59 MEDAL VƏ 10-CU YER
Ər-Riyadda keçirilən İslam Həmrəylik Oyunlarında Azərbaycanın ulduzları
Müəllif: Sənan ŞƏFİZADƏ
Noyabrın 6-22-də Yaxın Şərqin ən böyük ölkəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəylik Oyunları keçirilib. İslam ölkələri arasında dünyanın ən məşhur idman tədbirlərindən birində Azərbaycan komandası qızıl medallarda 10-cu, ümumi medal sayında isə 58 ölkə arasında dördüncü yeri tutub. Komanda 59 medal qazanıb: 9 qızıl, 19 gümüş və 31 bürünc.
Konya ilə müqayisədə: səbəb və bəhanələr
Komandanın nəticələrini 2022-ci ildə Konyada keçirilən Oyunlarla müqayisə etmək olar. O vaxt Azərbaycan idmançıları Türkiyədəki yarışda 99 medal qazanmışdılar - 29 qızıl, 36 gümüş və 34 bürünc. Lakin müqayisəli təhlil Ər-Riyadda medalların xeyli az olduğunu göstərir.
İlk növbədə, yarış proqramındakı dəyişikliyi qeyd etmək lazımdır. Buna görə də Türkiyədə 281 idmançı ilə təmsil olunan Azərbaycan Səudiyyə Ərəbistanına cəmi 169 idmançı göndərib. Konyada səkkiz qızıl medal qazanan gimnastika bu dəfə proqrama daxil edilməyib. Həmin il Azərbaycana üç qızıl medal qazandıran kikboksinq də yarışdan kənarda qalıb. Digər tərəfdən Ər-Riyadda dəvə yarışları keçirilib və təbii ki, mükafatların əksəriyyətini ev sahibi ölkə qazanıb.
Güləş və atletika kimi bəzi idman növlərində medalların sayı daha az idi. Digər bir səbəb isə son illərdə islam ölkələrində idmanın inkişafı ilə əlaqələndirilə bilər. Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətər komandaları əvvəllər bir və ya iki medal qazanan zaman sevinirdilərsə, indi onlar daha böyük komandalarda yarışır və ciddi rəqabət yaradırlar. Vətənə gətirilən medalların azalmasının digər bir amili, şübhəsiz ki, bəzi idman növlərində idmançıların zəif hazırlığı idi. Azərbaycanlı idmançılar islam ölkələrində rəqabətin zəif olacağına inanaraq, layiqli nəticə əldə edə bilməyiblər.
Paris Yay Olimpiya Oyunlarının altı mükafatçısı İslam Həmrəylik Oyunlarında mübarizə aparıb. Yalnız cüdoçu Hidayət Heydərov qızıl medal qazanmağı bacarıb. Digər olimpiyaçılar finalda uduzaraq gümüş medalla kifayətləniblər. Paris Olimpiadasının gümüş medalçısı, taekvondoçu Qaşım Məhəmmədov bu dəfə üçüncü yeri tutub. Olimpiya mükafatçısı Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) gümüş, olimpiadanın güləş yarışlarında mükafatçı olan Məhəmmədxan Maqomedov (97 kq) və Georgi Meşvilişvili (125 kq) isə bürünc medala layiq görülüblər.
İslam Həmrəylik Oyunlarında ən böyük ümidlər hər zaman olduğu kimi güləşçilərlə bağlı idi. Lakin pəhləvanlar ümidləri doğrultmayıblar. Qadın güləşində Jalə Əliyeva, sərbəst güləşdə isə Arseni Cioyev bütün rəqiblərini üstələməklə çempionluq sevinci yaşayıb. Jalə Əliyeva Ər-Riyad şəhərindəki qələbə ilə karyerasında ikinci dəfə islamiadanın güclüsü seçilib. Bu iki güləşçidən başqa digər pəhləvanlar qızıl medal qazana bilməyiblər.
Yunan-Roma güləşində də qızıl medal ümidləri doğrultmayıb. Olimpiya mükafatçısı Həsrət Cəfərov finalda iranlı dünya və olimpiya çempionu Səid İsmailliyə uduzaraq ikinci yeri tutub. Finalda üstün olan H.Cəfərov son üç saniyədə yol verdiyi səhvə görə qızıl medaldan məhrum olub. Ümumiyyətlə, güləşçilərin finalda iranlı idmançılara uduzması ciddi təhlil olunmalıdır. Əksər təmsilçilərimiz həlledici görüşü aşağı səviyyədə keçirməklə finalda qələbə qazana bilməyiblər. Xatırladaq ki, Konyada güləşçilər 8 çəkidə qızıl medal qazanaraq Azərbaycanın turnir cədvəlində yüksəlməsinə dəstək olublar. Ər-Riyadda isə pəhləvanlar yalnız 2 çəkidə çempionluq yaşayıblar.
Komanda yarışlarında 3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bakı, Konya və Ər-Riyadda qalib olan basketbolçularımız islamiadanın üçqat çempionu olub. Daha bir müsbət məqam qılıncoynatma üzrə Azərbaycan qadınlarının finalda Özbəkistan üzərində çətin qələbəsi idi. Bu qələbə sayəsində qılıncoynadanlarımız İslam Oyunlarında ikinci dəfə qızıl medala sahib çıxıblar.
Azərbaycan cüdoçuları İslam Oyunlarında fərdi yarışları 9 medalla başa vurub. Hidayət Heydərov (73 kq) və Südabə Ağayeva (70 kq) qızıl, Könül Əliyeva (48 kq) və Zelim Kotsoyev (100 kq) gümüş , Aytac Qardaşxanlı (70 kq), Elcan Hacıyev (90 kq), Aydan Vəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) və Uşanqi Kokauru (100 +kq) isə bürünc mükafat əldə ediblər. Qarışıq komanda yarışlarında isə Azərbaycan millisi hamıdan güclü olaraq qızıl medala layiq görülüb.
Səudiyyə Ərəbistanında ümid mənbəyi olan digər idman növü taekvondo idi. 1 gümüş və 1 bürünc medal əldə edən döyüş ustalarımız islam ölkələri arasında güclülərin sırasında yer almayıblar.
Azərbaycan komandasının yarışda qazandığı 9 qızıl medalından 5-i qadın idmançıların aktivindədir. Bu mənada qadın idmançıların müəyyən irəliləyişini qeyd etmək olar. Lakin islam ölkələrində qadın idmanının yüksək inkişaf etmədiyini nəzərə alaraq qaliblərin eyni uğuru dünya və Avropa çempionatında təkrarlayacağı şübhə doğurur.
Yüksək hədəflər
VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva uğurlu nəticəni 2026-cı ildə də davam etdirmək istədiyini deyib: “Bundan sonra daha böyük uğurlar qazanmaq istəyirəm. Hədəflərim böyükdür. Finalda türkiyəli Elvira Süleymani ilə qarşılaşdım. Onunla daha əvvəl Avropa çempionatında üz-üzə gəlmişdim. Təəssüf ki, qabırğamdan zədə almışdım və hakim görüşü saxlayıb, ona qələbə vermişdi. İslamiadada revanş aldım. Ümid edirəm ki, qarşıdakı dünya və Avropa çempionatlarında istədiyim nəticəni qazana biləcəyəm”.
İslam Oyunlarının qalibi, olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov final görüşünün xüsusi gündə keçirildiyini bildirib: “Çox gözəl bir gündə qalib gəldim. Zəfər Günündə qızıl medalı qazanmaq üçün tatamiyə çıxmışdım. Zəfər Günündə qalib gələrək himnimizin səslənməsinə nail oldum. Etiraf edim ki, birinci və ikinci görüşdəki rəqiblərim zəif idi. Finalda bir qədər çətinlik var idi. İslamiadada qələbə növbəti uğurların başlanğıcı olmalıdır”.
Bir sözlə, İslam Oyunlarının nəticələri təhlil olunaraq müvafiq nəticələr çıxarılmalıdır. Əks halda növbəti multi idman yarışlarında Azərbaycan idmançıları üçün yüksək nailiyyətlər əlçatmaz olacaq. Xatırladaq ki, VII İslam Həmrəyliyi Oyunları Malayziyada təşkil olunacaq.
MƏSLƏHƏT GÖR:





31

