5 Dekabr 2025

Cümə, 09:03

BÖHRANDAN DİALOQA

Bakı ilə Moskva gərginlik mərhələsindən sonra rasional gündəliyə qayıtmağa çalışırlar

Müəllif:

15.10.2025

Son doqquz ayda Rusiya ilə Azərbaycan arasında münasibətlər postsovet məkanının ən kəskin və ən çox müzakirə olunan mövzusuna çevrilərək, Ukrayna müharibəsini belə, arxa plana keçirmişdi. Soyuqluğun bu qədər sürətlə dərinləşməsi, çox kəskin olması çoxları üçün gözlənilməz idi və ciddi təəccübə səbəb olurdu. Halbuki 2024-cü ilin oktyabrında Azərbaycan və Rusiya prezidentləri MDB sammiti çərçivəsində qeyri-formal görüş keçirmiş, dekabrın sonunda isə Azərbaycanın dövlət başçısı İlham Əliyevin rusiyalı teleaparıcı Dmitri Kiselyova verdiyi müsahibə əksər ekspertlər tərəfindən ikitərəfli münasibətlərin möhkəmliyinə dair açıq-aydın mesaj kimi qiymətləndirilmişdi.

 

Hər şeyi dəyişən reys

Lakin dekabrın 25-dən etibarən Moskva-Bakı münasibətlərində yeni reallıqlar başlamışdı. Buna səbəb AZAL-a məxsus mülki təyyarənin Qroznı şəhəri yaxınlığında vurulması idi. Əvvəlcə təyyarə ilə rabitə kəsilmiş, daha sonra hava gəmisinin yaxınlığında «Zenit» raketi partlamışdı. Nəticədə, zədələnmiş «Embraer» təyyarəsi yalnız pilotların yüksək peşəkarlığı sayəsində Qazaxıstanın Aktau şəhərinə çatdırılmış, lakin eniş zamanı qəzaya uğramışdı. Qəza 38 nəfərin ölümü ilə nəticələnmiş, təyyarədə olan insanlardan yalnız 29-u sağ qala bilmişdi. Həlak olanlar arasında təyyarənin komandiri İqor Knyaşkin, ikinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva da var idi.

Hadisənin baş verdiyi vaxt MDB-nin qeyri-rəsmi sammitinə gedən Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin geri – Bakıya qayıtması haqda göstəriş verərək, dərhal vətənə qayıtmış, azərbaycanlı mütəxəssislər və dövlət rəsmiləri isə cəmi bir neçə saat sonra faciənin baş verdiyi əraziyə çatmışdılar. Az müddət sonra təyyarənin qopmuş quyruğunun şəkillərinin mediada yayılması ilə onun üzərində kənarları içəriyə doğru əyilmiş dəliklərin olduğu görünmüşdü. O fotolara baxan mütəxəssis olmayan şəxslər belə, qəzanın «xarici təsir» nəticəsində baş verdiyini anlayardı.

Bundan sonra Bakı qəzanın Beynəlxalq Aviasiya Komitəsi çərçivəsində araşdırılmasından imtina etmiş və onun «qara qutu»su «Embraer»in istehsalçısı olan Braziliyada açılmışdı. Qazaxıstanın Nəqliyyat Nazirliyi də öz növbəsində, öz araşdırmasına başlamışdı. Qısa zamanda irəli sürülən versiyaları bütün tərəflər təsdiqləmişdi – «kənar təsir». Yəni qəza Rusiya Hava Hücumundan Müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib. Həmin günlərdə Rusiya HHM sistemləri ölkə səmasında Ukraynaya məxsus növbəti pilotsuz uçuş aparatlarını «gözləyirdi»…

Bakı öz mövqeyini hadisədən dərhal sonra açıq şəkildə ortaya qoymuşdu: Rusiya baş verənlərə görə məsuliyyətini qəbul etməli, üzr istəməli, beynəlxalq təcrübəyə uyğun olaraq, kompensasiya ödəməli, günahkarların müəyyənləşdirilməsi üçün öz araşdırmasını aparmalıdır. Aydın idi ki, təyyarə təsadüfən vurulmuşdu. Amma bir təsadüf onlarla günahsız insanın ölümünə səbəb olursa, üstəlik, Rusiya təbliğatı anti-Azərbaycan isteriyası qaldırırsa, Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov rəsmi nümayəndə heyətinin tərkibində Həştərxana gedərkən Rusiyaya buraxılmırsa…

İki ölkə arasındakı münasibətlərdə gərginliyin növbəti dalğası yay aylarına təsadüf edib. Rusiyanın hüquq-mühafizə orqanları Yekaterinburqda 50-dən çox etnik azərbaycanlını saxlamış, bu zaman onlardan ikisi – Səfərov qardaşları öldürülmüş, daha 5 azərbaycanlı xəstəxanaya düşmüşdü. Bundan başqa, məlum olmuşdu ki, Rusiyanın hüquq mühafizə orqanları təxminən 25 il əvvəl – 2021-ci ildə törədilmiş qətl hadisəsi ilə bağlı araşdırmaları bərpa edibmiş. Hadisənin baş verdiyi vaxt 3-4 yaşı olmuş insanlar indi vacib şahidə, hətta iştirakçıya çevrilə bilərmiş.

Baş verənlərə Azərbaycanın cavabı özünü çox gözlətməmiş, Bakıdakı «Rus evi»nin sənədsiz fəaliyyət göstərdiyi məlum olduğundan, o qapadılmış, «Sputnik» agentliyinin Bakıdakı redaksiyasında axtarış aparılmış, iki FTX əməkdaşı saxlanılmışdı. Bundan başqa, Rusiyadan gəlmiş kibercinayətkarlar qrupuna qarşı əməliyyat həyata keçirilmiş, Rusiya baş nazirinin müavini Overçukun Bakıya səfəri ləğv olunmuşdu… Beləliklə, vəziyyət getdikcə qartopu kimi böyüyür, gərginlik daha da artırdı.

 

Hər şeyin bir sonu var

Bütün böhranlar nə vaxtsa başa çatır. Üstəlik, münasibətlərin daha da pisləşməsində nə Moskva, nə də Bakı maraqlı idi. Hər halda, son aylarda iki ölkə arasında yaxınlaşma - münasibətlərdə istiləşmə əlamətləri hiss olunur. Məsələn, avqustun 26-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevaya ad günü münasibətilə təbrik ünvanlamış, ardından Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dövlət başçıları arasında qısa da olsa, görüş baş tutmuşdu. Oktyabrın 7-də isə bu dəfə İlham Əliyev rusiyalı həmkarına zəng edərək onu doğum günü münasibətilə təbrik etmişdi. Kremldəki mənbələrin sonradan bildirdiyinə görə, həmin söhbət zamanı dövlət başçıları arasında Düşənbədə ikitərəfli görüşün keçirilməsinə dair razılıq da əldə edilibmiş.

Nəhayət, həmin görüş baş tutub və o, ümumilikdə gözləntiləri doğruldub. Putin söhbətə dərhal ən ağrılı mövzudan – 2024-cü il dekabrın 25-də Qroznı yaxınlığında Rusiya HHM sistemləri tərəfindən vurulmuş AZAL təyyarəsindən başlayıb. «Hələ o zaman bizim ilk telefon danışığımız zamanı mən təkcə bu faciənin Rusiya səmasında baş verdiyi üçün üzr istəmədim, həm də həlak olanların ailəsinə dərin hüznlə başsağlığı verdim. Bütün bunları bir daha təkrarlamaq, yenidən bəyan etmək istəyirəm. Bildirmək istəyirəm ki, biz təbii ki, əvvəlcədən razılaşdığımız kimi, istintaqa hər cür dəstək veririk. İstintaq yekunlaşmaq üzrədir və artıq bu faciənin, qəzanın səbəbləri haqda danışmaq mümkündür. O, bir neçə amillə bağlıdır. Birinci səbəb ondan ibarətdir ki, həmin gün Rusiya səmasında Ukraynaya məxsus pilotsuz uçuş aparatları olub. Biz o gecə sərhədimizi keçmiş üç belə aparatı izləyirdik. İkinci səbəb isə Rusiya HHM sistemindəki nasazlıqla bağlı olub», - deyə Vladimir Putin qeyd edib: «Əlbəttə, belə faciəvi hallarda tələb olunan bütün tədbirlər Rusiya tərəfindən həyata keçiriləcək – kompensasiyalar, hüquqi qiymət və günahkarların müəyyənləşdirilməsi».

Beləliklə, Rusiya Prezidenti Ukraynaya məxsus dronlardan söz açsa da, qəzaya görə məsuliyyətin onun ölkəsinin HHM sisteminin üzərinə düşdüyünü etiraf edib. O, hadisəyə görə bir daha üzr istəyib, Azərbaycan tərəfinə lazımi kompensasiyanın ödəniləcəyini, günahkarların məsuliyyətə cəlb ediləcəklərini söyləyib, lakin bunun üçün müəyyən vaxt tələb olunduğunu bildirib.

Əslində, bu görüşün nəticələri Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilə bilər. Rusiya Bakının əsas tələblərini yerinə yetirib və ya yetirəcəyinə söz verib – məsuliyyətin etirafı, üzr, kompensasiya və günahkarların cəzalandırılması. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyib və məqsədinə nail olub. Bu isə ikitərəfli münasibətlərin yenidən işgüzar, konstruktiv məcraya yönələcəyindən xəbər verir. Üstəlik, böhranın dərinləşməsi nə Bakının, nə də Moskvanın maraqlarına uyğundur.

Putinin Azərbaycan-Rusiya münasibətlərini «müttəfiqlik» kimi xarakterizə etməsindən sonra Moskvanın bəzi təbliğatçıları çaşqınlıq içərisində qalıblar. Çünki onlar ötən aylar ərzində vəziyyəti daha da qızışdırmaq üçün əllərindən gələni edir, hətta Azərbaycana qarşı «xüsusi hərbi əməliyyatlar»a çağırışlar belə, edirdilər.

Müşahidəçilər artıq Azərbaycan diasporunun üzvlərinə təzyiqlərin azaldığını da bildirirlər. Yekaterinburqda artıq baş verənlərlə bağlı geniş araşdırmalar aparılır, etnik azərbaycanlılara qarşı keçirilmiş əməliyyatlara, o cümlədən iki azərbaycanlının ölümünə görə məsuliyyət daşıyan şəxslər istintaq orqanlarına cəlb olunublar. Bunun, əlbəttə ki, müvafiq nəticələri olacaq. Hər halda, Rusiya İstintaq Komitəsi «Krokus Siti»də törədilmiş terror aktının zərərçəkənlərinin iddiası əsasında ata və oğul Ağalarovların əmlakının müsadirə olunmasına dair iddianı rədd edib. Ekspertlərin fikrincə, «vəziyyətin dalandan çıxarılması» prosesi davam edəcək. Lakin münasibətlərin əvvəlki səviyyəyə qayıdıb-qayıtmayacağı hələ də böyük sual altındadır.

 

Sammitin kulisarxası

Azərbaycanın aviaqəza ilə bağlı tələblərinin yerinə yetirilməsinə nail olması Bakının dünya arenasında artan nüfuzunun, siyasi çəkisinin daha bir sübutudur. Bu mənada, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin fikirləri diqqətəlayiqdir: «Yalnız oktyabrın ilk ongünlüyündə Prezident İlham Əliyev müxtəlif coğrafiyada və formatlarda keçirilən üç fərqli sammitdə iştirak edib. Dövlət başçısının cəmi on gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür».

Azərbaycan yeni diplomatik istiqamətləri və platformaları uğurla mənimsəməklə yanaşı, «köhnələr»i də diqqətdən kənar qoymur. Məsələn, MDB keçmiş SSRİ-nin dağılmasından dərhal sonra onun yerində yaranmış bir qurumdur. Bəziləri onu inteqrasiya platforması, digərləri isə «mədəni ayrılıq forması» kimi qiymətləndirirdi. Bu müzakirələrə hələ 2000-ci ilin ortalarında Vladimir Putin son qoyub: «MDB ilk gündən mədəni şəkildə ayrılma forması kimi nəzərdə tutulub. Kimsə MDB-dən bütün sahələrdə xüsusi nəticələr gözləyirsə, belə nəticələr nə olub, nə də olacaq. Bu birliyin əsas məqsədi SSRİ-nin dağılmasından sonra mümkün qədər yumşaq ayrılığı təmin etmək idi. MDB bu vəzifəsinin öhdəsindən gəlməyi bacarıb».

Bununla yanaşı, SSRİ-nin dağılmasından 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, MDB hələ də fəaliyyətini davam etdirir. Artıq onun gündəliyində daha çox siyasi deyil, humanitar məsələlər müzakirə olunur. Bu, qurumun Düşənbədə keçirilən son sammitində də təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki çıxışında məhz humanitar əməkdaşlıqdan söz açaraq deyib: «Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu ilin iyununda Laçında «MDB-nin mədəniyyət paytaxtı ili»nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi».

Dövlət başçısı çıxışında yalnız Ermənistanın işğalını xatırlatmayıb. Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi, ilk növbədə, «Böyük qayıdış» proqramının və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpasının uğurlarını nümayiş etdirir. Dünyada analoqu olmayan bu misilsiz işi – təxminən Livan boyda tamamilə dağılmış bir ərazinin bərpasını Azərbaycan tam şəkildə öz gücü ilə həyata keçirir. Bu, onun artan siyasi çəkisinin və dövlət dayanıqlılığının daha bir sübutudur.



MƏSLƏHƏT GÖR:

81