KOD İMPERİYASI
Çin Vaşinqtonun iradəsinə baxmayaraq, «rəqəmsal gələcək» qurur
Müəllif: İrina XALTURİNA
ABŞ ilə sərt ticarət müharibəsi və beynəlxalq geosiyasi qeyri-müəyyənlik şəraitində Çin Kommunist Partiyası iyirminci çağırış Mərkəzi Komitəsinin dördüncü plenumunun keçirilməsi bütün dünyanın – jurnalistlərin, politoloqların, dövlət xadimlərinin, investorların və elm ictimaiyyətinin – diqqətini çəkib. Plenumun nəticəsi 2026-2030-cu illəri əhatə edəcək yeni, artıq 15-ci beşillik plan üzrə təkliflərin hazırlanması olub. Bu strateji sənəd Çinin inkişaf istiqamətlərini müəyyənləşdirəcək. Orada əsas diqqət elmi-texnoloji müstəqilliyin möhkəmləndirilməsinə, «yaşıl keçid»in sürətləndirilməsinə, müdafiənin müasirləşdirilməsinə və daxili tələbatın stimullaşdırılmasına yönəlib. Bütün bunlar ölkəni daxili və xarici çağırışlara daha yaxşı hazırlamalıdır.
«Rəqəmsal Çin»ə doğru
Planın yekun variantı gələn ilin yazında Ümumçin Xalq Nümayəndələri Yığıncağı tərəfindən müzakirə edilərək təsdiqləndikdən sonra təqdim olunacaq. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin bildirib ki, Pekin mövcud 14-cü beşillik planın hədəflərinə demək olar ki, çatıb və bu dövrü «çox mühüm və diqqətəlayiq» mərhələ kimi qiymətləndirmək mümkündür. 2021-2025-ci illər pandemiyasının nəticələrindən tutmuş, qlobaq iqtisadi böhranadək mürəkkəb dövrlərdən keçilsə də, Çin bu sınaqlardan ləyaqətlə çıxmağı bacarıb. Bununla yanaşı, ölkə iqtisadiyyatında bir sıra daxili problemlər var – daşınmaz əmlak sektoru kiçilməyə davam edir, deflyasiya təzyiqi qalmaqdadır, gənclər arasında işsizlik narahatedici səviyyədədir, əhali isə sürətlə qocalır. Odur ki, plenumda iqtisadiyyatın real sektorunun möhkəmləndirilməsinin və inkişafının vacibliyi vurğulanıb, güclü daxili bazarın yaradılmasının, kənd təsərrüfatının müasirləşdirilməsinin, regionların əlaqəli inkişafının, yeni tip urbanizasiyanın inkişafının və s. çox önəmli olduğu qeyd edilib. Rəsmi kommünikedə bildirilir ki, qarşıdakı beş il uzunmüddətli milli hədəflərə çatılması üçün həlledici dövr olacaq. O, Çinin 2035-ci ilə qədər sosialist modernləşməsinin praktik olaraq başa çatdırılması üçün möhkəm təməli yaradan keçid mərhələsi kimi nəzərdə tutulur.
Yeni beşillik planın əsas xəttini Çini təhsil, texnologiya və insan kapitalı sahəsində fövqəlgücə çevirmək vəzifəsi təşkil edir. Yüksək texnologiyalar sahəsində liderlik xüsusilə vacib hədəfdir. Söhbət kvant hesablamaları, yeni enerji və biotexnologiyalar (yeni enerji mənbələri, hidrogen enerjisi, yeni materiallar və s.), süni intellekt, o cümlədən «beyin-kompüter» interfeysləri kimi istiqamətlərdən gedir. Bu isə bütünlükdə «rəqəmsal Çin»in qurulmasını nəzərdə tutur.
Planın digər mühüm istiqaməti milli təhlükəsizlikdir ki, o da birbaşa yeni texnologiyaların inkişafı ilə bağlıdır. Yüksək texnoloji sahələr sadəcə ölkənin bu sahədəki üstünlüyünü göstərmir, həm də istehsalın səmərəliliyini artırır, yəni ümumilikdə iqtisadi artımı stimullaşdırır, iqtisadi və texnoloji muxtariyyətin möhkəmləndirilməsinə şərait yaradır, bu isə öz növbəsində, qlobal təsir imkanlarının mühüm komponentidir.
Bu dəfə partiya rəhbərliyinin toplantısı Çinlə ABŞ arasında ticarət və texnologiyalar sahəsində gərginliyin artdığı şəraitdə keçirilib. Vaşinqton bu yandan anlayır ki, o, Çinlə qarşılıqlı asılılıq vəziyyətindədir və buna görə də Pekinlə razılığa gəlmək istəyir, digər tərəfdən isə ÇXR-in inkişafına istənilən yolla əngəl yaratmaq Birləşmiş Ştatların əsas niyyətlərindəndir. Çünki əks halda tərəflər arasındakı danışıqlar getdikcə Pekinin şərtlərinə uyğun və ya ən azı bərabərhüquqlu şəkildə aparılmalı olacaq. Bu, əlbəttə ki, amerikalıların öyrəşmədikləri vəziyyətdir. Məlum olduğu kimi, Çinin bir sıra cavab tədbirləri nəticəsində ABŞ-nin bəzi sənaye sahələri artıq təhdid altındadır. Ümumilikdə vəziyyəti belə xarakterizə etmək olar: Vaşinqton Pekinə təzyiq göstərərək kompüter çiplərinə və qabaqcıl proqram təminatına çıxışını məhdudlaşdırır, Çin isə buna cavab olaraq, nadir torpaq metalları hasilatı və emalı sahəsindəki inhisarından istifadə edir. Odur ki, «yüksək texnoloji sənaye sahələri təkcə iqtisadi artımın mühərriki yox, həm də xarici təzyiqlərdən müdafiə qalxanıdır» fikri ilə razılaşmamaq olmur. Üstəlik, bu, bəzən sözün əsl mənasında belədir, çünki nadir torpaq metalları təkcə smartfonların və elektromobillərin yox, həm də qırıcı təyyarələrin, radarların, raket və pilotsuz uçuş aparatları kimi bir sıra müdafiə texnologiyalarının istehsalı üçün də zəruridir.
«Yaşıl» gündəlik
Çin hazırkı 14-cü beşillik plan çərçivəsində «yaşıl» texnologiyaları da güclü şəkildə inkişaf etdirərək, enerji sahəsində dünya liderinə çevirib. Hazırda Pekin günəş panellərinin, akkumlyator batareyalarının və elektromobillərin əsas ixracatçısıdır. Bununla yanaşı, dünyada «təmiz» texnologiyalara yönəldilmiş qlobal investisiyaların üçdə biri ona məxsusdur. Məsələn, Çinin «BYD» şirkəti ABŞ-nin «Tesla» şirkətini geridə qoyaraq, dünyanın ən iri elektromobil satıcısına çevrilib. Maraqlıdır ki, Pekin yaxın illərdə istixana qazı emissiyasını azaltmağa başlayacağını da bəyan edib. Habuki əvvəllər o, israrla bu «limit»in artırılmalı olduğunu bildirirdi. Yəni Donald Trampın rəhbərliyi artında ABŞ «yaşıl» gündəliyi rədd edir, iqlim dəyişikliyini «yalan, uydurma» adlandırırsa, Çin bu mövzunu yumşaq güc, uzunmüddətli iqtisadi mövcudluq alətinə çevirir. Çünki Çin Xalq Respublikası kritik materiallara çıxış imkanını əvvəldən təmin edib və bu sahədə yerli istehsalçılar arasında rəqabət üçün lazımi şərait yaradılıb. Nəticədə, ölkə nadir torpaq materiallarının hasilatının, onların emalının böyük hissəsinə nəzarəti ələ keçirib.
Elektrik enerjisi sektoruna gəlincə, bu dövrün əsas elementlərindən biri də odur. Lakin Çinin sürətli elektrikləşmə modeli dövlətin müdaxiləsini rədd edən, bazar prinsiplərinə əsaslanan Qərb iqtisadiyyatı üçün demək olar ki, əlçatmazdır. Nəticədə, inkişaf etməkdə olan ölkələrdə Çin texnologiyaları sürətlə yayılır və bununla da Pekinin siyasi nüfuzu da artır. Belə bir vəziyyətdə Vaşinqton Çinin nadir torpaq metalları bazarındakı hökmranlığından doğan milli təhlükəsizlik risklərini azaltmaq üçün addımlar atmaq məcburiyyətindədir. Amma bu, hələ ki, Pekinin əlində ciddi “kozır” olaraq qalır. O, bu strateji məhsulun ixracına nəzarəti bir müddət əvvəl daha da sərtləşdirib.
Maraqlıdır ki, bu şəraitdə Pekin «xarici dünyaya açıqlıq», çoxtərəfli ticarət, «Bir kəmər, bir yol» təşəbbüslərinin irəliləməsilə bağlı çağırışlar edir. Yəni o, Birləşmiş Ştatlarla dialoqa hazır olduğunu, lakin bu dialoqun bərabərhüquqlu əsaslarla aparılmalı olduğunu göstərir.
Orduda «təmizləmə»
Milli müdafiə sahəsinin və silahlı qüvvələrin müasirləşdirilməsinə də xüsusi diqqət ayrılıb. Ölkə yalnız korrupsiyada ittiham olunan partiya məmurları arasında deyil, ordu rəhbərliyində də miqyaslı «təmizləmə» aparır. Plenumdan əvvəl Xalq Azadlıq Ordusunun bir sıra generalları ilə bağlı korrupsiya və partiya etikasını pozmaq ittihamı ilə araşdırmaların başladıldığı rəsmən elan olunub. Partiyadan xaric edilən generallar arasında korrupsiya və səlahiyyətlərindən sui-istifadə ittihamı ilə üzləşmiş He Veydun da var. O, Mərkəzi Hərbi Şura sədrinin birinci müavini, yəni, orduda Si Cinpindən sonra ikinci şəxs idi. Veidun, eyni zamanda Kommunist Partiyasının ən yüksək qərarverici orqanı olan Siyasi Büroda da yer alırdı.
Bundan başqa, ötən il Çin Silahlı Qüvvələrinin Siyasi idarəsinin rəhbəri admiral Myao Hua, Mərkəzi Hərbi Şuranın Birləşmiş Komandanlıq Mərkəzi rəisinin birinci müavini Van Syubin, Raket Qoşunlarının komandanı Van Houbin və digərləri də partiyadan xaric olunublar.
Si Cinpin korrupsiya ilə mübarizə kampaniyasını hələ 2012-ci ildə başladıb və indi proses orduya çatıb. Aydındır ki, xarici çağırışların olduğu şəraitdə ordunun mümkün qədər sürətlə müasirləşdirilməsi vacibdir. Bu, təkcə silahlı qüvvələrin mexanikləşdirilməsi, informasiyalaşdırılması və intellektuallaşdırılması ilə deyil, həm də mənəvi ruhun, birliyin, psixoloji hazırlığın və motivasiyanın artırılması ilə həyata keçirilməlidir. Potensial münaqişələr, xüsusilə Tayvan boğazı və Cənubi Çin dənizindəki gərginliklər bütün zəif bəndlərin aradan qaldırılmasını zəruri edir.
Plenumun kommünikesində bildirilir ki, Çin hələ də inkişafın mürəkkəb mərhələsindədir. Bu mərhələdə böyük imkanlar ciddi risklərlə yanaşı, gəlir və xarici qeyri-müəyyənlik getdikcə dərinləşir. Çin iqtisadiyyatı möhkəm təməllərə, geniş üfüqlərə, yüksək dözümə və böyük potensiala malik olsa da, onun da qarşısında bir çox risklər, qeyri-müəyyənliklər var. Belə bir vəziyyətdə Pekin açıq şəkildə göstərir ki, istər artan qlobal təzyiqlər, istər daxili problemlər, istərsə də ABŞ ilə sürətlə artan texnoloji yarış qarşısında o, bütün imkanları ilə «silahlanmaq» niyyətindədir.
MƏSLƏHƏT GÖR:




28

