25 Noyabr 2024

Bazar ertəsi, 07:44

PUL KİSƏSİ, yoxsa BANK KARTI?

Azərbaycanda nağd hesab həvəskarlarını sanksiyalar gözləyir

Müəllif:

03.09.2013

Azərbaycan ticarət şəbəkəsi və xidmət sahəsində nağdsız ödənişlərin tətbiqini genişləndirmək üçün vergi qanunvericiliyində ciddi dəyişikliklər edəcək. Ölkənin fiskal idarələri ilə hazırlanmış müvafiq qanun layihəsi artıq hökumət tərəfindən nəzərdən keçirilir, müvafiq nazirliklər və idarələrlə razılaşdırılır."Nağdsız ödənişlərin stimullaşdırılması və nağd hesabların məhdudlaşdırılması haqqında" qanun layihəsi ilə stimullaşdırıcı tədbirlərlə yanaşı, inzibati və maliyyə sanksiyalarının tətbiqi, nağd hesabların istifadəsinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulur.

 

Vergi müqabilində kart

Qeyd edək ki, bu sənədin işlənməsinə dair tapşırıqlar Prezident İlham Əliyevin 2013-cü ildə Vergi Məcəlləsinə  düzəlişlərin edilməsi haqda qanunun tətbiqi ilə bağlı fərmanında verilib. Vergilər Nazirliyi Hüquq Baş İdarəsinin rəisi Samir Musayevin dediyinə görə, qanun layihəsi daha uğurlu modellər, məhz ABŞ, Avropa ölkələri, Sinqapur, Yaponiyanın təcrübəsi öyrənildikdən sonra hazırlanıb. Qanun layihəsinin hazırlanması ilə əlaqədar olaraq 2014-cü ilin Vergilər Məcəlləsində vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulmur.  Nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi dərəcələrinin aşağı salınması (xüsusən ƏDV) və ya onların ödənişlərindən azad etmə qismində 3-5 il müddətinə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, ƏDV-dən azad olunan fəaliyyət sahələri konkretləşdiriləcək. "Bəzi hallarda ƏDV-dən azadetmə ümumi dövriyyədən olan verginin tətbiqi ilə müşayiət olunacaq", -  deyə nazirlikdən idarə rəhbəri qeyd edib. 

Onun sözlərinə görə, bu preferensiyalar gəlirə görə vergi ödəyicilərinin nağdsız dövriyyəsi, ƏDV, sadələşdirilmiş və digər vergi növlərinə tətbiq olunacaq, bununla belə fəaliyyət sahəsi, dövriyyə və s.-dan asılı olaraq fərqlənəcək. Lakin onları bir şey birləşdirir - güzəştlər pərakəndə satış və xidmət göstərilmənin bütün obyektləri üçün ancaq onların dövriyyələrinin nağdsız hissələrinin nisbətində təklif olunur.

Stimullaşdırıcı tədbirlər istehlakçılar üçün də nəzərdə tutulub, belə ki, xidmət və ya malın nağdsız ödənişi zamanı ödənilmiş məbləğin müəyyən hissəsi bonus şəklində kart sahibinin hesabına əlavə olunacaq.

S.  Musayevin qeyd etdiyi kimi, vergiödəyiciləri üçün, həmçinin dövriyyənin ümumi həcmində və ya bir sövdələşmə çərçivəsində nağd hesabların məbləğinə məhdudiyyət tətbiq oluna bilər. Məsələn, əgər bir sövdələşmənin məbləği 5 min manatı ötürsə, onda məbləğdən artıq olan vəsaitlər mütləq ancaq nağdsız formada ödənilməlidir. Əks halda, bu ödənişləri vergiödəyicisi öz xərclərinə daxil edə bilməz və barəsində maliyyə sanksiyaları tətbiq oluna bilməz.

Həmçinin qeyd etmək lazımdır ki, qanun layihəsində məhdudlaşdırıcı tədbirlər ərzaq məhsullarının pərakəndə satış obyektləri, eləcə də çörək-bulka məhsullarına şamil olunmur. Bununla birgə, bu obyektlər üçün nağdsız hesabların aparılmasını stimullaşdırmaq məqsədilə böyük həcmdə güzəştlərin tətbiq olunması nəzərdə tutulur.

Fiskal idarədə əmindirlər ki, bu qanun layihəsi ölkədə nağdsız hesabların inkişafında böyük sıçrayış olacaq. Axı bu tədbirlərin həyata keçməsində üç məqsəd güdülür: birincisi əhalinin nağdsız ödənişlər etməsini stimullaşdırmaqdır ki, bu da ona bonuslar qazanmağa imkan verəcək, ikincisi güzəştlərin tətbiq olunması ilə sahibkarların ödədikləri vergilərin effektliyini artırmaq, eləcə də dövlətin ölkədə vergi bazasını kölgə iqtisadiyyatının həddinə qədər azaldılması nəticəsində konkretləşdirə bilməsi.

 

Mərkəzi Bankın proqramı

Öz tərəfindən Mərkəzi  Bank 2013-cü ilin əvvəlində nağdsız ödənişlərin inkişafı və populyarlaşmasına dair kompleks tədbirləri nəzərdə tutan beşillik Dövlət Proqramını təklif edib. O da artıq ölkə hökumətinə təqdim olunub. AMB Ödəniş Sistemi və Hesablaşmalar Departamentinin direktoru Kəmalə Qurbanovanın qeyd etdiyi kimi, proqram bir neçə istiqamətdə tədbirləri nəzərdə tutur - elektron ödənişlər üçün infrastruktur imkanlarının genişləndirilməsi, elektron ödənişlər üçün normativ-hüquqi bazanın gücləndirilməsi, yaradılmış infrastrukturun inkişafına əhali və təsərrüfat subyektlərinin fəal şəkildə cəlb olunması, əhalinin maarifləndirilməsi. Bundan başqa, Mərkəzi Bank, həmçinin İnternet vasitəsilə həyata keçirilən və elektron şəkildə ödənilən bazarlığın bəzi növlərini gömrük rüsumlarından azad etməyi təklif  edir.

Bu artıq ikinci Dövlət Proqramıdır - 2005-ci ildə dövlət başçısının sərəncamı əsasında ödəniş sistemlərinin inkişafına dair Dövlət Proqramı qəbul olunub. Bu proqram çərçivəsində, əsasən 2015-ci ilə kimi ölkə ərazisinin bütün obyektlərində POS-terminalların quraşdırılmasını nəzərdə tutan kompleks tədbirlər keçirilmişdi. 

Vergilər Nazirliyinin monitorinqlərinə görə, əvvəlki illərlə müqayisədə bir çox obyektlərdə POS-terminallar yerləşdirilib və onlar ticari əməliyyatlarda tətbiq olunub. Keçən ildən, həmçinin London taksilərində, ictimai nəqliyyatda POS-terminallar qoyulmağa başlanılıb. Bundan başqa, nağdsız ödəmələrin inkişafı üçün beş işləmə mərkəzinin, yeni ödəniş sistemlərinin tətbiqinin olması böyük müsbət cəhət hesab olunur. Bundan  savayı, müxtəlif ödənişlərin həyata keçirilməsi üçün "Azərpoçt" milli poçt operatorunun 800-dən artıq filialında imkanlar yaradılıb. Mərkəzi Bank sentyabr ayından kütləvi ödənişlər (APUS-Automated Payment Utility Service) üzrə mərkəzləşdirilmiş informasiya sisteminin bazasında yaradılan dövlət ödənişləri portalını istismara buraxır. Əgər əvvəllər orada ancaq kommunal xidmətləri ödəmək mümkün idisə, indi hüquqi və fiziki şəxslər demək olar ki, bütün növ dövlət ödənişlərini edə bilərlər. Mərkəzi Bank, həmçinin elektron ödənişlər haqda qanun layihəsi də hazırlayıb.

Təəssüf ki, səylərə baxmayaraq, Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi hələlik elə də yüksək deyil və ödənişlərin ümumi sayının ancaq 6-7%-nı təşkil edir. Nağd dövriyyə hələ də üstünlük təşkil edir və buna çox sayda faktorlar təsir edir - sahibkarların vergilərdən yayınmaq istəyi, qeyri-qanuni iqtisadiyyatın mövcudluğu, əhalinin elektron ödənişlərin üstünlüyü haqda zəif məlumatlı olması. Ona görə də hazırlanan təkliflər və ikinci Dövlət Proqramı layihəsinin əsas məqsədi bu faktorların aradan qaldırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsidir ki, son nəticədə Azərbaycanda nağdsız ödənişlərin xüsusi həcminin beynəlxalq həddə kimi gəlib  çatmasına səbəb olacaq. 



MƏSLƏHƏT GÖR:

511