bildirmişdi ki, onlar artıq bu il Əfqanıstanda mineral yataqlarının işlənməsinə başlamaq istəyirlər. Pekin xüsusilə Amudərya çayı hövzəsindəki neft və təbii qaz yataqlarına, Loqar əyalətindəki mis mədəninə (dünyada böyüklüyünə görə ikincidir) maraq göstərir.

Əfqanıstan qurğuşun, sink və digər metal ehtiyatları ilə də zəngindir. Odur ki, ABŞ-nin bu ölkədə mövcudluğunu bərpa etməsi cəhdləri Çini narahat edir. Pekin Əfqanıstanın suverenliyinə hörmətlə yanaşdığını bildirərək, onu bölgədə sabitliyi poza biləcək addımlardan çəkinməyə çağırır.

Bütün bu yaşananların fonunda Çin Müdafiə Nazirliyi «Taliban» hökumətinin müdafiə naziri Molla Məhəmməd Yakubu Pekinə səfərə dəvət edib. Müşahidəçilər hesab edirlər ki, Çin tərəfi bununla «Taliban»ın Vaşinqtonun təzyiqlərinə müqavimət göstərməyə hazır olub-olmadığını, Vaşinqtonla razılaşmaya hazırlaşıb-hazırlaşmadığını müəyyənləşdirməyə çalışır.

Hələlik Birləşmiş Ştatların Əfqanıstanla bağlı yeni strategiyasının nədən ibarət ola biləcəyi aydın deyil. Baqram aviabazası əsasən etnik taciklərin yaşadığı Pərvan əyalətində yerləşir. Bu əhali puştun taliblərə düşmən münasibətdədir. «Taliban» bu əraziləri nəzarətə götürsə də, bölgədə müqavimət ruhu hələ də yüksəkdir. Bu mənada, ABŞ sözügedən aviabazanı geri almaq üçün antitaliban qüvvələrinin dəstəyinə də arxalana bilər. Tramp bu işi ABŞ Konqresinə keçiriləcək aralıq seçkisinədək bitirmək istəyir. Bu, Bayden komandasının biabırçı iflasından, Amerikanın milli məğlubiyyətindən sonra Vaşinqton üçün ən böyük kozıra çevirə bilər.

Makedoniyalı İsgəndərin dövründən bu yana Əfqanıstan dəfələrlə hücumlara məruz qalıb və nəticədə, qeyri-rəsmi olaraq, «imperiyaların qəbiristanlığı» adını qazanıb. Lakin iqtisadi və siyasi baxımdan çox geridə qalmış bu ölkə hələ də dünyanın qüdrətli oyunçularının strateji maraqlarının kəsişmə nöqtəsidir. Yuxarıda adıçəkilən Vahan dəhlizi XIX əsrin sonlarında çar Rusiyası ilə Britaniya Hindistanı arasında bufer zona, yaxud «sahibsiz ərazi» idisə, bu gün yalnız Çinlə Əfqanıstanı birləşdirmir, həm də Pakistanla Tacikistanı bir-birindən ayırır. O, məhz bu səbəbdən Avrasiyanın «strateji yatağı» adlandırılır.

Burada nəhəng içməli su ehtiyatı da var və o, bu region üçün həyati əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alsaq, «Taliban» daxilindəki parçalanma iki qrup arasındakı düşmənçiliyi çox aşır.



MƏSLƏHƏT GÖR:

53