ONLAYN REJİMİNDƏ
Vüsal MƏSİYEV: Yeni ISB layihələri Azərbaycanın sığorta sektoru informasiya sisteminin təhlükəsizliyini və dayanıqlılığını artıracaq
Müəllif: Nurlanə QULİYEVA
Azərbaycanın sığorta sektorunda son illər dinamik inkişaf müşahidə edilir və bu sahədə mühüm islahatlar həyata keçirilir. Xüsusilə icbari sığorta sistemində texniki və institusional islahatlar aparılıb, kadrların peşəkarlıq səviyyəsinin və ictimaiyyətin sığorta savadlılığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Bu prosesdə bazarın sabitliyini təmin etmək, sığortaçılar və üçüncü tərəflərin maraqlarını qorumaq məqsədilə yaradılan İcbari Sığorta Bürosu (İSB) əsas rol oynamışdır.
İSB-nin əsas fəaliyyət sahələrindən biri sığorta sektorunda müştəri məmnuniyyətini artırmağa yönəlmiş innovativ həllərin, qabaqcıl metodların və yanaşmaların tətbiqidir.
İSB-nin icraçı direktoru Vüsal Məsiyev “Region plus”a verdiyi müsahibədə İSB-nin ölkəmizdə böyük potensiala malik icbari sığorta bazarını daha da inkişaf etdirmək üçün gördüyü tədbirlər və planlarından danışıb.
- 2025-ci ildə Büro bir sıra mühüm islahatlar və innovativ layihələr həyata keçirdi. Bu yeniliklərin əhəmiyyəti nədən ibarətdir?
- Əslində 2025-ci ili sığorta sektorunda “InsurTech” layihələrinin tətbiqi ili olaraq xarakterizə edərdim.
Bu ilin əvvəlində xaricdə rəsmiləşdirilən Yaşıl Kartların tam elektronlaşdırılması prosesi başa çatdırılıb. Bu yenilik sığorta müqavilələrinin elektron formata keçməsini və müqavilələrin QR kod vasitəsilə yoxlanmasını təmin edib. Elektronlaşdırma sənəd saxtakarlığının qarşısını almaqla yanaşı, əməliyyat sürətini də artırır.
Sığorta hadisəsi zamanı qiymətləndirmə prosesi ilə bağlı bir yenilik də tətbiq edilməkdədir. Sığorta hadisəsi baş verdikdə əmlaka dəymiş ziyanın qiymətləndirilməsi zamanı narazılıq yarandıqda və ya sığortaçı 7 iş günü ərzində əmlaka dəymiş zərərin qiymətləndirilməsini təmin etmədikdə Büronun sisteminə daxil olaraq elektron xidmət vasitəsilə ekspert seçimini edə biləcəklər.
"Insurebus Gateway" layihəmiz isə sığorta əməliyyatlarını API servisləri vasitəsilə sığorta şirkətlərinə ötürməyi hədəfləyir. Bu layihə sığorta şirkətlərinə məlumatların verifikasiyasını İSB-nin sistemində aparmaq imkanı verəcək, əməliyyatları daha sürətli və düzgün yerinə yetirməyə şərait yaradacaq.
Digər layihəmiz daşınmaz əmlakla bağlıdır. Azərbaycan seysmik zonada yerləşdiyi üçün daşınmaz əmlakın icbari sığortasında risklərin düzgün qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, təbii fəlakətlər üzrə risklərin qiymətləndirilməsi üçün də xüsusi bir model hazırlanır.
Türkiyənin “T RUPT” şirkəti ilə əməkdaşlıq çərçivəsində “CatMod Azərbaycan” hazırlanan model sayəsində sığorta şirkətləri zəlzələlərin potensial zərərlərini əvvəlcədən proqnozlaşdıracaq.
Ümumilikdə, 2025-ci ildə həyata keçiriləcək digər mühüm layihələr İSB-nin informasiya sisteminin təhlükəsizliyini və dayanıqlılığını artırmağa yönəlib. Bu layihələr sığorta sektorunun rəqəmsal transformasiyasını dərinləşdirəcək.
- Bir müddət əvvəl “Yaşıl Kart sistemi artıq doğma Qarabağımızda” başlıqlı xəbər yayıldı. Bu yenilik barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik.
- Bəli, işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq “Yaşıl Kart” sığorta xidmətindən istifadə artıq mümkündür. Məlumat üçün bildirim ki, “Yaşıl Kart” sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində yaradılmışdır. Sistemə üzv olan ölkələrdə qeydiyyata alınmış avtomobil sahibləri “Yaşıl Kart” sığortasına sahib olduğu halda sistemin digər üzv ölkələrinə səfər edərkən sığorta təminatı almış olurlar.
2016-cı ildən etibarən Büro “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Beynəlxalq Bürolar Şurasına üzv olmuş və Azərbaycanda “Yaşıl Kart” sığortası tətbiq edilməyə başlamışdır. Üzvlüyün ilk illərində Azərbaycanın işğal edilmiş ərazilərində “Yaşıl Kart” sisteminin tətbiqi mümkün olmadığı üçün “Yaşıl Kart” sığorta təminatı Azərbaycanın digər coğrafi əraziləri ilə məhdudlaşdırılmışdı.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Büro tərəfindən “Yaşıl Kart” təminatı üzrə Azərbaycana münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlanmışdır.
Qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunmuşdur.
Belə ki, Azərbaycanla əlaqəli coğrafi ərazi məhdudiyyəti aradan qaldırılmış və İcbari Sığorta Bürosunun coğrafi səlahiyyəti ölkənin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində yenidən müəyyən olunmuşdur.
2025-cü ildə “Yaşıl Kart” Sistemi çərçivəsində Azərbaycanda və xaricdə bir sıra mühüm işlər həyata keçirilib.
- İcbari Sığorta Bürosu sərhəd sığorta müqavilələrinin onlayn və sadələşdirilmiş rəsmiləşdirilməsi üçün yeni “www.tpl.az” platformasını istifadəyə verdi. Bu platformanın hansı üstünlükləri var?
- Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədilə Büro tərəfindən yeni www.tpl.az onlayn platforması istifadəyə verilib.
Yeni sistemin yaradılmasında məqsəd sərhəd-keçid məntəqələrində yerində sığortalama ilə bağlı yaranan gecikmələrin və sıxlığın qarşısını almaq, eləcə də xidməti daha əlçatan və operativ şəkildə təqdim etməkdir.
Yeni sistem istifadəçilərə sərhəd sığorta müqaviləsini Azərbaycan Respublikasına daxil olmazdan əvvəl onlayn şəkildə əldə etməyə imkan yaradır. Bunun üçün istifadəçi platforma üzərindən zəruri məlumatları daxil edir, sığorta şirkətləri arasından seçim edir və elektron qaydada ödənişi həyata keçirir. Platformanın əsas üstünlükləri sürətli və rahat onlayn rəsmiləşdirmə imkanı, istifadəçi rahatlığına uyğunlaşdırılmış funksionallıq, sığorta şirkətləri arasında seçim imkanı və müqavilənin real vaxt rejimində yoxlanılmasıdır.
Platforma Azərbaycan qanunvericiliyinə uyğun hazırlanıb və ölkənin rəqəmsal transformasiya siyasətinə töhfə verməklə xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib.
- Bu günlərdə Büro həm sığorta şirkətlərinin, həm də vətəndaşların işini asanlaşdırmaq üçün “Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması" xidmətini istifadəyə verib. Bu xidmətin üstünlükləri nədən ibarətdir?
- İstifadəyə verdiyimiz yeni xidmət həm sığorta şirkətləri, həm də vətəndaşlar üçün çox faydalıdır. Vətəndaşlar öz yazılı razılıqları əsasında sığorta hadisələri ilə bağlı məlumatları elektron şəkildə asanlıqla paylaşa bilirlər. Bu, məlumatların təhlükəsiz və operativ ötürülməsini təmin edir.
İlk olaraq vətəndaşlar bu razılığı vermək üçün Büronun informasiya sistemindəki şəxsi kabinetə daxil olmalıdırlar. Bunun üçün gücləndirilmiş elektron imza vasitələrindən (myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza) istifadə olunmalıdır.
Şəxsi kabinetdə “Hadisə tarixçəsi ilə bağlı razılıq ərizəsi” bölməsindən yeni ərizə yaradıla, “bütün müraciətlərim” bölməsindən mövcud ərizələr izlənilə və istənilən vaxt xitam edilə bilər. Razılıq yalnız vətəndaşın göstərdiyi tarix aralığında qüvvədə olur və bu müddət 6 aydan artıq ola bilməz. Ərizəçi sığortaçıya bu səlahiyyəti iki formada – birdəfəlik və limitsiz təqdim edə bilər. Birdəfəlik olduqda seçilən tarix aralığında yalnız bir dəfə sorğu verilə bilər, limitsiz olduqda isə göstərilən tarix aralığında istənilən sayda sorğu vermək mümkündür.
Sığorta şirkətləri isə bu razılığa əsasən İSB-nin sistemindən vətəndaşın səbəb olduğu və ya iştirak etdiyi sığorta hadisələrinin sayını, zərərvuran nəqliyyat vasitəsinin növünü, hadisənin baş vermə və sistemə daxil edilmə tarixlərini, həmçinin hadisənin növünü öyrənə bilirlər.
Ümumiyyətlə, bu yeni xidmət vətəndaşlara sığorta hadisələri ilə bağlı məlumatların paylaşılmasına dair razılıqlarını elektron, təhlükəsiz və operativ şəkildə vermək imkanı yaradır. Sığortaçılar üçün isə məlumatların əldə olunması daha şəffaf, avtomatlaşdırılmış və vaxt itkisi olmadan həyata keçirilir.
- 2025-ci ildə sığorta bazarının inkişafına və şəffaflığın artırılmasına xidmət edən daha bir mühüm layihə həyata keçirilir. Bu, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan arayışın (“Forma 4”) artıq könüllü sığorta müqavilələri üzrə də İSB-nin informasiya sistemi vasitəsilə elektron qaydada sorğulanması imkanının yaradılmasıdır. Layihənin əhəmiyyəti nədən ibarətdir?
- Bu layihə sığorta sektorunda məlumat mübadiləsinin vahidləşdirilməsi və proseslərin rəqəmsallaşdırılması baxımından mühüm addımdır.
Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan arayış (“Forma 4”) sığorta hadisəsi hesab edilə bilən halın əsas təfərrüatlarını – hadisənin vaxtı, yeri, təqsirli və ya zərərçəkən şəxsləri, zərər dəymiş əmlakı və zərərin xüsusiyyətlərini – özündə əks etdirir və sığorta ödənişlərinin müəyyən edilməsində əsas sənəd hesab olunur.
Əvvəllər bu məlumatlara çıxış imkanı yalnız Büronun üzvü olan sığortaçılara təqdim edilir və bu, icbari sığorta müqavilələri ilə məhdudlaşırdı.
Yeni sistemlə bu imkan genişləndirilib – artıq Büronun üzvü olan sığortaçılar arayış məlumatlarını həm icbari, həm də könüllü sığorta müqavilələri, üzv olmayan sığortaçılar isə yalnız könüllü sığorta müqavilələri üzrə İSB-nin informasiya sistemi vasitəsilə elektron qaydada əldə edə biləcəklər.
Bu yenilik sığorta şirkətləri arasında etibarlı və operativ məlumat axınını təmin edir, araşdırma proseslərini sürətləndirir və insan amilini minimuma endirir.
Nəticə etibarilə, sektorun məlumat infrastrukturu güclənir, qərarların qəbulu daha obyektiv olur və bazarda şəffaf, dayanıqlı və rəqəmsal idarəetmə mühiti formalaşır.
- Büronun İT həlləri beynəlxalq müsabiqələrdə mükafatlar qazanıb. Bu uğurlar hansı fəaliyyətin bəhrəsidir?
- Büromuz 2024 və 2025-ci illərdə beynəlxalq proqramlardan qazandığı mükafatların sayını 5-ə çatdırıb. 2024-cü ildə Büro Böyük Britaniyada keçirilmiş “Global Insurtech Awards” proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb.
İSB “Best Customer Engagement Software” nominasiyası üzrə I yeri müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında qazanıb. Eyni zamanda Büro inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək effektivlik nəzərə alınaraq “Best Embedded Insurance Provider” nominasiyası üzrə II yerə layiq görülüb. Həmçinin Yeni texnologiya və proseslərin inkişafına verdiyi töhfələrə görə “Insurtech of the Year” mükafatı üzrə nominasiyasında da II yeri qazandıq.
Büromuzun ən böyük nailiyyətlərindən biri “The BOLD Awards” mükafatını qazanması olub. Portuqaliyanın Lissabon şəhərində keçirilən tədbirdə münsiflərin qərarı və ictimai səsvermə əsasında Büronun İT layihələri - “Boldest InsurTech” və “Boldest SaaS” nominasiyaları üzrə birincilik qazanıb.
Qeyd edim ki, hər il keçirilən “The BOLD Awards” proqramında rəqəmsal sənayeyə əsaslanan 33 kateqoriya üzrə fərdi şəxslər, startaplar və şirkətlər iştirak edir.
Kateqoriyalar süni intellekt, blokçeyn, robototexnika, səhiyyə texnologiyaları, sığorta texnologiyaları, metakainat, proqram təminatı xidməti (SaaS), kosmik texnologiyalar, təhsil texnologiyaları və digər sahələri əhatə edib.
2024-cü ilin oktyabrında 3 kateqoriya üzrə müsabiqədə iştirak üçün təşkilatçılara müraciət ünvanladıq. 4 meyar (şəffaflıq, təsir dərəcəsi, əhatə dairəsi və insan faktoru) üzrə aparılmış qiymətləndirmə nəticəsində İSB-nin təqdim etdiyi layihələr hər 3 nominasiya üzrə finalçılar sırasına daxil edilib.
MƏSLƏHƏT GÖR:



31

