8 Yanvar 2026

Cümə axşamı, 03:56

XORVATİYA – QUCAQLAMAQ İSTƏDİYİN ÖLKƏ

Adalar “pıçıldayanda” - Kvarner və İstriyaya səyahət

Müəllif:

15.11.2025

Xorvatiya Avropanın ən parlaq turizm incilərindən biridir. Büllur kimi təmiz Adriatik dənizi, füsunkar adalar, qədim şəhərlər, möhtəşəm amfiteatrlar və dünya səviyyəli qoruqlar onu səyyahların əsl arzusuna çevirir. Burada hər kəs özünə uyğun nəsə tapa bilər: tarixi ekskursiya turlarından tutmuş aktiv istirahət və kulinariya kəşflərinə qədər.

Ölkə təkcə öz mənzərələri ilə deyil, həm də dünya miqyaslı özəllikləri ilə məşhurdur. Məhz burada, yəni Xorvatiyada bütün dünyanı fəth edən qalstuk icad edilib. Xorvat ixtiraları həmçinin dəyişən cərəyanı (Nikola Tesla), diyircəkli qələmi (Slavolyub Penkala), ilk dəniz torpedasını (İvan Lyupis), paraşütü (Faust Vrançiç) əhatə edir. Bu gün isə xorvatlar şərabçılıq ənənələri, yüksək keyfiyyətli zeytun yağı istehsalı və kulinariya incəlikləri ilə tanınırlar: İstriyadakı trufel ləzzətlərindən sahil boyunca təzə dəniz məhsullarına qədər.

Xorvatiya füsunkar mənzərələri və memarlığı sayəsində uzun illərdir ki, dünya kinosunun çəkilişi üçün ən populyar məkanlardan biri olaraq qalır. Məhz burada məşhur “Taxt-tac oyunları” kult serialı, eləcə də “Troya”, “The Witcher” və “Vəhşi Qərb dünyası” kimi film və serialların səhnələr çəkilib. Ölkə tarix və kinonun birləşdiyi əsl Avropa kinematoqrafiya xəzinəsinə çevrilib.

Paytaxt Zaqreb köhnə şəhərin cazibəsi, muzeyləri, festivalları və rahat kafeləri ilə turistləri cəlb edərək, xorvat koloritli bu Mərkəzi Avropa paytaxtının təkrarolunmaz ab-havasını yaradır. Split isə qədim Roma tarixinin müasir həyatla qarşılaşdığı şəhərdir: burada məşhur Diokletian Sarayı, canlı sahilboyu və yerli bazarlar var. Plitvitsa gölləri - kaskad şəlalələri, firuzəyi gölləri və toxunulmamış təbiəti ilə heyran edən milli park - piyada gəzinti və fotoqraf həvəskarlarını cəlb edir. Dubrovnik isə qala divarları, dar daş döşəmə küçələri və daim heyrətləndirən mənzərələri ilə məşhurdur.

Xorvatiya son illərdə turizm istiqaməti kimi getdikcə daha çox populyarlıq qazanır. 2024-cü ildə ölkəyə 21,3 milyon turistdən çox səfər edib. Bu, 2023-cü illə müqayisədə 4% çoxdur. Bu məqamda qeyd edək ki, ölkə əhalisi təxminən 3,9 milyon nəfərdir. Gecələmələrin ümumi sayı 108,7 milyondan çox olub, bunlardan 103,3 milyonu sahil bölgələrinin payına düşüb.

Əsas turist axını mənbələri arasında Almaniya, Avstriya, Sloveniya, Polşa və Böyük Britaniya fərqlənir. Turistlərin əksəriyyəti Xorvatiya adalarına avtomobillə gəlir: belə turistlər təxminən 65% təşkil edir.

Avropadan yol özü artıq macəranın bir hissəsidir: Münhendən yol təxminən 7 saat, Avstriyadan 3,5 saat, Triestdən isə təxminən 3 saat Opatiyaya qədər davam edir, bundan sonra səyyahlar girintili-çıxıntılı sahil boyunca yollarına davam edirlər və ya yüngül dəniz küləyini hiss edərək və mavi körfəzlərin mənzərəsindən zövq alaraq avtomobillə birlikdə bərəyə minir.

Adalarda turistlər mənzillər, villalar və ya kempinqlər seçirlər - qonaqların 65%-i sərbəst yaşayışın azadlığını və rahatlığını üstün tuturlar. Yerli küçələr və limanlar onları dənizin, yaşıl şam meşələrinin və sahil kafelerindən təzə çörəklərin ətri ilə qarşılayır.

Daha sakit guşələr axtaranlar üçün isə Xorvatiya onlarla sakit ada və kiçik şəhərciklər təklif edir, burada ölkənin həqiqi nəfəsini hiss etmək, dəniz mətbəxindən və tənhalıqdan həzz almaq mümkündür.

 

Gizli incilərin kəşfi

Xorvatiyanın əsl sehri onun bölgələrində açılır. Onların arasında Aralıq dənizi təbiəti, sakit adalar və cazibədar şəhərciklərin tarix, qastronomiya və istirahətin unikal qarışığını yaratdığı İstriya və Kvarner var.

Ölkənin bu guşələri Xorvatiyanın orijinal atmosferini hiss etmək istəyən səyyahlar üçün idealdır. Sahil boyu və adalarda orta əsr küçələri, rahat limanlar, zeytun və üzüm bağları, o cümlədən çimərlik istirahəti üçün dayana biləcəyiniz və ya sadəcə dəniz havasından həzz ala biləcəyiniz füsunkar körfəzlərlə qarşılaşacaqsınız.

Bizim marşrutumuz məhz burada başlayır: zərif Opatiyadan füsunkar Kres və Loşin adalarına, cazibədar təpəli Grojnyan və Rovin şəhərciklərinə, Brioni arxipelağına, Pula və Labinə qədər. Bu istiqamətlər xorvat mədəniyyəti və təbiətinin yeni bir tərəfini vəd edən yerlərdir.

Opatiya tarixi XIX əsrə gedib çıxan klassik Xorvatiya kurort şəhəridir. Adriatikin bu hissəsindən turizm xronologiyası başlayıb: məhz Opatiya turistlərin Xorvatiya sahillərini kəşf etdikləri ilk nöqtə olub. Şəhər öz ilkləri ilə qürur duyur: Avropa zadəganlarının dincəldiyi ilk hotel, varlı qonaqlar üçün tikilmiş ilk villa və mədəni həyatın mərkəzinə çevrilmiş ilk monastır. Şəhərin simvolu isə dənizdə qayalıqda yerləşən Madonna heykəli artıq iki əsrdir ki, qonaqları qarşılayır və Opatiyanın əsl talismanı hesab olunur. Opatiya sağlamlıq turizminin tarixində xüsusi yer tutur: burada tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün spa-kurortlar yaranıb və təzə dəniz havası indiyə qədər sağlamlıq üçün faydalı hesab olunur. Şəhərin əsas diqqətəlayiq yeri isə dəniz boyunca 12 kilometr uzanan Lunqomare sahil ərazisidir. Yol boyu turistləri ekzotik bitkiləri olan parklar, setsessiya üslubunda memarlıq inciləri, qədim villalar və hotellər, həmçinin yerli mətbəxin təamlarını təqdim edən çoxsaylı kafe və restoranlar gözləyir. Yay aylarında Opatiya canlanır: festivallar, açıq havada konsertlər və işıqlandırılmış sahil boyu gəzintilər həqiqətən xüsusi atmosfer yaradır.

Kres adası Adriatikin ən sakit guşələrindən biridir. Turist marşrutları tez-tez ondan yan keçir və məhz bu, onu təbiətlə harmoniya və səs-küylü kurortlardan uzaqda sakitlik axtaranlar üçün əsl tapıntı edir. Kres təbiəti öz toxunulmamış gözəlliyi ilə heyrətləndirir. Qayalı sıldırımlar, füsunkar körfəzlər, kristal təmiz su və şam meşələri elə bir təəssürat yaradır ki, sanki arzular adasına düşmüsünüz. Piyada yolları və velosiped marşrutları zeytun bağları, üzüm bağları və zamanın sanki yavaşladığı kiçik kəndlərdən keçir. Kresdə orta əsr məskənlərinin izləri, qədim kilsə və kapellalar qorunub saxlanılıb, kəndlərdəki dar daş döşəmə küçələr isə keçmişin ruhunu qoruyur. Adanın simvollarından biri Adriatik və qonşu Kvarner adalarının heyrətamiz mənzərələrinin açıldığı qədim mayakdır. Turistlər üçün Kres əyləncələrin geniş spektrini təqdim edir. Çimərlik istirahəti sevənlər burada çimmək və snorklinq üçün ideal olan şəffaf suya malik təcrid olunmuş körfəzlər tapacaqlar. Balıqçılıq və dəniz gəzintiləri də yerli təbiətin dadını çıxarmağın daha bir yoludur. Eyni zamanda Kresi kəşf etməyin ən yaxşı yolu velosiped və ya kiçik avtomobil icarə etməkdir.

Loşini tez-tez “ətir adası” adlandırırlar və bu ad ilk addımlardan özünü doğruldur. Sitrus bağları, lavanda sahələri, şam meşələri və sahil küləyi dərhal sevəcəyiniz unikal ab-hava yaradır. Loşin təbiəti həm aktiv turistlər, həm də sakit istirahət sevənlər üçün əsl cənnətdir. Burada hər şey var: çimmək üçün rahat körfəzlər, snorklinq və dalğıclıq üçün kristal təmiz su, piyada gəzinti və velosiped marşrutları üçün füsunkar cığırlar. Loşin adası həmçinin bioloji və mədəni unikallığı ilə məşhurdur. Burada nadir bitki və quş növlərinə rast gəlmək mümkün olan bir sıra qoruqlar, eləcə də adanın müxtəlif dövrlərdəki həyatından bəhs edən muzey və tarixi obyektlər mövcuddur. Loşin Dəniz Muzeyi Adriatikin zəngin flora və faunası ilə tanış edir, köhnə limanlar boyunca gəzintilər isə turisti keçmiş əsrlərə aparır. İstirahət edənlər təxminən 2000 yaşı olan əsl antik şedevri – tuncdan olan Apoksiomeni görə bilərlər. Atlet heykəli 1996-cı ildə dəniz dibində tapılıb, sonra mürəkkəb 6 illik bərpa işlərindən keçib və Apoksiomen muzeyinin əsas eksponatı olaraq bütün dünyadan incəsənət və tarix həvəskarlarını cəlb edir.

Qrojnyan isə İstriyanın ən rəngarəng şəhərlərindən biridir. Bura tez-tez “rəssamlar şəhəri” adlandırılır. Təpədə yerləşən şəhər sanki zamanda donub qalıb: dar daş küçələr, orta əsr evləri və rəsm qalereyaları elə bir təəssürat yaradır ki, şəhərin hər bir guşəsi sanki açıq havada kiçik bir sərgidir. Qrojnyanın tarixi isə əsrləri əhatə edir. Burada qədim kilsələr, istehkam qurğuları və orta əsr qüllələri qorunub saxlanılıb və bu da keçmişdə şəhərin strateji əhəmiyyətini göstərir. Bu gün Qrojnyan bölgənin mədəni həyatının mərkəzinə çevrilib: yay aylarında burada caz festivalları, müasir incəsənət sərgiləri və rəssamları və turistləri cəlb edən rəssamlıq ustad dərsləri keçirilir. Küçələrlə gəzərkən yaradıcı ilham atmosferini asanlıqla hiss edə bilərsiniz. Qalereyalar yerli ləzzətləri və şərabı sınaya biləcəyiniz rahat kafelərin yanında yerləşir, müşahidə meydançalarından isə uzaqlara uzanan İstriya təpələri və üzüm bağlarının heyrətamiz mənzərələri açılır.

Rovin İstriyanın ən füsunkar və romantik şəhərlərindən biri hesab olunur. O təpədəki köhnə şəhəri, dar daş döşəmə küçələri və Adriatik körfəzində əks olunan rəngarəng bina fasadları ilə tanınır. Rovinin əsası Venesiya Respublikası dövründə qoyulub və bu günə qədər bir çox binalar həmin dövrün üslubunu xatırladır. Buradan Venesiyaya gəmi ilə cəmi 2,5 saatlıq yol var. Şəhərin mərkəzi meydanı Marşal Titonun adını daşıyır və onun ətrafında İstriyanın müasir incəsənəti ilə tanış ola biləcəyiniz rahat kafelər və rəsm qalereyaları var. Əsas diqqətəlayiq yer köhnə şəhərin yüksəkliyində yerləşən Müqəddəs Evfimiya kilsəsidir. Onun zəng qülləsindən bütün Rovin şəhərinə və körfəzə mənzərə açılır. Bu da oranı turistlər üçün mütləq ziyarət edilməli məkana çevirir. Bundan başqa, şəhər sanki labirint kimi sakit meydanlara, gizli həyətlərə, o cümlədən təzə dəniz məhsulları və evdə hazırlanmış makaronun təqdim olunduğu kiçik restoranlara gedən dar küçələri ilə məşhurdur.

Yeri gəlmişkən, İstriyada, Qrojnyan və Rovindən cəmi bir neçə on kilometr məsafədə isə uzun müddətdir ki, tennis həvəskarlarının “Məkkə”sinə çevrilmiş Umaq şəhəri yerləşir. Hər yay burada Adriatik sahillərinin fonunda tamaşaçıların dünyanın ən yaxşı tennisçilərinin oyunundan həzz aldığı günəşli torpaq kortlarda kişilər arasında “Plava Laguna Croatia Open Umag” peşəkar turniri keçirilir. Turnir şəhərə xüsusi ab-hava verir: idman, dəniz və yay günəşi bütün regiondan turistləri cəlb edən kolorit yaradır.

 

Marşal Titonun qonağı olmaq

Brioni arxipelağı tarix, təbiət və lüks istirahətin bir yerdə birləşdiyi Xorvatiyanın əsl brilyantıdır. Bu adalar bir zamanlar Yuqoslaviyanın keçmiş Prezidenti İosif Broz Titonun sevimli istirahət yeri idi. Bu gün onlar öz xüsusiliyini və zərifliyini qoruyaraq turistləri özünəməxsus atmosferi ilə cəlb edir.

Əsas turizm obyekti isə əfsanəvi liderin həyatı və fəaliyyəti haqqında məlumat ala biləcəyiniz Tito muzeyidir. Məhz burada Tito Cəvahirləl Nehrudan Nikita Xruşşova qədər bir çox tanınmış dünya siyasətçilərini və nüfuzlu dövlət xadimlərini, həmçinin Sofiya Loren, Elizabet Teylor, Cina Lollobricida kimi kino ulduzlarını qəbul edirdi. Muzeyə ekskursiya qonaqları adaların regionun siyasi və mədəni həyatının mərkəzi olduğu XX əsrin ortalarına aparır.

Brioni təkcə tarix (burada üç dövlət iqamətgahı və iki hərbi baza var) deyil, həm də inanılmaz təbiətdir. Arxipelaqda flora (680 növ) və faunanın nadir növləri qorunub saxlanılıb, adalara səyahət qoruğa səyahəti xatırladır. 1200 yaşı olan və hələ də bar verən zeytun ağacı görməyə dəyər! Burada dəvəquşu, zebra və bu bölgə üçün ekzotik olan digər heyvanları görməyin mümkün olduğu mini-zoopark, eləcə də gənc tədqiqatçıları və elm həvəskarlarını cəlb edən dinozavr qalıqları ilə paleontoloji sərgilər var. Beləliklə, adada 125 milyon (!!!) yaşı olan 260 dinozavr (terapot) izi var.

İdman və aktiv istirahət sevənlər üçün Brioni dəniz mənzərəli qolf meydançaları, füsunkar meşələr və körfəzlərdən keçən velosiped marşrutları və piyada cığırlar təklif edir. Arxipelaq yaxşı inkişaf etmiş turizm infrastrukturuna malikdir: burada üç müasir hotel, eləcə də bütün ailə və ya dostlar ilə birlikdə təcrid və rahatlıqdan həzz ala biləcəyiniz villalar var. Qeyd etmək lazımdır ki, bu villa və hotellərin qonaqları arasında azərbaycanlılara da rast gəlmək olar.

Gəzinti zamanı fotoaparatı unutmayın - Brioni mənzərələri haqlı olaraq Adriatikdə ən füsunkar mənzərələrdən biri hesab olunur.

Yeri gəlmişkən, dünya şöhrətli italyan moda evi Brioni adı məhz Brioni arxipelağından gəlir.

 

Qladiatorlardan mədənçilərə: İstriyanın iki üzü

Pula tarixin müasir həyatla qarşılaşdığı şəhərdir. Onun əsas incisi Pula Kolizeyi kimi tanınan, dünyada ən yaxşı qorunub saxlanmış Roma amfiteatrlarından biridir.

Eramızın I əsrində tikilmiş bu tikilidə vaxtilə 23 min tamaşaçı üçün qladiator döyüşləri və tamaşalar təşkil olunub. Bu gün amfiteatr konsertlər, teatr tamaşaları və mədəni tədbirlər üçün istifadə olunur ki, bu da qədimlik və müasirliyin özünəməxsus birləşməsini yaradır. Kolizeyin divarları təkcə qladiatorları deyil, həm də Luçiano Pavarottini, Elton Conu, Xose Karrerası, Brayan Adamsı görüblər...

Pulada Kolizeydən başqa, digər tarixi abidələr də heyrət doğurur: Sergiyevin Zəfər Tağı, Avqust məbədi və şəhərin müxtəlif dövrlərdəki həyatından bəhs edən köhnə istehkamlar. Köhnə şəhərin dar küçələri Roma və Venesiya memarlığının ruhunu qoruyur, çoxsaylı kafe və restoranlar isə yerli mətbəxin yeməklərini və təzə dəniz məhsullarını təklif edir. Turistlər üçün Pula təkcə tarix deyil, həm də müasir istirahətdir. Şəhər rahat hotellər, çimərliklər və aktiv istirahət imkanlarına malikdir: velosiped və piyada marşrutları, dəniz gəzintiləri və yaxınlıqdakı körfəz və adalara ekskursiyalar. Festival həvəskarları yay konsertlərini və açıq havada kino festivallarını qiymətləndirəcəklər.

İstriyanın daha bir mühüm şəhəri olan Labin tarix, memarlıq və sənaye irsi ilə heyrətləndirir. Köhnə şəhərin dar küçələri ətraf təpələrə, üzüm bağlarına və Adriatik sahillərinə gözəl mənzərələrin açıldığı füsunkar müşahidə meydançalarına aparır. Bu tarixi küçələrlə gəzinti orta əsrlərin ruhunu hiss etməyə və memarlıq müxtəlifliyini qiymətləndirməyə imkan verir: qədim daş evlər XIX əsr villaları ilə yanaşıdır, çoxsaylı kiçik meydanlar isə rahatlıq və harmoniya hissini yaradır.

Labin, həmçinin öz sənaye tarixi ilə tanınır: şəhərin ətrafında uzun müddət yerli sakinləri iş yerləri ilə təmin edən çoxlu kömür mədənləri var idi. Təsəvvür edin: kömür şaxtaları şəhərdə təxminən 400 kilometr uzunluğunda və 30-dan çox səviyyədə yeraltı şəbəkə yaradıb. Bu gün şaxtaların bir hissəsi muzeyə çevrilib, burada mədənçilərin həyatı, kömür çıxarma texnikası və onun bölgə üçün tarixi əhəmiyyəti haqqında məlumat almaq olar. Bu ekspozisiyalar xüsusilə İstriyanın sənaye keçmişini və onun şəhərin inkişafına təsirini anlamaq istəyən turistlər üçün maraqlıdır.

 

Dad “ovuna çıxmaq”: trüfellər, şərablar, zeytunlar və dəniz nemətləri

İstriya uzun müddətdir ki, Avropanın trüfel paytaxtı hesab olunur və trüfel turları bölgənin qastronomiya turizminin əsl bəzəyidir. Bu nadir göbələklər yerin altında, palıd və fındıq ağaclarının kökləri ilə simbiozda böyüyür və xüsusi təlim görmüş itlərin köməyi olmadan onları tapmaq, demək olar ki, mümkün deyil. Ona görə də axtarışa təcrübəli trüfel itləri cəlb olunur ki, bu da ovu əsl şou edir: sahibinin işarəsi ilə it torpağı diqqətlə iyləməyə başlayır və “xəzinə”ni tapdıqda dəqiq yeri göstərir.

Trüfellər sadəcə göbələk deyil. Onlar yüksək mətbəxin delikatesləri və dünyanın ən bahalı məhsullarından biri sayılır. Ağ trüfel, məsələn, mövsüm və ölçüsündən asılı olaraq, kiloqramı 3000 avroya, qara trüfel isə 700 avroya qədər ola bilər. Bu göbələklər Avropa və Asiya restoranlarına göndərilir, ən yaxşı şef-aşpazların menyusunu bəzəyir və eksklüziv yeməklərin tərkib hissəsinə çevrilir.

Turistlər üçün burada əyləncə düşünülüb: adətən bələdçi və itlə birlikdə səhər meşə gəzintisi ilə başlayan trüfel turu. Yolboyu bələdçi trüfel növləri, onların mövsümlüyü, yerli təbiətin xüsusiyyətləri və trüfel sənayesinin tarixi haqqında danışır. Tapılmış göbələkləri elə yerində sınamaq olar: onları makaron, yumurta və ya rizotto üzərinə sürtürlər və qonaqlar unutmaq mümkün olmayan ətri dadırlar. Yeri gəlmişkən, turları onların mövsümündə seçmək məsləhətdir - ağ trüfel üçün oktyabrdan yanvara qədər və qara trüfel üçün martdan maya qədər.

İstriya və Kvarner təkcə füsunkar mənzərələr və tarixi şəhərlər deyil, həm də qurmanlar üçün cənnətdir. Bölgə təzə dəniz məhsulları, “premium” sinif zeytun yağı, ətirli otlar və Adriatikin terruar əks etdirən şərabları ilə məşhurdur.

İstriya haqlı olaraq dünyada zeytun yağı istehsalı üzrə ən yaxşı bölgələrdən biri hesab olunur. “Leccino”, “Pendolino” və “Rosinjola” sortları yağa unikal dad və ətir verir. Yerli yağlar tez-tez beynəlxalq müsabiqələrdə qızıl medallar qazanır, ferma təsərrüfatları isə dequstasiya və ekskursiyalar təklif edir. Burada zeytun yağı dequstasiyası ilə çoxlu turlar var - ən azı onlardan birinə qatılın. Nəzərə alın ki, İstriyada keyfiyyətli soyuq sıxım zeytun yağının orta qiyməti litrlə ən azı 12 avro olmalıdır, “premium” brendlər isə adətən 25-40 avrodan aşağı satılmır.

Bölgə, həmçinin şərabları ilə tanınır. Malvaziya İstarska - yumşaq meyvəli dadı olan ağ növ, Teran - qaynaq qırmızı növ qiymətləndirənlər arasında populyardır. Şərab zavodları turistlər üçün açıqdır: ekskursiyalar, dequstasiyalar və üzüm bağlarında gəzintilər İstriyanın şərab mədəniyyətinə tam dalmağa imkan verir. Şərab qiymətləri növ və istehsalçıdan asılı olaraq litr üçün 7 avrodan 30 avroya qədər dəyişir.

Dəniz məhsulları İstriya və Kvarner mətbəxinin əsasını təşkil edir. Hər sahil şəhərciyində təzə balıq, krevet, midiya, kalamar, ahtapot və karakatitsa təqdim olunur. Onlardan populyar yeməklər hazırlanır: Anşuaz və yerli zeytun yağı ilə bruşetta: dəniz mənzərəli terrasda ideal qəlyanaltı. Dəniz məhsulları ilə rizotto isə krevet, midiya və kalamarın istifadə olunduğu klassik yeməkdir. Trüfellə makaron - xüsusilə ağ trüfel mövsümündə məşhur olan nəfis delikatesdir. Fritto misto - yağda qızardılmış təzə balıq və dəniz məhsulları assortisi - kafe və tavernalarda populyardır. Brodeto isə sahil kəndləri üçün ənənəvi olan qatı balıq şorbası.

 

Planlaşdır, kəşf et, ilhamlan

İstriya və Kvarnerə səyahət təbiətin gözəlliyini, tarixi, incəsənəti və qastronomiyanı birləşdirmək imkanıdır. Maksimum təəssürat əldə etmək üçün əvvəlcədən marşrutları, nəqliyyatı və yerləşməni düşünmək vacibdir.

Bölgə boyunca hərəkət etmənin ən rahat yolu, xüsusilə ada və kiçik kəndləri ziyarət etməyi planlaşdırırsınızsa, avtomobil icarəyə götürün. Bərə və qayıqlar Kres, Loşin, Brioni və s. adalara girişi təmin edir. İctimai nəqliyyat böyük şəhərləri və kurort mərkəzlərini birləşdirir, lakin bəzi adalara yalnız qayıqla çatmaq mümkündür.

Bölgədə yerləşmə müxtəlifdir. Opatiya və böyük şəhərlər hotellərin geniş seçimini təqdim edir: tarixi villalardan tutmuş müasir spa komplekslərinə qədər. Kres və Loşin adalarında da kiçik hotellərdə və ya mənzillərdə qalmaq olar ki, bu da sakit istirahət üçün idealdır. Loşində hətta yüksək keyfiyyətli xidmətlə sutkalıq qiyməti 23 min avroya çata bilən lüks villalar icarəyə götürmək olar. Brioni arxipelağı üç hoteldən və ya villalardan birində yaşamaqla ekskursiya turları ilə tanınır. Qrojnyan və Labində turistlər yerli atmosferə dala biləcəkləri qonaq evləri və butik hotellərini tapacaqlar.

İstriya və Kvarnerə səyahət üçün ən yaxşı vaxt sizin seçimlərdən asılıdır. Yazda, aprel-iyun aylarında bağlar çiçəklənir, hava mülayim olur və turistlər az olur. Yayda - iyul-avqust aylarında çimərlik mövsümü başlayır və festivallar keçirilir, qiymətlər artıq yüksək olur və çoxlu turist olur. Payızda - sentyabr-oktyabr aylarında qastronomiya turları üçün xüsusilə maraqlıdır, çünki trüfel və üzüm bağları mövsümü başlayır. Qış - sakit mövsüm, sakit istirahət, gəzinti və muzey ziyarətləri üçün uyğundur.

Bir sözlə, İstriya və Kvarner sadəcə bir marşrut deyil, hər günün kiçik bir macəraya çevrildiyi bütöv bir təəssüratlar dünyasıdır. Buraya səyahət harmoniya yaradır, ilham verir və xatirələrdə qalır. Bu xatirələri qorumaq üçün buraya dəfələrlə qayıtmaq istəyirsiniz.



MƏSLƏHƏT GÖR:

76