ÜMİD DOĞURAN MİLLİ
Futbol yığmamız uduzsa da, artıq çarəsiz görünmür
Müəllif: Sənan NADİROĞLU
Futbol üzrə Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının daha iki seçmə matçını məğlubiyyətlə başa vurub. Oktyabrın 10-da Parisdə Fransa millisinə 0-3, üç gün sonra isə Krakovda Ukrayna seçməsinə 1-2 hesabı ilə uduzan Ayxan Abbasovun komandası məğlubiyyətə baxmayaraq, məhv olan ümidlərə həyat verib.
Fernandu Santuşun istefaya göndərilməsindən sonra istefasından sonra Ayxan Abbasov gözlənilmədən milli komandaya rəhbərlik etmək təklifi alıb. O, bu təklifi tərəddüd etmədən qəbul edib. Bundan əvvəl A.Abbasov U21 milli komandası və “Şamaxı” klubu ilə birgə çalışıb. O, riskli qərar verərək hər bir məşqçinin arzusu olan millinin sükanı arxasına keçib.
Məğlubiyyət yenilənməyə doğru addım olduqda
Baş məşqçi əvəzi statusuna razılaşan məşqçi üç oyunda yığmaya rəhbərlik edib. Bakıda Ukrayna ilə 1-1 heç-heçə oynayan milli ardınca qorxulu Paris səfərinə yollanıb. Fransa ilə oyun ərəfəsində hər zaman olduğu kimi hamı Azərbaycan futbolu tarixində ən acınacaqlı məğlubiyyəti xatırlayıb. 1995-ci ildə Parisdə Zinəddin Zidanın çıxış etdiyi Fransa yığması Azərbaycan komandasına 10 cavabsız qol vurmaqla azarkeşlərimizin “qorxulu yuxu”suna çevrilib. Bu dəfə A.Abbasov daha düşünülmüş taktika seçib: üç qol buraxmasına baxmayaraq, komanda daha təşkilatlanmış şəkildə görünürdü. Əsas diqqət bütün komandanın sıx müdafiəsinə, açıq futboldan yayınmağa və qapını qorumağa yönəlmişdi.
Müharibə vəziyyətinə görə Ukrayna millisi Azərbaycan komandasını Krakovda qəbul edib. Bakıda 1-1 hesablı heç-heçədən sonra Sergey Rebrovun yetirmələri revanş əzmi ilə meydana çıxsa da, qələbəni böyük çətinliklə əldə ediblər. Etiraf edək ki, hakim heyəti də bəzi məqamlarda mübahisəli qərarlarla rəqibin uğurunda pay sahibi olub. Buna baxmayaraq, onu da etiraf etməliyik ki, Azərbaycan qələbə qazanmaq üçün kifayət qədər səy göstərməyib və 1-2 hesabı meydanda baş verən hər şeyi əsk etdirir.
Ayxan Abbasovun rəhbərliyi altında 3 oyunda 1 xal toplayan komanda böyük ölçüdə fərqlənməsə də, azarkeşlərin qəlbində ümid yaradıb.
Uzun fasilədən sonra yerli məşqçiyə tapşırılan Azərbaycan millisində futbolçuların kollektiv oynamaq bacarığını izlədik. Həm müdafiədə, həm də bəzi hallarda hücumda normal taktika icra edən futbolçular çoxlu sayda səhvlərə yol versə də, meydanda istəkli olduğunu göstəriblər. Futbol idman növlərin arasında ən çətinlərdin biridir, burada Ayxan Abbasov deyil başqası da 2 həftəyə möcüzə yarada bilməz. Amma çətin dönəmdə yığmanı toparlamağı bacaran məşqçi işinin hiss olunmasını qəbul etməliyik.
Önəmli məsələ odur ki, baş məşqçi milliyə döyüş ruhu, mübarizə istəyi və son illərdə çatışmayan “futbol həvəsi”ni aşılaya bilib. Ukrayna ilə cavab görüşü də bunu bir daha sübut edib. Komanda hücumda çox yaxşı təsir bağışlayıb və bu da sevindirici məqam idi.
Ukrayna ilə oyunda Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Bəhlul Mustafazadənin xüsusi fəallığını izlədik. “Qarabağ”ın əsas heyət üzvləri millinin oyununda da əzmkar mübarizə göstəriblər. Qapıçı Şahruddin Məhəmmədəliyevin maksimum güclə qapını qorumaq istəyi diqqətdən yayınmayıb. Əvvəlki xarici məşqçilər – Fernandu Santuş və Canni De Byazinin dövründə komandada belə bir ruh və istək yox idi. Heyət və stadion eyni olsa da, bəs niyə komanda xarici məşqçilərin rəhbərliyi altında rəsmi matçlara məsuliyyətlə yanaşmayıb?
Cavab sadədir: Azərbaycan futbolunda dünya səviyyəli oyunçular çatışmır. Ən yaxşı futbolçu hesab etdiyimiz Mahir Emreli Almaniyada ikinci bundesliqa klubunda ehtiyatda oturur. Dünya səviyyəsində futbolçu olmadığı halda bu ölkənin futbolçusuna yerli məşqçinin rəhbərlik etməsi lazımdır. Çünki yerlilərin səviyyəsini, bacarığını və onlarla işləmək qaydasını məhz bizim mütəxəssislər bacarır.
Azərbaycan millisi bir top fərqi ilə (2:1) Ukraynaya məğlub olsa da, məzmunlu və baxımlı futbol sərgiləyib. Bu da gələcəyə inam yaradır. Əlbəttə ki, bu, 1-2 ildən sonra Azərbaycan milli komandasının dünya və Avropa çempionatında oynayacağı demək deyil. Yalnız milli komandanın “koma”dan çıxması və normal fəaliyyətə qayıtması haqqında danışa bilərik.
Əlbəttə ki, Ayxan Abbasovu həddindən artıq tərifləmək olmaz, amma onun müsbət cəhətləri də etiraf edilməlidir. Çətin vəziyyətdə yığmaya sahib çıxıb, komandada əhvali-ruhiyyənin düzəlməsini təmin edib. Ukrayna ilə Bakıdakı oyundan 1 gün əvvəl “Sabah” klubunun futbolçusu Abdulla Xaybullayevin düşərgəyə dəvət olunması, məşqçiylə mübahisə edən futbolçu Renat Dadaşova sərt münasibətin göstərilməsi A.Abbasovun baş məşqçi kimi qəbul etdiyi düzgün qərarlardır.
AFFA hələ ki, Abbasovla tərəfdaşlığının nə qədər uzunmüddətli olacağını rəsmi olaraq açıqlamayıb. Hələlik yalnız onun noyabrın sonuna qədər işləməyə davam edəcəyi aydındır. Bundan sonra İcraiyyə Komitəsi qərar verəcək. Lakin AFFA yenidən başqa bir əcnəbi dəvət etmək qərarına gələrsə, bu, ölkənin futbol ictimaiyyətinə hörmətsizlik əlaməti olardı.
Ayxan Abbasov ilə ilin sonunda bir illik müqavilənin imzalanması doğru olardı. Məşqçinin 2026-cı il UEFA Millətlər Liqası üçün ideyalarını həyata keçirmək üçün vaxta ehtiyacı var. Yalnız bundan sonra onun işi obyektiv qiymətləndirilə bilər.
Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin son oyunlarını gözləyir. Milli Bakıda noyabrın 13-də İslandiya, noyabrın 16-da isə Fransa ilə qarşılaşacaq. Bu oyunlardan sonra seçmə mərhələ başa çatacaq və məşqçinin gələcəyi bəlli olacaq. Ümid edirik ki, Azərbaycan futbolunun taleyinə görə məsuliyyət daşıyanlar bu dəfə düzgün seçim edəcəklər. Xatırladaq ki, vəzifəsindən kənarlaşdırılan Fernandu Santuş AFFA-dan 3,700,000 manat təzminat alıb. Yerli məşqçilər heç vaxt bu qədər böyük təzminat tələb etməyəcəklər.
“Bəhanə axtarmırıq – ürəklə oynayırıq”
Milli komandanın baş məşqçisi Ayxan Abbasovun son oyunlarla bağlı fikirləri: “İslandiyadan sonra Bakıda Ukrayna millisindən xal qazandıq. Hər kəs düşünürdü ki, uşaqlar uzaq yoldan gəlib. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdır. Bəlkə də Eminin gücü yox idi. Amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdı. Uduzmaq istəmirdilər. Buna öyrəşməliyik. Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdır. Turnir bunu tələb edir. Futbolçularımızın təməli gənc yaşlarından buna öyrəşməlidirlər. Bəlkə də liqalarda oyunların sayını çoxaltmaq lazımdır. Bəlkə 1-ci oyun Ukraynaya qarşı oynasaydıq, başqa cür olardı. Çempionatımızın tempi artmalıdır, futbolçularımız 90 dəqiqə oynasa, daha yaxşı olar. Gələcəkdə millinin daha yaxşı çıxış edəcəyini düşünürəm”.
MƏSLƏHƏT GÖR:





32

