Müəllif: İlahə XƏLİLOVA Bakı
KİV-də yer alan məlumatlara görə, dünyada, demək olar ki, hər gün təbiət kataklizmləri, təbii fəlakətlər, texnogen faciələr baş verir. Onlar insanlara ciddi mənəvi zərbə vurmaqla yanaşı, dövlətlərə ciddi iqtisadi zərər də gətirir. Dünyanın ən nəhəng təkrar sığorta şirkəti olan "Swiss Re" tərəfindən aparılmış araşdırma göstərir ki, təbii fəlakətlər və insan amili ilə əlaqədar baş verənlər yalnız 2012-ci ildə dünyaya 186 milyard dollara başa gəlib.
Bununla yanaşı, dünyada maliyyə bazarı seqmentlərinin inkişafı ilə belə fəlakətlər yalnız dövlətlərə və onların büdcəsinə ziyan vurmur. Onlar sığorta şirkətlərinə də baha başa gəlir. Məsələn, statistikaya əsasən, yuxarıda qeyd olunan məbləğin 77 milyard dollarını sığortaçılar ödəyib. Bu, tarixdə artıq üçüncü belə göstəricidir. Eyni zamanda, bunun 2011-ci ildəki göstərici ilə müqayisədə xeyli kiçik rəqəm olduğu da qeyd edilməlidir - 2011-ci ildə sığorta və təkrar sığorta şirkətləri Asiya-Sakit okean regionundakı təbii fəlakətlərlə əlaqədar, 126 milyard dollar ödəniş etmişdilər.
Dünyada, demək olar ki, ağır risklərdən qorunma sistemlərinin hər biri ciddi kataklizmlərdən sonra yaradılıb. Azərbaycanda isə onu necə deyərlər, "hər ehtimala qarşı" yaratmaq şansı var. Bu ideya artıq yerli sığortaçılar tərəfindən müsbət qarşılanıb.
Hərtərəfli yardım
Aydındır ki, təbii fəlakətdən sığortalanmaq mümkün deyil. Çünki o, "qarşısını almaq mümkün olma- yan" hadisələrə aiddir və sığorta sahəsində fundamental risklər siyahısında yer alır. Amma təbii fəlakətlərin vurduğu zərərin sığortalanması mümkündür.
Azərbaycanda artıq fəlakətlərdən sığorta pulu (sığorta şirkətlərinin birliyi-red) yaradılması qərara alınıb və bunun üçün Türkiyədəki analoji model öyrənilir. Doğrudur, əvvəlcə o, zəlzələlərdən sonra evlərin bərpa edilməsi üçün dövlətin maliyyələşdirilməsini əvəzlənməsinə əsaslanırdı. Belə ki, 2000-2003-cü illərdə Türkiyədə 50-yə yaxın zəlzələ baş vermiş, nəticədə, 4200 tikinti sahibinə, təxminən 7 milyon dollar ödənmişdi. Ən güclü iki zəlzələ zamanı Türkiyə hökuməti ödəniş üçün mütləq sığorta vərəqəsinin olması şərtini ləğv etdi və zərərçəkmişlərin dövlətdən yardım ala biləcəyini açıqladı. Beləliklə, 2002 və 2003-cü illərdə sığorta olunmamış sakinlərə yardımlar dövlət büdcəsinə əlavə 200 milyon dollara başa gəldi. Nəticədə evlərini sığorta etdirən sakinlərin sayı azaldı. Çünki hökumət dəymiş zərərə görə, sığorta proqramından asılı olmayaraq ödəniş ediləcəyini göstərdi. Türkiyədə bugünkü pul sistemi artıq öz effektivliyini göstərib və dövlət birbaşa maliyyə yardımının göstərilməsi təcrübəsindən imtina edib. Bu, İspaniyada da belədir.
Azərbaycan üçün isə sığortaçıların təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına müdaxiləsinin vacibliyini 2010-cu ilin yazında Kür və Araz çaylarında baş vermiş daşqınlar göstərib. O zaman dövlət büdcəsinlən zərərçəkmişlərə yardım məqsədilə 460 milyon manatdan artıq vəsait xərclənməli oldu. 2012-ci ilin mayında Qax-Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün isə dövlət başçısının təşəbbüsü və göstərişi ilə ümumilikdə, 420 milyon manat ayrıldı. Elə o zaman təbii fəlakətin baş verdiyi bölgədə olan Prezident İlham Əliyev bildirdi ki, əhali mülkiyyətini vaxtında sığorta etdirsəydi, dəymiş zərərin aradan qaldırılması daha asan başa gələrdi.
Yeri gəlmişkən, xatırladaq ki, hökumətin müvafiq qərarına əsasən, təbii fəlakət zamanı dövlətin zərərçəkmişlərə göstərdiyi yardım ümumi zərərin 20%-dən çox olmamalıdır. Yəni, Fövqəladə Hallar Nazirliyi zərərçəkmiş ailələr üçün yalnız bir halda ev tikə bilər ki, həmin ailənin mənzili qəzalı vəziyyətdə olsun. Lakin dövlət mənzilin bütün xərclərini, təmirini öz üzərinə götürməməlidir. Bu, zərərin ödənilməsi üçün sığortalanmanın əlavə, bəzən isə əsas mənbə kimi, nə qədər üstünlüyə malik olduğunu bir daha təsdiqləyir.
Bakıda mənzil və ya evlərin məcburi sığortası halında sığorta hadisəsi baş verərsə, zərərçəkənin ala biləcəyi maksimum məbləğ 25 min manatdır. Gəncə, Sumqayıt və Naxçıvanda bu rəqəm 20 min, digər regionlarda isə 15 min manat təşkil edir. Üstəlik, bu bölgələr üçün sığorta haqqı müvafiq olaraq 50, 40 və 30 manat təşkil edir. Mülk sahibi məcburi sığorta ilə yanaşı, evini əlavə olaraq könüllü sığorta da etdirirsə, o, məcburi sığortanın ödədiyi makimal məbləğdən əlavə vəsaiti könüllü sığorta çərçivəsində əldə edə bilər.
Üçqat effekt
Amma o da etiraf olunmalıdır ki, nəinki sığortaçıların potensial müştəriləri, hətta bazar təmsilçilərinin özləri də fəlakətlərlə bağlı sığortalanmaya ciddi həvəs göstərmirlər. Çünki belə sığorta hadisələri zamanı ödənilməli olan məbləğlər bütünlükdə ölkənin sığorta bazarındakı kapitaldan artıq olur. Bu üzdən də fəlakətlərdən sığorta pulun yaradılmasına ehtiyac var. Beləliklə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) yanında ölkənin yeganə təkrar sığorta şirkətinin operatorluğu ilə belə bir qurumun yaradılması qərara alınıb. O, bazarda təkrar sığorta fəaliyyəti göstərməsi ilə əlaqədar olaraq, sığortaçılar üçün rəqibə çevrilmir. Odur ki, sığorta şirkətləri ona risklərlə bağlı lazımi informasiyaları verməyə razılaşıblar. O, informasiyanın təhlükəsizliyinə zəmanət verməyə və onu razılaşdırmağa da hazırdır. Təkrar sığorta şirkəti pulda toplanmış vəsaitləri təkrar sığorta üçün xaricə göndərəcək və texniki məsələlərə nəzarəti həyata keçirəcək. Dünya təcrübəsinə əsasən, təkrar sığortaçların gəliri onlara verilən riskin 10-20 faizini təşkil edir.
ASA-nın rəhbəri Orxan Bayramovun sözlərinə görə, artıq şirkətlərdən informasiyaların toplanılması başa çatıb. Onlar risklərin təkrar sığortalanmasının həyata keçirilməsi şərtləri və digər detalları da razılaşdırıblar. Sentyabrın sonunadək dövlət strukturları ilə fəlakətlərdən sığorta pulun yaradılması məsələsi razılaşdırılmalıdır. Onun fəaliyyətə başlama müddətisə həm də qanunvericilikdə edilməli olana dəyişikliklərin miqyasından asılıdır.
İlkin mərhələdə pula İcbari Sığorta Bürosunda iştirak edən şirkətlər cəlb olunacaq. Çünki ağır risklərdən sığortalama layihəsi daşınmaz əmlakın məcburi sığortası ilə əlaqəlidir. Gələcəkdə digər sığorta şirkətləri ilə də pula cəlb olunmaları və könüllü sığorta riskləri ilə bağlı danışıqlar aparılacaq.
Yeri gəlmişkən, daşınmaz əmlakın məcburi sığortasının əhatə etdiyi təbii fəlakətlərə zəlzələlər, vulkan püskürməsi, fırtına, qasırğa, tufan, dolu, daşqın, sel, leysan, sürüşmə daxildir.
Hazırda qanunvericiliyə uyğun olaraq, mülkiyyətin məcburi sığortası ilə əlaqədar alınan hər məbləğin 5%-i gözlənilməz hadisələrlə bağlı risklər üçün ayrılır. İlkin mərhələdə pula məhz bu məbləğ yönəldiləcək və sonradan o, təkrar sığora üçün xaricə göndəriləcək. Assosiasiya rəhbəri hesab edir ki, sistemin işə başlamasından sonra bu vəsaitin kifayət etməməsi ilə əlaqədar, eyni zamanda, şirkətlər arasında əldə olunacaq razılaşma əsasında könüllü sığortadan əlavə olaraq 2% də bu iş üçün tutula bilər.
İlkin mərhələdə pulda 250-300 milyon manatın toplanması gözlənilir. Könüllü sığorta risklərinin cəlbi ilə sonradan bu məbləğ 500-600 milyon manatadək artırıla bilər. "Nəzərə alsaq ki, ölkədə 1 milyonadək təsərrüfat subyekti var, onların cəlbi gələcəkdə pulda milyardların toplanılmasına imkan verə bilər", - deyə O.Bayramov bildirir.
Belə olan təqdirdə, dövlət üçün effekt - fəlakətlərin baş verəcəyi təqdirdə xərclərin ödənilməsi üçün fondun mövcudluğu; iqtisadiyyat üçün - əhali arasında sığorta mədəniyyətinin artırılması və bununla da sığorta bazarının böyüməsidir, yəni, ağır risklərdən məcburi sığortalanma daşınmaz əmlakın könüllü sığortasının drayveri olmalıdır; sakinlər üçün - fəlakət nəticəsində dəymiş zərərin ödənilməsidir.
Bir sözlə, bu, hərtərəfli sərfəli və faydalı təşəbbüsdür. Necə deyərlər, sonradan məyus olmamaq üçün təkrar sığortalanmaq lazımdır.
MƏSLƏHƏT GÖR: