AVROPA ÇEMPİONATINDA DÖRD UĞUR
Azərbaycanın «U-23» yığması 37 ölkə arasında liderlərdəndir
Müəllif: Sənan NADİROĞLU
Moldovanın paytaxtı Kişineuda noyabrın 1-2-də cüdo üzrə U-23 Avropa çempionatı keçirilib. Yarış gərgin mübarizə və rəqabətlə diqqəti cəlb edib. 23 yaşadək cüdoçuların yarışı həm də gələcək illərdə əsas komandalarda kimlərin təmsil olunacağını izləməyə imkan verib.
Avropada lider
Yarışın ilk günündə Azərbaycan qitə çempionatında ilk medalını qazanıb. 66 kq-da təmsil olunan İslam Rəhimov U-23 Avropa çempionatının qalibi olub. Cüdoçu finalda niderlandlı Yokhem van Hartenə qalib gələrək qızıl medala sahib çıxıb. Təəssüflə bildirmək lazımdır ki, digər idmançılar Murad Muradlı və Hüseyn Allahyarov (hər ikisi 60 kq) günü medalsız başa vurublar.
Avropa çempionatında ikinci yarış günü daha uğurlu alınıb və Azərbaycan millisi bir dəst medal qazanıb. +100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub. Ömər Rəcəbli (81 kiloqram) gümüş, Aslan Kotsoyev (90 kiloqram) isə bürünc mükafata yiyələnib. Qeyd etmək lazımdır ki, bu, Azərbaycan cüdo tarixində ilk dəfədir ki, 66 kq və 100 kq-dan yuxarı çəki kateqoriyasında idmançılar 23 yaşadək idmançılar arasında Avropa çempionu olublar.
Yekunda Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla həm ümumi komanda hesabında, həm də kişilər arasında turniri birinci pillədə tamamlayıb. Yarışda təkcə kişi cüdoçularımızın çıxış etməsinə baxmayaraq, yığma 37 ölkə arasında lider olmağı bacarıb.
Nəticələr ümidverici olanda
Gənclərdən ibarət Azərbaycan komandasının məşqçisi Elxan Rəcəbli yetirmələrinin çıxışından razı qaldığını bildirib. O, “Region plus” jurnalına açıqlamasında mənfi və müsbət cəhətləri vurğulayıb: “İslam Rəhimov karyerası ərzində bir sıra çətinliklər yaşayıb. Zədə və psixoloji amillər ona mane olub. Hazırkı çempionatda qızıl medal qazanması çətinliklərə qalib gəldiyini göstərir. Kənan Nəsibova gəlincə, idmançının böyük təcrübəyə malik olduğunu unutmaq olmaz. Nəsibov əvvəllər qitə çempionatında üçüncü yeri tutub və dünya çempionatının gümüş medalını qazanıb. Hazırkı yarışda onun uğuru ikiqat sevindirici haldır. Ağır çəkidə hər zaman rəqabət az olub. Onun fiziki göstəriciləri hər zaman qələbə gözləməyə imkan verir. Belə çempionun ağır çəkidə olması məşqçi heyətini ümidləndirir.
81 kq-da çıxış edən Ömər Rəcəbliyə gəlincə, final görüşündən razı qalmadım. Fikrimcə, həmin görüşdə hakimlər italyan rəqibə “yuko” xalını verməməli idilər. Avropa çempionatının ikinci görüşündə Ömər Rəcəbli zədələndi. Bu səbəbdən, demək olar, çempionatı zədəli vəziyyətdə keçirdi. İtalyan rəqib Parlati yaxşı idmançıdır. Amma Ömər Rəcəbli bu finalı udmalı idi. Məğlub olubsa, demək, Ömər səhv edib, yol verilən nöqsanlar üzərində işləməlidir. Müsbət məqam Rəcəblinin daim medal qazanaraq stabil mübarizə aparmasıdır. Mənfi amil isə qızıl medaldan uzaq olmasıdır. Əksər yarışlarda Ömər Rəcəbli gümüş və bürünc medallar əldə edir. Bu il onun U23 komandasında son yarışı oldu. 2026-cı ildən Ömər Rəcəbli yalnız böyüklərin turnirində çıxış edəcək. Azərbaycan komandasında güclü rəqabətin olduğunu nəzərə alaraq Ömər üzərində daha çox işləməlidir”.
Azərbaycan dünya cüdosunun mərkəzi kimi
Azərbaycan cüdoçularının Moldovadakı qitə çempionatında qazandığı 4 medal gənc idmançıların əsas komandaya doğru inamla irəlilədiyini göstərir. Əsas millidə ciddi rəqabətin olduğunu nəzərə alaraq, gənclərdən bəzilərinin böyüklərdə uğurlu çıxış edəcəyi sual altındadır. Azərbaycan komandasında olimpiya, dünya və Avropa çempionları mübarizə aparır. Buna görə də onlar əsas millidə möhkəmlənmək üçün titullu həmkarları ilə rəqabətdən çəkinməməlidirlər.
2026-cı ildə Azərbaycan dünya cüdosunun mərkəzinə çevriləcək. Bakı tarixində ikinci dəfə cüdo üzrə dünya çempionatını qəbul edəcək. Ev sahibi kimi hər çəkidə iki cüdoçuya şans vermək imkanımız olacaq. Ona görə idmançılar mötəbər yarışa maksimum güclə hazırlaşmalıdırlar.
Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.Yeni qərara əsasən, mundial 2026-cı il oktyabrın 4-11-i aralığında baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir. Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə oktyabrın 11-də keçiriləcək. Dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunması planlaşdırılır.
MƏSLƏHƏT GÖR:




47

