TÜRKSAYAĞI TƏHLÜKƏSİZLİK
TDT-nin Qəbələdə keçirilən 12-ci sammit ionu qlobal miqyaslı aktora çevirib
Müəllif: İlqar VƏLİZADƏ
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilmiş 12-ci sammiti bir çoxlarının fikrincə, bu birliyin tarixinə ən əhəmiyyətli hadisələrdən biri kimi düşəcək. Sammitin mövzusu «Regional sülh və təhlükəsizlik» olub. Bu mövzunun özü belə, dərin mənalı, türkdilli dünyanı narahat edən real çağırışları əks etdirən seçim kimi qiymətləndirilir.
Bu gün TDT üzvləri yüksək geosiyasi gərginlik zonasında yerləşirlər: Ukraynadan və Yaxın Şərqdən Əfqanıstan və Cənubi Qafqaza qədər uzanan münaqişələr, böhranlar zənciri türkdilli dövlətlərin də maraqlarına toxuna bilər. Həmçinin transmilli terror şəbəkələrinin fəaliyyəti, ekstremizmin yayılması riski, qeyri-qanuni miqrasiya və hibrid təhdidlər getdikcə artır. Bütün bunlar kollektiv təhlükəsizlik məsələlərini yalnız siyasi diskussiya mövzusuna deyil, həm də regionun sağ qalması, davamlı inkişaf üçün zərurətə çevirir.
Gündəmi Azərbaycan müəyyənləşdirir
Sammiti açan Azərbaycan Prezidenti İlham Əliyev də diqqəti məhz bu mövzuya yönəldib, təhlükəsizliyin yalnız dayanıqlı inkişaf üçün əsas yox, həm də dövlətlərin suverenliyinin, müstəqilliyinin qorunması üçün təminat adlandırıb. O deyib ki, beynəlxalq hüuqun daha çox pozulduğu, münaqişələrin təzyiq vasitəsinə çevrildiyi dünyada türkdilli dövlətlər vahid güc mərkəzi kimi çıxış etməli, hərəkətlərini əlaqələndirməli, ümumi maraqları qorumalıdır.
İlham Əliyev deklarativ bəyanatlardan konkret kollektiv müdafiə mexanizmlərinin yaradılmasına, hərbi və müdafiə sahələrində fəaliyyətin koordinasiyasına keçilməsini təklif edib. Əsas təşəbbüslər sırasında 2026-cı ildə Azərbaycanda TDT ölkələrinin birgə hərbi təliminin keçirilməsi ideyası da səsləndirilib. Bu təşəbbüs hər kəs tərəfindən dəstəklənib ki, bu da türkdilli dövlətlərin praktik əməkdaşlığı genişləndirməyə, təşkilatı Avrasiyada təhlükəsizliyin səmərəli alətinə çevirməyə hazır olduqlarını göstərir.
Dövlət başçısı Azərbaycanla Türkiyənin son il ərzində iyirmidən artıq birgə təlim keçirdiklərini, yüksək hərbi koordinasiya nümayiş etdirdiklərini də xatırladıb. O, bunun türkdilli məkan daxilində tərəfdaşlığın dərinləşdirilməsi baxımından nümunə ola biləcəyini söyləyib.
Bundan başqa, Azərbacyan TDT katibliyinin hesabına 2 milyon dollar köçürməklə, yalnız siyasi yox, həm də maliyyə öhdəliklərinə sadiqliyini göstərib. Prezident İlham Əliyev bildirib ki, kollektiv təhlükəsizliyin etibarlı və səmərəli strukturunu yalnız sistemli maliyyələşdirmə, təcrübə mübadiləsi və birgə fəaliyyətlə qurmaq olar.
Azərbaycan Prezidentinin fikirləri ilə digər iştirakçılar da həmrəylik göstəriblər. Türkiyənin dövlət başçıçı Rəcəb Tayyib Ərdoğan bildirib ki, regional sabitliyin təmin olunmasında, terrorçuluqla mübarizədə türkdilli dövlətlərin məsuliyyəti getdikcə artır. O, iştirakçıları kibertəhdidlərlə, qeyri-qanuni miqrasiya və transmilli cinayətkarlıqla mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb. Ərdoğan Azərbaycanın təşəbbüsü ilə keçiriləcək birgə təlimlərin dayanıqlı kollektiv müdafiə sisteminin yaradılması istiqamətində əhəmiyyətli addım olacağını söyləyib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də təhlükəsizlik sahəsində koordinasiyanın dərinləşdirilməsi ideyasını dəstəkləyib. O, Astananın TDT-ni Mərkəzi Asiya və Cənubi Qafqazın ümumi maraqlarının qorunması üçün strateji platforma kimi gördüyünü bildirib.
Türkdilli dövlətlərin liderlərinin İlham Əliyevin təşəbbüslərini dəstəkləməsi göstərir ki, təhlükələrlə bağlı qurumda yüksək səviyyəli konsensus var və birgə fəaliyyətin əhəmiyyəti hamı tərəfindən dərk edilir.
Nəqliyyat və enerji əməkdaşlığın hərəkətverici qüvvəsi kimi
Sammit iştirakçıları ənənəvi olaraq təhlükəsizlik məsələlərilə yanaşı, iqtisadi, nəqliyyat-logistika əməkdaşlığına da böyük diqqət ayırıblar. Bu artıq TDT-nin gündəliyinin ayrılmaz hissəsinə çevrilib. Qlobal böhranların artdığı, ənənəvi ticarət marşrutlarının pozulduğu, proteksionizmin yüksəldiyi şəraitdə təşkilatı dayanıqlı, sülhsevər, cəlbedici əməkdaşlıq platformasına çevirə biləcək əsas element məhz iqtisadiyyatdır. Türkdilli dövlətlərin liderləri də iqtisadi inteqrasiyanın, birgə infrastruktur layihələrinin inkişafının yalnız qarşılıqlı asılılığı və etibarı gücləndirmədiyini, həm də regionda münaqişə ehtimallarını azaltdığını, hərbi dövləti sabitliyə, dinc inkişafa stimullaşdırdığını hər imkanda vurğulayırlar.
Strateji coğrafi mövqeyə malik Azərbaycanın Avropa ilə Asiya arasında əsas körpü rolunu oynadığı bir daha təsdiqlənib. İlham Əliyev bildirib ki, türkdilli dövlətlər unikal olduğundan, onların tranzit potensialı «əməkdaşlıq körpüsü»nün yaradılması ilə həyata keçirilməlidir – Xəzərdən Aralıq dənizinə, Qara dənizdən Mərkəzi Asiyaya qədər. O, Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars və trans-Xəzər marşrutları kimi yolların yalnız tədarük zəncirini qısaltmadığını, həm də türkdilli ölkələrin səyləri ilə formalaşdırılan yeni geoiqtisadi arxitekturanın rəmzinə çevrildiyini bildirib. Bu dəhlizlər regionu qlobal təchizat zəncirlərində mühüm bəndə çevirir, onun Avrasiya ticarəti, nəqliyyatı və energetikasındakı rolunu artırır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Orta Dəhlizin reallaşdırılmasının sürətləndirilməli olduğunu bildirib. O, bu dəhlizin Rusiya və İrandan keçən yüklənmiş, həmçinin siyasi qeyri-sabit marşrutlara dayanıqlı arternativ olacağını düşünür. Ərdoğan deyib ki, dünyada yaşanmaqda olan siyasi və iqtisadi çalxalanmalar fonunda məhz Türk məkanı nadir bir şəkildə proqnozlaşdırıla bilənlik və açıqlıq nümunəsi göstərir ki, bu da onu investorlar və tərəfdaşlar üçün cəlbedici istiqamətə çevirir. Dövlət başçısı TDT-yə ölkələrin potensialını bərabərlik, qarşılıqlı fayda prinsipləri əsasında birləşdirən «iqtisadi sülh kəməri» kimi yanaşılmalı olduğunu deyib.
Qazaxıstan və Özbəkistan prezidentləri Qasım-Jomart Tokayev ilə Şavkat Mirziyoyev nəqliyyat əlaqələrinin gücləndirilməsinin əhəmiyyətindən danışıb, bunu xarici iqtisadi münasibətlərin şaxələndirilməsi, regional müstəqilliyin artırılmasının yolu kimi qiymətləndiriblər. Qazaxıstan üçün prioritet dəmir yolu infrastrukturunun və Xəzərdə limanların müasirləşdirilməsidirsə, Özbəkistan TDT dəhlizində iştirakı coğrafi təcridin aradan qaldırılması, dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsi vasitəsi sayır.
Sammitdə enerji mövzusu xüsusi yer tutub. Azərbaycanla Türkmənistan «yaşıl enerji» sahəsində birgə layihələrin, neft-qaz tədarükünün əhəmiyyətini vurğulayıb, TDT çərçivəsində enerji siyasətinin koordinasiyasına hazır olduqlarını bildiriblər. Eyni zamanda vahid enerji məkanının yaradılması perspektivləri də müzakirə olunub, bunun ölkələrin enerji təhlükəsizliyini gücləndirmələrinə, davamlı enerji mənbələrinə keçid prosesində qlobal inteqrasiyasına imkan verəcəyi vurğulanıb. Türkdilli dövlətlər yalnız ənənəvi resursların ixracatçısı olmaqla kifayətlənməyəcək, həm də «yaşıl trasformasiya»da fəal iştirak edəcəklər.
Vacib məqamlardan biri sammitin iqtisadi və nəqliyyat gündəliyinin enerji, sülh və təhlükəsizlik mövzuları ilə birbaşa əlaqəli şəkildə müzakirə olunmasıdır. Liderlər həmrəydirlər: iqtisadiyyat regionda dayanıqlı sülhün təməli ola bilər. İnfrastrukturun inkişafı, yeni iş yerlərinin yaradılması, ticarət və investisiyaların artması qarşıdurmalara təbii əngəl yaradır, dövlətlər arasında bu baxımdan yaxşı düşünülmüş addım kimi görünür. Yeni format formal üzvlük tələb etmədən çevik tərəfdaşlıq sisteminin yaradılmasına imkan verir, ticarət, nəqliyyat, energetika, rəqəmsal texnologiyalar, ərzaq təhlükəsizliyi kimi sahələrdə birgə layihələrin icrası üçün platformaya çevrilir.
Azərbaycan ilə Türkiyə üçün «TDT plyus» türkdilli dünya ilə Avropa, Yaxın Şərq, Cənubi Asiya və Afrika kimi güc mərkəzləri arasında əlaqələndirici rolunu gücləndirmək imkanı yaradır. Bundan başqa, yeni format BMT, ŞƏT, İƏT, Aİ, Fars körfəzi Əməkdaşlıq Şurası kimi beynəlxalq təşkilatlarla da əməkdaşlıq üçün imkan yaradır, bu isə TDT-ni qlobal dialoqun tamhüquqlu iştirakçısına, formalaşmaqda olan çoxqütblü dünya düzəninin aktoruna çevirir.
Qəbələ sammiti TDT daxilində birliyin, strateji düşüncənin yeni səviyyəsini ortaya qoyub. Təşkilatın əvvəlki toplantılarına əsas istiqamətlər mədəniyyət, təhsil, humanitar əlaqələr idisə, bu dəfə gələcəyin prioritetləri kifayət qədər aydın şəkildə ifadə edilib: təhlükəsizlik, nəqliyyat, energetika, iqtisadiyyat və beynəlxalq tərəfdaşlıq. Liderlər yalnız çağırışları birgə qiymətləndirməklə kifayətlənmir, həm də onların öhdəsindən gəlinməsi üçün konkret mexanizmlər təklif edirlər. Məsələn, birgə hərbi təlimlər, enerji əməkdaşlığının inkişafı, «yaşıl texnologiya»ların təşviqi, nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və «TDT plyus» formatı vasitəsilə xarici əlaqələrin konturlarının formalaşdırılması.
Qəbələ sammiti TDT-nin ideyalar mərhələsindən praktik müstəviyə keçidinin rəmzinə çevrilib. Qəbul edilmiş qərarlar türkdilli ölkələrin dünya siyasətində fəal və konstruktiv mövqe tutmaq, öz davamlı, qarşılıqlı hörmətə, ədalətə əsaslanan modelini təklif etmək arzusunu ortaya qoyub. Bu model blok təzyiqi və qarşıdurma siyasətinə alternativdir.
Bəli, TDT getdikcə müstəqil güc mərkəzi kimi möhkəmlənir. O, aqressiv deyil, yaradıcılığa, dialoqa, sabitliyə, inkişafa yönəlmiş mərkəzdir. Son sammit də göstərib ki, türk inteqrasiyası keçmişə qiymət yox, praqmatizmə, həmrəyliyə, ümumi sülh naminə məsuliyyət prinsiplərinə əsaslanan gələcəyin layihəsidir.
MƏSLƏHƏT GÖR:




79

