9 Yanvar 2026

Cümə, 05:47

PAYIZ HESABLAMASI

Sanksiyalar, “OPEC+” qərarları və proqnozlar yanacaq bazarında qısamüddətli qiymət dinamikasını müəyyən edib

Müəllif:

15.11.2025

Noyabr neft bazarı üçün yeni güclü dalğalanmalarla başlayıb. Buraya bir tərəfdən Rusiya neft şirkətlərinə qarşı sərt sanksiya dalğası və İrana qarşı gücləndirilmiş məhdudiyyətlər, digər tərəfdən “OPEC+”un təchizatın idarə edilməsində ehtiyatlı, lakin ardıcıl siyasəti və bir sıra inkişaf etmiş iqtisadiyyatlarda tələbin zəifləməsi əlamətləri daxildir.

Bütün bu hadisələr həm tələb-təklif strukturuna, həm də təbii ki, yanacaq qiymətlərində əks olunub.

 

Sanksiya “yelləncəklər”i

Bu il oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi Rusiya neft-qaz sektorunun ən böyük şirkətlərini – “Rosneft”, “Lukoil” və onların bir sıra törəmə strukturlarını əhatə edən yeni məhdudiyyətlər paketi elan etdikdən sonra neft bazarında növbəti dalğalanmalar baş verir. Məlumata əsasən, bu tədbirlər Rusiyanın hərbi əməliyyatların maliyyələşdirilməsi üçün istifadə olunan enerji ixracından gəlir əldə etmək qabiliyyətini məhdudlaşdırmağa yönəlib.

“The Guardian”ın xəbərində qeyd olunub ki, yeni sanksiya paketi 2022-ci ildən bəri Rusiya neft sektoru üçün ən həssas paket olub və bu, dərhal bazar iştirakçılarının gözləntilərində özünü göstərib.

Həqiqətən, bazarın reaksiyası özünü çox gözlətməyib: investorlar potensial təchizat fasilələri və Rusiya ixracına artan təzyiq riskini qiymətləndirdikcə, “Brent” markalı neftin qiymətləri ilk bir neçə gündə bir neçə faiz artıb.

Lakin effekt davamlı deyil, daha çox müvəqqəti olub. Məsələ ondadır ki, sanksiyalara cavab olaraq, Rusiya alıcılara tez-tez böyük endirimlər təklif edir (bu, əlbəttə, onun gəlirlərini azaldır), bu da xüsusilə Asiya və bəzi regionlarda - qismən daha ucuz neft növlərinə keçid üçün istifadə olunur.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, oktyabr ayında Rusiya neft və neft məhsullarının ixracı yalnız 150 min barel/gün azalıb. Analitiklər qeyd edirlər ki, bazar yeni sanksiyaları mövcud balansa real təhdid kimi deyil, daha çox qeyri-müəyyənlik və potensial kəsir faktoru kimi qəbul edib. “Rusiya neft sektoruna qarşı yeni sanksiyalar ona məhdud təsir göstərəcək: hasilat bir qədər azala bilər, frakt dərəcələri isə arta bilər; ümumiyyətlə, bazar çox güman ki, yeni şəraitə uyğunlaşacaq”, - ABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) analitiklərinin aylıq hesabatında qeyd olunub. EIA-nın hesabatında vurğulanıb ki, sanksiyaların Rusiya neftinin ixracına təsiri hələ aydın olmasa da, Enerji İnformasiya İdarəsi 2026-cı ilin birinci rübündə Rusiyada neft hasilatının təxminən 0,1 milyon barel/gün azalacağını təxmin edir: “Çünki hesab edirik ki, dünya neft bazarı yeni məhdudiyyətlərə uyğunlaşacaq”.

 

Sabitləşmə və ehtiyatlılıq arasında

Geosiyasi gərginlik fonunda noyabrın əvvəllərində bazarların diqqəti neft qiymətlərinin qısamüddətli dinamikasını müəyyən edən “OPEC+” qərarına yönəlmişdi. Son iclasda alyansın səkkiz ölkəsinin nazirləri dünya iqtisadiyyatının sabit perspektivlərini və aşağı neft ehtiyatları ilə təsdiqlənən əlverişli cari bazar şəraitini nəzərə alaraq, dekabrda neft hasilatı kvotasını 137 min barel/gün artırmaq qərarına gəlib. Lakin dekabrdan sonra mövsümi xarakter səbəbindən, istehsalın artımı yanvar, fevral və mart aylarında dayandırılacaq.

“Biz gəlirləri və bazarın sabitliyini qorumaq arasında tarazlığı saxlamaq məcburiyyətindəyik”, - Səudiyyə Ərəbistanının enerji naziri, şahzadə Əbdüləziz bin Salman bildirib.

Xatırladaq ki, “OPEK+” üzvləri, alyansın bütün ölkələrinin ümumi kvotalarına əlavə olaraq könüllü şəkildə neft hasilatını azaldan ölkələr iki məhdudiyyət paketinə - 2,2 və 1,65 milyon barel/gün malik idilər. Sonuncu paket əvvəlcə 2026-cı ilin sonunadək qüvvədə idi, lakin sentyabr ayında, 2,2 milyon barel/gün məhdudiyyətləri bazara qaytarıldıqdan sonra, “könüllülər” 1,65 milyon barel/gün məhdudiyyətinə qayıdıblar: oktyabr, noyabr və indi də dekabrda - hər ay 137 min barel/gün.

Hər halda, bazar alyansın qərarını sabitliyə işarə kimi qəbul edib: “Brent” markalı neftin qiyməti 1 barel üçün 82-85 dollar aralığında möhkəmlənib.

“OPEC+” sazişində iştirak edən Azərbaycan üçün mövcud qərarın strateji əhəmiyyəti var: hasilat sektorunda investisiya fəaliyyətinin davam edən çatışmazlığı, qiymətlərin istehsalçılar üçün əlverişli səviyyədə saxlanması üçün əsas yaradır.

 

Proqnozlar və perspektivlər

Bu baxımdan, EIA-nın yeni proqnozu maraqlıdır. Bu proqnoza görə, 2026-cı ilin birinci rübündə “Brent” markalı neftin orta qiyməti 1 barel üçün təxminən 83 dollar olacaq və cari 82-85 dollar diapazonuna yaxın qalacaq.

Agentliyin analitikləri öz nəticələrini bazarın yeni sanksiya şərtlərinə uyğunlaşması ilə əlaqələndirirlər. Onlar qeyd edirlər ki, Rusiya və İrandan ixracın azalmasına baxmayaraq, qlobal bazarda ümumi təklif kifayət qədər qalır. Çatışmazlıq ABŞ, Braziliya və Qayanada hasilat, həmçinin “OPEC+” ölkələrinin könüllü şəkildə məhdudlaşdırılmış güclərinin bir hissəsinin tədricən bazara qaytarılması hesabına kompensasiya olunur.

Daha bir vacib amil isə inkişaf etmiş iqtisadiyyatlarda, ilk növbədə, Avropa və Yaponiyada sənaye fəaliyyətinin zəifləməsi və yanacaq istehlakının azalması səbəbindən neftə olan tələbatın azalmasıdır. EIA-nın qiymətləndirmələrinə görə, 2025-ci ildə dünya tələbatının artımı təxminən 1 milyon barel/gün təşkil edəcək ki, bu da ötənilki səviyyədən (2,2 milyon barel/gün) əhəmiyyətli dərəcədə aşağıdır. Məhdudlaşdırıcı faktor Çin olaraq qalır. Onun daxili tələbi bir sıra daxili və xarici səbəblərlə bağlı ÜDM artım tempinin yavaşlaması səbəbindən zəif olaraq qalır.

ABŞ qısamüddətli balansın əsas elementi olaraq qalır və neft hasilatı gündəlik 13,4 milyon barel olmaqla tarixi maksimum səviyyəyə çatır və bu da qiymətlərə təzyiqi artırır. “Reuters”in məlumatına görə, ehtiyatların artması və Asiyada tələbatın mülayim artım tempi “Brent” markalı nefti 1 barel üçün 80-85 dollar həddində saxlayır. Bu zaman istənilən geosiyasi xəbər - sanksiyalardan təchizatın pozulmasına qədər - qısamüddətli volatillik sıçrayışlarına səbəb olur.

EIA tərəfindən səsləndirilən ssenari, ümumiyyətlə, Azərbaycan üçün də məqbuldur: “Brent”in orta qiymətinin 1 barel üçün 80-85 dollar diapazonunda saxlanılması sabit ixrac gəlirlərini və büdcə siyasətinin dayanıqlılığını təmin edir.

Bir sözlə, 2025-ci ilin payızının yekunlarına əsaslanaraq söyləyə bilərik ki, qlobal neft bazarı idarə olunan qeyri-sabitlik mərhələsinə daxil olub, bu zaman sanksiya, siyasi və struktur faktorları bir-birinə qarışaraq yeni güc konfiqurasiyası formalaşdırır. Məhz enerji ixrac edən ölkələrin bu reallığa tez uyğunlaşma qabiliyyəti onların 2026-cı ilin enerji sistemindəki yerini və rolunu müəyyən edəcək.


MƏSLƏHƏT GÖR:

45