14 Mart 2025

Cümə, 23:29

PRAQMATİK KOOPERASİYA

SOCAR və "Rosneft" neft-qaz sahəsində əməkdaşlıq üçün geniş profilə malikdirlər

Müəllif:

03.09.2013

Rusiya prezidenti Vladimir  Putinin Bakıya son səfəri iki ölkəyə siyasi sahədə münasibətləri yeniləmək imkanı verməklə yanaşı, enerji sahəsində son zamanlar sanki bir qədər zəifləmiş əməkdaşlığın canlandırılması üçün də impuls oldu. Putinin Bakıya səfəri çərçivəsində müxtəlif qurumlar arasında imzalanmış çoxsaylı sənədlər sırasında dünyanın ən iri neft şirkəti olan "Rosneft" ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış əməkdaşlıq sazişi diqqəti xüsusi çəkir. Qeyd etmək lazımdır ki, bu iki dövlət enerji şirkəti arasında mümkün əməkdaşlıq haqqında danışıqlar hələ "Rosneft"in rəhbəri İqor Seçinin bu ilin iyulunda Azərbaycana etdiyi səfəri zamanı başlanmışdı. KİV müzakirə edilmiş məsələlər haqqında o qədər də geniş məlumat verməsə də, bir məqam tam aydın idi - tərəflər arasında sırf geosiyasi anlayışın sərhədlərini aşan qarşılıqlı praktiki əməkdaşlıq üçün real əsas yaranıb.

Hadisələrin bu cür inkişafı həm də ona görə əhəmiyyətlidir ki, bir çox eksprertlər səhvən Rusiya ilə Azərbaycanı Avropa məkanında enerji sahəsində bir-birinə rəqib sayırdılar. Hər iki ölkə neft və qaz ixracatçısı olsa da, onların enerji daşıyıcılarını nəql marşrutları fərqlidir. Ekspertlər isə nədənsə ixrac olunan enerji daşıyıcılarının həcmini və onların nəql tədarük olunduğu bazarları nəzərə almırlar. Hər iki ölkənin nəhəng şirkətləri arasında imzalanmış son razılaşmanı belə düşünən ekspertlərə növbəti əks-arqument saymaq olar.

Qeyd etmək lazımdır ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq o qədər də geniş deyildi. Azərbaycanın enerji seqmentindəki bəzi layihələrdə yalnız LUKoil iştirak edir. Bundan başqa, Azərbaycan bir neçə ildir ki, Rusiya bazarına təbii qaz ixrac edir, Azərbaycan neftinin bir hissəsi isə dünya bazarlarına Bakı-Novorossiysk boru xətti vasitəsilə çıxarılırdı. Üstəlik iki ölkənin enerji sistemləri paralel rejimdə işləyir.

Amma son illər bu qədər məhdud səviyyədə olan enerji sahəsində əməkdaşlıqda da tənəzzül müşahidə olunurdu: Azərbaycanın Rusiyaya ixrac etdiyi təbii qazın həcmi çox azdır. Üstəlik, Rusiyanın baş naziri Dmitri Medvedev bu ilin mayında Azərbaycan neftinin Bakı-Novorossiysk boru xəttilə tranzitini nəzərdə tutan müqavilənin qüvvədən düşməsinə dair sərəncam imzalamışdı.

Bu vəziyyəti nəzərə aldıqda "Rosneft"lə SOCAR arasında əməkdaşlığın hansı sahələrdə inkişafının mümkünlüyünü, bu əməkdaşlığın nə qədər dayanıqlı olacağını təhlil etmək çox maraqlıdır. Paradoksal olsa da, iki şirkət arasında əməkdaşlıq istiqamətlərindən biri məhz Bakı-Novorossiysk boru xəttindən bilavasitə istifadə ilə bağlıdır. Hazırda şirkətlər Rusiyanın Urals neftinin ildə 5 milyon ton həcmdə Bakı-Novorossiysk boru xəttilə əks istiqamətdə nəql edilməsi imkanlarını müzakirə edir. Beləliklə, "Rosneft" Azərbaycana neft tədarük edə bilər. Amma bu zaman sual yaranır: neftə ehtiyacı olmayan Azərbaycana Rusiyadan neft nəql olunmasının Bakıya nə faydası var? Üstəlik, boru xəttindən əks istiqamətdə nəql üçün istifadə olunması LUKoil şirkətinin neft nəqlinə mənfi təsir göstərə bilər. Bu qurum Xəzər dənizindəki yataqlardan hasil olunan nefti Mahaçqalada Bakı-Novorossiysk boru xəttinə vurur. Boru xəttindən Bakı istiqamətində neftin nəqli üçün istifadə olunacağı təqdirdə LUKoil bu imkandan məhrum olacaq. Belə olan halda əlavə xərclərin meydana çıxacağı aydındır. Onda bu əməkdaşlıqdan hansı qazanc əldə olunacaq?

Rusiya üçün Bakıya neft nəqlinə başlanılması ilk növbədə öz tədarükünün şaxələndirilməsidir. Əlbəttə, bu cür böyük şirkət üçün ildə 5 milyon ton neftin ixracı ilk baxışdan cüzi rəqəm təsiri bağışlaya bilər. Lakin bu işdə hədəf neftin Bakı-Tbilisi-Ceyhən boru xəttinə vurulmasıdır. Bu, Rusiya şirkətinə Aralıq dənizinə, oradan isə dünyanın istənilən nöqtəsinə çıxmaq imkanı verəcək. Əlbəttə ki, bu variant Azərbaycan şirkətini qane etməyə bilər. Çünki bu halda Rusiyanın keyfiyyəti aşağı olan Urals markalı nefti Azeri Light ilə qarışacaq, bu isə onun dünya bazarlarında qiymətinin və nəticədə ölkənin gəlirlərinin azalmasına səbəb ola bilər. Amma burada da müsbət məqam var. Rusiya nefti Bakıdakı neft emalı zavodlarında daxili tələbat üçün də hazırlana bilər. Bu, keyfiyyətli Azərbaycan neftinin daha çox həcmdə ixracına imkan yaradacaq. Qeyd edək ki, Sovet İttifaqı dönəmində Bakı-Novorossiysk boru xətti əvvəlcə Sibir neftinin nəqli və onun Bakı zavodlarında emalı üçün tikilmişdi. SSRİ-nin dağılmasından sonra bu sistem də məhv oldu. İndi 20 il sonra Sibir nefti yenidən emal olunması üçün Bakıya nəqd edilə bilər.

Bu əməkdaşlıqdan "Rosneft" də faydalanacaq. Bu şirkət payçı olduğu İtaliya və Almaniyanın neft emalı zavodlarında emal edilməsi üçün Azərbaycan nefti əldə edə bilər. Məsələ ondadır ki, həmin zavodlar yüksək keyfiyyətli neft emalı üçün nəzərdə tutulub və bu baxımdan Azeri Light markalı neftin oraya nəqli çox yerinə düşür. Əks təqdirdə, zavodlar Urals neftinin emalı ilə məşğul olmalıdır və bunun üçün əlavə kapital tələb olunur. Göründüyü kimi, nəqliyyat infrastrukturundan istifadə qarşılıqlı səmərəli əməkdaşlıq üçün əsas ola bilər və onun reallaşması ehtimalı kifayət qədər yüksəkdir.

Əməkdaşlıq üçün digər perspektivli istiqamət enerji resurslarının hər iki ölkənin ərazisində, həmçinin üçüncü ölkə ərazisində də birgə istehsalı ola bilər. "Rosneft" artıq "Abşeron" da daxil olmaqla, Azərbaycan yataqlarının işlənməsində iştirak etmək arzusunu dilə gətirib. SOCAR isə Rusiyanın xüsusilə Xəzər hövzəsindəki yataqlarının işlənilməsində iştirak etməyin əleyhinə deyil. Şirkətin bu yaxınlarda "Kalmıkiya" dəniz yatağında neft kəşfiyyatı və hasilatı ilə bağlı tenderdə iştirak etməsi də bunu göstərir.

Rusiyada neft hasilatının, təxminən 37%-i "Rosneft"in üzərinə düşür. O, bu rəqəmi müntəzəm olaraq artırmaq niyyətindədir. Bu halda SOCAR ilə əməkdaşlıq bu məqsədə nail olunmasına yardım edə bilər. Çünki Azərbaycanın Dövlət Neft Şirkəti Xəzərdə neft hasilatı infrastrukturuna və böyük təcrübəyə malikdir. Üstəlik dənizin Rusiya sektoru hələ də kifayət qədər işlənməyib.

Bütün bunlarla yanaşı, iki şirkət treydinq əməliyyatları sahəsində də layihələrin reallaşdırılmasında iştirak edə bilər. "Rosneft"in SOCAR-ın infrastrukturuna, məsələn, Birləşmiş Ərəb Əmirliklərində, Sinqapurda və digər ölkələrdəki neft anbarları və terminallarına maraq göstərdiyi məlumdur.

Ümumilikdə müsbət ssenarinin inkişafı iki şirkət arasında əməkdaşlığın qarşılıqlı faydalılıq nümunəsinə çevrilə biləcəyini göstərir. Bu, hər iki şirkətin öz potensiallarını artırmasına, orta və uzun müddətli planlarının reallaşdırılması ehtimalının çoxalmasına imkan verəcək. Bu əməkdaşlıq üçün uğurun formulu isə birdir: tərəfdaşların praqmatikliyi və qarşılıqlı səmərəli kooperasiya.



MƏSLƏHƏT GÖR:

855