DİALOQ SEÇİMİ
Şimali Kiprdə mötədil namizədin qələbəsi yunanlarla danışıqların bərpası üçün yeni imkanlar açır
Müəllif: Namiq H. ƏLİYEV
Oktyabrın 19-da Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkisində müxalifətin namizədi Tufan Erhürman ciddi fərqlə qalib gəlib. O, seçicilərin təxminən 62,8, rəqibi, mövcud prezident Ersin Tatar isə cəmi 35,8%-ni toplayıb. Bu nəticə Kipr məsələsində ciddi dönüş anı kimi qiymətləndirilir. Birincisi, nəticə Kipr türklərinin mövqeyindəki, əhvalındakı dəyişiklikləri əks etdirir. Onların sərt, Ankaraya yönəlmiş siyasətdən adanın birləşdirilməsi üzrə danışıqlar prosesinə qayıtmaq cəhdlərinə doğru meyilləndikləri müşahidə olunur. İkincisi isə bu nəticə Kiprin yunan və türk icmaları ilə yanaşı, Türkiyə, Yunanıstan, Avropa İttifaqı və BMT daxil olmaqla, bütün tərəflər üçün yeni reallıq yaradır.
Tufan Erhürman kimdir?
Kipr türkü olan Tufan Erhürman siyasətçi, hüquqşünas və akademikdir. O, 1970-ci il sentyabrın 11-də Nikosiyada doğulub. 2016-cı ilin noyabrından müxalif Respublikaçı Türk Partiyasına rəhbərlik edən Erhürman ötən illər ərzində (2008-2010) Kipr problemi üzrə işçi qruplarda fəaliyyət göstərib, dəfələrlə federasiya formatında danışıqların bərpasının vacibliyini bildirib. Onun siyasi mövqeyinin əsas xüsusiyyətlərini səciyyələndirərkən qeyd olunmalıdır ki, Erhürman Kipr probleminin BMT qətnamələri əsasında həllini dəstəkləyir. Söhbət «iki zonalı, iki icmalı federasiya» modelindən gedir. Erhürman sələfi Ersin Tatarın «suveren bərabərlik» və «iki dövlət» prinsipləri üzərində qurulmuş xəttini daim tənqid edib. Onun fikrincə, bu yanaşma Kipr türklərinin beynəlxalq mövqeyini zəiflədir.
Bununla yanaşı, Erhürman hesab edir ki, ŞKTC-nin siyasəti və Kipr məsələsi ilə bağlı mövqeyi Türkiyə ilə məsləhətləşmələrsiz həyata keçirilə bilməz. «Ankara ilə münasibətlər həyati əhəmiyyət daşıyır və bu əlaqələr daha da möhkəmləndiriləcək», - deyə o, vurğulayıb.
Tufan Erhürman adanın şimal hissəsinin iqtisadiyyatına, Avropa ilə əməkdaşlığa və siyasi təcridin aradan qaldırılmasına xüsusi diqqət ayırır. İndi onun prezident seçilməsi kursun dəyişəcəyi anlamına gəlir: təcrid və iki dövlət konsepsiyasından imtina, federativ həll yoluna dönüş, Avropa ilə yaxınlaşma və danışıqlarda fəallığın artırılması.
Əsas oyunçunun reaksiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun hökuməti seçkinin nəticələrinə rəsmi olaraq kifayət qədər yumşaq reaksiya göstərib. Erhürman qələbə münasibətilə təbrik edilib, adanın şimal hissəsinə dəstəyin dəyişməz olduğu vurğulanıb. Ərdoğan seçkini ŞKTC-də «demokratik yetkinliyin təzahürü» adlandırıb, Ankaranın onun «suveren hüquqlarını, maraqlarını Kipr türklərilə birlikdə qorumağa davam edəcəyini» söyləyib.
Bununla yanaşı, Türkiyə daxilində bölgəyə daha sərt nəzarət tərəfdarlarının olduğu da özünü göstərməkdədir. Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı hətta ŞKTC parlamentini «seçkinin nəticələrini rədd etməyə, Türkiyəyə birləşmək haqda qərar çıxarmağa» çağırıb. Bu, onu göstərir ki, Ankara Şimali Kipr seçicisinin iradəsini rəsmən tanısa da, strateji maraqlarını – adadakı hərbi-siyasi mövcudluğunu, şərqi Aralıq dənizinin karbohidrogen ehtiyatlarını və türk icmasına təsirini itirməyi düşünmür.
Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının lideri Əkrəm İmamoğlu isə bildirib ki, Kipr türklərinin seçimi onların Ankaradan «daha çox müstəqillik istədiklərinin» göstəricisidir.
İndi Türkiyədə bu məsələ ilə bağlı iki əsas istiqamət özünü göstərir. Bir tərəfdən, Ankara seçkinin legitimliyini tanıyır və yeni prezidentlə əməkdaşlığa hazır olduğunu deyir, digər yandan isə xarici siyasət və Kipr məsələsinin onun razılığı, iştirakı olmadan çözülə bilməyəcəyini açıq şəkildə ifadə edir. Bunu Erhürmanın özü də dilə gətirir.
Cənubi kiprlilər üçün dialoqun yenidən başladılması şansı
Yunan kiprlilərin baş verənlərə reaksiyası əsasən nikbin əhvali-ruhiyyədədir. Kipr Respublikasının rəhbəri Nikos Xristodulidis Erhürmanı təbrik edərək bildirib ki, onun prezident seçkisinin qalibi olması «Kipr problemi ilə bağlı razılaşdırılmış prinsiplər çərçivəsində əhəmiyyətli danışıqlara yol açır».
Cənubun siyasi partiya nümayəndələri də nəticəni adanın türk icmasının federasiya lehinə mesajı kimi qiymətləndirir. Kiprin Əməkçi Xalqın Tərəqqipərvər Partiyasının lideri Stefanos Stefanou hesab edir ki, «türk kiprlilər bu seçkidə federasiya üçün səs veriblər».
İndi yunan tərəfi üçün əsas gözləntiləri belə ifadə etmək olar: 1) ŞKTC-nin yeni rəhbərliyi 2017-ci ilin Krans-Montana forumundan sonra «dalana dirənmiş» danışıqları yenidən canlandıra bilər; 2) Etimad, iqtisadiyyat, ticarət və sərhədlərin açılması ilə bağlı məsələlərdə real irəliləyişlər mümkündür.
Bununla yanaşı, ehtiyatlılıq davam edir: yunan tərəfi israr edir ki, danışıqlar BMT qətnamələri əsasında aparılmalı, «iki dövlət» modelini əhatə etməməlidir. Prezident Xristodulidis də bir müddət əvvəl bildirmişdi ki, istənilən danışıqlar məhz BMT qətnamələrində yer alan prinsiplər əsasında aparılmalıdır.
Beləliklə, Kipr yunanları üçün Erhürmanın qələbəsi problemin həlli təşəbbüsünün geri qayıda biləcəyinə ümid yaratsa da, problemin birdəfəlik həllinə zəmanət vermir.
Yunanıstan: ehtiyatlı nikbinlik və prinsiplərin sərtliyi
Tufan Erhürmanın qələbəsinə Afinanın reaksiyası ümumilikdə təmkinli, lakin müsbət olub. Burada da diqqət əsasən Kipr münaqişəsinin həllilə bağlı danışıqların bərpası imkanına yönəlib. Yunanıstan Xarici İşlər Nazirliyi adanın şimal hissəsində keçirilən demokratik prosesi alqışlayan bəyanat yayıb. Sənəddə Kipr probleminin BMT qətnamələrinə uyğun, yəni iki zonalı və iki icmalı federasiya formasında həllinə dəstək bir daha ifadə olunub, həmçinin Erhürmanın qələbəsinin «BMT-nin danışıqları bərpa etmək səylərinə yeni təkan olacağına» ümid vurğulanıb.
Yunanıstan xüsusilə Şimali Kiprin əvvəlki prezidenti Tatarın «iki bərabər suveren dövlət» konsepsiyasına (yəni adanın faktiki olaraq iki hissəyə bölünməsinə) əsaslanan sərt siyasəti fonunda bu nəticədə diplomatik irəliləyiş üçün şans görür. Bununla yanaşı, Afina rəsmiləri açıq şəkildə bildirirlər ki, Yunanıstan Kipr probleminin beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində həllindən kənar hər hansı çözüm variantını qəbul etmir, danışıqlar yalnız artıq razılaşdırılmış parametrlər üzrə aparıla bilər. Yəni dialoqa «sıfırdan» başlanılması, ŞKTC-nin müstəqilliyinin tanınması istiqamətində müzakirələrin aparılması mümkün deyil. «Danışıqların bərpasına yönələn istənilən təşəbbüs artıq qəbul edilmiş əsaslara söykənməli, «iki dövlətli həll» modelinə meyillənmə olmamalıdır», - deyə Yunanıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Afina bu istiqamətdə öz fəaliyyətini Kipr Respublikası hökuməti ilə koordinasiya edir. O, artıq bəyan edib ki, prezident Xristodulidisin danışıqların yeni raunduna başlanılması səyləri Afina tərəfindən dəstəklənəcək, Aİ və BMT çərçivəsində Türkiyə və ŞKTC-yə beynəlxalq hüquqa uyğun həllə nail olunması üçün təzyiqlərin göstərilməsi təşəbbüsləri davam etdiriləcək.
Beləliklə, Yunanıstan Tufan Erhürmanın qələbəsini müsbət, lakin kövrək siqnal kimi qəbul edir. Onun BMT-nin forumuna əsaslanan danışıqlara qayıtmaq istəyi həm Yunanıstanın, həm də beynəlxalq birliyin mövqeyinə uyğundur. Bununla belə, Afinada anlayırlar ki, bu məsələdə Türkiyənin konstruktiv iştirakı olmadan irəliləmək mümkünsüzdür. Real danışıqlar yalnız ritorikadan deyil, həm də zəmanətlərdən, qoşunların statusundan, mülkiyyət və idarəetmə kimi həssas məsələlər üzrə kompromislərdən asılıdır. Yunanıstan yeni diplomatik mərhələyə hazırdır, lakin xüyalara da qapılmır. Afinada əmindirlər ki, irəliləyiş yalnız bir halda mümkündür ki, Ankara və ŞKTC-nin yeni rəhbərliyi əvvəlki sərt xətti real olaraq yenidən nəzərdən keçirməyə razılaşsın.
Baş verənləri Aİ və Böyük Britaniya da diqqətlə izləyir. Erhürmanın qələbəsi ŞKTC-nin Avropa ilə əməkdaşlıq trayektoriyasına qayıtması, adanın şimal hissəsinin təcridinin qismən aradan qaldırılması imkanı kimi qiymətləndirilir. Beynəlxalq təşkilatlar da bu nəticəni danışıqlar prosesini dirçəltmək imkanı kimi görürlər. Bildirilir ki, mülayim mövqeli siyasətçinin prezident seçilməsi problemi həlli ilə bağlı ciddi danışıqların bərpası üçün şansdır.
Erhürmanın qələbəsinin Kipr danışıqları üçün əhəmiyyəti
Erhürmanın uğuru bir neçə əsas aspekt və nəticə ilə xarakterizə olunur. Birincisi, kurs dəyişikliyi. Tatarın siyasəti iki dövlətli həll modelinə və Türkiyə ilə sıx inteqrasiyaya yönəlmişdisə, təzə prezident əksinə, federasiya formatında danışıqların bərpasını, avropapərəst siyasi kursu dəstəkləyir, ŞKTC-nin təcridinin azaldılmasının vacibliyini bildirir.
İkincisi, danışıqlar prosesinin taleyi. Erhürman seçkidən sonra verdiyi bəyanatda Kipr probleminin həlli üzrə danışıqları bərpa etmək niyyətini təsdiqləyib. O, bu prosesin «effektiv», yəni sadəcə imitasiya xətrinə deyil, real dialoq olmasının vacibliyini vurğulayıb. Artıq yunan tərəfi də danışıqlara hazır olduğunu bildirib. Bununla yanaşı, ümumi işə ciddi maneələr hələ də qalmaqdadır. Məsələn, Türkiyə və Kiprin bir qrup türk əhalisi hələ də iki dövlət modelinə üstünlük verir. Bundan başqa, təhlükəsizlik, Türkiyənin zəmanətləri və hərbi mövcudluğu məsələsi də hələ açıq qalır. Üstəlik, danışıqların illərdir «dalana dirənmiş» vəziyyətdə qalması tərəflər arasında qarşılıqlı etimadı xeyli azaldıb. Odur ki, yaşananlar heç kimə avtomatik nəticə vəd etmir, sadəcə, hərəkətlilik üçün müəyyən imkanlar açır.
Üçüncüsü, proseslərin Türkiyəyə və regiona təsiri. Bir yandan Ankara ŞKTC üzərində təsirini, hərbi mövqelərini qoruyub saxlamaq istəyir, digər tərəfdən Kipr türklərinin seçimi onların daha çox müstəqillik, Ankaradan asılılığın azaldılması arzusunda olduqlarını göstərir. Əgər yeni lider daha müstəqil siyasət yürüdəcəksə, bu, Ankara üçün strategiyanı yeniləmək zərurəti yarada bilər. «Türkiyə yanaşmasını dəyişə bilərmi? Məncə, bilər. Hər şey Ankaranın bu həll prosesindən nə əldə edəcəyindən asılıdır», - deyə Şimali Kiprin artıq keçmiş prezidenti Ersin Tatar bu haqda danışarkən bildirib. Qeyd edək ki, baş verən dəyişikliklər Şərqi Aralıq dənizindəki qaz ehtiyatları və geosiyasi maraqlar kontekstində mühüm əhəmiyyət daşıyır.
Dördüncüsü, ŞKTC-nin daxili siyasi dinamikası. Sekinin nəticəsi həm də daxili siqnaldır. Kipr türkləri Türkiyədən artan asılılıq, iqtisadi durğunluq və təcrid kursundan narazıdırlar. Bu, Erhürmana siyasətin istiqamətini dəyişmək üçün mandat verir. Amma onun məhdud muxtariyyət və Türkiyənin ciddi təsiri ilə üz-üzə qalacağı reallıqdır.
Nəhayət, beşincisi, risklər və tələlər. Yeni prezident kursu zəiflik, güzəşt kimi qəbul edilərsə, o, həm ŞKTC daxilində, həm də Türkiyədə müqavimətlə üzləşə bilər. Danışıqlar bərpa olunsa belə, onun uğurlu alınacağına zəmanət yoxdur. Dialoqun əvvəlki mərhələsi də uğurlu alınmadığı üçün yarımçıq dayandırılıb. Mümkün razılaşmanın həyata keçirilməsi üçün isə güzəştlər tələb olunacaq: təhlükəsizlik, ordu, müxtəlif zəmanətlər. Bunlar hər zaman ağrılı mövzulardır.
Bir sözlə, ŞKTC-də keçirilmiş seçki sadəcə, bir liderin digərini əvəzləməsi deyil. O, Kipr türklərinin əhvali-ruhiyyəsini əks etdirir: təcriddən yorulma, daha geniş muxtariyyət istəyi, Avropanın bir parçası olmaq, danışıqlarda iştirak arzusu.
Tufan Erhürmanın qələbəsi istənilən halda, yeni imkan pəncərəsi açır. Feredartiv həll yenidən diqqət mərkəzinə qayıdır, yunan tərəfi danışıqlara hazır olduğunu bildirir, beynəlxalq ictimaiyyət isə yaşananları təmkinli nikbinliklə izləyir.
Bununla belə, bunun «hamı üçün həll anı» olmadığını anlamaq lazımdır. Bu gün həll üçün sadəcə, yeni başlanğıc imkanı yaranıb. İndi hər şey siyasi iradədən, Türkiyənin mövqeyindən, Erhürmanın və yunan tərəfinin onilliklər boyu yığılmış etimadsızlığı aradan qaldırmaq bacarığından asılı olacaq. Türkiyə hələ də güclü oyunçudur və bütün mümkün dəyişikliklər onun nəzarətində olacaq. Yunan kiprlilər üçün isə məsələ bu imkandan düzgün istifadə etmək, onu əldən verməmək, lakin eyni zamanda ehtiyatlı davranmaqdır.
Bir sözlə, Erhürmanın qələbəsi zəmanət yox, bir şansdır. Kipr adasında sülhə aparan yol yenidən açılıb. Bəs bu yolun sonuna çatmaq mümkün olacaqmı?
MƏSLƏHƏT GÖR:



91

