5 Dekabr 2025

Cümə, 09:02

ŞƏRİƏT MALİYYƏSİ

Azərbaycan 6 trilyon dollar həcmində kapitala çıxış imkanı əldə edəcəyi islam bank alətlərinin tətbiqinə hazırlaşır

Müəllif:

01.11.2025

2026-cı ildən Azərbaycanda islam bank məhsullarının mərhələli şəkildə tətbiqinə başlanacaq. Bu addım ölkənin maliyyə sektorunu əsaslı şəkildə transformasiya edə, onun dayanıqlılığını artıra və banklar üçün əlavə gəlir mənbələri yarada bilər.

Beynəlxalq reytinq agentliyi “Moody's”in son hesabatına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) islam maliyyə xidmətlərinin tətbiqi üçün normativ-hüquqi bazanı hazırlayır. Bu istiqamətdə o cümlədən Mülki Məcəlləyə, “Banklar haqqında” Qanuna və Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur.  

Müvafiq tənzimləyici dəyişikliklər təsdiqləndikdən sonra ənənəvi banklar “islam pəncərələri” adlanan sistem vasitəsilə şəriətə uyğun xidmətlər təklif edə biləcəklər. İslahatın ilkin məqsədi bazarı islam bankçılıq prinsiplərinə uyğun məhsullarla tanış etmək və onların daha geniş istifadəsi üçün zəmin yaratmaqdır. Mərkəzi Bank öz növbəsində məhsul çeşidinin genişlənməsi ilə tənzimləməni təkmilləşdirərək, tətbiq prosesini nəzarətdə saxlayacaq.

Bu yeni maliyyə alətinin Azərbaycanda tətbiqi mexanizmləri və perspektivləri Bakıda keçirilmiş “İslam Maliyyə Forumu 2025”də müzakirə edilib.

 

Qonşuların təcrübəsi

Məlum olduğu kimi, islam bankçılığı şəriət qanunlarına uyğun qurulmuş maliyyə əməliyyatları və xidmətləri sistemidir və faiz, spekulyativ əməliyyatlar və İslam etik prinsiplərinə zidd olan sahələrə (alkoqol, mərc oyunları, tütün) investisiya qoyuluşlarını qadağan edir. Bu cür maliyyə əməliyyatlarının əsasını risk və gəlirlərin ədalətli bölüşdürülməsi, həmçinin aktivlərlə təminat prinsipləri təşkil edir.

Beynəlxalq İslam Bankçılığı və Maliyyə İnstitutunun məlumatına görə, 2024-cü ilin sonuna islam maliyyə aktivlərinin həcmi 2,7 trilyon dollardan çox olub, illik artım templəri 10-12% təşkil edir. Bazarın əsas payı Körfəz ölkələri, Malayziya, İndoneziya və Türkiyəyə məxsusdur. Aktivlərin strukturunda şəriət prinsiplərinə riayət edilməsinə yönəlmiş islam bank məhsulları və investisiya fondları üstünlük təşkil edir.

İslam Bankları və Maliyyə Təşkilatları üzrə Baş Şurasının Baş katibi Abdelilah Belatik daha əvvəl bildirmişdi ki, islam maliyyələşdirmə bazarının ümumi həcmi 2025-ci ilin sonuna 5,3 trilyon dollara çatacaq, 2030-cu ilə qədər isə 9 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır: “Müqayisə üçün, 2010-cu ildə bu göstərici 1 trilyon dollar idi, 2024-cü ilə qədər isə 4,5-4,7 trilyon dollara qədər artıb: 14 il ərzində 4 dəfə artım müşahidə olunub”.

Mərkəzi Asiyanın qonşu dövlətlərinin təcrübəsi göstərir ki, regionda islam maliyyəsinin inkişafı formalaşma mərhələsindədir, lakin eyni zamanda davamlı artım dinamikası nümayiş etdirir. Bu sahədə xüsusilə əhəmiyyətli uğurlar Qazaxıstanda və Qırğızıstanda əldə edilib ki, beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in qiymətləndirməsinə görə, bu ölkələr orta və uzunmüddətli perspektivdə islam maliyyə sənayesinin inkişafı üçün ən böyük potensiala malikdir.

“Fitch”in hesabatında qeyd olunub ki, regiona Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası ölkələrindən iqtisadi əməkdaşlıq və investisiyaların artması fonunda islam maliyyələşdirməsinə maraq güclənir. Belə ki, 2024-cü ilin sonuna Mərkəzi Asiyada islam maliyyə sənayesinin həcmi 500 milyon dolları keçib (çoxtərəfli maliyyələşdirmə nəzərə alınmadan).

Müsbət dəyişikliklərə baxmayaraq, islam bankçılığı hələ də region ölkələrinin maliyyə sistemlərində kiçik yer tutur. “Fitch”in məlumatına görə, 2024-cü ilin sonuna Qazaxıstan və Qırğızıstanda islam bank xidmətlərinin payı cəmi 1% ətrafında idi. Lakin Qazaxıstan daha yüksək hədəflər qoyub. Ölkə 2025-ci ilin sonuna qədər islam maliyyələşdirməsinin payını 3-5%-ə çatdırmağı hədəfləyib.

Özbəkistanda da 2024-cü ildə ölkənin Mərkəzi Bankı mikromaliyyə təşkilatlarına islam xidmətləri göstərməyə icazə verən normativ aktları təsdiqləyib. Eyni zamanda, ənənəvi banklara “İslam pəncərələri” açmağa imkan verəcək qanun layihəsi hazırlanır ki, bu da sektorun inkişafında növbəti mərhələ olacaq.

 

Nəzəriyyədən praktikaya

Azərbaycana gəlincə, islam maliyyə xidmətlərinin tətbiqi zərurəti haqqında söhbətlər uzun müddətdir gedir. 2013-cü ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən belə cəhdlər edilmişdi, lakin qanunvericilik dəstəyinin kifayət qədər olmaması səbəbindən layihə iki il sonra dayanmışdı.

Bununla belə, bu bazar üçün real potensialın mövcudluğu, həmçinin Azərbaycanın islam dünyası ölkələri ilə artan iqtisadi qarşılıqlı fəaliyyəti səbəbindən şəriət prinsiplərinə əsaslanan maliyyə alətlərinin tətbiqi zərurəti məsələsi vaxtaşırı meydana çıxırdı.

Məhz buna görə də Azərbaycan Mərkəzi Bankı ölkədə islam bankçılığının tətbiqi üçün konseptual planlardan praktik tədbirlərə keçib.

Mərhələli strategiya çərçivəsində artıq “İslam pəncərəsi” modelinin yol xəritəsi hazırlanıb ki, bu da islam maliyyə məhsullarının bank sisteminə inteqrasiyası üçün əsas olacaq.

Bu yol xəritəsi dörd əsas istiqaməti nəzərdə tutur. Birinci istiqamət ilkin mərhələdə tətbiq ediləcək məhsulların müəyyənləşdirilməsidir. Bunun üçün AMB müştərilərin və bazarın ehtiyaclarını araşdırıb, banklar, assosiasiyalar və ekspertlərlə məsləhətləşmələr aparıb. Bu mərhələ artıq başa çatıb.

İkinci istiqamət qanunlara dəyişiklikləri əhatə edən normativ-hüquqi bazanın yaradılmasıdır. Bununla əlaqədar AMB Mülki və Vergi məcəllələrinə, həmçinin “Banklar haqqında” Qanuna və bir sıra digər normativ aktlara dəyişikliklər paketini hazırlayıb. Maliyyə sektoru iştirakçıları ilə müzakirədən sonra sənədlər hökumətin müzakirəsinə təqdim ediləcək.

Üçüncü istiqamət potensial və biliklərin artırılmasıdır. Bunun üçün Mərkəzi Bank Türkiyə, Pakistan, Qırğızıstan və digər ölkələrdəki müvafiq strukturlarla əməkdaşlıq qurub.

Yol xəritəsinin dördüncü komponenti minimum tənzimləyici tələblər formalaşdıqdan sonra “İslam pəncərəsi” vasitəsilə islam bank məhsullarının tətbiqidir. Bu, bazar tələbatının sınaqdan keçirilməsi, iştirakçıların məhsullarla tanış olması və gələcəkdə daha geniş məhsul və həll spektrinin tətbiqi üçün şərait yaradacaq. “Mərkəzi Bank isə bu ilkin mərhələnin gedişini izləyəcək, nəticələri qiymətləndirəcək və əldə edilmiş təcrübəyə əsaslanaraq növbəti mərhələlər, əlavə məhsullar və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edəcək. Biz bu prosesdə bütün yerli və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığa hazırıq”, - AMB-nin maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov qeyd edib.

İslahatın elementlərindən biri də İslam maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi olacaq ki, bu da onları ənənəvi bank məhsulları ilə müqayisədə daha rəqabətqabiliyyətli edəcək.

R.Tahirovun sözlərinə görə, islam maliyyələşdirməsi potensialından səmərəli istifadə üçün bir sıra şərtlərə əməl edilməlidir.

“Ənənəvi və islam maliyyə xidmətləri arasında bərabər şərait yaratmaq vacibdir. Bunun üçün maliyyə tənzimlənməsinin islam maliyyə məhsullarının xüsusiyyətlərinə uyğunlaşdırılması tələb olunur. Eyni zamanda islam maliyyə məhsulları üzrə əməliyyatların vergiyə cəlb olunma baxımından harmonizasiyası mühüm əhəmiyyət kəsb edir. Bilirik ki, bəzi maliyyə xidmətləri ƏDV-dən azaddır. Ona görə də eyni prinsipləri islam maliyyə əməliyyatlarına da tətbiq etmək vacibdir. Hazırda müvafiq dövlət qurumları ilə birlikdə bu istiqamətdə işləyirik”, - R.Tahirov bildirib.

 

İnvestisiya imkanları

Qeyd olunduğu kimi, Azərbaycanda islam bankçılığının inkişafı İslam dünyasının aparıcı maliyyə institutlarının fəal beynəlxalq əməkdaşlığı və ekspert dəstəyi ilə müşayiət olunur.

AMB Pakistan və Malayziya mərkəzi bankları, eləcə də Türkiyənin İştirakçı Banklar Assosiasiyası ilə birgə islam bankçılığı potensialının artırılması üzrə pilot proqramlar başladıb.

“Biz bu sahənin təkcə Türkiyədə deyil, bütün regionda, xüsusən də Azərbaycanda inkişafına dəstəyi strateji məqsəd hesab edirik”, - Türkiyə Prezidenti yanında investisiya və maliyyə ofisinin nümayəndəsi Tarık Akın bildirib.

O,. həmçinin qeyd edib ki, Qarabağda bərpa işləri islam maliyyə alətlərinin tətbiqi üçün geniş investisiya imkanları açır.

“Bu alətlər regiondakı müxtəlif layihələrin maliyyələşdirilməsinin alternativ mənbəyi ola bilər”, - türkiyəli nümayəndə söyləyib.

Akın əlavə edib ki, enerji potensialı, strateji mövqe və dayanıqlı inkişaf Azərbaycanın islam maliyyəsini ölkənin ümumi iqtisadi strategiyasına inteqrasiya etmək qabiliyyətinə malik regional maliyyə mərkəzinə çevrilməsi üçün perspektivlər açır.

Azərbaycana yardım göstərməyə hazır olduğunu İslam Maliyyə İnstitutları üçün Mühasibat Uçotu və Audit Təşkilatı (AAOIFI) da bildirib. Təşkilatın himayədarlar şurasının sədri şeyx İbrahim bin Xəlifə vurğulayıb ki, aktivlərlə təminata və risklərin bölüşdürülməsinə əsaslanan İslam maliyyə sistemi etik, dayanıqlı və inklüziv bir alətdir və təbii olaraq dayanıqlı inkişaf məqsədlərinə uyğun gəlir.

“Biz AAOIFI olaraq Azərbaycanı dəstəkləməyə hazırıq və bu regionda maliyyə fəaliyyətinin mərkəzinə çevrilməyə çalışırıq ki, bu da bu cür biznes aparmaq üçün ideal şəkildə uyğundur”, - o bildirib.

Öz növbəsində AMB “Azərbaycanda kapital bazarının inkişafı üçün tənzimləyici bazanın hazırlanması üzrə İslam maliyyələşdirmə qrantı” layihəsinin həyata keçirilməsində texniki yardım göstərilməsi ilə bağlı İslam İnkişaf Bankı İnstitutuna rəsmi müraciət edib.

Təşəbbüsün əsas məqsədi ölkədə islam maliyyə alətləri, ilk növbədə sukuk (istiqrazlar) üçün əlverişli normativ və institusional mühitin yaradılmasıdır. Layihə etibarlı hüquqi və tənzimləyici bazanın hazırlanmasını, İslam əməliyyatları ilə bağlı risklərin idarə edilməsi üzrə milli potensialın formalaşdırılmasını, həmçinin bu sahədə irəliləyişləri izləmək üçün monitorinq və qiymətləndirmə sisteminin yaradılmasını nəzərdə tutur.

Sənədə görə, layihənin uğurla həyata keçirilməsi Azərbaycanda ilk sukuk buraxılışı üçün yol açacaq ki, bu da ölkənin maliyyə sektorunun diversifikasiyasında əhəmiyyətli addım olacaq. Hazırda layihəni həyata keçirəcək konsaltinq şirkətlərinin seçilməsi prosesi başlayıb.

Daha əvvəl AMB sədri Taleh Kazımov yerli banklardan birinin artıq bu layihədə iştirak etməyə maraq göstərdiyini bildirib.

“Biz əsasən islam istiqrazlarının buraxılışına fokuslanmışıq və Dünya Bankı ilə birlikdə müvafiq qanunvericiliyin hazırlanmasına başlamışıq. Lakin yerli bankların iştirakı olmadan çətin olacaq, çünki onlar istiqrazların müştərilərini daha yaxşı tanıyırlar. Test rejimində işi qurmaq üçün banklarla danışıqlar aparılır. Əvvəlcə sukuk buraxılışı, daha sonra isə İslam bankçılığının inteqrasiyası gözlənilir. Layihənin reallaşdırılması üçün 3-5 il tələb olunacaq. Əsas məqsədimiz maliyyə inklüzivliyini və maliyyənin əlçatanlığını artırmaqdır”, - T.Kazımov qeyd edib.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov hesab edir ki, yerli bankların islam maliyyələşdirməsinə marağı artıq nəzəriyyə çərçivəsindən kənara çıxır. Üstəlik, ABA yanında Şəriət Şurasının yaradılması prosesi yekunlaşmaq üzrədir. “Bəzi banklar artıq həll yollarının işlənib hazırlanması üzərində çalışır və konkret məhsul istiqamətlərinə fokuslanırlar. Görürük ki, maraq stabildir, müştəri seqmentləri aydındır, ilkin tətbiq mərhələsi üçün lazımi bilik bazası artıq mövcuddur. Başqa sözlə, bazar hazırdır - sadəcə institusional bazanın yaradılmasını tamamlamaq lazımdır", - o vurğulayıb.

Bu zaman əsas diqqət maliyyələşdirmənin həcminə deyil, islam bankçılığının iqtisadiyyatın real sektoruna, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi təsirə yönəldilib.

“Ölkədə islam maliyyələşdirməsinin tətbiqi infrastrukturun inkişafına fayda verəcək, çünki azad edilmiş ərazilərdə indi genişmiqyaslı tikinti işləri aparılır”, - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirir.

Bir sözlə, islam bankçılığı Azərbaycan üçün maliyyə diversifikasiyası və beynəlxalq əməkdaşlığın yeni üfüqlərini açır. Bu islahat təkcə bank sisteminə inamı möhkəmləndirməyəcək, həm də ölkənin həcmi sürətlə 5 trilyon dollar həddinə yaxınlaşan qlobal islam maliyyə bazarına inteqrasiya olunmasına imkan verəcək.



MƏSLƏHƏT GÖR:

26