ÜMİDLƏ ÇAĞIRIŞLAR ARASINDA
Ermənistan parlamenti Azərbaycanla sülhü dəstəkləsə də, daxili parçalanma və müxalifətin təzyiqləri prosesi çətinləşdirir
Müəllif: Namiq H. ƏLİYEV
Oktyabrın əvvəlində Ermənistan parlamenti Azərbaycanla sülhün qurulmasına dair bəyanat qəbul edib. Sənəddə liderlərin Vaşinqtonda imzalanmış birgə bəyannaməsi, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin paraflanmasına dəstək ifadə olunub. Bəyanat 64 deputatın səsi ilə qəbul edilib. İki nəfər bitərəf qalıb, müxalifət isə prosesdə iştirak etməmək üçün iclas zalından çıxıb.
Bu hadisə tarixi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Hər halda, parlamentin formal təsdiqi sülh prosesinin gələcək mərhələləri üçün siyasi legitimlik yaradır. Lakin müxalifətin səsvermədə iştirak etməməsi, prosesi açıq şəkildə tənqid etməsi siyasi qeyri-sabitlik əlaməti kimi də qiymətləndirilə bilər: parlamentin blokadaya alınması, ictimai etirazlar, media vasitəsilə təzyiqlər və s. şəklində.
Ermənilərin sülh istəyi nə qədər səmimidir?
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun ölkəsində Azərbaycanla sülh sazişinin imzalanmasına maneə yaratmaq cəhdləri olub və şübhəsiz ki, gələcəkdə də olacaq.
Cəmiyyətdə sülhə səmimi tələbat şəxsi təcrübə, qorxu, maddi stimullar və ideoloji amillərin vəhdəti ilə müəyyən olunur. Bu prosesdə səmimiliyin müsbət indikatorlarına bir neçə amili aid etmək olar. Birincisi, münaqişədən yorulmaq: bitmək bilməyən hərbi toqquşmalar və böyük insan itkiləri təhlükəsizliyə, sabitliyə olan tələbi gücləndirir. İkincisi, iqtisadi hesablamalar: sülh investisiyalara, nəqliyyat dəhlizlərinə və regional ticarətə yol açır. Bu maddi stimul istər cəmiyyətin geniş təbəqəsi, istərsə də biznes üçün mühüm əhəmiyyət daşıyır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan «ARKA» radiosuna müsahibəsində bildirib ki, «Vaşinqton Bəyannaməsinə əsasən, Ermənistan blokadadan çıxacaq, bu isə ölkənin 35 ildir nail olmağa çalışdığı məqsəddir».
Nəhayət, üçüncüsü, siyasi elita ilə bağlı məsələdir: hakim komanda strateji xətt olaraq sülhü fəal şəkildə təbliğ edirsə, xüsusilə də bu aşkar addımlarla, beynəlxalq təminatlarla müşayiət olunursa, cəmiyyətin bir hissəsi ona etimad göstərməyə meyillənir. Hakim «Vətəndaş müqaviləsi» fraksiyasının rəhbəri Ayk Koncoryan bildirib ki, parlament «bu faktı rəsmən təsdiqləməli, bərpa olunmuş sülhü dəstəkləməli… və bütün maraqlı tərəfləri bu sülhü möhkəmləndirməyə, inkişaf etdirməyə çağırmalıdır».
Eyni zamanda sülh istəyindəki səmimiliyi, bu əhvali-ruhiyyənin davamlılığını azalda bilən amillər də var. 1. Milli travma və etimadsızlıq – ərazilərin itirilməsi, qaçqınlar və köçkünlərin statusu ilə bağlı daxili müzakirələr revanşist ritorikanı gücləndirir. 2. Diaspor və ideoloji mərkəzlər – diasporun və bəzi millətçi təşkilatların bir hissəsi sülhü güzəşt kimi qəbul edə, bu baxımdan da sülh sazişinin əleyhinə ideyalar yaya bilər. Məsələn, «Ermənistan» və «Şərəfim var» fraksiyaları parlamenti «Ermənistan və Azərbaycan arasında sülhün qurulması haqqında» bəyanat layihəsini «geosiyasi avantörizm, birtərəfli güzəştlər, milli maraqlarla alver, qeyri-müəyyən gələcək haqqında sənəd» adlandırıblar. Onlar hesab edirlər ki, bu sənədin parlamentdə dövriyyəyə buraxılmasında məqsəd «ictimaiyyətə yeni saxta məlumat, boş vədlər və ümidlər satmaqdır». 3. İnformasiya mühiti – radikal qurumlar və nəzarətsiz media qurumları qorxu, konspirologiya yaymaqda danışıqlara ictimai etimadı azalda bilər.
Bu gün Ermənistanda sülhə tələbat real olsa da, vahid deyil. Cəmiyyətdə həm müharibədən yorğunluq, həm də əhəmiyyətli dərəcədə etimadsızlıq var. Bəyanatın davamlı sülhdə çevrilməsi üçün isə institusional, kommunikativ tədbirlər vacibdir. Bu mənada, Qarabağ müharibəsi veteranları tərəfindən yaradılmış «Döyüş qardaşları» ictimai birliyinin bəyanatı xarakterik sayıla bilər: «…(Müqavilənin) yekun razılaşdırılmasının həqiqi, dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasına heç bir aidiyyəti yoxdur… Nə qədər ki Ermənistan Konstitusiyası dəyişdirilməyib, razılaşdırılmış bəndlər heç nəyi həll etmir…».
Beləliklə, Ermənistan hakimiyyəti bəyanatın rəmzi və praktik əhəmiyyətini (kommunikasiyaların açılması, ticarətin bərpası) vurğulamağa çalışır. Müxalifət və millətçi müşahidəçilər isə sənədi suverenliyə təhdid sayır, ölkə rəhbərliyini kapitulyasiyada günahlandırır.
Müxalifətin və «revanişst»lərin imkanlarının qiymətləndirilməsi
Sülh prosesinin pozulması riskləri bir neçə mənbədən qaynaqlanır və onlar müxtəlif gücə malikdirlər. Birinci mənbə parlament və partiya müxalifətidir. Müxalifətin gücü, əlbəttə ki, onun sayından, mövcud imkanlardan istifadə bacarığından birbaşa asılıdır. Bu gün Ermənistan müxalifəti parlamentdə bəyanatı, gələcəkdə isə sazişin ratifikasiyasını bloklamaq, ona düzəlişlər tələb etmək, şərtlər irəli sürmək üçün yetərli saya malik deyil. Amma onun ölkədə iğtişaşlar yaratmaq, nəqliyyatın hərəkətini bloklamaq, davamlı nümayişlər, mitinqlər keçirmək imkanı var.
İkinci mənbə keçmiş siyasi liderlər və hərbçilərdir. Buraya sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan, Qarabağ klanının digər nümayəndələri, «Daşnaksutyun», «Hnçak» və s. kimi terror təşkilatları, müxalifət partiyalarının üzvləri və digərləri aiddir. Keçmiş rəhbərlər, komandirlər və nüfuzlu hərbi liderlər qərar verəcəkləri təqdirdə tərəfdarlarını səfərbər edə bilərlər. Onların fəaliyyət qabiliyyətləri isə güc strukturları ilə əlaqələrindən və öz təşkilati bazalarının mövcudluğundan asılıdır. Əgər ordu institusional olaraq dövlətə tabe, bölünməmiş vəziyyətdədirsə, çevriliş riski minimuma enir. Yox, paralel güc mərkəzləri əlamətləri varsa, risk artır.
Üçüncü mənbə küçə hərəkatları və radikal qruplardır. Kütləvi küçə nümayişləri xüsusilə blokadalar, zorakılıq, inzibati binalara hücumla müşayiət olunarsa, sabitlik pozula bilər. Burada sosial şəbəkələrin və medianın təsir gücü də böyükdür. Odur ki, hökumətin informasiya kampaniyası həlledici əhəmiyyətə malikdir.
Dördüncü mənbə xaricdəki qüvvələrdir. Söhbət diaspordan və beynəlxalq oyunçulardan gedir. Erməni diasporu revanşist aksiyaları maliyyələşdirə və ya ona mənəvi dəstək verə bilər. Müxtəlif maraqlara malik beynəlxalq oyunçular isə prosesin dinamikasına birbaşa və ya dolayı təsir göstərmək iqtidarındadır.
Beləliklə, risklərin səthi təhlilindən belə nəticəyə gəlinə bilər ki, prosesin pozulması təhlükəsi real olsa da, qaçılmaz deyil. Əsas amillər hakimiyyətin konsolidasiya dərəcəsi, güc strukturlarına nəzarət, ratifikasiya prosesinin hüquqi effektivliyi və cəmiyyətlə kommunikasiyanın keyfiyyətidir.
İnkişaf ssenariləri və pisləşmənin ehtimal olunan göstəriciləri
Sülh prosesinin inkişaf ssenariləri Paşinyanın həyata keçirdiyi siyasətin peşəkarlığından, xarici amillərin, oyunçuların təsirinin effektivlik dərəcəsindən asılıdır. Müsbət ssenari konsolidasiyadır. Bu halda parlament sülh sazişini ratifikasiya edir, legitim referendum keçirilir, iqtisadi inteqrasiya başlayır, etirazların dərəcəsi azalır. Beləliklə, göstəricilər mediada sabitlik, cəmiyyətdə insidentlərin azalması, investisiya sazişlərinin imzalanmasıdır.
Növbəti ssenari durğunluqdur (prosesin ləngiməsi). Saziş paraflanır, lakin ratifikasiya və ya icra hüquqi mübahisələr və etirazlar səbəbilə ləngiyir. Bu halın göstəriciləri parlament proseslərinin bloklanması, etirazların güclənməsi, məhkəmə iddialarıdır.
Üçüncü ssenari destabilizasiyadır: kütləvi etirazlar, əsas institutların qismən boykotu, silahlı toqquşma riski. Göstəricilər inzibati binaların ələ keçirilməsi, orduda parçalanma, xarici sanksiyalar və ya təcrid.
Nə etmək olar?
Hakimiyyət və vətəndaş cəmiyyəti tez bir zamanda açıq, ictimaiyyət üçün əlçatan fəaliyyət planı hazırlamalıdır. Qəbul edilmiş qərarların ratifikasiyasından əvvəl və sonra işə beynəlxalq zəmanətçilərin, monitorinq missiyalarının cəlbi vacibdir. Zərərçəkmiş regionlar üçün inteqrasiya və iqtisadi dəstək proqramlarının həyata keçirilməsinə də başlanılmalıdır.
Bundan başqa, keçid dövrü haqqında qanun layihəsi hazırlanmalı, onun müstəqil hüquqşünasların iştirakı ilə ekspert qiymətləndirilməsi aparılmalıdır. Milli müzakirələr, dinləmələrin (o cümlədən veteranların və yerli icma liderlərinin iştirakı ilə) təşkili də faydalı ola bilər.
Radikal qruplaşmaların maliyyələşdirilməsinə nəzarətin gücləndirilməsi, siyasi qüvvələrin maliyyə mənbələrinin şəffaflığının təmini də vacibdir.
Bu gün Ermənistan tarixi mərhələdən keçir. Bu, qorxu və itkilərlə yüklənmiş keçmişlə hələ qurulmamış gələcəyin sərhədidir. Parlamentin qəbul etdiyi sülh bəyanatı sadəcə diplomatik jest deyil, uzun illər sonra ilk dəfə münaqişə məntiqindən yaradıcı məntiqə keçid cəhdidir. Lakin sülh kağız üzərində olmur. O, siyasi iradə, etimad, gündəlik əmək tələb edir – həm hakimiyyətdən, həm cəmiyyətdən, həm də həyatı imkanlar axtarışı ilə yox, təhlükə gözləntisi ilə yaşamaa öyrəşən insanlardan. İrəvan üçün əsas sınaq da məhz bundadır. Daxili tarazlığı qorumaq, revanşist qüvvələrin təzyiqinə boyun əyməmək, vətəndaşları sülhün kapitulyasiya yox, inkişaf üçün şans olduğuna inandırmaq lazımdır.
Parlamentin dəstəyi Ermənistanın yazdığı yeni fəslin ilk sətridir. Bu kitabda etimaddan, bərpadan, inkişafdan, yoxsa yenə etimadsızlıqdan, blokada və qorxudan bəhs ediləcəyindən nəinki siyasət, ümumilikdə ölkənin taleyi asılıdır.
Bu gün Ermənistan nadir tarixi imkan qazanıb: müdafiədən yaradıcılığa, qapalılıqdan regional tərəfdaşlığa keçid. Sual yalnız ondadır ki, o, bu kursu qoruyub saxlaya, sülh haqqında kövrək bəyanatı real, möhkəm, uzun illərdir gözlənilən gələcəyin əsasına çevirə biləcək, ya yox?
MƏSLƏHƏT GÖR:


79

